Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb
Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb |
Bu gün Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında «Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi Layihəsi» üçün 50 mln. ABŞ dolları məbləğində Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının (IBRD – Dünya Bankı qrupunun üzvü) krediti üzrə saziş imzalanıb.
DB-nın Bakı ofisindən verilən məlumata görə, kredit sazişini Azərbaycan adından baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bankın adından isə ölkə menecerinin səlahiyyətlərini icra edən Səidə Bağırlı imzalayıblar. Hökumət tərəfindən layihənin icrası üçün əlavə olaraq ayrılacaq 28,5 mln. dollar da nəzərə alınmaqla, layihənin ümumi dəyəri 78,5 mln. dollar təşkil edir. Layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların iqtisadi özünə güvən hissinin yüksəldilməsidir. Bankın məlumatında deyilir ki, hazırda Azərbaycan adambaşına götürüldükdə dünyada məcburi köçkünlərin ən çox təmərküzləşdiyi ölkələrdən biridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan əhalisinin 7%-i məcburi köçkün şəraitində yaşayır. Məcburi köçkünlərin təxminən yarısının mənzil şəraiti ağır olaraq qalır. Dünya Bankının Azərbaycan hökuməti ilə apardığı son tədqiqatlar və təhlillər göstərir ki, yatırılmış investisiyalara baxmayaraq, məcburi köçkünlər hələ də əhalinin həssas təbəqəsi kimi qalır, onlar məcburi köçkün olmayan əhaliyə nisbətən daha yoxsuldur, daha çətin həyat şəraitinə malikdir və dolanışıq üçün hələ də dövlətin yardımına arxalanırlar. Bu layihə məcburi köçkünlərin yaşayış sahələri ilə təmin olunması üzrə dövlət proqramının dəstəklənməsi məqsədini güdür. Yeni layihə DB-nın məcburi köçkünlərin dəstəklənməsi üçün icra olunmuş və Azərbaycanda 120 mindən çox məcburi köçkünün yararlandığı 400-dən çox mikro layihəni əhatə edən əvvəlki uğurlu layihələr üzərində qurulacaq. Bu layihə icma mikro layihələrini genişləndirərək, əsasən ictimai binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və əhalinin bu qrupunun gəlirlərinin artırılması üçün davamlı işlə təmin olunmasına xidmət edəcək. Layihə 4 komponentdən ibarətdir. Bura ilk növbədə məcburi köçkünlərin cəmləşdikləri ərazilərdə infrastruktur mikro layihələri daxildir. Bu komponent çərçivəsində dəstəklənəcək təxminən 200 mikro layihədən 120-150 min insanın yararlanacağı gözlənilir. Digər komponent çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı 90-dan artıq ictimai binanın və yataqxananın bərpa və təmiri həyata keçiriləcək ki, bu da 30 minə yaxın məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına yardım edəcək. Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1 400-ə yaxın gənc peşə təlimi kurslarını başa vurduqdan sonra öz bizneslərinə başlamaq üçün qrant alacaq. Eyni zamanda 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaq. Bundan başqa məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1 500-dək mikro kredit veriləcək. Qeyd edək ki, Azərbaycanın Dünya Bankına üzv olduğu 1992-ci ildən etibarən Bank ölkəyə 44 layihə üçün təxminən 3,1 mlrd. dolları həcmində kredit ayırıb. Geri dön |