Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > İran Azərbaycanın güclü olmasından qorxur
İran Azərbaycanın güclü olmasından qorxur |
Davud Turan: «Azərbaycan dövlətçiliyi gücləndikcə, bu amil Güney Azərbaycanın milli hərəkatına təsir göstərir»
Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, Güney Azərbaycan Sosial-Mədəni Araşdırmaları saytının (ABŞ) rəhbəri Davud Turanın müsahibəsi - Davud bəy, Ruhaninin hakimiyyəti dönəmində İranda hansı dəyişiklikləri gözləmək olar? - İrandakı siyasi düzən və ana siyasət xətti prezident tərəfindən müəyyənləşdirilmədiyi üçün Ruhaninin seçilməsi ilə ciddi dəyişikliklər gözləmək çətindir. Burada ölkənin siyasi strateji xətti İranın dini lideri Xamineyi tərəfindən təyin olunur. Prezidentlər onlara həvalə olunmuş müəyyən funksiyaları icra edirlər. Çünki İranın anayasasına görə dini lider bütün vəzifələrin fövqündədir. Ancaq zənnimcə Ruhani dönəmində müxaliflərə basqılar bir az səngiyə bilər. Ruhani öz hakimiyyətini mötədil və ümid hakimiyyəti kimi təqdim edib. Üstəlik aldığı səslərin bir çoxu İran hakimiyyəti daxilindəki müxalif qruplardan gəlib. Əhmədinejad dönəmində hakimiyyət içərisində müxalif güclərə ciddi basqılar olmuş, onların partiyaları bağlanmışdır. Amma bunun xaricində İranın daxili və xarici siyasətində ciddi dəyişikliklər gözləmirəm. Xüsusilə İranı beynəlaxalq təzyiqlərə məruz qoyan nüvə proqramı ilə bağlı Qərbin qarşısında Tehranın geri addım atması mümkün deyil. Çünki nüvə siyasəti birbaşa Xamneyinin nəzarəti altında inkişaf etdirilir. Nə Ruhani, nə parlament və nə də başqa bir güc bunun qarşısını ala bilməz. Amma Əhmedinejad dönəmində olduğu kimi Qərbə və başqa ölkələrə qarşı sərt bəyanatların olacağını düşünmürəm. Ruhani özünü yumşaq siyasətçi kimi göstərmək istəyir və çalışacaq ki, bölgədəki qonşu ölkələrlə əlaqələri sahmanlasın. Çünki indi İranın, İraqla savaşı dönəmindən bəri bölgə ölkələri ilə münasibətləri ən pis səviyyədədir. Ruhani yumşaq mesajları ilə bu vəziyyəti nizamdamaq istəyəcək. - Niyə Qərb, xüsusilə də ABŞ İranda insan haqlarının pozulmasına göz yumur? - Qərbin İranla bağlı hesabatları var. Bunlar İranın terrorizmi dəstəkləməsi, yaxın Şərqdə sülhə təhlükə törətməsi, insan haqlarının pozulması və nüvə proqramı ilə bağlıdır. Qərb üçün digər məsələlər arxa plandadır. İran da bunu yaxşı anlayır. İran bilir ki, əgər nüvə fəaliyyətində geri addım atarsa, Qərb başqa təzyiqlərlə İranın üzərinə gələcək. Qərb İranda insan haqlarının geniş şəkildə pozulduğunu da gözəl bilir. İnsan haqları ilə bağlı hesabatlarda İranda insan haqlarının pozulduğuna dair faktlar əksini tapır. Hətta Qərb İrana qarşı bir neçə sanksiyanı məhz insan haqlarının pozulmasına görə irəli sürüb. İranda insan haqlarını pozan strukturların və şəxslərin siyahısı hazırlandı, onlara qarşı sanksiya tətbiq olundu. Amma bu heç zaman həlledici məsələlər sırasında olmayıb. Çünki Qərb üçün hər şeydən öncə İranın nüvə məsələsi var. İran və ABŞ arasındaki əlaqələr isə fərqlidir. ABŞ istəsə İrana İraqdakı kimi siyasət tətbiq edə bilər, amma bu məsələdə çətinliklə üzləşər. Çünki İranın regionda az da olsa gücü var. İran illərdir regionda öz mövqelərini möhkəmləndirir. «Hizbullah» birbaşa İrandan dəstək alır. İraqda İranın təsiri artır. ABŞ istər ki, İranın bölgədə gücünü azaltsın. Onu təcrid etsin və daha sonra ona qarşı güc tətbiq etsin. - İran-İsrail, İran-Ermənistan münasibətləri rəsmi Tehranın regiondakı siyasətinə necə təsir göstərir? - İranın İsrail və Ermənistanla münasibətləri təzadlı bir münasibətdir. İran İsrail ilə müsəlmanların torpaqlarını işğal etdiyi üçün hər hansı bir münasibət qurmaq istəmir və onu qondarma bir dövlət olaraq görür. Amma Ermənistanın da müsəlman bir ölkənin torpaqlarını işğal etməsinə baxmayaraq İran onunla yaxın münasibət qurur. İran İsrail ilə düşmənçilik edərək ərəb dünyasında özünə yer almaq istəyir və tərəfdar axtarır. Ermənistan ilə münasibəti isə onun milli mənfəətlərinə uyğun olaraq görür. Çünki Ermənistandan Azərbaycana qarşı istifadə edir. Şübhəsiz İranın Ermənistan münasibətlərində Güney Azərbaycan məsələsi və Azərbaycan cümhuriyyətinin Qərblə əlaqələri öz təsirini göstərir. İran Azərbaycan dövlətinin güclü olmasından qorxur. Çünki Azərbaycan dövləti gücləndikcə güneylilərin marağı ora daha artır və onlar da öz müstəqillikləri yolunda daha fəal hərəkət edirlər. İran isə buna qarşı əlindən gələni edir. Buna ən uyğun düşəni də Ermənistan ilə yaxın münasibət qurmasıdır. Regiondakı müsəlmanlar deyirlər ki, madəm İranın İsrail ilə əlaqəsi yoxdur, nədən Ermənistan ilə bu qədər yaxındır. Bu İranın xarici siyasətinin ideologiyasını sual altına alır. İran özünü dünyadakı müsəlmanların tərəfdarı və himayəçisi kimi göstərsə də Ermənistan məsələsində bunun tərsi olduğu hər kəs üçün açıqdır. İran bunu açıq şəkildə sübut edib ki, Azərbaycanın maraqlarının qarşısındadır. Azərbaycan gücləndikcə İran elə hesab edir ki, güclü bir qonşu ona bir təhdid təşkil edir. İranda 30 milyondan artıq güney azərbaycanlı faktoru vardır. İran düşünür ki, Azərbaycanın güclənməsi güneylilərin ora yönəlməsinə şərait yaradacaqdır. Ona görə bölgədə zəif bir ölkə olan Ermənistana yardım edir. İkinci bir səbəb isə Azərbaycanın beynəlxalq qanunlara sadiq qalaraq İranla münasibətlərində diqqətli davranmasıdır. İranın Ermənistana yardım etməsinin bir başqa səbəbi isə Azərbaycanın xarici siyasəti ilə bağlıdır. Azərbaycanın ABŞ və İsrail ilə yaxın əlaqədə olması İranı qorxudur və İran da buna qarşı Ermənistana yardım edir. İran Ermənistana sadəcə istədiyi üçün yardım etmir, daha çox Azərbaycana qarşı Ermənistana dəstək verir. Bu, İranın xarici siyasi kursuna qarşı olsa da bunu edir. Çünki, İran bir müsləman ölkənin torpaqlarını işğal edən əcnəbi bir ölkəyə yardım edir. Amma siyasətdə ideologiyadan daha çox maraqlar önəmlidir. - İranın Azərbaycandakı səfiri deyib ki, Tehranın Qarabağ münaqişəsinin həlli ilə bağlı layihəsi var. Siz necə düşünürsüz Tehran bu məsələnin həllində Azərbaycana köməklik göstərə bilərmi? - İranın, Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. İran bu məsələdə səmimi olsaydı, son 20 ildə bircə dəfə Ermənistana təzyiq göstərərdi. Biz bunu İrandan görmədik, əksinə, Ermənistana hərtərəfli siyasi-mənəvi, hərbi-iqtisadi dəstəyin şahidi olduq. Bu gün həmin proses davam edir. İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir və bunun ciddi səbəbləri var: Azərbaycan gücləndikcə, bu amil Güney Azərbaycanın milli hərəkatına təsir göstərir. Ermənistana da ona görə yardım edir ki, bu yolla Azərbaycana təsir göstərməyə çalışsın. Dağlıq Qarabağ münaqişəsi həllini tapsa, Azərbaycanın dünyada nüfuzu daha da artacaq. Bu isə İrana heç cür sərf etmir. İran istəyir Qarabağ məsələsi öz həllini tapmasın. Beləcə də istədiyi zaman Azərbaycana qarşı basqı göstərsin. Xatırlayırsınız, 90-cı illərdə İran hər iki dövlət rəhbərini Tehrana çağırırkən Şuşa ermənilər tərəfindən işğal olunmuşdur. - Bu gün Zəncan ayağa qalxıb. Necə fikirləşirsiz bu canlanma güneylilərin İranda milli azadlıq istəyini sürətləndirə bilərmi? Bu mərhədələ güneylilərdən nə tələb olunur? - Güney Azərbaycan türkləri öz milli haqlarını əldə etmək və milli varlıqlarına sahiblənmək yolunda uzun illrdir mücadilə verirlər. Bu mübarizə ən elementar insan haqları üçün verilir. Qarşılarında dünyanın ən qəddar hakimiyyətlərindən birisinin olmasına baxmayaraq yorulmadan mücadilələrinə davam edirlər. Keçmiş illərdə də olduğu kimi ictimai aksiyalar Güney Azərbaycanın bir çox şəhərinə baş verib. Urmiyə gölünün qurudulması ilə bağlı 2 il bundan qabaq Urmiyə şəhərində də kütləvi etirazlar oldu. Habelə, 2006-cı ili may hərəkatı da Güney Azərbaycanın bir çox şəhərində gerçəkləşdi. İndi isə zəncanlılar ayağa qalxıb ekologiyanın pisləşməsinə etiraz edirlər. Bunları bir inqilab olaraq görmək olmaz. Amma eyni zamanda bu etirazlarda milli duyğu vardır. Bütün şüarlarda Azərbaycan türkcəsində milli istəklər dilə gətirilir. İran Güney Azərbaycanın milli fəallarına amansız şəkildə basqı edir. Onları həbs etdirir. Bütün fəalları nəzarət altına alır. Qanuni və qeyri-qanuni şəkildə heç bir fəaliyyət imkanı tanımır. Güney Azərbaycanda indi siyasi güc olaraq milli hərəkat vardır. Milli hərəkat genişləndikcə və toplumun bütün təbəqələrinə təsir etdikcə daha geniş milli hərəkata şahid ola biləcəyik. - İrandan ABŞ-da yaşayıb fəaliyyət göstərən güneylilərin əksəriyyəti türk olduqlarını gizlədirlər. Nədən? - Baxın, İranda 100 ilə yaxındır ki, assimilasya siyasəti yürüdülür. Türklərin mədəniyyəti, dili, tarixləri bir-birini əvəz edən hakimiyyətlər tərəfindən inkar olunub. İnsanlar da istər, istəməz rəsmi və güclü olan mədəniyyətdən öz təsirini alar. Onlar öz varlıqlarını, mədəniyyət, dil, tarix zənginliklərini bilmədikləri üçün öz kimliklərini inkar edirlər və ya gizlədirlər. Onlara «siz türk deyilsiniz, siz azərsiniz» deyilib illərcə. Azəriləri isə farsların bir qolu kimi təqdim ediblər. Öz tarixlərini öyrənmək imkanları olmadığı üçün onlar da bu təsirin altında «biz türk deyilik» deyirlər. İndi dünyaya inteqrasiya gücləndikcə Güney Azərbaycan türkləri dünya türkləri ilə təmasa keçirlər. Türk dilinin nə qədər zəngin və tarixlərinin şanlı olduqları görüb İranın rəsmi siyasətini ifşa etməyə başlayırlar. 30 il bundan öncə Amerikaya gələn güneyli ilə indi gələnlər arasında yerlə göy qədər fərq var. Yeni gələnlər milli müstəvidə Amerikada öz haqlarını müdafiə edirlər. Mən elə hesab edirəm ki, bir neçə il sonra Güney Azərbaycan türkləri Amerikada və dünyanın bir çox yerində daha güclü bir şəkildə öz milli istəklərini dilə gətirəcəklər. Geri dön |