Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranla müharibə başlayır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > İranla müharibə başlayır?

İranla müharibə başlayır?


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) son hesabatından sonra İranın nüvə proqramı ətrafında yaranmış gərginlik daha da artmışdır. Qeyd edək ki, bu hesabat BAEA-nın İranla bağlı ən sərt hesabatı hesab olunur.

İlk dəfədir ki, bu qurumun hesabatında İranın nüvə proqramının hərbi xarakter daşıdığı qeyd olunur. BAEA qeyd edir ki, İran nüvə proqramının hərbi istiqamətiylə bağlı gizli sınaqlar keçirmişdir. İranın fəaliyyətinin bir istiqaməti nüvə başlığına yiyələnmək, digər istiqaməti isə onu daşıyacaq texnologiyanı inkişaf etdirmək olubdur. BAEA-ya görə ümumiyyətlə İranın nüvə proqramı ilə bağlı çox şaxəli tədqiqatlar onun sadəcə dinc xarakterini şübhə altında qoymur, hərbi xarakteri ilə bağlı da kifayət qədər əsaslar yaradır.

Gözlənildiyi kimi hesabatın açıqlanmasından dərhal sonra başda ABŞ və İsrail olmaqla “Qərb cəbhəsi”ndən İrana hücumlar artmışdır. ABŞ hakimiyyətinin yüksək səviyyəli nümayəndələri bir yandan İrana qarşı sanksiyaların həddindən artıq genişləndirilməsi və sərtləşdirilməsi variantları üstündə işləyərkən, digər yandan hərbi variantla bağlı hazırlıqlarını da artırırlar. Avropa Birliyi Xarici İşlər Nazirliyi isə hesabatdakı məlumatları “İranda geniş bir nüvə silahı proqramının varlığının dəliləri” kimi qiymətləndirmişdir.

BMT Təhlükəsizlik Şurasının üzvlərindən Fransa daha sərt sanksiyalarla bağlı təkliflər hazırlamış, fəqət ilk mərhələdə Rusiya və Çin buna müsbət yanaşmamışdır. Hətta Rusiya Xarici İşlər Nazirliyi BAEA-nın son hesabatının müzakirələrə geri dönülməsi şansını yox etdiyi iddiasını irəli sürmüşdür. Çin Xarici İşlər Nazirliyinin sözcüsü isə İranı yumşaqlıq və səmimiyyət göstərməyə dəvət etmişdir.

İsrail rəsmiləri isə növbəti dəfə həm dünyanı İrana qarşı təsirli tədbirlər görməyə çağırmış, həm də İranın vurulması ilə bağlı fikirlərini açıqlamışdır. İranın nüvə proqramını təhlükə mənbəyi kimi görən və “Şahab-3” raketlərinin hədəf dairəsində olan İsrailin hesabatın açıqlanmasından sonrakı bəyanatlarında bir nüans xüsusilə seçilir. İngiltərənin nüfuzlu “Daily Telegraph” qəzetinə açıqlama verən İsrailin Müdafiə naziri Ehud Barak İranın nüvə təsisatlarını nəzərdə tutulandan daha az itkiylə vura biləcəklərini iddia edib. Barak açıqlamasında iddia edib ki, zərərin qarşısını tatami ilə almaq qeyri-mümkün olsa da, əməliyyatı daha az itkiylə həyata keçirmək mümkündür: “50 min, 5 min adamın öləcəyinə dair ssenarilər düzgün deyil. Əməliyyat vaxtı insanlar evlərində qalsalar, ölü sayısı 500-dən də az ola bilər”.

Öz növbəsində İran da məsələyə sərt reaksiya veribdir. İran həm BAEA-nı düzgün olmayan məlumatlar yaymaqla və ABŞ-ın sifarişlərini yerinə yetirməklə günahlandırıb, həm də İsrailə sərt cavab vermişdir. İsrailin İranın nüvə təsisatlarını vurmaq ehtimalı ilə bağlı məsələyə münasibət bildirən İran prezidenti Mahmud Əhmedinejad “bu xalq yolundan iynənin başı qədər də geri addım atmayacaq" deyərək gərginliyin artmasında maraqlı olduğunu göstərmişdir.
İran ordusunun yüksək səviyyəli rəsmilərindən biri olan general Məsud Cazayeri isə alışılmış İran hədələrindən birini səsləndirmişdir: “İsrail bizə hücum etsə, yox olmaqla qarşı-qarşıya qalar”. General Cazayeri iddia etmişdir ki, onlar çox rahatlıqla İsrailin Dimano nüvə bazasını vur bilərlər. Onun sözlərinə görə, İrana hücum olsa, cavabları sadəcə Yaxın Şərq regionu ilə məhdudlaşmayacaqdır.

Xatırladaq ki, onsuz da nüvə proqramındakı şübhəli məqamlara görə İran ilə beynəlxalq aləm arasında gərginlik uzun müddətdir ki, davam edir. Bu məsələyə görə, İrana əhatə dairəsi daim genişlənən sanksiyalar tətbi olunur. ABŞ və İsrailin İranı vuracağı barədə məlumatlar isə beynəlxalq KİV-də mütəmadi dərc olunur. Fəqət bu ilin oktyabrın sonlarından başlayaraq İsrailin İranı vurmaqla bağlı artıq konkret qərar qəbul etdiyinə dair xəbərlər yayınlanmağa başlayıb. Hətta ABŞ-ın İsraili qərarıdan çəkindirmək üçün bu ölkəyə təzyiq göstərdiyi də iddia edilir.

BAEA-nın son hesabatı ilə vəziyyət daha da gərginləşəcək və İrana müdaxilə ilə bağlı ssenarilər güclənəcəkdir. Çünkü İranın sadəcə beynəlxalq terrora verdiyi dəstək, rejimin ixracı, gizli nüvə proqramı, eləcə də insan hüquqları problemləri azmış kimi, Yaxın Şərqdə baş verən proseslərdə oynadığı rol də kifayət qədər ciddi beynəlxalq etirazlara səbəb olmaqadadır. Bütün bu səbəblərə nüvə ilə bağlı beynəlxalq təşkilatlara və vasitəçi dövlətlərə qarşı apardığı bezdirici taktika da əlavə olunduqda beynəlxalq aləmin artıq əvvəlki kimi səbrli davranmayacağı görünür. Bu isə sadəcə İran üçün deyil, ümumilikdə region üçün fəlakət ssenarilərinin həyata keçməsi təhlükəsi deməkdir.

Əlirza Amanbəyli


Geri dön