Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ana və uşaq ölümü barədə qorxunc statistika
Ana və uşaq ölümü barədə qorxunc statistika |
7 ayda 15 qadın doğuş zamanı dünyasını dəyişib
"Bu ilin 7 ayı ərzində Azərbaycanda doğuş zamanı 15 ana ölümü faktı qeydə alınıb”. Bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva mətbuata açıqlamasında bildirib. L. Seyidəliyevanın sözlərinə görə, 15 faktın hər biri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılıb. L. Seyidəliyeva baş verən ana ölümü faktları zamanı günahı olan həkimlərin də cəzasız qalmadığını söyləyib. Şöbənin məsləhətçisi bildirib ki, ana ölümündə həkimin məsuliyyətsizliyi təsdiqlənərsə, həmin həkimlər şiddətli töhmət və işdən azad olunma ilə cəzalandırılır. 7 ay ərzində 15 qadının doğuş zamanı dünyasını dəyişməsi ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Ekspertlər əhalinin narazılığına haqlı sayır. Onların fikrincə, 15 qadının doğuş zamanı dünyasını dəyişməsinə səbəb həkimlərin öz işinə qeyri-peşəkar yanaşmasıdır. Professor-ekspert Adil Qeybulla “Davam az” açıqlamasında qeyd etdi ki, doğuş zamanı ana və uşaq ölümünün baş verməsinə səbəb həm vətəndaşların, həm də bəzi həkimlərin məsuliyyətsizliyidir. Onun sözlərinə görə, xəstələrin vaxtında həkimə müraciət etməməsi, hamiləliyə qədər və sonra müəyyən məsləhətlərin alınmaması belə fəsadlara yol açır: “İstər hamilə qalarkən, istərsə də hamiləliyin gedişində qadın yaxşı olar ki, müayinədən keçsin. Elə hamilə qadınlar olur ki, 6-7 ay ultrasəs müayinəsindən keçmir. Qeyd edim ki, bəzən hamilə qadınlarda heyvan mənşəli infeksiyalar olur və bu da dölün inkişafına mənfi təsir edir, eyni zamanda, anomaliyaya yol açır”. A.Qeybulla həmçinin qeyd edib ki, hamiləliklərin böyük əksəriyyəti pataloji şəkildə keçir və normal fizioloji hamiləliyə nadir hallarda rast gəlinir: “Hamiləlik pataloji keçdiyi üçün insanlar daim müşahidə altında olmalıdırlar və anomaliyalar varsa vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistem halına salınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq”. Keysəriyyə kəsiyi ilə doğuşun həyata keçirilməsinin qarşısının alınmasına nəzarətin gücləndiyini deyən professorun sözlərinə görə, artıq göstəriş olmadan bu yolla doğuş həyata keçirmək qadağandır: “Bütün bunlar hüquqi məsuliyyət yaratdığı üçün problemlər nizama düşəcək. Amma hamilə qadınlar çox diqqətli olmalıdırlar. Təbii ki, ölüm hallarında həkimlərin də səhvləri var və bunu inkar etmək olmaz. Ancaq hər hadisədə səhiyyə orqanı və ya həkim günahkar deyil. Burda vətəndaşların da günahı az deyil. Əgər qadın hamiləlik zamanı müəyyən müayinələrdən keçməyibsə, təbii ki, ağırlaşmanın əmələ gəlməsi üçün xeyli fon var. Bu fonu aradan qaldırmaq bəzən həkimin imkanı xaricində olur. Odur ki, bu problemdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Yox, əgər həkim peşə fəaliyyətində səhlənkarlığa və hansısa səhvə yol veribsə, o zaman cəzalandırılmalıdır”. A.Qeybulla bildirib ki, dünyanın hər yerində ana və uşaq ölümü var, ancaq Azərbaycandakı kimi deyil. Onun fikrincə, ana və uşaq ölümünün sayını azaltmaq üçün yeganə yol kliniki protokoldur: “Ümumdünya Səhiyyə Təşkilatının əksər məsələlər üzrə klinik protokolları, şablonları var. Ən azı onlardan istifadə etmək olar. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hər bir qadın üçün klinik müşahidə protokolu olmalıdır. Həmin protokolda qadının hamiləlikdən qabaq və sonra nə edəcəyi, hamiləlik müddətində neçə dəfə ultrasəs müayinəsindən keçməli, hansı analizləri verməli olduğu kimi təlimatlar öz əksini tapmalıdır. Azərbaycanda bu qaydalar tətbiq edilsə və ona əməl olunsa başqa problem yaranmayacaq”, - deyən A.Qeybulla onu da bildirib ki, icbari tibbi sığorta kütləvi tətbiq edilməyənə qədər problemləri aradan qaldırmaq çətindir. Onun sözlərinə görə, sığorta doğuş və təxirəsalınmaz yardımı ölçən sistemdir: “Sığortalandığı halda insan maddi imkanına baxmayaraq, vaxtında həkimə müraciət edir və ya nəzarətdə olur”. Günel Cəlilova Geri dön |