Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > İran bahara qaldı...
İran bahara qaldı... |
İran hakimiyyəti ilə bağlı məsələlər beynəlxalq ictimaiyyətin gündəliyindən düşmür. Dünyanın aparıcı gücləri bir müddət başqa bölgələrin problemlərilə məşğul olduqdan sonra yenidən Tehrana aid məsələlərə qayıdırlar.
Ərəb dövlətlərindəki olaylardan və dəyişikliklərin birinci mərhələsi başa çatandan sonra İran hakimiyyətinə münasibət yenidən dünya siyasətinin gündəliyini zəbt edib. Ötən həftə bir çoxları İran ərazisinin tezliklə bombalanacağı barədə tələsik proqnoz verdilər. Düzdür, onların bu mülahizələri də beynəlxalq güclərin davranışlarından qaynaqlanırdı. ABŞ başda olmaqla Qərb Tehran hakimiyyətinin atom-nüvə proqramını dayandırmaq üçün bu vasitəni də məsələnin həlli yollarından biri kimi qüvvədə saxlayır, zaman-zaman uyğun bəyanatlar verirlər. Onların arasında məsələnin hərbi yolla həllində, Tehranın nüvə obyektlərinin vurulmasında ən çox İsrailin adı hallanır. Bir müddət öncə ABŞ rəsmilərinə istinadən bildirilmişdi ki, yəhudi dövlətinin bu addımı atmasının qarşısını Ağ ev alıb. Hətta cari ilin sonunadək İranın atom obyektlərini İsrailin bombalayacağı barədə xəbərlər də yayılmışdı. İsraildə çıxan «Ediot Ahronot» qəzetinin bugünkü sayında bildirilib ki, ABŞ İran hakimiyyətindən gələn ilin yazınadək hərbi məqsədli nüvə proqramını dayandırmağı tələb edib: «Əks halda, Ağ ev İsraili durdurmayacaq». Qəzetin hərbi icmalçısı qeyd edib ki, 2012-ci ilin yazına kimi ABŞ hərbçiləri İraqı tərk edəcək, onda İsrail İranın hava məkanına İraqdan keçmək üçün Vaşinqtondan icazə almayacaq. Pentaqonun başçısı Leon Panetta isə bu günlərdə bəyan edib ki, İsrailin İrana hücumu ən yaxşı halda Tehranın nüvə proqramını iki il ləngidə bilər. Bu gün Kanadanın Yeni Şotlandiya əyalətində təhlükəsizlik məsələləri üzrə Beynəlxalq toplantıda amerrikalı nazir deyib:«İrana zərbə təkcə bizim deyil, dünyanın iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər». Onun sözlərinə görə, atom-nüvə proqramının həlli ilə bağlı İran hakimiyyətinə diplomatik basqılar artırılmalıdır. Nazir, problemin diplomatik və iqtisadi sanksiyalarla həlli tərəfdarı olduqlarını vurğulayıb. Ötən iki gün ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə İranın atom-nüvə proqramına dair hesabat dinlənilib. Agentlik ABŞ prezidenti Barak Obamanın söylədiklərini təsdiqləyib. Ağ Evin indiki yiyəsi bildirmişdi ki, onlar Tehran hakimiyyətinin hərbi məqsədlə nüvə proqramını sınaqdan keçirdiyini bilirlər. İrana qarşı yeni qətnamə layihəsini AEBA-da təmsil olunan 35 dövlətin nümayəndəsi dəstəkləməlidir. «Altılıq»ın (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) hazırladığı qətnamə layihəsinə Avstraliya, Belçika, Bolqarıstan, İtaliya, Yaponiya, Macarıstan, Niderland, Portuqaliya, Çexiya, İsveç və Sinqapurun qoşulduğuna dair xəbərlər yayılıb. Bu baxımdan, ehtimal etmək olar ki, başqa təmsilçilərdə həmin layihəyə qoşulacaq. AEBA-nın baş direktoru Yukia Amano İranın «nüvə dosyesini» müzakirə etmək üçün Tehrana nümayəndə heyəti göndərəcəyini və Tehran hakimiyyəti ilə «dil tapacaqlarını» söyləyib. Bütün bu olaylar öz yerində, ancaq fikrimizcə, bir məsələyə nədənsə diqqət yetirilmir. Hər kəsə gün kimi aydındır ki, İrana qarşı indiki şəraitdə hücum müəyyən mənada dünya savaşının başlaması kimi dəyərləndirilə bilər. Bu baxımdan, İslam Respublikasına müdaxilə üçün daha ciddi əsasların olması zəruridir. Yada salaq ki, 2012-ci ilin martında bu ölkədə parlament seçkiləri keçirilməlidir. Ona görə beynəlxalq ictimaiyyət bu siyasi kampaniyanın da başa çatmasını gözləmək niyyətindədir. İndidən ehtimal etmək olar ki, İslam Respublikasının rəhbərliyi bu tədbirin azad və ədalətli keçməsini təmin edə bilməyəcək. Bu isə İranda yeni etiraz dalğasının baş verməsinə səbəb ola bilər. Belə bir durumda Tehran hakimiyyətinə qarşı insan haqlarını pozduğuna görə də çeşidli sanksiyalar tətbiq etmək mümkündür. Xatırladaq ki, 2005-ci ilin mayında prezident seçkisinin keçirilməsi ilə əlaqədar atom-nüvə proqramı ilə bağlı danışıqlara ara verilmişdi. Beynəlxalq ictimaiyyət İrandakı bu siyasi kampaniyadan sonra müzakirələrin davam etdirilməsinə qərar vermişdi. Ancaq Mahmud Əhmədinejad prezident olandan sonra danışıqlar prosesi yenidən düyünə düşdü. Nəticədə Tehran hakimiyyəti atom proqramını və bu proqram ətrafındakı böhranlı durumu indiki səviyyəyə çatdıra bildi. Sədrəddin Soltan Geri dön |