Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Türk milləti, türk ölkəsi, türk dili
Türk milləti, türk ölkəsi, türk dili |
XX əsr Azərbaycan mütəfəkkirlərindən «mollanəsrəddin»çi Əli Nəzminin (1878-1946) yardıcılığında milli oyanış, vətənin azadlığı, milli birlik, İslam dininin əsil mahiyyəti və digər məsələlər mühüm yer tutmuşdur. Birinci rus inqilabının (1905-1907) çar Rusiyasının əsarəti altında olan müsəlmanların, o cümlədən türklərin həyatında mühum rol oynadığını qeyd edən Ə.Nəzmi yazırdı ki, inqilaba qədər çarizm Türk millətini məhv etmək üçün əlindən gələni etmişdir:
Türk milləti, türk vətəni, türk eli, Türk ocağı, türk ölkəsi, türk dili, Məhv oluyor, gələcəyi ağlatır, Millətimin şərbətinə zəhər qatır. Onun fikrincə, nə qədər çar Rusiyası türk millətini ögey oğul, imperiya qulu sanıb məhv etməyə çalışsa da, türklər də öz azadlıqları uğrunda mübarizə aparmaq əzmində və yolundadırlar. Eyni zamanda, o, Azərbaycan türk dilinin saflaşması məsələsinə də diqqət yetirmiş, ana dilimizi korlayanları tənqid etmişdir: Türkcə yaz, sadə yazmayırsan, sus! Hamının yox ərəbcədən xəbəri. Danışaq doğru, əyləşək əyri, Saxlayımmı yanımda bir qamus? Türkcə bir beytdə iki kəlmə, Farsca üç var, ərəbcə var on üç, Türk dilin etmə, ey ədibim, puç! Azı bir azca da sən əsgiltmə! Ə.Nəzmi yaradıcılığında İslam dininə münasibətə gəlincə, o daha çox mövhumat, dini fanatizmi yayan, eləcə də bu dinə aid olmayan mərasimləri təşkil edən ruhaniləri tənqid etmişdir. Hətta, bir dəfə Ə.Nəzmi tanınmış Azərbaycan türk mütəfəkkiri Əli bəy Hüseynzadədən dinin elmə, ürfana zidd olub-olmadığı ilə maraqlanmış, sonuncu isə bütün dinlərdən elmə ən yaxının İslamın olduğunu söyləmişdir: Biz professora suallar verdik: «Din elmə, ürfana ziddimi?» - dedik. Əli bəy dedi ki, bütün dinlərdən İslam dini elmə yaxındır hökmən. Həm oğul, həm qızı oxutmaq gərək, Maarif uğrunda sərf edin əmək. Azərbaycan mütəfəkkirinin fikrincə, Türk-İslam aləminin geriliyinə səbəb müsəlmanların savadsızlığı, İslamın əsil mahiyyətindən xəbərsizliyi, məzhəb ayrılıqları və s. məsələlərdir. Bu mənada, Nəzmi yaradıcılığında savadsızlığın aradan qaldırılmasına, müsəlman övladlarının elm və təhsil sahibi olmasına mühüm yer ayırmışdır: Elm, insanlara zinətdir bil, Elm, nuri-bəşəriyyətdir bil… Nuri-elm ilə işıqlanmalıdır, Cəhlü zülmətdən uzaqlanmalıdır. Elmdir baisi-üqba və həyat, Elmdir mənbeyi-feyzü bərəkat, Elmdir kaşifi-əsrari-nihan, Elmdir ruh, bədəndir insan. Şübhəsiz, digər mollanəsrəddinçilər kimi, Əli Nəzmi də hesab edirdi ki, elmin və təhsilin düşməni isə yalançı mollalar və axundlardır. Belə ki, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə və başqa mütəfəkkirlərimiz xalqa elm öyrətdikləri halda, yalançı ruhanilər isə müsəlmanları cəhalətə və fanatizmə sürükləyirlər. Bu mənada, həmin «mollaların» dilindən Nəzmi yazırdı: Kişilər, bilin, aradan, Götürüldü dinü iman. Bizə indi vaiz olmuş, Başı şapkalı Nəriman. Bizə məsxərə yazan kim? Bu, bu Faiq ibn-Neman. «Yazım, yazmayım?» adlı başqa bir şeirində də Nəzmi yazırdı ki, müsəlmanlığı gözdən salanlar, kitaba, qəzətə şeytan əməli kima baxanlar həmin yalançı ruhanilərdir. Onlar çalışırlar ki, adımız müsəlman olsun, ancaq heç vaxt müsəlmanlığın əsil mahiyyətindən xəbərdar olmayaq: Doğrusu, baxdıqca müəlmanlığa Az qalıram üz qoyam ormanlığa, Bənzəməyir yurdumuz insanlığa, Cümlə verib özünü yovşanlığa, Vəhşətə ağnaşdı, yazım, yazmayım? Zillətə uğraşdı, yazım, yazmayım? Ziyalının fikrincə, bütün bunlara səbəb odur ki, müsəlmanlar bir-birləri ilə ülfət, hürriyyət, ünsiyyət etməkdənsə, əksinə get-gedə İslamdan, «müsəlman qardaşdırlar» prinsipindən uzaqlaşırlar. Çünki müsəlmanlar avamlığı və cəhalətləri səbəbindən ədəb-ərkandan uzaq düşüblər: Mürüvvət yox, həya yox, nəngü namus ilə qeyrət yox, Ədəb yox, elm yoxdur, rəsmü ayini şəriət yox. Könül yox, eşq yox, qardaşə, həmcinsə məhəbbət yox, Beyin yox, əql yox, hissü şüurü şuri-fikrət yox, Sözü öldürrəm-öldürrəm, xəyali fikri qan-qandır, Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır. Əli Nəzminin əsas tənqid hədəflərindən biri də İslam dini ayin və mərasimləri, o cümlədən orucluq, qurbanlıq, məhərrəmlik həyata keçirilən zaman baş verən qeyri-dini əməllər idi. Onun fikrincə, müsəlmanlar bu dini ayinlərin və mərasimlərin əsil mahiyyətlərini dərindən anlasalar, onda İslama yaraşmayan hərəkətlərə də yol verməzlər. Ancaq o, bu məsələlərdə də ən çox günahkar olaraq yalançı ruhaniləri göstərirdi. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, oruculuq, qurbanlıq kimi bayramların İslamdan kənara çıxmasında «din xadimləri»nin rolu daha çoxdur: O dəm ki, söylənir əzan, vururlar təbli gumbəgüm, Kəmali-nazilə həman, axund incidir qüdum. Dolu yeyinti ilə xan, açım zəmanı cümlə sümm, Xiyar, sirkəli soğan, qofurma, cürbəcür ləhum, Edəndə «həmlə» molla can, bütün gürüh edir hücum… Və yaxud da: Orucluğu, məhərrəmi sizi soyubdu mollalar, Əkinçi, rəncbərləri basıb yeyibdi mülkədar. Cəhani-bivəfa sizə olub qış, onlara bahar, Nə qapmış olsalar gedib, vəli dolandı ruzigar, Ölüb genə dirilmişəm, gedib dübarə gəlmişəm. Azərbaycan mütəfəkkirinin yaradıcılığında diqqəti çəkən məsələlərdən biri də İslamda qadının yeri və roludur. Nəzmi hesab edirdi ki, İslamda qadınlar bir çox hüquq və azadlıqlara malik olmalarına baxmayaraq, əslində kölə vəziyyətindədirlər. Buna səbəb də bir tərəfdə İslamın qadına münasibəti məsələsinin təhrif edilməsi, digər tərəfdən onların əksəriyyətinin savadsız olmalarıdır. Nəzminin fikirincə, hər iki halda ən çox məsuliyyət yenə də din xadimlərinin üzərinə düşür. Çünki din xadimlərindən bir çoxları tapılır ki, həm İslamda qadının rolunu təhrif edir, həm də qızların məktəbdə təhsil almasına icazə vermirlər: Qoymaram, əl çək yaxamdan, üstümə bu adı mən, Kim, desinlər uşkola qoydu qızın Hacı Həsən. İstəməm, boşla baba, laməzhəbə övladı mən, Vurram öldürrəm elə öladı mən, arvadı mən. Olmaram razı məni binəngü nam etsin qızım, Haşalilləh, məktəbə, dərsə davam etsin qızım. Halbuki qızların təhsil alması dinlə nəinki qadağandır, əksinə onların tərbiyə və mərifət sahibi olması vacib əməllərdən sayılır. Bu mənada, Nəzminin fikrincə, qızlar məktəbə gedib tərbiyə almasa xalqın tərəqqisi mümkün olmayacaqdır. Çünki tərəqqi yalnız oğlanların təhsil alması ilə ola bilməz. Nəzmi yazırdı: Məktəb isə xaneyi-imanımız! Elm isə gər cismimizə canımız, Getməlidir məktəbə səbyanımız Cümləsi qızlar, həmi oğlanlarımız, İş qala gər təkcə Pirimverdiyə, Çatmayacaq əllərimiz kərdiyə! Gördüyümüz kimi, Əli Nəzminin yaradıcılığında əsas tənqid hədəfi mövhumat, cəhalət və xurafat olmuşdur. Ə.Nəzmi o dövrdə türklər arasında güclü alimlərdən hesab edilən Əli bəy Hüseynzadədən dinin elmə zidd olub-olmamasını da təsadüfən soruşmamış, daxilindəki ziddiyyətlərə cavab tapmaq istəmişdir. Bu baxımdan tədqiq etdiyimiz dövrdə Ə.Nəzminin İslam dininə münasibəti heç də mənfi xarakter daşımamış, yalnız bu dinə olunmuş əlavələrə, yalançı ruhanilərin əməllərinə etiraz etmişdir. Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Geri dön |