Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > Güney Azərbaycan problemi: reallıqlar və perspektivlər
Güney Azərbaycan problemi: reallıqlar və perspektivlər |
Güney Azərbaycan problemi necə yarandı?
Dünya sivilizasiyanın mərkəzi hesab olunacaq Azərbaycan torpaqlarında dövlətçilik tarixinin rəsmi məlumatı 5 min il öncəni göstərir. Türklərin ilkin məskənini Altay dağlarının ətəkləri hesab edən Altay nəzəriyyəsini puça çıxaran məhz Şumer nəzəriyyəsidir. Ön Asiyada – Urmiya gölü ətrafında türkün rəsmi tarixi 5 min ilə söykənir. Bu tarix müddətində Azərbaycan türkü dünyaya nümunə ola biləcək bir sıra imperiyalar, dövlətlər bəxş etmişdir. Azərbaycan türkü onun torpaqlarında məskunlaşan hər hansı etnikə qarşı assimilyasiya siyasəti yürütməmişdir. Bu coğrafiyada nə haqsızlıq olubsa fars sülaləsi Əhəmənilərin hakim olduğu dövrdə olmuş və türklər həmin səhvindən nəticə çıxarmışdır. Azərbaycan türkünün son qüdrətli imperiyası Səfəvilərdən sonra Nadir şah Azərbaycanın bütövlüyünü qoruyub saxlasa da, XIX əsrə xanlıqlar formasında daxil olmağımız,1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə özümüzün iradəmizdən aslı olmayaraq bölünməyimizə səbəb oldu. Azərbaycan türkünün ən böyük bəlası həmin tarixdən başladı. Həmin bəla 200 ildir davam edir və iki qardaşı birləşdirən çay indi ayırıcı funksiyanı yerinə yetirir. Son iki yüz ildə Quzey Azərbaycanın müstəqilliyini bərpa dövrünü çıxmaq şərtilə Quzeyli-Güneyli Azərbaycan türkünün üç ildən biraz artıq müstəqilllik dövrü olub. (1918-1920-ci illər Quzey Azərbaycan, 1945-1946 Güney Azərbaycan). Həmin illər ərzində millətimizin inkişafı üçün böyük töhfələr verilsə də, millətin öz iradəsinin məhsulu olan dövlətinin yaşamasına imkan verməyiblər. Zəif şəkilə düşən Azərbaycanın quzeyi rusun əsarəti altında bölünərək bir hissəsində Ermənistan dövləti yaradılıb. Dərbənd Rusiyaya, Borçalı və ətraf ərazilər Gürcüstana verilib. 90-cı illərin sonunda Qarabağ işğal olunub. Bütün bunların baş verməsində yeganə səbəb Azərbaycanın iki hissəyə bölünməsidir. Bəlkə də, millət olaraq bunun fərqinə vara bilmirik. Güney Azərbaycanın fars əsarətində olması, Quzey Azərbaycanın da zəif halda qalaraq çox bədəllər ödəməsinə səbəb olub. Hərəkətlənmə olan anda quzeydən güneyə, güneydən quzeyə millət dəstək versə də, o millətə özünü toparlayıb Bütöv Azərbaycanı qurmağa imkan verməyiblər. XX əsrin 90-cı illərində Quzey Azərbaycan Qarabağ itkisinə rəğmən müstəqilliyini əldə etsə də, Güney Azərbaycan hələ də işğal altında qalır. Daha doğrusu, torpaqlarımızda fars sistemi, fars rejimi hökm sürür, fars ruhu təbliğ olunur. Buna baxmayaraq, milli qüvvələr formalaşır, daxili həbslər, işgəncələr sayəsində bir çoxları xaricdə mühacir həyatı yaşamağa məcbur olur. Nəhayət, diasporda Azərbaycan türkü bütövləşir, quzeyli, güneyli bilmədən Bütöv Azərbaycanın problemləri uğrunda vahid hərəkətlənmə gedir. Ən qısa zamanda həmin bütövləşmənin ən azı 410 min kv km torpaqlarımızda reallaşacağına hər kəs inanır. Güney Azərbaycan məsələsi dünya gündəmində Çağdaş dönəmdə Güney Azərbaycan məsələsi artıq dünya gündəmindədir desəm, bəlkə də yanılmaram. XXI əsrdə Güney Azərbaycan məsələsinin dünya gündəminə gəlməsi üçün çəkilən əziyyətlər bəhrəsini verdiyi artıq faktdır. Doğru, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (Quzey Azərbaycan) işğalından sonra mühacirət həyatı sürən ziyalılar tərəfindən Güney Azərbaycan məsələsi qabardılmağa çalışılırdı. Amma bu yalnız Türkiyə və s. Ölkələrin mətbuatında işıqlanmaqdan oyana keçə bilmirdi. Həm də 1979-cu ilə kimi İranda hakim olan şah rejimi Qərb dövlətlərinin yaxın tərəfdaşı idi. İranda molla rejimi şah rejimini əvəzləyəndən sonra da Qərbin İrana münasibətində Güney Azərbaycan faktorundan yanaşmaq demək olar ki, çox zəif idi. Həm də dəfələrlə aldadılan güney Azərbaycan türkü molla rejiminin yalanlarından sonra ayılmağa başladı və ancaq milli haqlar üzərində öz siyasətini formalaşdırdı. Belə olan təqdirdə, fars-molla rejimi tərəfindən qadağalar, həbslər, işgəncələr, öldürülmələr dalğası başladı. Məhz repressiya nəticəsində vətəndən ayrı düşmüş Güney Azərbaycan türkləri mühacirətdə sakit dayanmadılar, Güney Azərbaycan davasını xaricdə yürütməyə başladılar. Artıq XXI əsrdə ABŞ-da və ya hər hansı Avropa dövlətində İran məsələsi müzakirə olunarkən, ilkin olaraq Güney Azərbaycan faktoru önə çəkilir. Belnəlxalq təşkilatlar Azərbaycan türkünün bölünmüş xalq olduğunu qəbul etməyə başlayıb. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Nəzarət və Araşdırma üzrə alt komitəsinin sədri, konqresmen Dana Rohrabaker bu ölkədə yaşayan Güney Azərbaycandan olan bir qrup siyasi mühacirlə görüşməsi, eyni zamanda, ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların öz müqəddəratını təyin etməklə bağlı referendum keçirilməsi məsələsini qaldırması, kifayət qədər ciddi işin məhsuludur. Dünya gücləri İran məsələsinin Güney Azərbaycan faktoru nəzərə alınmadan çözülməyəcəyini anlamağa başlayıb. Bunu gec-tez anlamalı idilər. İranda Azərbaycan türkü Təbriz və digər şəhərlərdə əsas gücdür. Unutmayaq ki, Tehran dünyanın əhali sayına görə ikinci böyük türk şəhəridir. Dünya gücləri İranla bağlı nəsə etmək istəyirlərsə, Azərbaycan türkü ilə hesablaşmağa məcburdurlar. Bir məsələni də nəzərdən qaçırmamalıyıq ki, İran İraq deyil. İraqda Kərkük türkünün mövqeyi nəzərə alınmadı, amma İranda Azərbaycan türkü ilə hesablaşmadan hansısa addım atmaq mümkünsüzdür. Məhz buna görə də ABŞ Konqresində ayrı-ayrı konqresmenlər tərəfindən Güney Azərbaycan məsələsi qaldırılır, Avropanın ayrı-ayrı dövlətlərinin parlamentlərində müxtəlif dinləmələr keçirilir. Güney Azərbaycan məsələsi Quzey Azərbaycanın və Türkiyənin gündəmində Güney Azərbaycan məsələsi dünya gündəmindən daha çox Türk Dünyasının gündəmində olmalıdır. Çünki özümüz inanmadığımız, özümüz mübarizəsini aparmadığımız, özümüz yaşamadığımız problemə dünya ictimaiyyətini necə inandıra bilərik? Türk Dünyası dedikdə, ilkin olaraq Bütöv Azərbaycanın bir parçası olan müstəqil Azərbaycan dövləti və 90 illik müstəqilliyə malik olan Türkiyə Cümhuriyyəti nəzərdə tutulur. Quzey Azərbaycanın gündəmində Güney Azərbaycan məsələsindən danışan iki aspekti nəzərə almaq lazımdır: dövlət səviyyəsində və ictimaiyyət səviyyəsində. Dövlət səviyyəsində Azərbaycan İranın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq müstəvidə bərabərhüquqlu dövlət kimi çıxış edirlər. Ortada Rusiya-Ermənistan cütlüyünün işğal etdiyi Qarabağ faktoru və mövcud ərazi bütövlüyünə təhdidlər var. Tarix də sübut edib ki, fars rusla Azərbaycan məsələsində möhkəm qardaşdırlar. Buna baxmayaraq, bu hal, heç də Azərbaycan dövlətinin məsuliyyətdən qaçmaq anlamına gəlməməlidir. Dövlət də elə hüquq çərçivəsindən çıxış edib İran qarşısında xeyli tələblər qoya bilər. Məs.: Nə üçün Bakı Dövlət Universitetində İran Mərkəzi var, amma Təbriz və ya Tehran Universitetlərində Azərbaycan mərkəzi yoxdur? Nə üçün İran ərazisində bir ovuc ermənin öz dilində məktəbləri var, amma 40 milyon Azərbaycan türkünə öz dilində yazmaq qadağan olunub? Dövlət bu və ya bu kimi tələbləri hüquq müstəvisində qaldırmalıdır. Daha İranla münasibətlər bir az kəskinləşən kimi bir sıra təşkilatalara İran səfirliyinin önündə aksiya etmək şəraiti yaratmaqla işini bitirməli deyil. Ötən il parlamentin payız sessiyasında ABŞ konqresmenlərinin Azərbaycanın bütövləşməsi ilə bağlı səsləndirdikləri məsələ qaldırılmışdı. Hər hansı bir marağın nəticəsindən aslı olmayaraq ABŞ kimi bir dövlətin konqresmenlərinin bizim davamızın yanında olması müsbət haldır. Dünyada qovuşan maraqlar var və biz bu maraqlarımızın gerçəkləşməsi üçün nədən bütün qüvvələrdən yararlanmamalıyıq? Amma sessiyada qaldırılan məsələyə parlament rəhbərliyinin münasibəti mənfi mənada çox sərt olmuşdu. Məsələyə daha yumşaq şəkildə reaksiya verilə bilərdi. Ən azından Güney Azərbaycan türkləri öz dövlətindən incik düşməyəydilər. Necə olur ki, Azərbaycan Prezidenti "Mən 50 milyon azərbaycanlının Prezidentiyəm” deyir. Əlli milyon azərbaycanlının prezidenti olan dövlətin hər bir məmuru Güney Azərbaycan məsələsində çox ehtiyatlı davranmalıdırlar. İctimaiyyət səviyyəsində Güney Azərbaycan məsələsi hər gün güclənməkdə və sürətlənməkdə davam edir. Bunu sübut edən əsas amillərdən başlıcası, İran Xarici İşlər Nazirliyi nümayəndəsinin Azərbaycandakı həmkarı ilə görüşündə, mətbuatda İran əleyhinə gedən yazıların dayandırılması, bəzi təşkilatların anti-İran fəaliyyətlərinin dondurulması ilə bağlı etdiyi xahiş ola bilər. Fars-molla rejimini ən çox narahat edən məsələ Quzey Azərbaycan ictimaiyyətinin hər gün daha çox Güney Azərbaycan probleminə köklənməsidir. Doğru, İran adlanan dövlətlə bağlılığı olan və ya maliyyə qaynaqları fars-molla rejimindən gələn mətbuat orqanları, ictimai təşkilatlar da var. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Quzey Azərbaycanda fəaliyyət göstərən və Güney Azərbaycan məsələsini ictimailəşdirən, bu istiqamətdə təşkilatlanma işləri aparan qurumların heç bir yerdən maliyyə dayağı yoxdur. Güney Azərbaycan məsələsi ilə bağlı Türkiyəyə nəzər saldıqda, haqlı olaraq narazılıqlar daha çox olmalıdır. Türkiyə dövlət olaraq Güney Azərbaycan problemi kimi bir məsələni ümumiyyətlə qəbul etmir və 40 milyona yaxın Azərbaycan türkünün haqlarını görməzlikdən gəlir. Bunun əksinə olaraq, Fələstində və ya hər hansı bir ərəb torpağında müsəlman qardaşlığı adı altında dünya ilə baş-başa gəlirmiş kimi özünü təqdim edir. Yəni, Fələstindəki ərəb müsəlmandır, amma Güney Azərbaycandakı türklər müsəlman deyilmiş məntiqi çıxır ortaya. Hələ bu azmış kimi, İranın basqısı altında Güney Azərbaycan məsələsi ilə bağlı bütün fəaliyyətlərə qadağalar qoyulur. Güney azərbaycanlıların yeganə televiziyası olan GünAz TV-nin Türksatdan çıxarılmasının İranın basqısı ilə reallaşdığına kimsə şübhə etmir. Türkiyənin ictimaiyyət səviyyəsində Güney Azərbaycan məsələsi də çox zəifdir. Üçüncü partiya olan Milliyyətçi Hərəkat Partiyasından ara-sıra açıqlamalarda məsələyə toxunulur. Ümumiyyətlə, Türkiyə əhalisnin çox az faizi Güney Azərbaycan məsələsindən xəbərdardır ki, onların da əksəriyyətini MHP-nin sosial bazası təşkil edir. İran adlı dövlətin anti-Azərbaycan fəaliyyətləri İran adlı dövlət və onun qurumlarından, informasiya mərkəzlərindən Azərbaycana (Quzey) qarşı müxtəlif təhdid mahiyyəti daşıyan mesajlar illərdir gəlməkdə davam edir. Millət olaraq fərqli nəsə gözləməli də deyilik. Çünki, İran anlayışı ilə Azərbaycan anlayışı siyasi təzaddır. Nə qədər Azərbaycan (Quzey Azərbaycan) var və güclənirsə, İran adlı dövlət daha çox təlaşa düşür. Çünki İranın əhalisinin yarısından çoxu Azərbaycan türküdür və Azərbaycanın quzeyi müstəqilləşəndən sonra onun İran işğalında olan güneyi ilə birləşmə mövzusu gündəmə gəlib. Artıq proses sürətlənib. Həm Quzeydə, həm Güneydə Azərbaycanın birləşməsi, ən əsası isə Güneyin azad olunması priotet xətt təşkil edir. İran müstəqil Azərbaycan faktorunu hər zaman narahatlıqla qarşılayıb. Bu üzdən istər alimlərimizin həbs olunması, istərsə də şairlərin həbsi İranın Azərbaycanla bağlı tədirginliyinin göstəricisidir. İran, əslində, alim və şairləri girov götürməklə Azərbaycanda ifşa olunan casuslarının qaytarılmasını tələb edirdi. Ona görə də, Azərbaycanın beş notasına qarşı saymazlıq nümayiş olunurdu. Bir əsas məqama da diqqət yetirməliyik ki, İran adlanan dövlət özünün rəsmi KİV orqanlarında Azərbaycanın ayrı-ayrı regionlarından olan xəbərləri "Şimali İrandan xəbərlər” başlığı altında neçə illərdir ki, təqdim edir. İstər müxtəlif tarix kitablarında, istər informasiya mərkəzlərində Azərbaycan adının hallanmamasına, müstəqil olan Quzey Azərbaycanı "Şimali İran” adlandırmaqda davam edib. Azərbaycanda islam adı altında müxtəlif siyasi maraqlar güdən İran, son zamanlar ölkəiçi proseslərə birbaşa müdaxilə etməkdə davam edib. Bu müdaxiləyə dair bir neçə özünü qabarıq göstərən nümunələri təqdim edəcəm. Azərbaycan Respublikası Təhsil Nazirliyi uzun müddətdən bəri qalmış olan bir problemin həlli istiqamətində addım atıb məktəblərdə vahid geyim forması ilə bağlı qərar qəbul edərkən, fars-molla rejiminə qulluq edənlər özünü açıq şəkildə ifşa etdi. Həmin zamanda İran dini icma başçıları insanları üsyana təhrik etməyə başladı. Məscidlərdə Quran oxunması əvəzinə siyasətdən danışılmağa başladı. İranlı ayətullahlar, Nasir Məkarim Şirazinin və Nuri Həmədaninin Azərbaycan əleyhinə verdikləri bəyanatlar da bunu sübut edir. Bu bəyanatları üsyana çağırış kimi də qiymətləndirmək olar. Bəyanatlarda ayətullahlar , Azərbaycan Respublikasının əhli-beyt tərəfdarı olan müsəlmanlardan ibarət olduğu bildirərək , onları hicab məsələsində təslim olmamağa çağırdılar. Bəyanatlarda açıq aydın Azərbaycan dövlətçiliyi təhdid olunur, əgər hicab qadağası aradan qaldırılmazsa, dindarların xarici dəstək alacağı da bildirilirdi. Bir müddət sonra Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov partiya toplantısında sərt çıxışı, fars-molla rejiminin açıq şəkildə fəaliyyətə keçidiyinin göstəricisi idi. Bundan başqa, maraqlı məqamlardan biri də, Masallıda hicabla bağlı Təhsil Nazirliyinin verdiyi qərara etiraz əlaməti olaraq polislə razılaşdırılmış şəkildə keçirilən aksiyada iştirak edənlərin ikisinin polisə hücum etməsi, onlarla əlbəyaxa olmağa çalışması idi. Aksiyadan sonra aydınlaşıb ki, həmin şəxslərə aksiya zamanı təxribatlar törətmək, polislə toqquşma yaratmaqla bağlı konkret təlimatlar gəlibmiş. Həmin məlumatlara görə, bu təlimatların mobil telefon vasitəsi ilə göndərildiyi də üzə çıxarılıb. Quzey Azərbaycanın dövlət olaraq rəsmi səviyyədə qəbul olunan milli problemi, Dağlıq Qarabağ məsələsinin həllində İranın səmimiyyətinin şahidi olmamamışıq. Olsa belə, İranın Dağlıq Qarabağla bağlı hər hansı bir addımı bizim üçün müsbət nəticə vəd etmir. Problemə bir az tarixi baxımdan yanaşmaq lazımdır. Azərbaycan torpaqlarının böyük bir hissəsini (Güney Azərbaycan) öz əsarətində saxlayan və 40 milyona yaxın Azərbaycan türkünə zülm edən bir dövlətin haqqı müdafiə edəcəyi sadəcə gülüncdür. Nəinki həll etmək, İran Dağlıq Qarabağ probleminin yaradılmasında birbaşa maraqlı olan dövlətlərdən biri olub. Çünki müstəqilliyə doğru addım atan Azərbaycan (Quzey) dövlətinin həmin problemi olmasaydı, Güney Azərbaycan məsələsi bir nömrəli problem olaraq rəsmi gündəmdə olacaqdı. Bu üzdən, İran Ermənistanın yaşadılması və Qarabağ münaqişəsinin hazırkı vəziyyətdə qalmasının tərəfdarıdır. Qondarma Ermənistan dövlətinin keçmiş prezidenti Ter-Petrosyan təsadüfən deməmişdi ki, "İran Ermənistan üçün nəfəslikdir, o nəfəslik olmazsa, Ermənistan boğular”. Bu yaxınlarda tanınmış tədqiqatçıların biri ilə görüşümdə də önəmli bir məqama toxunmuşdu. 1990-cı illərin sonunda Ankarada keçirilmiş toplantıda İranlı rəsminin Qarabağ münaqişəsi ilə bağlı münasibəti çox maraqlı olub. "Qarabağ torpaqlarının Azərbaycanda və ya Ermənistanda olması İran üçün bir o qədər əhəmiyyət kəsb eləmir. Çünki, o torpaqların hamısı İranındır”. Bu fikri bir iranlı rəsmi bildirsə də, bunu İran adlanan dövlətin rəsmi xarici siyasət xətti kimi qəbul etməliyik. Hazırda İranın Azərbaycanla bağlı yalnız bir istəyi ola bilər ki, mümkün qədər Azərbaycan Respublikası problemlər məngənəsində boğulsun. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proses olduğu kimi davam edərək yerində addımlasın. Bu gün İran adlanan dövlətdə 40 milyon Azərbaycan türkü Tanrı tərəfindən insana verilmiş olan ana dilində təhsil alıb danışmaq hüququndan məhrumdur. Hazırda hər səkkiz saatdan bir insanlar edam olunur. Soydaşlarımız yeni doğulmuş körpələrinə türk adları qoya bilmirlər. Dövlət büdcəsindən ərazisi türk əyalətindən dörd dəfə kiçik olan fars əyalətinə dörd dəfə çox pul ayrılır. Bütün bunlara baxmayaraq, soydaşlarımız hələ də ayaqdadır və öz mübarizələrindən dönmürlər. İran adlanan dövlətin Azərbaycanı (Quzey) gözdən salmaq üçün islam faktorundan istifadə edərək ateist, dinsiz obrazı yaratmağa çalışması da, öz effektini vermir. Seymur Həsənli Geri dön |