Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > “Türkiyə və Azərbaycan türkləri İsveçrədə 125 mindən çoxdur”
“Türkiyə və Azərbaycan türkləri İsveçrədə 125 mindən çoxdur” |
“Biz, bütün azərbaycanlılar harda yaşamağımızdan aslı olmayaraq, işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün mübarizə aparırıq” Əkbər Gəncə: “Ümumiyyətlə xarici ölkələrdə güclü olmaq və güclü diaspora sahib olmaq üçün bir qədər səmimi olmaq lazımdır” Diasporamızın tanınmış nümayəndələrindən biri-Əkbər Gəncə müsahibimizdir. Sualları ünvanlamamışdan öncə onun fəaliyyət müstəvisini oxucularımıza tanıtmaq istərdik: Əkbər Gəncə 20 ildən artıqdır ki, İsveçrədə diaspora sahəsində çalışır. O, İsveçrədə tanınmış bir saytın və “Dost” qəzetinin sahibidir. Hal-hazırda İsveçrədə fəaliyyət göstərən Azərbaycan-Türk İş Adamları Federasiyasının prezidentidir. İsveçrədə ilk dəfə 1992-ci ildə Azərbaycan cəmiyyətini yaradıb, hətta prezident Heydər Əliyev bu cəmiyyətin fəxri üzvü olmuşdur. Müharibə dövründə dəfələrlə ev-eşiklərindən didərgin düşmüş, yardıma ehtiyacı olan insanlara yardım etmək məqsədilə Azərbaycana, Naxçıvana, Qarabağa humanitar yardımlarla səfər edib. BMT-nin Qızılxaç (Prezidenti Arnold Colombun sayəsində və onun köməkliyi ilə) və Unicefdən Azərbaycana humanitar yardımların çatdırılmasında vasitəçi olub. Və ən əsası, Azərbaycan müstəqillik əldə etdikdən sonra Birləşmiş Millətlər səmasında ilk dəfə Azərbaycanın 3 rəngli bayrağını qaldırıb. 2003-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev cəmiyyətin qonağı olub. - Əkbər bəy, hal-hazırda Azərbaycanın İsveçrədə tanıdılması üçün nə kimi işlər görürsünüz? - Onu qeyd edim ki, hal-hazırda İsveçrədə yayımlanan bir media qrupunun sədriyəm. Bu Azərbaycanla əlaqələrimizin daha da möhkəmlənməsinə yardım edir. Xarici ölkələrdə ölkələrin tanıtımı üçün media böyük rol oynayır. Biz də öz növbəmizdə baş verən haqsızlıqları, Qarabağ problemini, Azərbaycan həqiqətlərini istər qəzet istərsə də sayt vasitəsilə İsveçrəyə o cümlədən bütün dünyaya çatdırmağa çalışırıq. Bir faktı xüsusilə qeyd edim ki, birlik üçün xəbərləşmək, əlaqə önəmli vasitədir və bu işi icra etdiyimə görə çox xoşbəxtəm. Qəzetimiz aylıq qəzetdir və 20 min tirajla bütün İsveçrəyə paylanılır. Saytımızı isə hər həftə 18000 insan izləyir. Qəzetimiz abunəçilərin ünvanlarına pulsuz göndərilir və İsveçrənin bütün qəzet satış mərkəzlərində satılır. - Dünya Azərbaycanılılarının III Qurultayında necə, iştirak etdinizmi? - Təbii ki, mən Azərbaycan sevirəm və ona aid olan hər bir toplantıya qatılıram. Daha öncə də dediyim kimi mənim damarlarımda azərbaycanlı qanı axır. Ürəyim Azərbaycan sevgisi ilə döyünür. Qurultaya mən də qatıldım, çox gözəl keçirildi. İstər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, itərsə də, digər nazirlər bizimlə görüşdülər, fikirlərini bildirdilər. Bu çox xoş idi. Fikrimcə, Nazim İbrahimov çox bacarıqlı diplomat və dövlət adamıdır. Prezidentimiz İlham Əliyevin çıxışı da xaricdə fəaliyyət göstərən bütün diaspora təşkilatlarının sədrlərinin ürəyincə idi. Mən qəzetimizdən də III qurultaya gələndə gətirmişdim. - İsveçrədə erməni diasporunun fəaliyyəti necədir? - İsveçrə cəmiyyətində biz ermənilərlə hər hansı bir problem yaşamırıq. Bəzən Milli maçlarda və müsabiqələrdə bəzi gərginliklər yaşanır. Lazım olanda biz onların cavabını veririk və bu qüvvəyə malikik. Ermənilər dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi İsveçrədə də çoxdan yaşayırlar. Onların sayı haqqnda məlumatım olmasa da, bilirəm ki, onların da burada diasporası və fəaliyyətləri var. Ancaq Türkiyə və Azərbaycan türkləri İsveçrədə 125 mindən çoxdur. Azərbaycan türkləri 3800 nəfərdir. Məncə Azərbaycan diasporu burada daha güclüdür. Çünki biz torpaqlarımızın işğalını hər zaman gündəmə gətiririk. Qəzetlərdə, keçirdiyimiz mitinqlərdə, radio müsahibələrində bu porblemə dönə-dönə toxunuruq. Mən əsasən Azərbaycana qoyulan investisiyalar və Azərbaycan şirkətlərinin İsveçrəyə qoyduqları investisiyalarla maraqlanıram. Zənnimcə, bizim daha da bacarıqlı olmağımız, daha da güclənməyimiz üçün İsveçrəyə daha böyük Azərbaycan firmaları investitsiyalar qoymalıdır. - Əkbər bəy, qurultayda prezident İlham Əliyev xaricdə olan diaspor təşkilatları ilə səfirliklər arasında olan münasibətlərə də toxundu. Bu baxımdan İsveçrədə vəziyyət necədir? - Mən prezidentimizin söylədikləri ilə tamamilə razıyam. Çünki səfirliklər də, diaspor təşkilatları da Azərbaycanın bir parçasıdır. Xarici ölkələrdə səfirliklərlə diaspor təşkilatları daim qarşılıql formada əlaqə saxlamalı, bütün tədbirləri, toplantıları qarşılıqlı razılaşmalar əsasında keçirməli və ilk növbədə bir-birinə hörmət etməlidir. Qarşılıqlı hörmət olmayan yerdə birlikdən söhbət gedə bilməz. İnsan ya da təşkilat güclü ola bilər. Amma nəzərə almaq lazımdır ki, tək əldən səs çıxmır. Mehribanlıq olan yerdə güclü olmaq mümkündür. Mənim işlərimlə əlaqədar olaraq, burada olan, başda Azərbaycan və Türkiyə səfirlikləri olmaqla 38 ölkənin səfir və konsulları ilə əlaqələrim var və vaxtaşırı görüşürük. Ümumiyyətlə xarici ölkələrdə güclü olmaq və güclü diaspora sahib olmaq üçün bir qədər səmimi olmaq lazımdır. Mən istəyirəm ki, Azərbaycan İsveçrə kimi güclü bir ölkə olsun. - Əkbər bəy, Azərbaycanı İsveçrədə necə tanıyırlar? - Təbii ki, 20 il ərzində çox böyük irəliləyişlər var. 20 il öncə müstəqilliyinə yeni qovuşmuş, müharibə şəraitində olan Azərbaycan tanınmırdı. İsveçrədə heç kəs Azərbaycan adlı bir dövlətin, ölkənin olduğunu bilmirdi. Vətənimiz kimsəsiz idi buralarda. Bayrağımız Birləşmiş Millətlərdə, İsveçrədə dalğalanandan sonra bütün dünyanın tanıdığı kimi İsveşrə və isveçrəlilər də Vətənimizi Azərbaycanımızı tanıdı. Bundan əlavə keçən zaman ərzində prezidentimizin səyləri nəticəsində siyasi və iqtisadi münasibətlərimiz də inkişaf etmişdir. Bildiyiniz kimi artıq İsveçrənin 50% neftini Azərbaycan ödəyir. Nabuko Qaz Kəməri bitdikdən sonra İsveçrənin 100% qaz ehtiyacını da Azərbaycan ödəyəcək. Azərbaycanı təbii sərvətləriylə bütün dünyada olduğu kimi İsveçrədə də yaxşı tanıyırlar. Təbii ki, biz də öz növbəmizdə bu tanıtıma sosial və mədəni cəhətdən qatılırıq. Azərbaycanın mədəniyyətinin tanıdılması məqsədilə mən dəfələrlə bura Bakıdan ansambl dəvət etmişəm. Azərbaycanda tanınan çox sənət adamlarının burda konsertlərini təşkil etmişik ki, bu həm Azərbaycan mədəniyyətinin, həm də o sənətçilərin İsveçrə xalqına tanıdılmasında böyük addımdır. Yenə belə konsertlər təşkil etmək barədə düşünürük. Allah qoysa, gələn il yanvarda Zürichte piano konserti təşkil edəcəyik. Bu dəfə də Azərbaycanın bir sıra sənətçilərini o cümlədən Azərin xanımı da dəvət etmək istəyirəm. - Son olaraq nə demək istərdiniz? - Bilirsiniz ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Biz bütün azərbaycanlılar harda yaşamağımızdan aslı olmayaraq, işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün mübarizə aparırıq. Mən inanıram ki, bu birlik və mübarizə nəticəsində torpaqlarımızı geri qaytaracağıq. Bədənimiz Azərbaycandan uzaq olsa da, qəlbimiz, ruhumuz hər an Azərbaycanladır. İradə CƏLİLOVA Geri dön |