Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın parçalanmasından qorxuya düşənlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > İranın parçalanmasından qorxuya düşənlər

İranın parçalanmasından qorxuya düşənlər


İslahatçı ruhani Əhməd Müntəziri: «Rəfsəncaninin prezidentliyə səlahiyyətinin rədd olunması sistem üçün bir intihardır»

Prezidentliyə namizəd: «Biz min kilometrdən hədəfi məhv edən raketlər istehsal edirik, amma insanları əsas qida məhsulları ilə təmin edə bilmirik»

İranda seçkiqabağı narazılıqlar daha açıq şəkildə ölkənin dini lideri ayətullah Xameneyinin üzərinə yönəlməkdədir. Xüsusili islahatçı adlandırılan kəsimin nümayəndələri günbəgün artan gərginliyə əsas səbəbkar kimi dini liderin məsuliyyət daşığını dilə gətirirlər. Onların fikrincə, İran bütünlüklə Xameneyinin iradəsinə tabe etdirilir və ölkənin idarəçiliyi inqilabın prinsiplərindən uzaqlaşıb.
Məsələn, islahatçı ruhani Əhməd Müntəziri dünən jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, sabiq prezident Haşimi Rəfsəncaninin prezidentliyə namizədliyinin rədd olunmasına münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. Müntəziri deyib ki, artıq ölkədə dini rəhbərdən başqa səlahiyyəti rədd olunası adam qalmayıb. Rəfsəncaninin prezidentliyə namizədliyi və səlahiyyətinin rədd edilməsi bütün bir sistemin səlahiyyətinin rədd olunması deməkdir. Hazırda Rəfsəncani bu sistemin ikinci şəxsiyyətidir. Ölkənin ikinci şəxsinin prezident postuna səlahiyyətinin rədd edilməsinin anlamı odur ki, sistem bir nəfərlikdir və yalnız bir nəfərin əli ilə idarə olunur. Belə olan halda isə sistem artıq öz mənasını itirmiş olur. Rəfsəncaninin prezidentliyə səlahiyyətinin rədd olunması sistem üçün bir intihardır. Sistem bu hərəkəti ilə yalnız özünə zərbə endirmiş oldu.
Rəfsəncaninin prezidentliyə namizədliyini irəli sürməsi ölkə əhalisi arasında gələcəyə ümid dalğası yaratmışdı. İnsanlar ölkəni xilas edə biləcək bir şəxsin qayıdışına sevinir, gələcəyə ümid bəsləyirdilər. Hətta mövcud rejimə müxalif olan, lakin ölkənin parçalanması ehtimalından narahat olan şəxslər də gələcəyə ümidlə baxır, Rəfsəncaninin qayıdışına, ölkənin parçalanmasının qarşısını alaraq onu xilas edə biləcəyinə sevinirdilər. Lakin onun səlahiyyətinin rədd olunmasından sonra bütün ümidlər puça çıxdı, sanki yenidən xalqın başına ümidsizlik külü ələndi. Bu ümidsizliyi mən Qum şəhərində də hiss edirəm. Qumdakı ruhanilərin də bir çoxu bu hadisəyə görə narahatdır və bu tarixi fürsətin itirilməsindən təəssüf hissi keçirirlər».
Ümumiyyətlə «islahatçılar»ın gələcək planları tam aydın deyil. Amma hazırki prosesin ölkənin parçalanma təhlükəsilə üzləşdirdiyi barədə siqnallar da artır. Bundan əvvəl elə namizədliyi ləğv olunan Rəfsəncani İrana qarşı ABŞ-ın iki planının olduğunu və Azərbaycanı, Bəlucistanı və digər əyalətləri ayırmaq istiqamətində niyyətlərin olduğunu bəyan etmişdi.
«İslahatçılar»ın seçki prosesindən kənarda saxlanmasına baxmayaraq, mühafizəkar kəsim daxilində də proseslər rəvan getmir. Xameneyinin əsas namizədi hesab olunan Cəlilinin tərəfdarları rəqiblərini populizmdə, hətta az qala ABŞ-la əlaqələrə meyllənməkdə ittiham edib.
İran Ali Milli Təhlükəsizlik Şurasının sədri, prezidentliyə namizəd Səid Cəlilinin seçki qərargahının rəhbəri Hüseyn Nəqəvi Hüseyni də jurnalistlərə iyunun 14-də keçiriləcək prezident seçkisindən danışıb. Nəqəvi Hüseyni deyib ki, prezidentliyə namizədlərlə bağlı sorğu keçiriblər: «Nəticələr göstərir ki, 8 namizəd arasında prezidentliyə ən çox şansı olan Məhəmmədbağır Qalibaf, Səid Cəlili və Əli Əkbər Vilayətidir. Lakin bu üç namizəd arasında Səid Cəlili fərqlənir. Biz yaxın günlərdə seçki həyəcanının şahidi olacağıq. Lakin namizədlərə məsləhətim budur ki, xalqa reallıqdan uzaq, yerinə yetirilməsi mümkün olmayan vədlər verməsinlər. Bəzi namizədlər vəd verirlər ki, prezident seçiləcəkləri təqdirdə altı ay içində ölkədəki inflyasiyasının qarşısını alacaq. Halbuki heç bir iqtisadçı bunun qısa zamanda mümkün olduğunu təsdiqləmir. Bəziləri də vəd verirlər ki, prezident seçilsələr, İranla Amerika arasındakı münasibətləri qısa zamanda bərpa edəcəklər. Bu da mümkün deyil. Çünki Amerika ilə əlaqələri bərpa etmək məsələsi prezidentin səlahiyyətində deyil. Bu məsələ haqda yalnız ölkənin dini lideri qərar qəbul edə bilər».
Qeyd edək ki, prezidentliyə namizədlərdən Möhsün Rzayi ölkədə korrupsiya, rüşvətxorluq və mövhumatın hökm sürdüyü barədə bəyanatla çıxış edib. «Tabnak» xəbər saytı məlumat verir ki, Rzayi milli azlıqların hüquqlarının təmin olunacağına söz verib: «Prezident seçilsəm, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 9 və 15-ci maddələrini icra edəcəyəm. Mən etnik azlıqların doğma dillərində təhsil almasından narahat deyiləm».
Prezidentliyə namizəd qeyd edib: «Məgər insanlar belə yoxsulluq, inflyasiya, işsizlik şəraitində yaşamağa layiqdirlərmi?»
O vurğulayıb ki, milli valyutanın devalvasiyası da əsas problemlərdən biridir: «Bəziləri elə danışır ki, sanki cəmiyyətdə heç bir problem yoxdur. Mən onlarla qətiyyən razı deyiləm. Biz min kilometrdən hədəfi məhv edən raketlər istehsal edirik, amma insanları əsas qida məhsulları ilə təmin edə bilmirik».
Seçkiqabağı ilk çıxışlarından əhalinin sosial vəziyyəti və iqtisadi çətinliklərlə bağlı məsələləri qabardan namizədlərdən biri də ölkənin dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətidir. O, dövlət televiziyasına açıqlamasında prezident seçiləcəyi təqdirdə görəcəyi işlərə toxunub: «Mən namizədliyimi heç kimin xeyrinə geri götürmək niyyətində deyiləm və axıra qədər səhnədə qalacam. Prezident seçilsəm, hər yüz gündən bir hökumətin fəaliyyəti haqqında xalqa hesabat verəcəm. Bu gün xalqın güzəranı olduqca ağırdır. Xalqa demək olmaz ki, dözün və bir az səbirli olun. Xalq bizdən mövcud iqtisadi problemlərin ən qısa bir zamanda həllini tələb edir. Xalq məni prezident seçsə, hökumətlə parlament arasındakı münasibətlərin düzgün əsaslara söykənməsinə, iqtisadi islahatların aparılması ilə bağlı layihəyə növbədənkənar baxılmasına çalışacam».
Vilayəti Tehranda da əhaliyə müraciət edərək bildirib ki, artan inflyasiya və işsizlik məsələsini həll edəcək. Onun sözlərinə görə, hamı qiymətlərin kəskin artmasından şikayət edir. İran Mərkəzi bankının məlumatına görə, bir ay ərzində ölkədə inflyasiyanın səviyyəsi 40 faiz, bir il ərzində inflyasiyanın səviyyəsi 30 faiz və işsizliyin səviyyəsi 24 faiz təşkil edib. O, qeyd edib ki, istənilən iqtisadi planlar iqtisadçılar tərəfindən qəbul edilməlidir və prezident maliyyə və ya maliyyə-kredit siyasətinə qarışmamalıdır. Vilayəti bununla faktiki olaraq dini rəhbərliyi ölkədə iqtisadi rıçaqlar üzərində nəzarətdən imtina etməyə çağırıb.
Qeyd edək ki, Vilayəti Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibafla birlikdə «2+1″ koalisiyasında təmsil olunur.
Ölkədəki seçkiqabağı vəziyyətlə bağlı İranın dini lideri dünən bəyanatla çıxış edib. O bəyan edib ki, «ABŞ məmurlarının qarşıdakı seçkilərdə İran xalqının iradəsinə mane olmaq səyləri yenidən uğursuzluğa düçar olacaq».
Seyid Əli Xamneyi Tehranda İmam Hüseyn Universitetində çıxışı zamanı bildirib ki, iranlılar seçki günü yüksək seçici fəallığı göstərməklə ABŞ hökumətinə daha bir zərbə vuracaqlar.
İran mətbuatının yazdığına görə, Xamneyinin çıxışı dövlət katibi Con Kerri daxil olmaqla, bir sıra yüksək vəzifəli ABŞ rəsmilərinin İranda demokratik seçkilər prosesini şübhə altına salan bəyanatlarına aidir.
Rejim seçkiqabağı gərginliyin qarşıdurmalara keçməsinin qarşısını almaq üçün sərt tədbirləri gücləndirməkdədir. Belə tədbirlərdən biri kimi seçkilərə hazırlıq çərçivəsində təhlükəsizlik məqsədi ilə sərhəd vilayətlərdə nəzarət sərtləşdirilir. İranın Sərhəd Polisinin komandir müavini Məhəmməd Rza Tavusi deyib ki, sərhəd polisinin bölmələri insidentlərin baş verməməsi üçün İranın sərhədyanı vilayətlərində səsvermənin gedişatına nəzarət edəcəklər.
Komandir müavini qeyd edib ki, sərhəd polisinin qüvvələri 15 vilayətdə hərbi hazırlıq vəziyyətinə gətirilir.
Cahangir

Geri dön