Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Professor Qulamrza Səbri Təbrizi:Bu hərəkatın qarşısını heç atom bombası da ala bilməyəcək- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Professor Qulamrza Səbri Təbrizi:Bu hərəkatın qarşısını heç atom bombası da ala bilməyəcək- Müsahibə

Professor Qulamrza Səbri Təbrizi:Bu hərəkatın qarşısını heç atom bombası da ala bilməyəcək- Müsahibə


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri, professor Qulamrza Səbri Təbrizinin Güneylə bağlı son müsahibəsi:

Mollakratiya əbasına bürünmüş fars şovinizmi bütün dünyanı aldadaraq bu dəfə prezident seçkilərində Həsən Ruhani adında birini qalib elan etdi. Halbuki, 23 Bəhmən İnqilabı zamanı ən qatı diktator rejimini quran fars şovinzimi bu dəfə din pərdəsi altında pəhləvi sülaləsinin siyasətini davam etdirməyə başladı. Qacarlara məxsus Türk xanədanlığı beynəlxalq birliyin dəstəyi ilə dağıdıldıqdan sonra, hakimiyyətə gəlmiş fars şovinizmi düz 88 ildir hakimiyyətdədir. Son zamanlar qatı antitürk siyasətinə qarşı dirəniş göstərən və bu yolda edamlardan, həbsxanalardan, işgəncələrdən qorxmayan Güney Azərbaycan Milli Hərəkatının daha da inkişaf etməsi bu dəfə Tehran rejimini qorxuya salmışdır. Buna görə də repressiyalar (sərkublar), təqiblər və həbslərin dalğası artmışdır. Bu barədə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri, professor Qulamrza Səbri Təbrizinin fikirlərini oxucularla bölüşməyə çalışdıq.

– Professor, son iki ayda müşahidə olunan məsələlərdən biri də Güney Azərbaycan boyunca milli fəalların həbsinin kütləvi xarakter (mahiyyət) almasıdır. Sizcə bunun adını nə qoymaq olar?

– Tamamilə doğrudur ki, hər gün Güney Azərbaycanda milli fəallar müxtəlif bəhanələrlə molla rejiminin məhkəmələrinin qərarları ilə həbsxanalara salınırlar. Çünki, bu gün İran adlı dövlətdə demək olar ki, bütün xalqlar oyanıblar. İndiki kommunikasiya (irtibatat) əsrində belə bir prosesin qarşısını heç bir rejim ala bilməyəcək. Bir misal deyim indi gənclər Berlinə, Londona, İstanbula, Romaya, hətta uzaq Tokioya təhsil almaq üçün gedirlər. Onlar Güney Azərbaycana geri döndükdə görürlər ki, burada hər şey ötən yüzilin 50-60-cı illərində olduğu kimi qalmışdır. Ancaq, Tehran, Xürrəmabad, İsfəhan, Şiraz, Kaşan, Yəzd, Firuzabad, Əhvaz kimi farslara məxsus şəhərlər çox sürətlə inkişaf edir və çağdaş standartlara uyğun şəkildə modernləşirlər. Hətta farsların yaşadıqları ən kiçik kənddə belə abadlıq var. Güney Azərbaycana gəldikdə isə, tamamilə bunların əksini görürsən. Digər yandan isə, burada insanlar həddindən artıq yoxsul bir şəraitdə yaşayırlar. İnsanların gələcəyi üçün heç bir irəliləyiş və perspektiv hiss olunmur. Bu da təbii ki, Azərbaycan davasının yaranmasına səbəb olmuşdur. Güney Azərbaycan gəncliyi elə bir intellektual dövrə qədəm qoymuşdur ki, onlar milli mənlik davasını ortaya atmaqla, milli rifahın əsas təməlini Milli Hərəkatda görürlər. Bu prosesin artıq hər ailədə geniş müzakirələrə belə səbəb olduğu indi göz önündədir. Molla əbasına bürünmüş fars şovinizmi bu prosesin daha da böyüməsi və inkişaf etməsindən çox qorxur. Çünki, İran inqilablarının beşiyinin məhz Güney Azərbaycan olduğunu çox yaxşı bilirlər. Tehran rejimi milli fəalları təqib və təhdid etməklə bu prosesin qarşısını almağa çalışır. Düz 35 ildir insanları dini xurafat adı altında yaşamağa məcbur edən bu rejim, indi də kütləvi həbslər siyasəti aparmaqla qəddarcasına hamını susmağa, qorxu altında yaşmağa məcbur etmək istəyir. Həbs olunan milli fəallar türk dilində təhsil, milli kimliyin tanınması, mədəni hüquqlardan rəsmi şəkildə istifadə olunması kimi tələblər irəli sürürlər. Dünyada heç bir din xalqların milli varlığını inkar etməmişdir. Bəşər tarixində ilk dəfə olaraq, İran adlı bir ölkədə molla rejimi milli kimliyi nəinki qəbul etmir, hətta inkar siyasətini aparır. Ona görə də belə bir rejim ölkədə ya molla, ya da cəllad yetişdirir. Bu iki zümrənin də tək qorxduğu Tanrıya inam və ona ibadət deyil, hər bir xalqın milli oyanışı və öz milli hüquqlarını tələb etməsidir. Bu iki şərtə qarşı rejim çox amansızcasına rəftar edir.

– Qulamrza müəllim, axı indi hakimiyyətə liberallar gəlmişlər. Hətta mötədilcəsinə bəyanatlar da verirlər.

– Əgər yeni prezident Həsən Ruhanini nəzərdə tutursunuzsa, onun zahirən mülayim görünən obrazına və sözlərinə aldanmaq olmaz. Bu tip insanlar ən qəddar cəlladlardan belə qorxuludurlar. Çünki, onlar dünyanın üzünə tülkücəsinə gülə-gülə ölkə daxilində ən qəddar cəlladlardan betər baş kəsmək siyasətini aparırlar. Hakimiyyətə gəldiyi gündən indiyə kimi Güney Azərbaycan boyunca min nəfərdən çox milli fəal saxta məhkəmə qərarları ilə həbs olunublar. Küçədə divara “Mən Türkəm” sözünü yazan 9 yaşlı uşağa 3 il müddətinə həbs cəzası verilmişdir. Unutmayın ki, 1997 və 2001-ci illərdə liberalizm adı altında Məhəmməd Xatəmi də prezident seçilmişdi. Onun səkkiz illik prezidentliyi çağında heç bir islahat olmadı. O, hakimiyyətə gəlmək üçün çoxlu vədlər vermişdi. İndi də başqa bir əbalı liberal, yəni Həsən Ruhani hakimiyyətə gəlib. Xatəmi bu rejimin ayətullahlarından biri idi. Həsən Ruhani də din xadimi kimi uzun illər bu yöndə fəaliyyət göstərib. Londonda nəşr olunan “Telegrahp Sandy” qəzetinin araşdırmasına görə, Həsən Ruhani 1980-ci illərdən bu yana İran Ali Dini Ruhani Şurasının üzvü olmaqla yanaşı, 18 il bu şuranın tərkibində hərbi və təhlükəsilik üzrə katibi vəzifəsini daşımışdır. İran hakimiyyəti tərəfindən ölkədə daxilində və beynəlxalq aləmdə baş vermiş əksər cinayətlərdə Həsən Ruhaninin birbaşa əli olmuşdur. İndi sual oluna bilər ki, belə bir adam birdən birə necə dönüb liberal ola bilər? Başqa bir tərəfdən isə Ruhani bir baxın görün hansı mövzuda elmlər doktoru olub: “İslam hakimiyyəti qanunvericiliyində İran örnəyi”. Bütün dünya bu örnəyin 35 ildir canlı şahididir. Məhz bu rejim fərqli düşünənləri küçə və meydanlarda edam edir. Bütün xalqların milli kimliyini və hüquqlarını qətiyyən tanımaq istəmir.

– Professor düz bir həftədir Güney Azərbaycanın Zəngan şəhərində əhalinin etiraz dalğası səngimək bilmir. Sizcə əhali ekologiya problemlərini gündəmə gətirməklə istədiyinə nail ola biləcəkmi?

– Zəngan Güney Azərbaycanın qəhrəman şəhərlərindən biri hesab olunur. 25 ildən çoxdur fəaliyyət göstərən qurğuşun və sink zavodlarının sayəsində əhali arasında xərçəng və digər ağır xəstəliklərin kütləvi xarakter daşımasına səbəb olmuşdur. Hər iki zavodun (karxanə) ətraf mühitə vurduğu ekoloji fəlakətlərin miqyası isə çox ağırdır. Zəngan şəhəri dünyada nadir bölgələrdən biridir ki, burada anadan ölü doğulmuş uşaqların ayrıca qəbristanlığı var. Belə bir acınaqcaqlı hal hələ də davam edir. Ona görə də əhali son bir həftədə etiraz səsini ucaltmağa başlmışdır. Onminlərlə insanın küçələrə çıxaraq hər iki zavodun bağlanılmasını tələb etməsi, bütövlükdə Güney Azərbaycanın simvolu deməkdir. Çünki, Güney Azərbaycan üzrə fəaliyyət göstərən bütün zavodlar və fabriklər ekoloji baxımdan belə bir durumdadır. Siz Tehran rejiminin qəddarlığına və anti insani mövqeyinə baxın ki, Zənganda yüzminlərlə insanın həyatı üçün təhlükə mənbəyi olan müəssisələrin qapadılması tələbinə dəstək olmaq əvəzinə, molla rejimini qoruyan hərbi qüvvələr bölgəyə yeridilmişdir. Zəngan olaylarına diqqətlə baxsanız, görərsiniz ki, yüz minlərlə əhali rejimin nə topundan, nə də kütləvi həbslərindən qorxmadı. Etiraz dalğası hələ də davam edir. Dünən axşam Tərbizdən mənə zəng edib bildirdilər ki, qürur mənbəyimiz kimi şöhrət qazanmış Təbrizin “Traxtur” futbol takımının oyunları zamanı əhalinin Türk dilində şüarlar səsləndirməsini yasaq edən yeni qanun layihəsi hazırlanır. Dünyanın heç bir dövlətində futbol azərkeşlərinə (tamaşaçıları, tərəfdarları) irqçilikdən savayı hansısa şüarları səsləndirməsi yasaq edilmir. Beləliklə Güney Azərbaycan milli fəallarının haqq səsini stadionlarda susdurmaq kimi siyasətə də baş vurmağa çalışılır. Hətta azərkeşlər rejimə qarşı və milli hüquqlarla bağlı hər hansı bir şüar səsləndirsələr, dərhal “Traxtur” takımı ağır cərimə ödməyə məcbur ediləcəkdir. Şəxsən mən inanmıram ki, molla rejimi Güney Azərbaycandakı ekoloji problemlərin həllində maraqlı olsun. Urmu Gölünün qurudulması və buna görə dünyanın ən böyük ekoloji fəlakətinin yaranması belə, mollaları narahat etmədi. Halbuki, bunca böyük miqyasda baş vermiş fəlakətə görə indi üç milyondan çox əhali çıxılmaz vəziyyətdə qalmışdır. Bir il bundan öncə Qaradağ mahalında baş vermiş zəlzələnin ağır nəticələri hələ də aradan qaldırılmamışdır. Bizim milli hərəkata ən böyük təkanı verən milli fəallardır. Onlar Güney Azərbaycanın faciələrinin əsil səbəblərini əhali arasında başa salmaqla hamını fars şovinizmi siyasətini aparan mollakratiya rejiminə qarşı qaldırmaqla möhtəşəm mübarizə yolunu seçmişlər.

– O zaman belə bir sual yaranır. Bəs nədən xalq həbsxanalarda yatan milli fəalları daha geniş miqyasda müdafiə etmək üçün ayağa qalxmır?

– Güney Azərbaycanda, istərsə də xaricdə onlar fəal şəkildə müdafiə olundular. 25 gün ərzində İranı, Güney Azərbaycanı və dünyanı sarsıdan milli fəallarımızın həbsxana şəraitində aclıq aksiyası keçirməsinin çox böyük təsiri oldu. Mən şəxsən GAMAC sədri, bir insan və alim kimi Tehrandakı “Evin Həbsxanası”nda rejimə etiraz əlaməti olaraq və Güney Azərbaycanda mili hüquqların tanınması üçün aclıq aksiyası keçirmiş milli fəallar Mahmud Fəzli, Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadənin qəhrəmanlığı qarşısında baş əyirəm. Güney Azərbaycanda əhalinin güclü təzyiqləri olmasaydı, bizlər beynəlxalq təşkilatlar qarşısında Güney Azərbaycanda milli fəalların hüquqlarının tanınması uğrunda mübarizə aparmasaydıq, mollakratiya rejimi bu milli fəalları çoxdan dar ağacından asmışdı. Milli fəallarımızın həbsxanada olmaları o qədər də qorxulu hal deyil. Bu bir milli mübarizə yoludur. Tehran rejimi bu mübarizədən qorxuya düşmüşdür. Çünki, həbs olunan milli fəalların əvəzinə minlərlə gənclər bu prosesə qoşulmağa başlamışdır. Bir sözlə milli hərəkatın sıraları sözün həqiqi mənasında genişlənməkdədir.

– Professor bəzən siyasi təhlilçilər qeyd edirlər ki, Güney Azərbaycan milli davasında bir pərakəndəlik hökm sürür. Bu doğrudurmu?

– Güney Azərbaycanda milli təşkilatlanma prosesi çox sürətlə gedir. İyirmi il bundan öncə adi bir şairin sətiraltı və eyham dolusu misrasına görə insanlar əl çalır və onu alqışlayırdılar. Daha sonra, milli mətbuat parlamağa başladı. Demək olar ki, hər yeni yaranan qrupun öz dərgisi var idi. Son illər kommunikasiya vasitələrinin inkişafı, texniki tərəqqinin irəli getməsi milli hərəkatımızın daha geniş miqyasda güclənməsinə səbəb olmuşdur. İstər Güney Azərbaycanda, istərsə də xaricdəki milli diasporda milli təşkilatlanma prosesləri yeni mərhələyə qədəm qoymuşdur. Bunca möhtəşəm şəkildə milli səfərbərliyin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlarda Güney Azərbaycanın adı hallanmaqdadır. BMT (Birləşmiş Millətlər Təşkilatı) kimi nüfuzlu təşkilat Güney Azərbaycanda insan haqlarının durumu ilə bağlı illik hesabatlar hazırlamağa başlamışdır. Bu gün çox nadir hallarda fars dilində bizim yazarlarımız bədii əsər yazırlar. Hamı çalışır ki, türk dilində əsər yazsın. Güney Azərbaycanın bu gün hər bir şəhərində aşıqlar məclisi, şairlər cəmiyyəti, digər mədəni təsisatlar yaranmaqdadır. Milli mədəniyyətmizi təbliğ edən musiqi kollektivləri xalqın arasında uğurlar qazanmaqdadır. Bütün bunlar hamımızı bir millət olaraq milli intibahımıza aparan yollardır. Milli maariflənmə məktəbini keçməyən millət heç zaman milli dövlətini qura bilməz. Üzeyir Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Mirzə Cəlil və digər milli maarifpərvərlər olmasaydı, 1918-ci ildə Quzey Azərbaycanda müstəqil dövlət qurula bilməzdi. Milli təşkilatlanma prosesləri addım-addım irəliləyir. İndi bu yolun qarşısını heç bir qüvvə ala bilməyəcək. Çünki, bizim sırlarımızda milli mübarizə yoluna çıxmış insanların səsi milyonların nəfəsi olaraq görülür.

Söhbətləşdi: Ə.Yusifoğlu

Geri dön