Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:“Mən Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:“Mən Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm”

Fərəc Quliyev:“Mən Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm”


Fərəc Quliyev: “Ordumuz Qarabağı azad etməyə qadirdir”

Parlamentin ötən iclaslarının birində Qüdrət Həsənquliyevin ordu rəhbərliyinə qarşı ümumi ittihamlar səsləndirməsi, onların siyasi hakimiyyətə sadiqliyini şübhə altına alması bu gün də ictimai fikirdə ən çox müzakirə edilən məsələlərdən biridir. Q.Həsənquliyevin açıqlamasında diqqət çəkən bir xeyli məqam var ki, bunlardan da biri onun mövcud durumu 1993-cü ildəki situasiya ilə müqayisə etməsidir. Belə ki, BAXCP sədri məlum çıxışında 1993-cü ildəki situasiyanın yaxın gələcəkdə də təkrarlanmasını mümkün hesab edir və ordu rəhbərliyinin belə bir anda siyasi hakimiyyətdən yana mövqe qoyub-qoymayacağına tərəddüdlə yanaşır: “1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda hamımız bilirdik ki, xarici güclər bu qıyamın arxasında dayanmışdılar. Bu gün Müdafiə Nazirliyi rəhbərliyində təmsil olunan şəxslər o zaman da Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunurdu. Ancaq onlar ölkədə sabitliyi qoruya, qiyamın qarşısını ala bilmədilər. Mən sual etmək istərdim: yenə də belə bir təhlükə yaranarsa, onlar Ali Baş Komandanı və dövləti müdafiə edəcəklərmi?”
Daha sonra öz mülahizələrini davam etdirən deputat, orduda milli kadrların güclənməsinin vacibliyinə də toxunub. Q.Həsənquliyevin məlum çıxışı ictimai-siyasi rəydə birmənalı qarşılanmayıb. Əksər ictimai-siyasi xadimlər hesab edir ki, onun səsləndirdiyi, əsasən güman və ehtimal üzərində qurulan ittihamların heç bir əsası yoxdur. Onların fikrincə, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının keşiyində dayanan, Qarabağı azad etmək üçün öz peşəkarlığını durmadan artıran ordunu siyasi proseslərə qatmaq cəhdi doğru sayıla bilməz. Siyasilərin fikrincə, belə bir yanaşma ictimai rəydə yersiz çaşqınlıq və anlaşılmazlığa səbəb ola, habelə ordu və siyasi hakimiyyət arasındakı bağlılığa zərbə vura bilər.
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında həmkarından fərqli olaraq Azərbaycan ordusundakı yeniliklərin təqdirəlayiq olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda ordu quruculuğu istiqamətində atılan addımların müsbət nəticələri göz önündədir: “Mən hər hansı bir şəxsin fikirlərinə şərh vermək istəmirəm, xüsusilə də, burada söhbət millət vəkilindən gedirsə. Deməliyəm ki, hər bir millət vəkili istənilən fikri səsləndirməkdə sərbəstdir. Əgər bu fikri söyləyən şəxsin əlində yetərli qədər sübut-dəlil varsa, bu barədə ondan məlumat almaq daha doğrudur. Amma mən hesab edirəm ki, bu gün Azərbaycan ordusu kifayət qədər peşəkar bir orduya çevrilib. 90-cı illərdən fərqli olaraq, bizim ordudakı zabit kadrları Rusiyada və ya digər xarici ölkələrin hərbi məktəblərdə deyil, Azərbaycandakı hərbi akademiyalarda yetişdirilir. Azərbaycan bu məsələdə hər hansı bir ölkədən asılı deyil. hesab edirəm ki, bu faktın özünü kifayət qədər böyük müvəffəqiyyət kimi qəbul etmək olar”.

Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan ordusu 90-cı illərlə müqayisədə öz qüdrətini dəfələrlə artırıb. Habelə, F.Quliyev hesab edir ki, Azərbaycan ordusu 90-cı illərdə baş verən əməliyyatlarda da yetərincə fədakarlıq göstərib və bu, inkaredilməzdir: “Azərbaycan ordusu kifayət qədər möhkəmlənib və oturuşub. Artıq 1993-cü ildən xeyli vaxt keçib. Hətta o dövrün zabitlərinə belə eyni prizmadan yanaşmaq doğru deyil. 1990-1993-cü illərdə Azərbaycan ordusunun zabitləri kifayət qədər uğurlu hərbi əməliyyatlar aparırdılar. Onlar döyüşlərdə çox böyük cəsarət və peşəkarlıq sərgiləyirdilər”.
Orduda hansısa hərbçinin yarıtmaz fəaliyyətinə gəlincə, millət vəkili bu kimi istisnaların dünyanın bütün orduları üçün keçərli olduğunu qeyd etdi: “Şübhəsiz, dünyadakı bütün orduların içində müəyyən anda tərəddüd sərgiləyən və ya öz işinin öhdəsindən yetərincə gələ bilməyən şəxslər var. Bundan sonra da orduda bu cür şəxslərin olacağı istisna edilə bilməz”.
F.Quliyevin sözlərinə görə, ümumilikdə Azərbaycan ordusunun vəziyyəti qənaətbəxşdir və ordunun zabit kontingentinə etibar etmək olar: “Mən bütövlükdə Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm. Hesab edirəm ki, onların potensialı və döyüş qabiliyyəti kifayət qədər yüksək və sanballıdır”.
Millət vəkili hesab edir ki, əgər siyasi hakimiyyət Qarabağı müharibə yolu ilə azad etmək qərarına gəlsə, o zaman Azərbaycan ordusu işğaldakı torpaqları azad etmək üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir: “Hesab edirəm ki, əgər Azərbaycan Qarabağı hərbi əməliyyatlar yolu ilə azad etməklə bağlı qəti iradə ortaya qoysa, o zaman arxa və ön cəbhənin birgə səyi nəticəsində biz işğaldakı torpaqlarımızın azadlığına nail ola bilərik. Biz milli gücü bir araya gətirmək, qütbləşmədən imtina edib tam bir bütövlüyə nail olmaqla bu problemi həll edə bilərik. Və bu zaman ermənilərin arxasında kimin, hansı qüvvənin dayanmasından asılı olmayaraq, biz Qarabağda uğurlu hərbi əməliyyatlar keçirməklə işğaldakı torpaqlarımızın azadlığını təmin edə bilərik. Mən buna, Azərbaycan ordusunun qüdrətinə inanıram”.
Seymur Əliyev "Hüriyyət" qəzeti

Geri dön