Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalidə Xalid niyə azadlığa buraxılmır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Xalidə Xalid niyə azadlığa buraxılmır?

Xalidə Xalid niyə azadlığa buraxılmır?


Elşən Manafov: «Bu kimi məsələlərə İran xüsusi xidmət orqanları aydınlıq gətirməli idi»

Əlirza Amanbəyli: «Bu ölkədə məhkəmə sistemi qanun çərçivəsində deyil, İranın yeritdiyi siyasət və təfəkkürünə uyğun şəkildə fəaliyyət göstərir»

İranın molla rejiminin həbs etdikləri Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovla bağlı «alver» oyunu hələ başa çatmayıb. Belə ki, Tehran rejimi hər iki vətəndaşımızı buraxdığını elan etsə də, müxtəlif sənədləşmə bəhanələrini ortaya atmaqla onların Azərbaycan tərəfinə təhvil verilməsi prosedurunu ləngitməkdə davam edir. İran rəsmiləri soydaşlarımızı sərbəst buraxmaq əvəzinə vəd verməklə kifayətlənirlər. İranın Bakıdakı səfirliyinin nümayəndəsi də bu günlərdə açıqlamasında iki azərbaycanlının azad olunduğunu və tezliklə qarşı tərəfə təhvil veriləcəyini bildirib: «İki Azərbaycan vətəndaşı azad olunublar və onların Azərbaycan rəsmilərinə təhvil verilməsi proseduru davam edir. Onlar tezliklə Azərbaycana təhvil veriləcəklər».
İran XİH-in sözçüsü Abbas Əraqçı da demək olar ki, soydaşlarımızla bağlı anoloji fikirləri səsləndirib. O həmçinin, bir müddət bundan öncə Bakıda həbs edilən İran vətəndaşı Mikayıl Kazıminin azad olunmasını gözlədiklərini söyləyib. Yəni Xalidə Xalidlə onun sürücüsünün azadlığa çıxmasını bir növ sözügedən İran vətəndaşının buraxılması ilə əlaqələndirməyə çalışırlar.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tehrana səfərindən sonra İran hökuməti aprelin 30-da heç bir iddia irəli sürülmədən həbsə məhkum edilmiş hər iki vətəndaşımızı azadlığa buraxacağını bildirmişdi. Lakin bu günə qədər onlar ölkəmizin Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib.
Beləliklə, proses ondan xəbər verir ki, İran hökuməti ölkəsinə gələn xarici ölkə vətəndaşlarına münasibətdə büsbütün sivil, insani qaydalardan uzaq siyasət yürüdür.
Görünən odur ki, İran tərəfi Xalidə Xalid və sürücüsünün azadlığa buraxılması ilə bağlı ziddiyyətli addımlar atır. Bir tərəfdən, İranın məhkəmə sistemi hər iki vətəndaşımızı azadlığa buraxır, digər tərəfdən isə, hökumət nümayəndələri məhkəmə qərarlarını icra etməkdən müxtəlif yersiz bəhanələrlə yayınırlar. Bu da onu göstərir ki, İranda məhkəmə qərarları icra olunmur.
Görəsən, Tehranın bu kimi ziddiyyətli addımlarının səbəbi nədir? İranın hüquq sistemində bu tip məsələlər necə tənzimlənir? Ümumiyyətlə, İranda məhkəmə qərarları necə icra olunur?
Politoloq Elşən Manafov qaldırılan məsələni bir qədər diplomatik tərzdə cavablandırdı: «Düşünürəm ki, iki Azərbaycan vətəndaşının İran tərəfindən tutulması və bu günlərdə azad edilməsilə bağlı məsələlərə Azərbaycan mediası həddən ziyadə fərqli münasibət sərgiləyir. Prinsip etibarilə şeyxin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfərindən sonra bu məsələyə aydınlıq gətirildi. Güman edirəm ki, problemin çözülməsi yaxın günlərdə həllini tapmalıdır. Əslində yayımlanan son açıqlamaya diqqət yetirsək, burada belə bir məlumat da yayıldı ki, adı çəkilən Azərbaycan vətəndaşları azad edilərək ölkəmizin Təbrizdəki konsulluğuna təhvil verilib. İranla Azərbaycan arasında mövcud problemlərin mahiyyətinə gəldikdə, zaman-zaman belə problemlər yaşanıb. Güman edirəm ki, bu günki geosiyasi reallıqlar fonunda İran tərəfi Azərbaycanla münasibətləri, o cümlədən şəxsi münasibətlərin heç bir vəclə gərginləşməsində maraqlı deyil. Anoloji fikirləri Azərbaycan dövlətinə də aid etmək olar. Sadəcə olaraq, Xalidə xanım İranda qeyri-leqal şəxslərlə görüşüb və bunu onun anası da «Yeni Müsavat» qəzetinə açıqlamasında etiraf edib. Təbii ki, bu kimi məsələlərə İran xüsusi xidmət orqanları aydınlıq gətirməli idi. Hər iki ölkə arasında münasibətlər normal müstəvidə cərəyan edir. Başa düşürəm ki, İran parlamentində Türkmənçay sülh müqaviləsinin şərtlərinə yenidən baxılması ilə bağlı hər iki dövlət arasındakı münasibətlərə xələl gətirə biləcək müəyyən bəyanatlar verilib. İran Xəzərin statusu məsələsində hələ də Azərbaycanın sərgilədiyi mövqeyi bölüşdürmür. Amma hər iki tərəf dost, mehriban qonşuluq prinsipləri zəminində münasibətləri inkişaf etdirməli və beynəlxalq normalara bundan sonra da hörmətlə yanaşaraq bir-birinin daxili işlərinə qarışmamalıdırlar».
Milli Dirçəliş Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli öncə vurğuladı ki, İran Xalidə Xalid və onun sürücüsü ilə bağlı süründürməçiliyə yol verməklə görünür Azərbaycandan da bunun qarışılığını gözləyir: «İran Xalidə Xalidi və sürücüsünü girov kimi saxlayıb ki, Azərbaycan da ölkəmizdə İranın xeyrinə işləyən bəzi məhbusları buraxsın. Təəssüf doğurucu məsələdir ki, İran Xarici İşlər Hazirliyi, Prokurorluğu və digər rəsmilər həmvətənlərimizin azad olunması ilə bağlı göstəriş versə də, bu günə qədər onların Azərbaycana qaytarılması prosesi ləngiyir. İran mətbuatı bir tərəfdən, Bakı ilə Tehran arasında münasibətlərin «yüksək səviyyəyə» qalxmasını göstərir, digər tərəfdən isə hökumət səviyyəsində soydaşlarımızla bağlı anlaşılmaz hərəkətlərdə bulunurlar. Eyni zamanda, Xalidə Xalidin 2008-ci ildə GünAzTv-yə verdiyi müsahibəni gündəmə gətirmək heç bir əndazəyə sığmır. Həmin müsahibəni yenidən gündəmə gətirmək əslində Xalidə Xalidin işini ləngitməyə hesablanmış addımdır. İran onları Azərbaycanda kimlərlə isə dəyişmək üçün girov kimi saxlayır. Tehranın hazırkı hərəkətləri belə qənaətə gəlməyə istər-istəməz əsas verir. Baş Prokurorluq və digər aidiyyatı orqanlar onların buraxılması ilə bağlı göstəriş versə də, bu günə qədər harada olduqları barədə belə məlumat yoxdur».
Həmsöhbətimiz İranda hüquq sisteminin sözün həqiqi mənasında olmadığını dedi: «Bu ölkədə hüquq sistemindən danışmaq yersizdir. İranda Ayətullah Xamneyinin rəhbərliyi altında Məsləhət Şurası fəaliyyət göstərir. Ölkənin hüquq sistemini də onlar müəyyənləşdirir. Ola bilər məhkəmə bu və ya digər qərar qəbul etsin, amma hansısa orqan onu icra etməyə də bilər. Bu da İranda müstəqil məhkəmənin olmamasından irəli gəlir. Bu ölkədə məhkəmə sistemi qanun çərçivəsində deyil, İranın yeritdiyi siyasət və təfəkkürünə uyğun şəkildə fəaliyyət göstərir. Özəlliklə güneyli soydaşlarımızın aktiv şəkildə milli haqlarını tələb etməsi fonunda Azərbaycanla bağlı olan hər hansı məsələ İranın ciddi diqqətində olan məsələlər sırasında yer alıb. Ola bilər humanist addım nümayiş etdirmək adı ilə İran məhkəməsi belə bir qərar verib. Amma İranın təhlükəsizlik sistemləri birbaşa Xamneyinin və radikal islamçıların sərəncamında olan qüvvələrdir. Onlar da Xamneyidən başqa heç kimlə hesablaşmır. Dəfələrlə şahidi olmuşuq ki, İranda məhkəmə hansısa bir insanın günahı olmadığını sübut edərək onun buraxılmalı olduğunu elan edir, amma şəxs nədənsə buraxılmır. Xalidə Xalidin buraxılmamasının kökündə heç bir hüquqi proses dayanmır, ancaq İran təhlükəsizlik orqanlarının şəxsi maraqlarının təmin olunmasını gözləyirlər».

Rüfət Sultan

Geri dön