Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq"

Fərəc Quliyev: "Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq"


Konstruktiv müxalifət bu seçkidə hansı yeniliklərlə fərqlənəcək?

Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi davam edir. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilər.

Namizədliyi irəli sürülən adamların adından da görünür ki, keçiriləcək seçkinin əsas konturları artıq bəllidir. Yəni radikal müxalifət düşərgəsini təmsil edən namizəd ayrı, konstruktiv düşərgəni təmsil edən müxalifət təmsilçiləri fərqli iddia, platforma ilə çıxış etmək fikrindədir. İddialı olan konstruktiv müxalifətçilər arasında daha çox parlamentdə təmsil olunan partiyalar seçilir. Əvvəlki seçki praktikasından da görmüşük ki, əsas mübarizə ideologiyalardan çox şəxsiyyətlər arasında gedir və konstruktiv müxalifət nümayəndələri ilə ənənəvi müxalifətin nümayəndələri əsl tərəf müqabillərinə çevrilir. Budəfəki seçkidə müxalifətin konstruktiv qanadının iştirak etməsi radikal müxalifətlə müqayisədə daha çox marağa səbəb olub. Məsələ ondadır ki, sözügedən düşərgəni təmsil edən şəxslər məsələlərə daha praqmatik yanaşır. Ən azından onların məsələlərə yanaşmasından bu hiss olunur. O baxımdan maraqlıdır, əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkidə müxalifətin konstruktiv qanadı nə kimi və hansı yeniliklər ortaya qoya bilər? Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sözlərinə görə, konstruktiv müxalifət partiyası olaraq onlar əsasən insan amilinə önəm verəcək: "Biz gerçək müxalifət təşkilatı olaraq milli-demokratik qüvvəyik. Ən azından son hadisələr bunu bir daha göstərdi. Adamlara, təşkilatlara, partiyalara mövqelərinə, əməllərinə görə qiymət verirlər. Kimsə götürüb özünə bir ad qoyursa, bu ona uyğun bir şey deyil ki. Hərə özünə bir təxəllüs götürə bilər. Hesab edirəm ki, bizim davranışımızla bizimlə bərabər hakimiyyətdə olmayan qüvvələrin mövqeyi aydın oldu. Yəni kim-kimdir və kim hardadır. Biz millətin yanında olan müxalifət təşkilatıyıq və eyni zamanda, hakimiyyətə müxalifətdəyik. Həmçinin, müxalif düşüncəmizi hakim etməkdə maraqlıyıq. Legitimliyi qazanmaq istəyirik və zehniyyətimizi iş başına gətirmək iddiasındayıq. Millətdən sızan, bulaq kimi qaynayan, çaylaşan, okeanlaşan düşüncənin hakim olmasını istəyirik. O düşüncə ki, mayasında millətə xidmət, insan amili dayanır. Ortasında bir insan amili olan, Azərbaycanı içinə alan, məhvərində azərbaycançılıq ideologiyası olan bir kəsimdən söhbət gedir. Ancaq digər təşkilatlar ki var, hansı ki, uzun müddət idi özlərini milli-demokratik düşərgə adlandırırdılar, başları Rusiyanın qoltuğundan çıxdı. Bu zaman milli demokratiklik olmadı ki. Unutmaq olmaz ki, hələ 20 Yanvar şəhidlərinin qanı qurumayıb. Belə olduğu halda, sözügedən düşərgənin təmsilçiləri Rusiyanın zehniyyətini Azərbaycana gətirmək istəyirlər. Özünü milli-demokratik düşərgə adlandıran həmin şəxslər Saakaşvili qədər olmadılar. İndi də bir şey dəyişməyib. Sadəcə, ekipajı dəyişmək istəyirlər. Yəni Rüstəm İbrahimbəyovun yerinə bir başqasın qoymaq istəyirlər". F.Quliyev açıqlamasında bir sıra digər məqamlara da toxundu: "Biz müxalifət partiyası olaraq Azərbaycan müstəqillik qazanana qədər imperiyaya qarşı bütün mübarizə üsullarını məqbul sayırıq. İmperiyaya qarşı ən radikal mübarizə aparan, məhbəslər keçən, sərhədlər dağıdan bir müxalifət təşkilatı bu gün Azərbaycan dövlətini ərsəyə gətirəndən sonra, ölkənin var olması üçün yeni bir düşüncəni ortaya qoymaq istəyir. Millətləşməni və bütövləşməni həyata keçirmək istəyən bir müxalifət təşkilatı olaraq sözügedən düşüncəni hakimiyyətə gətirmək istəyirik. Fərq bütün bunlardan ibarətdir. Biz, sadəcə, seçkidə iştirak etmək naminə prosesə qoşulmuruq. Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq". Digər konstruktiv müxalifət təmsilçilərinin fikirlərini öyrənmək istəsək də, bu mümkün olmadı.
Vidadi ORDAHALLI "Bakı Xəbər" qəzeti

Geri dön