Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyası tədbir keçirdi
Milli Dirçəliş Hərəkatı Partiyası tədbir keçirdi |
MDHP müstəqilliyin övladlarını Milli Dirçəliş Günündə, müsabiqənin yekununda bir araya gətirdi Ötən həftə, 16 noyabrda, Beynəlxalq Mətbuat Mərkəzində, “17 Noyabr - Milli Dirçəliş Günü” ilə bağlı böyük, möhtəşəm bir tədbir keçirildi. “17 Noyabr” tarixinin adını daşıyan Milli Dirçəliş Hərəkatı Partiyası sözügedən tarixə verdiyi dəyəri bu tədbirlə bir daha sübut etdi. Belə ki, Partiyanın 7 mayda başlatmış olduğu, Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında “ən yaxşı yazı” müsabiqəsi sonuclandı və bu tədbirdə qaliblər mükafatlandırıldı. Müsabiqənin mövzuları: 1. Azərbaycan-Türkiyə əməkdaşlığını zəruri edən şərtlər. 2. Bir millət iki dövlətdən - bir millət bir konfederativ dövlətə. 3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri. 4. Dövlətçiliyimizin sütunlarından biri-Türkçülük. Bu dörd istiqamətdə qəbul edilən bütün yazılar kitab halında çap olunub tədbir iştirakçılarına paylandı. Qaliblərə diplom və pul mükafatı təqdim edildi. Belə ki, 1-ci yer - Əşrəf Əmirov 2-ci yer - Murad Atış (Türkiyədə təhsil alan Türkiyəli tələbə) 2-ci yer - Mehman Həsənov 3-cü yerə isə - Aysel İsazadə, Samir Nəbiyev, Şəhla Feyruzbəyli adlı gənclərin yazıları layiq görüldü. Tədbiri giriş sözü ilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev açdı: “Bütün tədbir iştirakçılarını öz adımdan, Milli Dirçəliş Hərəkatı Partiyası adından Milli Dirçəliş Günü, eyni zamanda müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik edirəm. Aydın məsələdir ki, əlamətdar gün münasibətilə respublikamızda müxtəlif tədbirlər keçirilir. Mən hesab elədim ki, bizim gənclərimizi bu tədbirlərə qatmaq və onları bir az da potensiallaşdırmaq üçün 20 illiklə bağlı bir müsabiqə keçirək, həm də bunu rəmzi olaraq Milli Dirçəliş Günü ərəfəsində yekunlaşdıraq. Çünki, milli dirçəliş olmadan müstəqillik olmaz. Hər bir millətin milli dirçəlişdən keçən yolu və mübarizəsi, öz milli kimliyinə qayıtması mübarizəsinin tam mənada halal bir nəticəsi olaraq təsbit olunur. Partiyamızın qərarı ilə bu ilin may ayının 7-dən Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında “Türkiyə-Azərbaycan münasibətlərinə dair ən yaxşı yazı” müsabiqəsi keçirildi. Biz uzun müddət ərzində bu müsabiqənin nəticələrini gözlədik. Təqdim olunanların içərisində çox maraqlı yazılarla, məsələlərə maraqlı münasibətlərlə rastlaşdıq. Bizim mövzularımız əsas etibarilə Türkiyə-Azərbaycan münasibətlərini özündə ehtiva edirdi. Mən hesab edirəm ki, yanaşmalar uğurlu oldu. Hətta qaliblərimizin birisi də Türkiyədə təhsil alıb orada yaşayan türkiyəli tələbələrdəndir. Biz təbii ki, indi onları təqdim edəcəyik amma mən daha çox məsələnin məğzinə toxunmaq istəyirəm. Yəqin, siz də razılaşarsınız ki, bu gün Türk dünyasının problemləri var və bu problemlərlə mübarizədə münasibəti ümumiləşdirməyin zamanı çoxdan çatıb. Biz artıq ümumi qaydaları tətbiq eləməyə başlamalıyıq. Çünki bizi Türkiyə ilə münasibətlərdə qardaş ölkə, vahid istəkləri olan ölkə, bir millət iki dövlət adlandırırlar amma eyni zamanda düşmənlərimiz və düşmənlərimizin bizə qarşı olan münasibətləri də birləşdirir. Əleyhimizə olan basqılarda, layihələrdə düşmənlərimiz bizi heç də biri-birimizdən ayırmırlar. Qərbi Azərbaycan ərazisində bir Ermənistan qurublar, hal-hazırda da Qarabağ ərazisində torpaq iddiaları var. Yəni nə qədər ayrı-ayrılıqda davranmağa çalışsaq belə birgə davranışlar nümayiş etdirməyə məhkumuq. Çünki düşmənlərimiz bütün layihələrində bizi hədəf olaraq bir görürlər. Mən dünən parlamentdəki çıxışımda da belə bir təklif elədim ki, xüsusi bir parlament iclası çağırılsın və orada PKK terror təşkilatına qarşı birgə mübarizədə Azərbaycanın səylərinin ortaya qoyulması ehtiva olunsun. “Asayişi Bərpa Qüvvələri” adı altında Azərbaycan-Türkiyə birlikdə bir silahlı qüvvələr formalaşdırsın. Bu qüvvələr bu gün Türkiyədə terrora qarşı, daha sonra isə Qarabağda ermənilərə qarşı mübarizə aparsın. Gələcəkdə daha da inkişaf edərək Türk dünyasının digər dövlətlərini də özündə təmsil eləsin. Azərbaycan və Türkiyənin bu sahədə təcrübələri var. Bilirsiniz ki, Əfqanıstanda, Şərqi Avropada, bəzi ölkələrdə sülhməramlı missiyanı Azərbaycan Silahlı Qüvvələri və Türkiyədən gələn kollektiv həyata keçirir. Belə olan halda niyə birlikdə tədbirlər görülməsin? Bizim iqtisadi sahədə, mədəni sahədə olan əməkdaşlıqlarımız artıq milli, müdafiə, təhlükəsizlik, konkret olaraq hərb sahəsində də mütləq olmalıdır. Bu, təkcə mənim fikrim deyil, cəmiyyətin içərisindən gələn istəklər də bunu göstərir. Azərbaycan prezidenti Qazaxıstanda Türkdilli Dövlətlərin Zirvə Toplantısında bunu xüsusi olaraq vurğuladı ki, biz artıq əməli tədbirlər görməliyik. Dövlət qurmaq çətin məsələdir. Hər bir dövlətin yaşaması üçün mütləq və mütləq milli dəyərlərə əsaslanan prinsipləri, prioritetləri tətbiq etmək və qorumaq lazımdır. Təbii, ki, mən Türk dövlətlərini nəzərdə tuturam. Regionda baş verən ağır proseslər bizim nəinki Türkiyədə, bütün Türk dövlətlərində ciddi şəkildə toparlanmağımızın gərəkliliyinə dəlalət edir. Mütləq bu birlik haqqında düşünməliyik. Hər bir vətəndaşın, hər bir təşkilatın, hər bir Qeyri Hökumət Təşkilatının mütləq bu istiqamətdə fəaliyyətləri olmalıdır. Hesab edirəm ki, bu gün biz təkcə bir müsabiqədə türkiyəli-azərbaycanlı tələbələr arasında fərq qoymuruqsa, Türk dünyasının ayaqda durması yolunda mübarizə metodlarını birlikdə axtarırıqsa, münsiflər heyətində də Türkiyə və Azərbaycandan olan alimlərimiz, müəllimlərimiz iştirak ediblərsə, arzu edirəm ki, bundan sonrakı davranışlarımızda da birgə fəaliyyət göstərək. Əhalidən, gənclərdən, yerlərdən gələn istəkləri bir ortaq fikir məcmuusuna çevirərək o istiqamətdə işlər görək. Bu, həm də gənclərin fikirlərini, düşüncələrini almaq, onları gələcəkdə ortaq fikir məcmuusundan siyasi fikir məcmuusuna gətirməklə millətimizin ortaq davranışını müəyyənləşdirməkdir. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Müsabiqəyə yazı təqdim edən müəlliflərin bir qismi burada iştirak edir, mən onların hamısına əməklərinə görə təşəkkür edirəm”. Hər bir tədbir iştirakçısına təbrikini, təşəkkürünü bildirəndən sonra istiqlalçı deputat, sözü millət vəkili İlyas İsmayılova verdi. İlyas İsmayılov tədbirin əhəmiyyətini onun gənclərə yönəlik olmasında gördüyünü, belə tədbirlərin lazımlı olduğunu bildirdi. Millət vəkili, bu tədbir üçün Fərəc bəyə şəxsi təşəkkürünü bildirəndən sonra çıxışına bu sözlərlə davam etdi: “Hamınızın Milli Dirçəliş Gününü təbrik edirəm. İmkandan istifadə edib bir məqam haqqında danışmaq istəyirəm. Xatırlayıram ki, siz həbsdə olarkən, qlobal xarakterli bir kitab yazmışdınız. Çox şadam ki, belə bir tədbirin başında məhz sizin kimi insan durur. Bir insan ki, həbsdə belə bir kitab yazır, bu, əlbəttə insanın bir çox xüsusiyyətlərindən, ən əsası isə iradəsindən xəbər verir. Siz müstəqillik gününü qeyd etdiniz. Mənim aləmimdə müstəqillik sadə bir söz deyil, hətta ölkənin vəziyyətinin, dövlətin ərazi bütövlüyünün, vətəndaşlarının maddi rifah halının təmin olunması baxımından çox mürəkkəb bir meyardır. Biz müstəqillikdən danışanda həmişə o aspektdən yanaşmalıyıq. Çox arzu edərdim ki, gələcəkdə, belə tədbirlərin birində Azərbaycanın ərazi bütövlüyünü elan edək. Müsabiqənin əsas mövzusu olan Türkiyə-Azərbaycan münasibətlərinə gəlincə isə, Türkiyə təbii ki, qardaş ölkədir. Azərbaycan-Türkiyə siyasəti, Amerika Birləşmiş Ştatları-ingilis siyasəti kimi olmalıdır. Yəni, üst-üstə düşməlidir. Biz həm də Türkiyəni müəyyən çətinliklər qarşısında qoymamalıyıq, hətta onu müəyyən təhlükələrdən, təzyiqlərdən qorumalıyıq. Mən hesab edirəm ki, Türkiyə ilə münasibətlər ən isti həddə olmalıdır və biz də bir dövlət kimi Türkiyənin maraqlarını həmişə gözləməli, dünyanın hər yerində onun yanında olmalıyıq”. İlyas İsmayılov çıxışının sonunda qaliblərdən Aysel İsazadənin diplomunu təqdim etdi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli də öz növbəsində belə bir tədbirin lazımlılığını qeyd etdi. “Hər kəsi Milli Dirçəliş Günü ilə bağlı təbrik edirəm . Eyni zamanda bu müsabiqəni təşkil edənlərə öz təşəkkürümü bildirirəm. Müsabiqənin önəmi tələbələrin arasında keçirilməsidir. Mövzu özlüyündə çox aktualdır. Biz Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu olaraq ildə beş-altı dəfə belə yazı müsabiqələri keçiririk. Elə götürək, keçən ay Bakıda keçirilən Türkdilli Jurnalistlərin Forumunu. Burada 22 türk dövlətinin və toplumunun yüzə yaxın nümayəndələri iştirak etdi. Hansı ki, bu forumun keçən il Türkiyədə keçirilən ilk iclasında cəmi yeddi Türk dövləti iştirak etmişdi. Bu, onu göstərir ki, bu sahədə işlər aparılmaqdadır. Bu müsabiqənin keçirilməsi də buna əyani sübutdur. Biz hər birimiz bu təbliğatı aparmalı, bir millət iki dövlət prinsipini unutmamalıyıq. Qalibləri təbrik edirəm”. Vüqar Səfərli çıxışını bitirdikdən sonra qaliblərdən Samir Nəbiyevin diplom və mükafatını təqdim etdi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun əməkdaşı, Tarix Elmləri üzrə fəlsəfə doktoru, münsiflər heyətinin üzvü Dilavər Əzimli: “Atatürkün bir sözü var: dövlətini qurmayan millət tarix yarada bilməz. Mən Azərbaycan universitetlərində, eləcə də Türkiyədə oxuduğum mühazirələrdə hər zaman ortaq türk tarixi məsələsini qabardıram. Bütün mühazirələrimdə bir məqamı xüsusi vurğulayıram, ortaq türk tarixində türk dünyası imperatorlarının ancaq fatehliyindən danışmaq lazımdır. Onlara deyirəm ki, ziddiyyət yaratmağa səbəb axtarmayın, o fatehlərin hərb taktikasından danışın. Hansı ki, dünya dövlətləri hələ də o taktikalardan istifadə edə bilmirlər. Axı niyə demirsiz ki, Sultan Səlim Məkkə-Mədinə fatehidir? Niyə qeyd olunmur ki, Şah İsmayıl Xətayi türk dilini dövlət dili elan elədi? bir münsif olaraq mənə bu müsabiqəyə təqdim olunan yazıları təqdim edəndə mən burada məhz bu məqamları tapdım, gələcək gəncliyi gördüm. Bilirsiniz, yazıları qiymətləndirmək mənim üçün çox çətin idi, əgər imkanım olsaydı on bal yox, yüz balla hesablayardım. Düşünürəm ki, bu müsabiqə vasitəsilə ümumi Türk dünyası tarixinin yaradılmasında ilk addım atıldı. Məhz bu səbəbdən minnətdarlığımı bildirirəm”. Dilavər bəy də öz növbəsində qaliblərdən Şəhla Feyruzbəyliyinin diplomunu və mükafatını təqdim etdi. Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədri, Babaxan Muradov isə çıxışında “bu cür müsabiqələr daha sıx keçirilməli, gənclərimiz Güney Azərbaycan məsələsinə daha çox diqqət ayırmalıdırlar, bütün işlər sözdə yox, əməldə olmalıdır” fikrini xüsusi vurğuladı. Daha sonra Qazağıstanda Turan şəhərinin təməlini qoyan, akademik Yəhya Yusif Canıyar, öz çıxışında hər kəsi may ayında, Turan şəhərinin açılışına dəvət etdi. O, Oljas Süleymenovun salamını tədbir iştirakçılarına çatdırdı və bildirdi ki, “çox istərdim ki, gələcəkdə belə müsabiqə tək Türkiyə-Azərbaycan mövzusunu yox, bütün Türk dünyasını əhatə eləsin”. Yəhya Yusif Canıyar Mehman Həsənovun diplomunu və mükafatını təqdim elədi. “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz iştirakçıları təbrik etdi və “bu kimi tədbirlər çoxdandır unudulmağa doğru gedirdi, şükür ki, indi dirçəlməyə doğru gedir” deyə fikrini tamamladı. Fəal iştirak edən müsabiqə iştirakçılarının diplomlarını təqdim etdi. Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclər Təşkilatının sədri Seymur Həsənli də bu kimi tədbirlərin gənclərə stimul verdiyini, xarici qüvvələrin təsirinə qapılmayıb məhz Turan yolunda addımlamalarını vurğuladı. O da öz növbəsində müsabiqədə fəal iştirak edən dörd tələbəyə diplomlarını verdi. Söz alan Beynəlxalq Diaspor Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli Fərəc bəyə belə bir tədbir və müsabiqə üçün təşəkkür etdi. Onu da qeyd edək ki, qaliblərin diplomlarını çıxış edənlər təqdim etdi. Tədbirə gələ bilməyən Türkiyəli tələbənin isə diplomunun və mükafatının Türkiyə səfirliyinə veriləcəyi bildirildi. Daha sonra Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli söz aldı. Son olaraq Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Babək Xalistürk pərən-pərən salınan, parçalanan xalqımızın nicatının Türk Birliyində olduğunu dedi. Türkçülük ideyalarını öz səhifələrində çox möhtəşəm şəkildə ortaya qoyan “Davam” qəzetini çox bəyəndiyini, eyni zamanda tədbirin önəm və əhəmiyyətini bildirdi. "Dövlətçiliyimizin sütunlarından biri - Türkçülük" məqaləsi ilə 1-ci yerin qalibi seçilmiş, Bakı Dövlət Universiteti, psixologiya fakültəsinin tələbəsi Əşrəf Əmirlinin diplom və mükafatını təqdim edən Fərəc bəyin dəvəti ilə yekunlaşan rəsmi hissə kiçik bir bayram konserti ilə davam etdi. Belə ki, MDHP sədri “Türklər heç vaxt ağlamağı bacarmadılar, ağlamağı bizə farslar öyrətdilər, bizə ağlamaq yaraşmaz!” sözləri ilə tədbir iştirakçılarını yüksək bayram əhval-ruhiyyəsinə dəvət etdi. Konsertdə bir neçə ifaçının çıxışları, xüsusilə Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəylinin, Əhməd Cavadın sözlərinə bəstələdiyi “Əsgər marşı”nı ifa etməsi gəncləri coşdurdu. Tədbir bayram konserti ilə sona çatdı. N. İbrahimova Geri dön |