Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Danimarkada Ana dili məktəbi açılıb
Danimarkada Ana dili məktəbi açılıb |
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə bu qurumun nəzdində olan Azərbaycan Evində “Ana dili” məktəbinin açılışı olub.Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, Cəmiyyətin üzvləri, Danimarkada yaşayan həmvətənlərimiz ilə yanaşı, türklər və türkmənlər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi məktəb və onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan “Ana dili” məktəbində şahmat və musiqi siniflərinin fəaliyyəti nəzərdə tutulub. O, Danimarkada yaşayan azərbaycanlı uşaqların ölkəmizin mədəniyyətini, adət-ənənələrini və doğma dilimizi öyrənməsi baxımından məktəbin əhəmiyyətini vurğulayıb. Azərbaycançılıq ideyasını yaşatmağın bütün dünyadakı həmvətənlərimizin borcu olduğunu diqqətə çatdıran Cəmiyyətin sədri, Britaniyadakı səfirliyimizə Azərbaycan Evinin açılmasına göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib. Skandinaviya Türk Federasiyasının sədri İlhan Esen Danimarkada qardaş ölkə Azərbaycanın “Ana dili” məktəbinin açılmasının qürurverici hadisə olduğunu bildirib. Azərbaycan ilə Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edən İ.Esen dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq ana dilimizin milliyətimizin, milli kimliyimizin təməli olduğunu vurğulayıb. Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina "Vətən" Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib, Cəmiyyətin Danimarkadakı həmvətənlərimizi birləşdirmək baxımından vacibliyini vurğulamışdır. “Ana dili” məktəbinin açılmasının Danimarkada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən M.Aşina, Cəmiyyətin uğurlarının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov “Ana dili” məktəbinin açılmasının ölkəmiz üçün böyük uğur olduğunu qeyd edib. Doğma dilimizi qoruyub saxlamağın milli hisslərimizin, milli şüurumuzun və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından vacib olduğunu vurğulayıb. Dilimizi qorumağın həm də ədəbiyyatımızı və tariximizi qoruyub saxlamaq olduğunu qeyd edən səfir, ölkəmizin əsrlər boyu bu vəzifəni şərəflə və uğurla həyata keçirdiyini vurğulayıb. Bildirib ki, xüsusilə xaricdə yaşayan həmvətənlərimizin ana dilimizi dərindən öyrənmələri ölkəmizin və milli mentalitetimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın xaricdəki nailiyyətlərinin hər birimizi sevindirdiyini bildirən F.Qurbanov ölkəmizin diaspor təşkilatlarına, o cümlədən “Vətən” Cəmiyyətinə minnətdarlığını ifadə edib, uğurların davamını arzulayıb. Tədbir çərçivəsində “Ana dili” məktəbinin ilk şagirdlərindən Leyla Vahabova dövlət himnimizi səsləndirib, Cəmiyyətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra səfir Fəxrəddin Qurbanov Danimarkada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmış, onların suallarını cavablandırıb. Səfirlik adından Cəmiyyətə rəsm əsəri təqdim olunmuş, müxtəlif dillərdə kitablar və milli mədəniyyətimizi, tariximizi əks etdirən suvenirlər hədiyyə edilib. Sonda Cənubi Azərbaycandan olan Aşıq Abbas qədim musiqi alətimiz olan sazda milli musiqimizdən nümunələr ifa edib. Geri dön |