Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnam – İdeal – Ehkam
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İnam – İdeal – Ehkam

İnam – İdeal – Ehkam


İnam insandan başlayır, hər hansı inanılan nəsnədə təsdiqlənir – insan həqiqətə yetir.

***
Başqasını özgə bilib ona inana bilmərsən, onu özün bilib inana bilərsən: inanmaq üçün yadlıq ölməlidir!

***
İnsan ideallaşdırmağa məcburdur, ona görə ki, inanmağa məcburdur.

***
İdeal – insan yaradıcılığıdır: insan yaradıcılığı olmayan ideal – yoxdur.

***
“Dünyada ideal insan yoxdur” demək – dünyaya, insana inamsızlıqdır, idealsızlıqdır.

***
Dünyanın, insanın mahiyyəti – idealdır: mahiyyətə bərabər olan – idealdır. Dünya da, insan da hər an ideala can atır.

***
İnsanın istəyi – əzəli, əbədi, kamil, dəyişməz ideal axtarıcılığı, yaradıcılığıdır.

***
Allah – insanın din yoluyla, Mütləq – insanın inam yoluyla ən böyük ideal yaradıcılığıdır.

***
İdeal – həqiqət, inam ölçüsüdür. Onun dərki hər kəsin idraki gücündən asılıdır.

***
İdeal – ruhani hadisədir, yaradıcılıqdır. İnsanın istəyi – onu gerçəkliyə gətirməkdir.

***
“İnsan nəyəsə inanmalıdır” demək – insanın hər sayaq cəfəngiyyata inamına haqq qazandırmaqdır.

***
Yalnız həqiqi olana inanmaq gərək – bunun üçün həqiqət dərk edilməlidir.

***
Yanılmaq – idrakın yarıtmazlığıdır: idrak inamı yarıtmayanda – insan aldanır.

***
İdeal – dərklolunan, yetilən olmalıdır. Dərk olunmayan, yetilməyən ideal insanın nəyinə gərəkdir?

***
Dərk edilməyən, yetilməyən ideal – inam yox, ehkam və qorxu qaynağıdır.

***
İdeal olmaq – insanlığa uyğun olmaq, insan üçün var olmaqdır.

***
İdealın ehkamlaşdırılması – insanlığın faciəsidir.

***
İdeal – ehkama qarşıdır. Ona görə ki, ideal – mənəvi azadlıq, ehkam – mənəvi asılılıqdır.

***
İdeal – idrakın məhsuludur. Bu baxımdan, idrakın yenilənməsinə uyğun olaraq ideal da yenilənməlidir.

***
Ali idraka uyğun olmayan ideal – geridəqalmışlıq yaradır.

***
Ehkama çevrilən, ehkam yaradan ideal – idrakı öz asılılığında saxlayır – cəhalət törədir.

***
İnsanlığa uyğun olmayan hər şey – cəhalətdir.

***
İdeal – həqiqət yönündən idrak vasitəsilə hər an cilalanmalıdır.

***
Dəyişən, yenilənən, insan idrakından geri qalan, çağdaşlığa, gələcəyə uyğun olmayan ideal – ölür. Bu, əslində ehkamın ölməsidir.

Yolruh ATALI

Geri dön