Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İki məktəbin M.Ə.Sabirlə başlanan pedaqoji əməkdaşlığı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > İki məktəbin M.Ə.Sabirlə başlanan pedaqoji əməkdaşlığı

İki məktəbin M.Ə.Sabirlə başlanan pedaqoji əməkdaşlığı


Mayın 25-də Bakıdakı Avropa Azərbaycan Məktəbinin bir qrup müəllim və şagirdi dahi Azərbaycan şairi M.Ə.Sabirin ad günü ərəfəsində Şamaxıda olmuşdur. Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin Bakıdakı Avropa Azərbaycan Məktəbi ilə Şamaxıdakı Avropa Liseyi arasında pedaqoji əməkdaşlığın əsası qoyulmuşdur. M.Ə.Sabir poeziya günləri ərəfəsində keçirilən tədbirin iştirakçıları M.Ə.Sabirin məqbərəsini və Şamaxıdakı məşhur "Məclis məktəbi"ndə ona ana dili və şəriətdən dərs deyən,onun dahi şair kimi yetişməsində böyük xidmətləri olan S.Ə.Şirvaninin qəbrini ziyarət etmişlər.
Şamaxı Rayon Təhsil Şöbəsi ilə Avropa Azərbaycan Məkktəbinin birgə layihəsi olan bu tədbirdə Şamaxı və Bakı məktəbliləri maraqlı elmi və bədii proqramla çıxış etmişlər.

***

Şamaxı Avropa Liseyi 140 yaşı gələn il tamam olacaq məşhur "Məclis məktəbi"nin varisidir.
"Məclis məktəbi" adı ilə tanınan təhsil ocağı Şamaxıda fəaliyyət göstərən ruhani idarə rəhbərlərinin xahişi ilə Bakı qubernatoru general - leytenant D.S.Staroselskinin (1832-1884) icazəsi ilə 1874- cü ildə yaradılmışdır. Məktəbin yaradılmasının əsas təşəbbüskarı Şamaxı qazısı Hacı Səid Əfəndi Əbdürrəman Əfəndi oğlu Ünsizadə (1825-1905) olmuşdur. O, məktəbin kadrlarını özü seçmiş, pedaqoji savadına və biliyinə inandığı və güvəndiyi müəllimləri məktəbə dərs deməyə dəvət etmişdir. Onlardan biri Səid Ünsizadənən əqidə və məslək dostu ali dini təhsilli şair Seyid Əzim Məhəmməd oğlu (S.Ə.Şirvani), digəri Səid Əfəndinin kiçik qardaçı Kəmaləddin əfəndi idi. Məktəbdə rus dili dərslərini Manvel Pirbudaqov adlı özündən razı, iddialı, sası dinli bir zat idi.
S.Ə.Şirvani Bakıya "Əkinçi" qəzetinə göndərdiyi şeirində "Məclis məktəbi"nin yaranma şəraiti , müəllimlərin
seçimi , Şamaxı əhlinin yeni təhsil ocağına münasibətini öyrənmək baxımından maraqlı məqamlarla dolu olan şeirində rus dili müəllimini arzuolunmaz bir şəxs kimi qiymətləndirmişdir:
Məsləhətçün dübarə oldu cülus,
Manveli tutdular müəllimi-rus,
Onu üç yüz mənata söylədilər,
Mərhəba , fikri "bikr " eylədilər,...
Tədqiqatçıların çoxu S.Ə.Şirvaninin Ezop maneralı bu şeirdən yan keçdiklərindən "Məclis məktəbi"nin yaranma tarixi haqqında elmi-pedaqoji ədəbiyyatda yanlış fikir yaranmış, S.Ə.Şirvani səhvən bu məktəbin yaradıcısı hesab edilmişdir.Halbuki pedaqoji fikir tariximizdə də, ədəbiyyat tariximizdə də misilsiz xidmətləri olan S.Ə.Şirvaninin belə yersiz canfəşanlığa ehtiyacı yoxdur. S.Ə.Şirvani Tiflisə - "Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzetinin redaktoru S.Ünsizadəyə yazdığı müxbir məktublarında "Məclis məktəbi"nin düşdüyü çətinliklərdən ürək ağrısı ilə , yana-yana söz açmışdır. O, belə məktublarının çoxunda "Siz Şamaxıda olarkən binagüzarlıq etdiyiniz məktəb" ( yəni yaratdığınız-N.N.)sözlərini işlətmişdir.

S.Ə.Şirvani H.Məlikova ( H.Zərdabiyə- N.N.) yazdığı mənzum məktublarının birində özünü məktəbin ikinci müəllimi ("müəllimi-sani") kimi təqdim etmişdir:

Dedilər ki, müəllimi-islam
Bizə lazımdır bir fəsih -kəlam". (Gözəl,aydın danışıq-N.N.)
Vaqifi- nəhvü sərfü üsul,
Arifi-rəmzi-şəri-paki-rəsul,
Şüəra bəzminin nəməkdani,
Hacı Seyyid Əzim Şirvani,
Sədri əlfazi-müşkilə mənus,
Ona əzbərdi "Kənz" ilə "Qamus".
Biz də olduq müəllimi -sani,
Ta ki təlim edək "Gülüstani".( S.Ə.Şirvani. Əsərləri,2, B., 1969, səh.131-132)

Məktəbin müəllimlərindən biri də Molla Hüseynağa Lətif oğlu idi.S.Ə.Şirvani Molla Hüseynağanı da yüksək qiymətləndirir, onu "zərif" ( incə mətləbləri başa düşən, söz anlayan-N.N.) adlandırır.

Məktəb 6 ay yaxşı işləyir, heç bir çətinlik yaşanmır. Sonralar məclis üzvləri arasında əlbirlik və dilbirlik işləri səngiyir, məktəb haqqında əvvəlki təəssürata gölgə düşür. Buhun bir səbəbi məktəbə daimi qayğı göstərən Bakı qubernatoru D.S.Staroselskinin Tiflisə təyinat alması, ikincisi Şamaxı Əhli-Təsənni İdarəsinin rəisi (qazısı) Səid Ünsizadənin Zaqafqaziya Əhli-Təsənni İdarəsinə uzunmüddətli ezamiyyəti ilə əlaqıdar idi.
Səid Ünsizadə Tiflisə ezamiyyət adı ilə getsə də, sonralar Tiflisdə qalası və burada qalaraq tiflisli olması da "Məclis məktəbi"nə nəzarəti zəiflədir. Doğrudur, S.Ünsizadə Tiflisə gələndə məktəbdə idarəetmə işlərini qardaşı Kəmaləddinə tapşırmışdı. Amma Kəmaləddin də qardaşının ardınca onun litoqrafiya ( daş basmaxanası) , mətbəə və mətbuat işlərinə kömək məqsədilə Tiflisə köçür, əvvəlcə "Ziya" qəzetinə redaktorluq edir, 1883- cü ilin əvvəllərində isə, bəzi mənbəələrdə yazıldığına görə özü ayrılıqda "Kəşkül" jurnalının nəşrinə başlayır.


Bizim fikrimizcə, həm "Ziya" , həm də "Kəşkül" Səid Əfəndi tərəfindən idarə olunurdu. "Kəşkül"ə başqa ad geyindirmə Senzor Komitəsini və buradakı qulağı darı dənləyən əməkdaşların diqqətini yayındırmaqdan irəli gələn yaxşı düşünülmüş yaxşı ideya idi: qardaşların bir əldə iki qarpız tutmağı idi.
Ünsizadə qardaşları Tiflisə gedəndən sonra "Məclis məktəbi"nın bütün ağırlığı burada ana dili və şəriətdən dərs deyən Seyid Əzim Məhəmmədzadənin (S.Ə.Şirvaninin) üzərinə düşür. Bu tarix 1877-ci ildən başlayır. Bu dövrdə S.Ə.Şirvani yorulmaq bilmədən işləyir, həm "Məslis məktəbi"ni idarə edir, həm də şəhərdəki rusdilli məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyət göstərir.
S.Ə.Şirvani bütöv bir elmi-tədqiqat institutunun 2-3 ildə görə biləcəyi işi görür; 300-dən artıq şair haqqında məlumat verən təzkirə yaradır. Şair yeri düşdükcə bu şairlədən 271-nin tərcümeyi -halından da söz açır, oxucuları onların əsərləri ilə tanış edir.Təzkirədə şeirləri verilməyən 9 şairin də adı çəkilir. Təzkirədə bunlardan əlavə,
əlliyə qədər "laərdi" beyt (müəllifi məlum olmayan beyt.- "laədri" - ərəbcə "bilmirəm" deməkdir- N.N.) də var.
S.Ə.Şirvani bu illərdə "Məclis məktəbi"ndə dediyi dərslərin əsasında "Rəbiül-ətfal" ("Uşaqların baharı" ) adlı dərslik-müntəxəbat da yazmışdır. Lakin o, bu kitabını müəyyən baryerlərdən-sərhədlərdən keçə bilmədiyinə görə çap etdirə bilməmişdir.
S.Ə.Şirvaninin "Məclis məktəbi"ndə adı sonralar tarixə düşmüş çoxlu şagirdləri olmuşdur: Sultan Məcid Qənizadə,
Həbib bəy Mahmudbəyov, Mahmud bəy Mahmudbəyov...
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (sonralar " Sabir", "Hophop", "Qızdırmalı" ,"Mirat", ""Boynuburuq", "Əbunəsr Şeybani", "Din dirəyi".... imzaları ilə şeir çap etdirən şair) də S.Şirvaninin ən yaxşı şagirdlərindən idi. S.M.Qənizadə Ələkbəri -gələcəyin böyük şairinin məktəbdə zəkalı, dərrakəli şagird kimi tanındığını yazırdı. Ələkbər ilk sistemli təhsilini məhz "Məclis məktəbi"ndə almışdır. S.M.Qənizadənin yazdığına görə M.Ə.Sabir "Məclis məktəbi"ndə cəmi iki il oxumuşdur. M.Ə.Sabirin mollaxana və "Məclis məktəbi"ndə aldığı təhsil ona dünya şöhrəti qazandırmışdır. Şamaxı mollaxanaları və S.Ə.Şirvaninin işlədiyi "Məclis məkktəbi" hər şeydən əvvəl şagirdlərə üç dildə düşünməyi, üç dildə şeir yazmağı öyrədə bilirdi. Biz- bu günün müəllimləri bu təhsil sisteminin üsul və qaydalarını müəllimlərə də, şagirdlərə öyrətməliyik.
"Məclis məktəbi"nin gələn il 140 yaşı tamam olacaqdır.Biz bu yubileyə indidən hazırlaşmalı,"Məclis məkktəbini"nin tarixini monoqrafik tədqiqat səviyyəsində hazırlayıb çap etdirməliyik.
Mən kecən əsrin 70-ci illərindən "Məclis məktəbi"nin tarixini araşdırıram. Bu mövzuda 10-dan artıq məqalə yazıb, çap etdirmişəm.Bu məktəb S.Ə.Şirvanidən dərs alan babam Rəsulun məktəbidir. Atam da bu məktəbdə ("Məclis məktəbi"nin yerində tikilən məktəbdə) oxumuşdur. Şamaxıda yaşayacağım təqdirdə, nəvələrimi də məmnuniyyətlə bu məktəbdə oxudardım. Bu məktəb atamın ən yaxşı müəllimlərindən biri ,Azərbaycan ədəbiyyatında gözəl təbiət hekayələrinin müəllifi, biologiya alimi Cəmo bəy Cəbrayılbəylinin məktəbidir. (Eşidəndə ki, bu məktəb indi "Şamaxı Avropa Liseyi" adlanır, sevindim. Axı Avropa indi yüksəliş deməkdir. Amma məktəbə gələndə Cəmo Cəbrayılbəylinin adını bu məktəbin adının qarşısında görməyəndə məyus oldum. Bu barədə bir balaca düşünmək lazımdır. Biz bizə ağıl verənləri qiymətləndirməyi bacarmalıyıq ).
Mən hər dəfə Şamaxıya gələndə sovet hökumətinin əlimizdən aldığı mülkümüzü , S.Ə.Şirvaninin qəbrini,Sabirin məqbərəsini, Sabirin qəbri ətrafında dəfn olunan, lakin hələ yerini dəqiq müəyyənləşdırə bilmədiyim ,tapa bilmədiyim atamın babası Nəsrəddin kişinin ziyarətinə gedirəm, hamısına Azərbaycan dilində dualar oxuyuram. Atamın dostu Yusif Şirvanın məzarıı önündə baş əyirəm. M.Ə.Sabirin şəxsiyyətinə pərəstiş elədiyi, matəminə mərsiyələr yazdığı Şamaxı Əhli-Təsənni İdarəsinin başçısı Hacı Məcid Əfəndini də ziyarət edirəm.
"Məslis məktəbi" bizi hələ çox danışdıracaq. 1881-ci il dekabrın 10-da , əslən şamaxılı olan Zaqafqaziya Əhli- Təsənni İdarəsinin müftisi , ömrünün 7 ilini "Rusca-azərbaycanca lüğət"in tərtibinə həsr etmiş, ana dilindən əlavə , bir neçə dili şeir yazmaq dərəcəsində bilən Əbdülhəmid bəy Əfəndizadə beyninə qan sızması nəticəsində öləndən sonra Tiflisdə müftilik vəzifəsi uğrunda açıq və gizli mübarizə başlayır. Səid Ünsizadə ən real namizəd kimi diqqəti cəlb edir. 2 il bu vəzifə boş qalır. Bir müddətdən sonra bu vəzifə müvəqqəti olaraq şəkili Əhməd əfəndiyə tapşırılır. Lakin heç kəsin gözləmədiyi halda, iki ildən sonra müftilik vəzifəsinə Zaqafqaziya Müəllimlər Seminariyasında sünniməzhəb tələbələrə ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov təyin olunur.
H.Ə.Qayıbov Qori şəhərindəki müəllimliyindən əvvəl Tiflisdə -Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib və idarənin nəzdindəki məktəbdə müəllim işləmişdir.

M.F.Axundov molla Hüseyn əfəndini Qafqaz Canişinlik İdarəsinin mühüm işlər üslər üzrə əməkdaşı A.P.Berje ilə tanış etmişdi. Atası fransız, anası alman olan görkəmli rus şərqşünası A.P.Berjenin 1867-ci ildə Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi "Qafqazda və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" toplusunun materiallarını Molla Hüseyn Əfəndi Qayıbov toplamışdır. Müftilik vəzifəsi boş olan vaxtlarda canişinlikdə dini məsələlərə nəzarət məsələlərinə S.Ünsizadənin də yaxşı tanıdığı A.P.Berje nəzarət edirdi. Heç də təsadüfi deyil ki, A.P.Berje Molla Hüseyn Əfəndiyə borclu qalmamaq üçün kitabının tərtibçisinə üstünlük vermiş, bir neçə namizəddən müftilik vəzifəsinə Molla Hüseyn Əfəndi Qayıbov təyin olunmuşdur.

Hakimlərdən asılı olan müsabiqədə məğlub olan S.Ünsizadə hakim dairələrin təklifini qəbul edib,doğma şəhərinə-Şamaxıya qayıdır və ona təklif olunan vəzifədə-Şamaxı Əhli -Təsənni İdarəsinin rəisi-qazısı vəzifəsində işləyir.
S.Ünsizadə Şamaxıda işləyərkən hələ də Tiflisdə çap olunam "Ziyayi-Qafqasiyyə" qəzetinə rəhbərlik edirdi . O, qəzetin Tiflisdə mətbəə ilə əlaqəli əsas işlərini damadı Şilyanskiyə (Seyfulla bəy Atmalıbəyov- N.N.) tapşırmışdı. "Ziyayi-Qafqasiyyə"nin materiallarl Şamaxıda hazırlanır və bu materiallar qəzet çərçivəsində Tiflisdə çap olunurdu.1884-cü ildə "Ziya qəzetində rus qrafikası ilə yazılmış bir cümlə S.Ünsizadənin mühərrirlik fəaliyyətinə son qoydu. "Əlbəttə, qəzetdəki "Səid Ünsizadənin məqsədi rus müsəlmanlarını oyatmaqdır" cümləsinə hakim dairələr mütləq öz münasibətlərini bildirməli idilər. Rus müsəlmanlarını yuxudan oyanmasını istəməyən hakım dairələr "Ziya"nın işıqlarını söndürürlər. Bir müddətdən sonra S.Ünsizadə Şamaxıdakı vəzifəsindən də uzaqlaşdırılır. O,1890- cı ildə yenidən əvvəlki qəzetini çap etdirmək istəsə də, hakim dairələrdən icazə ala bilmir. S.Ünsizadə elə həmin il İstanbula üz tutur.O, burada, XIX əsrdə düz üç dəfə Türkiyənin maarif naziri olan Münif Əfəndinin köməyi ilə maarifçilik fəaliyyətini davam etdirir. Səid Ünsizadə Quranı türk dilinə təfsir edən ilk ziyalılarımızdandır.
S.Ünsizadə 1905-ci ilin iyun ayında İstanbulda vəfat edir.Bakıda nəşr olunan "Həyat " qəzeti onun ölüm xəbərini dünyanın türkdilli oxucularına xəbər verir . "Həyat" qəzeti S.Ünsizadəni yaxşı tanıyanları Səid Ünsizadə haqqında yazı yazmağa çağırır.( bax: "Həyat" qəzeti, 1905-ci il, N21)".
"Kaspi" qəzetində də ("Kaspi" qəzeti, 1905-ci il , 9 noyabr) Səid Ünsizadə hörmətlə xatırlanır.


***
S.Ünsizadə dünyadan köçəndə onun yaratdığı "Məclis məktəbi"nin əlaçı şagirdi Ələkbər Zeynalabdin oğlu Tahirzadənin 43 yaşı var idi. Cəmi bir mətbu şeirin - "Şərqi-Rus" qəzetinin nəşrə başlaması münasibəti ilə yazdıgı- "Şükr lillah ki, afitabi -süxən" şeirinin müəllifi idi.Onun təkcə bir şeirində- 9 mart 1911-ci ildə "Molla Nəsrəddin" jurnalının 10-cu nömrəsində "Gözü yuxulu " imzası ilə çap etdirdiyi "Girdim yerimə başımda qayğu" adlı 36 beytlik məsnəvisində Şamaxının yetişdirdiyi bir neçə məşhurun adlarının cərgəsində Səid Ünsizadənin də adını oxuyuruq. Uyğunamə adlandırıla biləcək bu məsnəvinin maraqlı bir süjet xətti var: şair yuxuda görür ki, ləzzətli suyu, gözəl havası, cənnəti, zövqü- səfası olan bir şəhərdədir. Bu şəhərin əhalisinin hamısı fəzilətlidir. Bura mömin yatağı olan qədim Şirvandır. Şair şəhəri gəzir, ziyarət edir ,heç kəs gözünə dəymir. Birdən şəhərin bir səmtində bir yığıncaq görür, ora yüyürür. Şair marağını gizlədə bilmir:

Baxdım ki, əzim bir cəmaət,
Eyzən ürəfa, əvət , həqiqət !

Lakin nə üçündür, işbu əhval?-
Sordum, birisi dedi bu minval:

"Rahi mədəniyyəti tey etdik,
Bir şəxsi-əzizə yubley etdik"

Şair bu cavabdan sevinir , qədim Şirvanlıların bu qayğısını alqışlayır. Ona elə gəlir ki, yubiley ya Xaqani ,ya Zülfiqar Şirvani, ya vaxtilə Şamaxıda oxuyan Həsən bəy Məlikov, ya "Kəşkül"ün müdüri və ən ağıllı adamlardan biri olan Ünsizadə Səid , ya Seyyid Əzim Şirvani, ya S.M.Qənizadə, ya Həbib bəy Mahmudbəyov , ya da "Rəhvər "jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovundur.
Şairə başa salırlar ki, o yanılır. Məlum olur ki, yubiley bu yerlərdə təhsil sahəsində iddialı hərəkətləri ilə tanınan Azqurlu Hafiz Məhəmməd Əmin Şeyxzadənin şərəfinədir.
Əsərin sonunda şair təəssüf edir ki,"insandakı cəhldən ziyadə həqsizlər edərlər istifadə". Şair bununla da demək istəyir ki, hər kəsə öz ləyaqətinə görə qiymət verin.
M.Ə. Sabirin Səid Ünsizadəyə verdiyi qiymətdən çıxan nəticə belədir: Səid Ünsizadə millətdən yüksək qiymət almalıdır.
Səid Ünsizadəyə ictimai-siyasi fikir tariximizdə belə bir ən yüksək qiyməti ilk dəfə ümummili liderimiz Heydər Əliyev vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli sərəncamında Səid Ünsizadənin adı Azərbaycan dilinə dair dərslik yazan görkəmli maarifçilərin cərgəsində çəkilmişdir.

***
Azərbaycan Respublikasında hələ heç kəsə rəsmi şəkildə XALQ MÜƏLLİMİ fəxri adı verilməyib. Belə bir fəxri adın verilməsinə aid əsasnamə hazırlanandan sonra, mən bu adı alanların cərgəsində - adlarıı təhsil tariximizə qızıl hərflərlə yazılmalı olan Qədim Şirvanın üç böyük söz ustasını Səid Ünsizadəni, Seyid Əzim Şirvanini ,43 yaşında müəllimliyə başlayan Mirzə Ələkbər Sabiri də görmək istərdim.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri .

26.05.2013-cü il. s.20:01.

Geri dön