Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Azərbaycan NATO-nun yeni missiyasında
Azərbaycan NATO-nun yeni missiyasında |
Bakı ilə alyans arasında münasibətlər möhkəmlənir
2014-cü ildən sonra Azərbaycan NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirak edəcək. Bunu Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayev bu ölkənin «Kanal 24″ televiziyasına açıqlamasında deyib. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatda və İSAF kontingentinin Əfqanıstandan çıxarılmasında vacib rol oynadığını söyləyib. Elman Abdullayev Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yeritməsini, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirməsini, o cümlədən ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsini qeyd edib. Mətbuat katibi xatırladıb ki, NATO sammitinin qərarına əsasən İSAF missiyasının Əfqanıstanı tərk edəcəyi 2014-cü ildən sonra yeni missiya yaradılacaq: «Bu missiyaya 8 dövlət daxil olacaq, onlardan biri də Azərbaycandır. Missiyanın əsas məqsədi Əfqanıstanda sülh və sabitliyin bərpası üçün vətəndaşlarla iş aparmaq olacaq». Azərbaycanın NATO-nun yeni missiyasına qatılması rəsmi Bakının alyansla əməkdaşlığını möhkəmləndirəcək. Onu da qeyd edək ki, bir müddət öncə Azərbaycan Müdafiə Nazirliyi NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində bir sıra tədbirlərlərdə də iştirak edib. Bununla yanaşı nazirliyin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO və ABŞ ekspertləri Azərbaycanda səfərdə olublar. Bundan başqa Azərbaycan — AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən bu günlərdə Bakıda mətbuat və İnformasiya işi üzrə ekspert danışıqları olub. Bu gün Azərbaycan — NATO münasibətləri cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Nəzərə alınmalıdır ki, ötən ilin dekabrında Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (FTƏP) üçüncü mərhələsi üzrə razılaşma əldə edildi. Üçüncü mərhələdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda islahatlar davam etdiriləcək, eyni zamanda Azərbaycanın NATO-nun bir sıra sülhyaratma əməliyyatlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatlarda hərbi və humanitar dəstəyi davam edəcək. Ekspert Cəsur Sümərənli bildirib ki, Azərbaycanın alyansla əməkdaşlığı və yeni missiyaya qoşulması müsbət haldır: «Azərbaycan — NATO əməkdaşlığının ikinci mərhələsi üzrə Azərbaycan — NATO əlaqələri baxımından xarakterik olan məsələlər içərisində Azərbaycanın NATO-nun bir sıra əməliyyatlarına — Kosovoda (KFOR) və Əfqanıstanda (İSAF) keçirilən sülhyaratma əməliyyatlarına iştirak etməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan hazırda da 94 hərbi qulluqçusu ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirak edir. Eyni zamanda Azərbaycan NATO-nun Əfqanıstana daşınan yüklərinin tranzit ölkəsi rolunda çıxış edir. Bu gün alyansın İSAF qüvvələri və digər məqsədlər üçün Əfqanıstana daşınan yüklərinin 30 faizi məhz Azərbaycan üzərindən keçir. Eyni zamanda Azərbaycan Əfqanıstanın Milli Təhlükəsizlik qüvvələrinin və ordusunun qurulması prosesində iştirak edir və xüsusilə də sərhəd xidməti üçün kadrların hazırlığı prosesinə dəstək göstərir». Ekspert onu da qeyd edib ki, 2008-ci ildə Cənubi Qafqazda baş verən proseslər, region uğrunda geosiyasi çəkişmələr Azərbaycan — NATO münasibətlərinə təsir etdi. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra qonşuları — Rusiya və İran ölkəmizin alyansla sıx əməkdaşlığının əleyhinədirlər. Bu istiqamətdə xüsusilə Rusiyanın səylərini qeyd etməmək olmur. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın bu ilin fevral ayının əvvəllərində Azərbaycana gəlməsi, daha sonra prezident İlham Əliyevin Brüsselə səfəri zamanı NATO-nun mənzil-qərargahında alyansın baş katibi Anders Foqh Rasmussenlə görüşməsi və səsləndirilən məsələlər Azərbaycan — NATO əməkdaşlığında mühüm mərhələnin başlanmasına işarə hesab oluna bilər: «Bütövlükdə, hesab etmək olar ki, Azərbaycanın NATO ilə əlaqələrinin mövcud vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı rəsmi Bakının NATO qarşısında qoyduğu tələblər kontekstində tərəflər arasında yaranmış bir sıra fikir ayrılıqları NATO-nun yeni tərəfdaşlıq siyasətində nəzərə alınmalı bir nümunədir. Beləcə, ekspertlərin fikrincə, alyans Azərbaycan kimi tərəfdaşların milli təhlükəsizlik qayğılarına diqqətlə yanaşmalı və bu istiqamətdə problemlərin həlli üçün aktivlik göstərməlidir. NATO-nun Cənubi Qafqazdakı mövcud münaqişələrin nizamlanmasına qarışmaması əslində Rusiyanın və İranın bu bölgədə neqativ təsirlərinin artmasına səbəb olur». Ümumilikdə, NATO çərçivəsində, istər çoxmillətli, istərsə də ikitərəfli əsasda qəbul edilən qərarların əsaslı olması, ölkələrin strateji maraqlarına uyğunluğu, ictimaiyyətlə birbaşa təmasın qurulması çox vacibdir». Ekspert daha sonra bildirib ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiya kursu onun 2007-ci ildə qəbul olunan Milli Təhlükəsizlik Konsepsiyasında əksini tapıb. Belə ki, həmin sənəddə qeyd olunub ki, Azərbaycan Respublikası Avropa və Avroatlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avroatlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avroatlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Cəsur Sümərinlinin fikrincə, Azərbaycanla Birləşmiş Ştatlar, xüsusən də HATO arasında ümumi hərbi əməkdaşlıq pozitiv istiqamətdə inkişaf etməkdədir. Onun sözlərinə görə, əməkdaşlıq özünü əsasən 4 istiqamətdə göstərə bilər. Birincisi, Birləşmiş Ştatlar Əfqanıstana hərbi və humanitar yardımların çatdırılmasında Azərbaycandan daha geniş şəkildə tranzit ölkə kimi istifadə etmək niyyətindədir. Birləşmiş Ştatlar Azərbaycan ordusunun NATO standartlarına uyğun qaydada hərbi texnika ilə təchiz edilməsində maraqlıdır. Cəsur Sümərinlinin fikrincə, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığın üçüncü istiqaməti Xəzərin təhlükəsizliyi ilə bağlıdır. Ekspert iki ölkə arasında əməkdaşlığın dördüncü mühüm elementini Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda təhsil almasında görür. Cəsur Sümərinli düşünür ki, Rusiya həm Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda təhsil alması, həm də ordunun NATO standartlarına uyğun bir şəkildə texnika ilə təchiz edilməsinə qısqanclıqla yanaşır. Ekspert bunu bütünlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının qarşısını almaq niyyətilə əlaqələndirir. Amma Rusiya bu prosesə indiyədək ciddi şəkildə mane roa bilməyib. Müxtəlif sahələr üzrə, o cümlədən təhlükəsizlik üzrə HATO ilə əməkdaşlıq uğurlu sayıla bilər. Əfqanıstana hərbi təchizatın daşınması ilə bağlı Azərbaycan ilə NATO arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycan həm NATO, həm də Aİ ilə əməkdaşlıqdan faydalanır. Cavid Geri dön |