Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan mövzusu Avropa ədəbiyyatında(Müsahibə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güney Azərbaycan mövzusu Avropa ədəbiyyatında(Müsahibə)

Güney Azərbaycan mövzusu Avropa ədəbiyyatında(Müsahibə)


Eluca Atalı ( Hüseynova Mədinə İxtiyar qızı ) 1966-cı il 19 noyabrdaAzərbaycan Respublikasının Neftçala rayon, Xolqaraqaşlı kəndində doğulub.Vətənində heç bir ictimai-siyasi təşkilatın üzvi deyil. İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərir, bir neçə bədii əsərin və elmi monoqrafiyanın müəllifidir. Bundan əlavə ictimai-siyasi mövzuda məqalələrlə mətbuatda müntəzəm çıxış edir. Cənubi Azərbaycan milli azadlıq hərəkatından bəhs edən və onun ssenarisi əsasında hazırlanmış çoxlu sayda video filmləri də müntəzəm saytlarda, Yuotube-də yayımlanır.
Hal-hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə məşğuldur.

-Yaşadığınız ölkədə hansı təşkilatda və qrumda çalışırsız?
İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərirəm, darda olan insanlara təmənansız xidmət bu beynəlxalq təşkilatın əsas iş prinsipini təşkil etdiyi üçün burda öz enerjimi sərf etməkdən yorulmuram. İsveçdə fəaliyyət göstərən heç bir Azərbaycan təşkilat və cəmiyyətinin üzvi deyiləm, amma Azərbaycan üçün təmənnasız iş görənləri həmişə dəstəkləmişəm və belələrinin sırasında durmağı özümə şərəf bilirəm.

-Cənubi Azərbaycan mövzusu Avropa ədəbiyyatında necə əks olunur?
-Əvvəlcədən deyim ki, sualınızı təəssüf hissi ilə qarşılayıram. Cənubi Azərbaycan mövzusunu Avropa ədəbiyyatında axtarmaq eşqinə düşsək, məyus olarıq, həm də çox məyus olarıq! Bu mövzu özümüzdə nə dərəcədə ədəbiyyatlaşıb, yəni bədii həllini tapıb, birinci növbədə gərək bunu təhlil edək, sonra keçək özgələrə. Sizi tam əmin edirəm ki, avropalılar bu mövzuya iynənin ucu boyda belə rast gəlməyiblər. Sözsüz ki, bunun günahını onlarda axtarmalı deyilik ki, niyə oxumayıblar? Özümüzdən soruşmalıyıq ki, niyə bu böyüklükdə problemimiz, birinci növbədə Milli Hökümətimizin vəhşicəsinə, silah gücünə dağıdılması, 50 min azərbaycanlının edam edilməsi (Demokratik hökümət devrilərkən) niyə ədəbiyaytda qədərincə yerin almayıb?

Keçən il bir kitab oxudum, əslən fars olan qadın haqları müdafiəçisi Parvin Ardalanın ”Bir qadın görmüsən” (Har du sett en kvinna) adlı kitabı idi. O, İran zindanlarındakı qadınların vəziyyətindən bəhs açdığı yerdə bir abzas zindandakı türk Ceyran adlı qadının ölüm hökmü almasından deyir və təəssüf ürək yanğısı ilə təsvir edir ki, qardaşları, əri rejimdən qorxduğu üçün o qadını qəti müdafiə etmədilər. ”Mən zəng edib Ceyranın zindandakı vəziyyətin ailəsinə deyəndə onlar susdu, ikinci dəfə onlara zəng edəndə isə mənə qəti cavab vermədilər...” Bundan savayı mən hələ ki, Cənub dərdinə Avropada çap olunan hansısa kitabda rast gəlməmişəm.
Amma son həftələrin birində İsveçin məşhur, çox oxunan “Aftobladet” qəzetində Cənubi Azərbaycan, Təbrizin “Traktor” futbol komandası və milli problemlərimizdən bəhs edən böyük bir məqalə çap olunmuşdu, “Traktor” komandasının fotoları ilə birgə. Və həm də deməliyəm ki, bu yazıya hədsiz çox şərhlərdə də yazılmışdı.

-Avropa ədəbiyyatında Cənubi Azərbaycan məsələsin necə təsvir etmək lazımdır?
-Mən belə düşünürəm, ilk növbədə Cənubi Azərbaycanın ictimai-siyasi həyatı güneylilərin məişəti ilə birgə təhlil olunaraq ədəbiyyata gətirilməlidir. Bu daha oxunaqlı və inandırıcı olar. Ədəbiyyat bu səviyyədə verilərsə, oxucuya doğma təsiri bağışlayar, oxucu onu oxumağa maraq göstərər. Hardasa, əfqan yazıçısı Xalid Hüseynin “Çərpələng uçuranlar”, “Min möhtəməş günəşlər” romanları səviyyəsində. Niyə bu romanlar dünyada ən çox oxunan əsərlər sırasındadır? Çünki müəllif əfqan həyatını bütün detallarına qədər açıb, ona görə də əsərə siyasi roman kimi yanaşmırsan, insanın taleyini düşünürsən, siyasətin insan mənəviyyatı ilə üst-üstə düşmədiyi sənin gözlərin önündə təsvir olunur. Nəsrdə təsvir mənaya xidmət edir. Adi halda ərini öldürmüş qadına nifrət edərsən. Amma bu romanda qadın ömrünü onun əlindən almış kişi ağalığına, o ağalığa bəraət qazandıran cəmiyyətə nifrət etdiyindən qadının ərini öldürməsini az qala qəhrəmanlıq sayırsan. İnsan ölümüdür, amma ölənçün ağlaya bilmirsən, diri üçün ağlayırsan. Çünki o dirinin ölüdən heç bir fərqi yoxdur, öz ömrünə hakim ola bilmir. Bax, biz bu səviyyədə ədəbiyyat yaratmalıyıq ki, Güneydə 40 milyon öz ömrünü yaşaya bilmir.

İkinci, Cənubi Azərbaycandakı tarixi hadisələr, lap tutaq, son Azərbaycan tarixində olmuş möhtəşəm hadisəni 22 Mayı bədiiyyat vasitəsi ilə təsvir etmək lazımdır. Niyə bu hadisə oldu? Səbəb tək millətin təhqiri idimi? Yox, səbəbə qədər gələn yolu açmalıyıq. Bu millətin dövlət qurmaq istedadı göstərilməlidir, Milli hökumətin silah gücünə öz qanına qəltən olunması, dövlətin nazirlərinin ictimai yerdə boğazından asılması, 50 min adamın edamı, qadın müəllimlərinin saçlarından asılması və s. Millətə qarşı olmuş nahaqq hadisələr idi ki, kin-küdurət şəklində yığılıb bir təhqirlə üzə çıxdı. Yoxdan var yaranmır, var var ki, onun üzərində nəsə əmələ gəlir. Var olan bünövrədi, elə bizim Milli Hökumət kimi. O vardı və ona görə də xalq boyunduruğa dözmur. Bir xalqın dövlət qurması onun siyasi savadından, istedadından və təşkilatçılıq qabiliyyətindən xəbər verir. Təəssüf ki, biz hələ də bu qədər xəbəri, kimliyimizi ədəbiyyat vasitəsi ilə çatdıra bilməmişik.

-Cənub ədəbiyyatı hazırda hansı mərhələdə yaşayır?
-Duyğulu dövrünü! Sizin sualın qısa cavabı belədir, amma bilirəm uzun izahat da istəyəcəksiniz, ona görə də deyirəm: bir ədəbiyyatın ki, nəsri inkişaf etməyib, onda onun hansı yüksək səviyyəsindən söz açmaq olar. Bəri başdan deyim ki, bu məni çox ağrıdır. Niyə mənim millətimin böyük bir hissəsinin- 40 milyonunun dəyərli ədəbiyyat yaradıb üzə çıxarmağa gücü olmaya? Nəsrin yaranması üçün dil inkişaf etməlidir, sözsüz ki, yazılı dil. Hamımıza da bəllidir ki, orda ana dilində təhsil olmadığından millət öz ana dilində bülbül kimi ötsə də, lakin bu dili yazıya köçürəndə tam mənası ilə alınmır. Yazıçı gərək yazdığı dildəki sözün bütün çalarlarını yazılı dildə işlətməyi bacarsın, çünki söz yazıda əsas alətdır. Necə ki, ustalar deyil, alət əlimə yatmalıdır, eləcə də yazıçı sözün bütün incəliyinə bələd olmalıdır. Anadilli təhsil olmadığı üçün bu hələ də alınmır.
Bu dəqiqə güneydə yazıb-yaradan istedadlı gənclər çoxdu, əsərlərini sevə-sevə oxuyuram. Amma məni tam qane edən indi zindanda olan zəncanlı şair Huşəng Cəfəridir. O, mübarizənin hədəfin, millətin döyüş ruhun nəzmdə verə bilir. Verə bildiyinə görə də zindandadır. Güldən-bülbüldən yazsaydı, əli cibində Zəncan küçələrində azad gəzərdi.

-Cənublu-şimallı Azərbaycanın bölünməsini Qərb ədəbiyyatında necə təbliğ etməliyik?
-Düşünürəm, bu sualınıza müəyyən qədər cavab verdim. Sözsüz ki, bunu tarixi roman səviyyəsində çatdırmalıyıq, hardasa Viktor Hüqonun ”93-cü il” romanı səviyyəsində dövrün ictimai-siyasi hadisələri təhlil olunarsa, dərdimiz bizimkilikdən çıxar. Sizə sadə bir hadisə danışacam, keçən il biz İsveçdə Azərbaycan mədəniyyət gecəsi keçirirdik. Proqrama nələr salmaq istədiyimizi deyəndə, isveçli təşkilatçının bizə bir sözü oldu: ”Siyasi məsələlər olmasın, çünki burda ermənilər, farslar var, çoxmillətli şəhərdi, siyasi məsələlərə yol verməyə izin yoxdur.” O zaman biz Güneylə Quzeyin bölünməsindən bəhs edən 5 dəqiqəlik sənədli musiqili film hazırladıq. Həmin gecədə böyük ekranda nümayiş olundu, çox millətin nümayəndəsi vardı, heç kim də inkar edə bilmədi bunu. Əksinə gözəl təbliğat oldu, ondan sonra dəfələrlə niyə iki Azərbaycan var deyib, bizdən sual edirlər. Bu hadisənin özü onlara maraqlı gəlir, bizim üçün dərddi, onlar üçün maraqlı nağıl. Bax, hadisəni nağılvari, şirin formada onlara danış, qoy beyinlərində həll olunsun. Əslində elə siyasət budur, istədiyimizi çatdırdıq, amma onun qoyduğu şərt əsasında. Yəni mədəniyyət formasında problemimiz deyildi.

-Uzaqdan Azərbaycan necə görünür?
Çox geniş cavab veriləsi sualdır, amma qısa deyəcəm, şahmat taxtası kimi görünür. Ağ-qara xanaları bərabərdir, hərdən üzərinə boz duman da gəlir. Bir az bədii oldu cavabım, lakin əminəm ki, anladınız. Güman edirəm, bir yazardan bu növ cavab almaq adi haldır. İnanıram ki, bu müsahibəni oxuyan oxucularım da nə demək istədiyimi tutdular. Mühacirətdə olan bizlərin günü isə o şahmat taxtasının üzərindəki dumanı qovmaqla keçir.

Sübhan Ələkbəroğlu

Geri dön