Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Əhməd Ağaoğlu İran haqqında
Əhməd Ağaoğlu İran haqqında |
Əhməd Ağaoğlu (Ağayev,1869, Şuşa -1939, İstanbul) XIX yüzilin sonlarından 1920-ci illərədək Quzey Azərbaycanda, sonra isə Türkiyədə siyasi və fikir həyatına yön verən şəxslərdən biridir. Əhməd Bəyin zəngin irsindən yalnız İran və İran Türkləri haqqında fikirləri ayırıb qısaca oxucularımızın diqqətinə yetirmək istəyirik. Onun irsinə bu gün də ehtiyacımız var.
Əhməd Ağaoğlu milli tariximizdə Güney məsələsi dediyimiz problemlər toplusuna elmi-obyektiv yanaşan və bu problemin çözülməsi üçün gerçəkçi ideyalar irəli sürən ilk fikir adamlarımızdan biridir, bəlkə də birincisidir. Onun Güney mövzusuna yanaşması maraqlı inkişaf mərhələlərindən keçmişdir. Gənc Əhməd Bəyin İranla bağlı məsələlərə ilk yanaşma tərzi Sorbonna Universitetində oxuyarkən formalaşdı. Onun Sorbonnada oxuduğu dövrdə Fransa, 1870-71-ci illər savaşındakı uğursuzluğun travmasını yaşamaqda idi. Itirilmiş torpaqlar və itirilmiş qürur hissi toplumda, ilk növbədə aydın kəsim içində güclü revanşist millətçilik doğurmuşdu. Əhməd Ağayevin dərslərinə ciddiyyətlə yanaşması və fövqəladə istedadı professorlarının da diqqətini çəkmiş, Parisin aydın salonlarına onun yol tapmasına nədən olmuşdu. Əhməd Ağaoğlu haqqında maraqlı araşdırma aparmış A. Holly Shissler’in təsbitinə görə, gənc tələbəyə Paris həyatında Fransızlardan ən çox üç şəxs - onun Fars dili və tarixi professoru James Darmesteter, La Nouvelle Revue dərgisinin redaktoru Juliette Adam, məşhur filosof və tədqiqatçı Ernest Renan - təsir etmişdir. Xüsusən Ernest Renan’ın dinlər tarixi haqqında yazdığı əsərlər gənc Əhməd Bəyin diqqətini çəkmiş, onun protest ruhunu qıcıqlandırmışdır. Renan yazdığı çoxsaylı əsərlərində dinlər tarixində Semit (Yəhudi və Ərəblər) və Arya (Hind-Avropalılar) irqlərinin rolunu qarşılaşdırmış, birincilərin din tarixinə töhfələrini sərt dillə tənqid etmişdir. Renana görə, İslam tərəqqinin qarşısını alan, inkişafa yer qoymayan bir dindir. Renanın dinlər tarixi və onun toplum həyatında rolu haqqında əsas tezislərini təqdir edən Əhməd Bəy, İslamı müdafiə etmək üçün Farsların Hind-Avropalı olması və Şiəliyin Farslar üçün milli din xarakteri daşımasını çıxış nöqtəsi olaraq qəbul edir. Onu da nəzərə alır ki, bu zaman Avropada, xüsusilə Fransada Fars tarixi və mədəniyyətinə xüsusi rəğbət vardı. Gənc tədqiqatçı ortodoks İslamdan fərqli olaraq Şiəliyin inkişafa meylli, yalnız Farslara xas məzhəb, hətta din olduğu tezisini müdafiə edir. Bu tezislərin müdafiəsi məqsədilə La Soci?t? persane (“Fars toplumu”) ümumi başlıqlı, yeddi bölümdən ibarət məqalələri La Nouvelle Revue dərgisinin 1891-ci il saylarında dərc etdirir. Növbəti il başqa bir dərgidə Confession du derviche (“Dərvişin tövbəsi”) adlı məqalə çap etdirir. 1892-ci ildə isə Şərqşünasların XIX Beynəlxalq Konqresində Şiəliyin Məzdəki kökləri haqqında məruzə edir. Bu məruzənin mətninin çapına qərar verilir. Sorbonna Universitetində təhsil aldığı dövrdə Əhməd Bəy Yaxın Şərq haqqında çap edilmiş iki kitaba rəy yazır, bundan əlavə Tiflisdə çıxan Rusdilli “Kavkaz” qəzetinə məqalələr göndərir. Sonralar Türkçülüyün tanınmış xadimi kimi məşhurlaşmış Əhməd Bəyin Paris yazılarında “özünü doğma kültürü haqqında yazan Fars kimi təqdim etməsi” Amerikalı araşdırmaçı A. Holly Shissle’rin də diqqətini çəkmişdir. Gənc Əhməd Bəydəki bu “kimlik problemini”ni tədqiqatçı iki mümkün səbəblə izah edir. Birincisi, dini-imperial kimliklə (“Rus Müsəlmanı”) Peterburqu tərk etmiş Əhməd Bəyin yetişdiyi Qafqaz mühiti Fars kültürünün hələ güclü olduğu məkan idi; bu kültürün də özəyində Şiəlik dururdu. İkincisi, Orta Şərqdən gəlmiş və bir Qərb paytaxt şəhərinin akademik dairələrinə daxil olan şəxs kimi özünü “Arya irqi”nə aid etmək müəyyən dəyər ifadə edə bilərdi. Altı ildən sonra Sorbonna Universitetinin Şərq dilləri və hüquq diplomları ilə vətənə dönən Əhməd Bəy yolüstü, dörd ay İstanbulda qalmışdır. Burada Osmanlının bir sıra görkəmli aydını və dövlət adamı ilə görüşmüşdür. İstanbulda olan Şeyx Cəmaləddin Əfqani ilə yenidən bir araya gəlir, siyasi-ideoloji məsələləri müzakirə edir. Keçmiş dostu Əli Bəy Hüseynzadə burada ikən onu İttihad və Tərəqqi Komitəsinin liderləri ilə tanış edir. Bu görüşlər və uzun müzakirələr onun dünyagörüşünün dəyişməsində mühüm rol oynayır. Bir müddət Tiflis gimnaziyasında müəllim işləyib, yerli qəzetlərlə əməkdaşlıq etdikdən sonra “Məşriğ” (Şərq) adlı Türkcə bir qəzet çıxartmaq üçün müraciət edir. Hakimiyyət rədd cavabı verir, çünki “o vaxt hökumət Rus ünsüründən bulunmayan Müsəlmanlara böylə bir vasitəyə izin verməyə müsaidə etmirdi. Bu arada (1901) “İslama görə və İslam aləmində qadın” və “İslam və axund” əsərlərini yazır. Bu əsərlərin əsas mövzuları İslamda islahat aparmaq gərəkliyi, onu savadsız mollaların inhisarından qurtarmaq və günün tələblərinə uyğunlaşdırmaq, Sünnü-Şiə ixtilaflarına son qoymaq, qadına layiq olduğu yeri vermək, eləcə də əlifba məsələləridir. Bu dövrdə Əhməd Bəy Şiəliyi artıq birtərəfli vəsf etmir, Fars kültürünü digər etnik kültürlərdən üstün saymır. Hətta hesab edir ki, “Türk qadınını aşağılayaraq Türk həyatiyyət və mədəniyyətinin gəlişməsi və ilərləməsinə əngəl olan qüvvə o köhnə və çürük İran mədəniyyətidir. Əhməd Ağaoğlunun tədqiqatçısı A. Holly Shissler də bu dövrdə onun “kimlik problemi”ndə dəyişiklik olduğunu təsbit etmişdir. Bu arada milli aydın kəsimini bir yerdə tuta bilən əsas mərkəz 1898-ci ildən sonra Əli Mərdan Bəy Topçubaşovun (bəzən qısa müddətdə Həsən bəy Zərdabinin) redaktəsi ilə çıxmağa başlayan “Kaspi” qəzeti idi. Rusca çıxmasına baxmayaraq, yeni redaktorun gəlməsindən sonra bu qəzet yerli məsələlərə, milli həyatın müxtəlif sahələrinə aid yazılar çap etməyə başladı. Məhz buna görə o, milli mətbuat orqanı kimi qəbul edilir. Yazı müəlliflərinin çoxu da Azərbaycanın artıq tanınmış ictimai xadimlərinə çevrilmiş şəxslər idi. Müəlliflər sırasında Həsən Bəy Zərdabidən tutmuş onlarla gənc qələm sahibi də vardı. Qəzetin 1898-ci ildən sonrakı dövründə əsas müəllifi Əhməd Bəy Ağayev idi. O, tez-tez ən müxtəlif mövzularda - İslam tarixi, siyasi-ideoloji məsələlərlə bağlı, milli və beynəlxalq həyatın çeşidli yönləri, beynəlxalq siyasət haqqında onlarla məqalə dərc etdirmişdir. Əhməd Bəy bu mövzularda yazılmış kitab və məqalələrə də özünün münasibətini bildirir, müəlliflərlə canlı polemikaya girirdi. “Kaspi”nin 1899-cu il 16 mart tarixli sayında sonralar məşhur şərqşünas alim kimi tanınacaq Krımskinin “Müsəlmanlıq və onun gələcəyi” adlı kiçik kitabı Əhməd Bəy Ağayevin sərt tənqidinə hədəf oldu. Kitabın əsas müddəaları ilə razılaşmayan Əhməd Bəy, Farsların İslam tarixində oynadığı rol ilə bağlı əsaslandırılmış, maraqlı fikirlər irəli sürür. Məqalə müəllifinə görə, “qalibləri təsiri altına salmaq” qabiliyyətinə malik olan Fars etnosu, “İslamın özünü sonralar təhrif edən müxtəlif məzhəb və təriqətlər yaratdı.” Az sonra o, “Məhərrəm” başlıqlı geniş məqalədə yenidən Farsların İslam tarixində rolu mövzusuna qayıdır. O, Farsların Abbasi xilafətində təsirinin artmasını və yüksək mövqeləri tutmasını izah edəndən sonra yazır: “...Farslar İslamın ürəyini gəmirmiş, hər il yeni təriqət yaratmışlar; nəzakət xatirinə və rahat olduğu üçün bu təriqətlərə dini don geyindirmiş, amma [bu təriqətlərin] mahiyyəti tamamilə siyasi olaraq qalmışdır; beləcə Zeydilər, İsmaililər, Bəttanilər, Kərmətilər və saysız başqa təriqətlər yaranmışdır.” Əhməd Bəyin “xilafət üzərində İranın siyasi qəyyumluğu” adlandırdığı dövr, büdpərəst Moğolların hücumları və ondan sonrakı siyasi hadisələrlə qapandı. “Bu cür əlverişsiz şəraitdə belə Fars Müsəlmanları milli müstəqillik və onun gerçəkləşməsi uğrunda mübarizəni daha böyük əzm və inadla davam etdirmişlər.” Əhməd Bəy Ağayevə görə, bu mübarizə “Səfəvi sülaləsi başda olmaqla ayrı dövlətin yaranması ilə uğurla başa çatdı. Səfəvilər seyid, yəni Hüseynin nəslindən idilər. Onlar Şiəliyi, yəni Əli, Hüseyn və onların davamçıları kultunu Farsların milli dini elan etdilər, bu dini dəbdəbə ilə ört-basdır etmək və Farsların ürəyini mümkün qədər ona bağlamaq üçün heç bir vasitədən çəkinmədilər. Əhməd Bəy Ağayevin “Bizim millətçilər” adlı məqaləsi bir daha Paris dövrünün yanlış ideyalarından onun tamamilə uzaqlaşdığını göstərir. O, Iranın İslam tarixindəki rolu haqqında başqa bir maraqlı fikir irəli sürür. “Özünəməxsus orijinallığını, öz dilini saxlamağa” müvəffəq olmuş bu ölkə, Əhməd Bəyə görə, “İslamı özü bildiyi şəkildə, özünün mənəvi ehtiyaclarına uyğun olaraq dəyişdi, öz “ərəbçiliyini” elə zorladı, ona elə pozğunluq və dekadentlik gətirdi ki, indi də İslam özünə gələ bilmir. Islama bütün məzhəblər, bütün təfriqələr, bütün zorlamalar, subversiv nəzəriyyələr İrandan gəldi və yalnız “assimilyatora” qarşı sönməz-tükənməz nifrətlə təlqin edildi. İran, bu nifrəti ört-basdır edərək, bəzən onu gizlədərək, səbrlə öz vaxtını gözlədi. Geri dön |