Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev 2012-ci il dövlət büdcəsi layihəsini sərt tənqid etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev 2012-ci il dövlət büdcəsi layihəsini sərt tənqid etdi

Fərəc Quliyev 2012-ci il dövlət büdcəsi layihəsini sərt tənqid etdi


Bu gün Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində müxalif Milli Dirçəliş Hərəkatı Partiyasının sədri millət vəkili Fərəc Quliyev hakimiyyətin iqtisadi siyasətini tənqid etdi.

Fərəc Quliyev: "...7 mlrd. vəsait niyə kənara atilsın ki, bu vəsaiti həmin idxal məhsullarının istehsalınn təşkilinə yönəltmək olmazdımı?! ...

...Biz ildən-ilə dövlət büdcəsində neft pullarının həcminin artmasını müşahidə edirik...

...Bu cür xərcləmələr nəticəsində neft pulları sürətlə tükənə bilər...

...Belə görünür ki, neft pulları qurtarana qədər hökumətin yolları qazıb, qurub yenidən dağıtmasının şahidi olacağıq...

...Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadəsi barədə ictimaiyyətə heç bir məlumat verilmir...

...Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir..."


Çıxışın tam mətni:


Millət vəkili Fərəc Quliyevin Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il Dövlət büdcəsi ilə bağlı çıxışı.


“Hörmətli millət vəkilləri.
Büdcənin fəlsəfəsi ölkənin sosial-iqtisadi inkişafi konsepsiyasını növbəti ildə həyata keçirməkdir.Təbii ki, burada müxtəlif prioritetlər, o cümlədən iqtisadiyyatın dövlət tənzimləməsinin müasir forma və metodlarını tətbiq etməklə iqtisadiyyatın diversifikasiyasına, qeyri–neft sektorunun inkişafına, gəlirlərin ədalətli bölunməsinə, bütövlükdə dayanıqlı inkişafa nail olmaqdır.
Büdcə layihəsinə nəzər saldıqda görürük ki, 2012-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 32.3 faizi Vergilər Nazirliyi, 7.3 faizi Dövlət Gömrük Komitəsi, 60.3 faizi Dövlət Neft Fondu, 0.1 faizi isə başqa mənbələr hesabına təmin ediləcək. Büdcə gəlirlərinin artımının 79.5 faizi Neft Fondundan transfertlərin hesabına baş tutacaq. 2012-ci ilin gəlirlərində proqnozlaşdırılan 810.96 milyon manatlıq artımın 79.5 faizi Neft Fondunun, qalanı isə Vergilər Nazirliyi və DGK-nın payına düşür. Beləliklə, 2012-ci ildə fondun transfertlərinin büdcə gəlirlərindəki payı 60.26 faizə çatacaq ki, bu da indiyənədək qeydə alınacaq ən yüksək göstərici olacaq. Göründüyü kimi, ölkə iqtisadiyyatında mühüm maliyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrində risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyukturasından asılılığının azaldılması və qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində ciddi tədbirlər görülməyib. Hökumətin hesabatında göstərilir ki, İqtisadi İnkişaf nazirliyinin hesablamalarına görə 2011-ci ildə ölkədə iqtisadi artım 0.9 faiz olacaqdır. Qeyri -neft sektorunda 10 faiz həddində artım gözlənilsə də, cari ilin sonuna neft hasilatının əvvəllər nəzərdə tutulduğundan təxminən 3 mln. ton az olacağı səbəbindən neft sektoru üzrə ÜDM istehsalının 8.7 faiz aşağı düşəcəyi proqnozlaşdırılır. Bu dediklərimizi təsdiqləyir.ÜDM-da qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsinin vacibliyi həm cari ilin xarici ticarət dövriyəsindən həm də 2012-ci ilin idxal proqnozlarından görünür. 2012-ci ildə 9.7 mlrd ABŞ dolları həcmində mal idxalı proqnozlaşdırılır ki, bunun da 7.9 mlrd. ABŞ dolları qeyri -neft sektorunun payina düşür. Halbuki, idxal məhsullarının əksəriyyəti ölkədə istehsal olunur və ya oluna bilər. Belə olduğu halda 7 mlrd. vəsait niyə kənara atilsın ki, bu vəsaiti həmin idxal məhsullarının istehsalınn təşkilinə yönəltmək olmazdımı?! Bu onu göstərir ki, hokumət neft gəlirlərini iqtisadiyyatın diversifikasiyasına yönəltməyib, qeyri-neft sektorunun inkişafının dinamikliyini təmin etməyib.
Kəskin artan Neft Fondu transfertlərinin fonunda, Vergilər Nazirliyinin büdcə gəlirlərində payı 2010-cu ildə 38.1 faiz olduğu, 2011-ci ildə isə 33.5 faiz gözləndiyi halda, 2012-ci ildə 32,3 faizdir, Bu da 1.2% daha az proqnozlaşdırılma deməkdir.
Biz ildən-ilə dövlət büdcəsində neft pullarının həcminin artmasını müşahidə edirik. Halbuki, ekspertlər dəfələrlə vurğulayıblar ki, neft pullarının büdcə vasitəsi ilə bu cür xərclənməsinin ciddi fəsadları ola bilər. Neft fondunun vəsaitlərindən fərqli istifadə etmək mümkündür. Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Bank sektorunda vəziyyət ürək açan deyil. “Banking Industry Country Risk Assessment” (BICRA) hesabatında Azərbaycanda bank sektorunda olduqca riskli vəziyyətin hökm sürdüyünü vurğulayıb.
Mərkəzi Bank nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul etməsə də, əksər bankların müflisləşmə təhlükəsi olduqca böyükdür. Bank sektorunun ən ciddi problemlərdən biri maliyyə dayanıqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır.
Qlobal maliyyə böhranı dövründə kommersiya banklarına dövlət tərəfindən maliyyə yardımının edilməməsi, Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görulməməsi öz mənfi təsirini göstərib. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır. Bu gün Avropa bazarında səhm problemləri, pul qıtlığı banklardan vəsaitlərin cəlb edilməsi ilə bağlı müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən Azərbaycan banklarının likvidliyi aşağıdır. Kommersiya bankları dünya maliyyə bazarında baş verənlərin arxasınca sürünür, nəinki onları qabaqcadan proqnozlaşdırırlar. Kommersiya bankları maliyyə böhranı yaranan zaman beynəlxalq maliyyə qurumlarına olan borclarının bir hissəsini geri qaytara bilsə də, son illər kifayət qədər böyük məbləğdə borc alıblar. Bu da bankların daha çox vəsaiti məhz borcların qaytarılmasına yönəltməsi ilə nəticələnir və borc probleminin böyüməsinə gətirib çıxarır: Dövlət vəsaitlərinin Azərbaycan kommersiya bankları vasitəsilə istifadə edilməməsi birmənalı şəkildə yerli bankların likvidliyinin azalmasına gətirib çıxarır.
Dünya Bankının ekspertləri Azərbaycana il ərzində neft pullarından 4.9 milyard səviyyəsində xərcləmələrə getməsini məsləhət görmüşlər. Azərbaycan hökuməti isə neft pullarını yalnız büdcə vasitəsi ilə deyil, Neft Fondundan ayırmalar hesabına da xərcləyir. Neft pullarının belə sürətlə xərclənməsinin Azərbaycana yaxşı heç nə vəd etmir. Nəticədə gələcək nəsillərin payının mənimsənilməsinə indidən imkanlar artır. Neft pullarının xərclənməsi prosesi şəffaf deyil. Bu ilin ilk yarısında dövlət büdcəsinə yenidən baxıldı və investisiya büdcəsinə 2,48 milyard manat pul ayrıldı. Həmin vəsaitin bölgüsünə diqqət yetirəndə onun mənimsənilməsi təəssuratı yaranır. Məsələn, bu barədə mətbuatda da müəyyən məlimatlar getdi: Bayıl qəsəbəsindən Dövlət Bayrağı Meydanına iki kilometr yolun çəkilməsinə 63 milyon pul ayrılıb. Bayraq Meydanının özünün abadlaşdırılmasına 55 milyon manat pul ayrılıb. Bakı şəhərinin abadlaşdırılması və işıqlandırılması sisteminə isə yalnız bu ilin ikinci yarısında 198 milyon manat pul yazılıb. Məgər Bakı şəhərinin işıqlanması sıfır dərəcədə idi ki, ona bu qədər vəsait ayrılmışdır. Bu cür xərcləmələr nəticəsində neft pulları sürətlə tükənə bilər.
Bəzilərində belə qənaət var ki, böyük pul xərclənirsə, problem həll olmalıdır. Amma bu yanlış təsəvvürdür. Pulun çoxluğu hələ problemin həlli demək deyil. Əsas məsələ pulun necə xərclənməsində və ona nəzarət mexanizminin necə işləməsindədir. Əgər biz dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsini istəyiriksə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirməli, həmin vəsaitdən səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Büdcədən maliyələşən və maliyə yardımı alan təşkilatlara, dövlət müəssisələrinə nağd şəkildə ödəmələr minimuma endirilməlidir.
Yol çəkilişi spesifik məsələdir, bu bütün dünyada hökumətin əlində olur və ağıllı, vahid idarəetmə ilə bunu həyata keçirirlər. Kommunal sektorun yerdə qalan sahələri hansı ölkədə ki, hökumətin əlindədir, orada həmişə problem olur. Hesab edirəm ki, Kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biri olmalıdır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
Kommunal sektorun dövlət nəzarətində olması səbəbindən ora dövlət büdcəsindən çoxlu pul buraxılmasında maraqlı olurlar. MDB məkanında Gürcüstanda, hətta Ermənistanda belə kommunal xidmət özəl idarəetməyə verilib. Azərbaycan bu sahədə çox gecikib. Bu olmayana qədər daim qaz, işıq kəsiləcək, su olmayacaq, kanalizasiyalar daşacaq.
Belə görünür ki, neft pulları qurtarana qədər hökumətin yolları qazıb, qurub yenidən dağıtmasının şahidi olacağıq. Buna heç bir ictimai nəzarət mexanizmi yoxdur.
Hər il dövlət büdcəsindən enerji təchizatının yeniləşməsinə milyonlar ayrılır. Vəsait təyinatı üzrə istifadə edilmir və korrupsiya yerinə çevrilir.
2005-ci ildən indiyəcən dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1,5 milyard dollar dövlət investisiyası yatırılıb (mənbə: dövlət investisiyaların bölüşdürülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarları). Buraya 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək (mənbə: Maliyyə Nazirliyinin rəsmi arayışı, 1 oktyabr 2010-cu il, son 1 il ərzində elektrik enerjisi sektoruna ayrılan xarici kreditlərin məbləği açıqlanmır), demək olar ki, son 6 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb. Bir elə fantastik xərcləmələr fonunda isə ciddi pozitiv nəticə yoxdur.
Eyni sözləri əhaliyə enerjini satan “Bakıelektrikşəbəkə” ASC haqda da demək olar. Son beş ildə dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 335 milyon manat investisiya yatırılıb. Bundan başqa “davamlı inkişaf” üçün də vəsait ayrılır (investisiyalarla birlikdə 680 milyon dollar). Vəsait ASC-nin yenidən qurulması üçün ayrılsa da, müəssisə yenə də köhnə vəziyyətindədir.
Məncə, bu vəsait alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasına ayrilsa idi daha səmərəli olardı.
Büdcə xərclərinə gəlincə, bu strukturda ən yüksək xüsusi çəkiyə malik bölmə 34.1 faizlik payla (yaxud 5.79 milyard manatla) “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi durur. “Büdcənin bölmələri” üzrə xərclərin artım templəri kəskin fərqlənir. 2011-ci ilin proqnozu ilə müqayisədə 2012-ci ildə ümumi büdcə xərcləri 6.5 faiz artmasına rəğmən, “İqtisadi fəaliyyət”lə bağlı xərclər 56.3 faiz, “Nəqliyyat və rabitə” xərcləri 24.9 faiz, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” xərcləri 20.6 faiz, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi isə 18.4 faiz artırılır. Halbuki “Səhiyyə” xərclərində 5.7 faizlik, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi” xərclərində 4.3 faiz, elm xərclərində isə 3.4 faizlik artım nəzərdə tutulur. Bölmələr üzrə xərclərin artım templərində olan belə kəskin kənarlaşmalarla bağlı hökumət izahat verməlidir.
Ehtiyat fondlarına ayrılan vəsaitin artım tempi ümumi büdcə xərclərinin artım tempindən 18.8 dəfə çoxdur ki, bu da narahatlıq doğurur. 2012-ci ilin dövlət büdcəsində 800 miıyon manat ehtiyat fondları üçün nəzərdə tutulur. Bu, 2011-ci illə müqayisədə 2.2 dəfə (yaxud 122.2 faiz) çox deməkdir.
Azərbaycan prezidentinin Ehtiyat Fonduna 300 milyon manat, 2011-ci illə müqayisədə 42.9 faiz çox vəsait ayrılır. Prezidentin sərəncamında olan bu Fondun vəsaiti 2012-ci ildə “Elm xərcləri”nə sərf edilməsi nəzərdə tutulan vəsaitdən 2.4 dəfə çoxdur. Nazirlər Kabinetinin sərəncamında olan Dövlət büdcəsinin Ehtiyat Fonduna 2012-ci ildə 500 milyon manat ayrılır ki, bu da 2011-ci ildə nəzərdə tutulduğundan 3.3 dəfə çoxdur. Fondun vəsaitinin belə kəskin artırılmasının zəruriliyi ilə bağlı hökumət Milli Məclisə və ictimaiyyətə heç bir izahat təqdim etməyib. Prezidentin Ehtiyat Fondunun vəsaitinin istifadəsi ilə bağlı prezidentin sərəncamları barədə ictimaiyyət məlumatlı olsa da, Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadəsi barədə ictimaiyyətə heç bir məlumat verilmir.
Büdcə xərclərinin bir qisminin təyinatı bilinmir: Dövlət əsaslı vəsait qoyuluşuna yönəldilən vəsaitləri, “digər xərclər” adı altında gedən vəsaitləri və bütün bölmələr üzrə “sair” və “digər” sözü qoşulan maddələri nəzərə alsaq, büdcə xərclərinin əhəmiyyətli hissəsinin son istifadə təyinatı büdcədə görünmür.
Təklif edirəm ki, növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılmasını nəzərdə tutulmlıdır.
Bundan əlavə elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir. Həkim və müəllimlərə verilən 100-150 manat əmək haqqı ilə dolanmaq olmaz. Buna görədir ki, son vaxtlar korrupsiyaya qarşı mübarizə, o cümlədən təhsil və səhiyyə sistemində rüşvətin qarşısının alınması ilə bağlı görülən tədbirlərin heç bir nəticəsi yoxdur. Bu təbəqənin maaşları bir neçə dəfə artırılmalıdır. Hazırda tələbə yataqxanaları məsələsi ən ağrılı problemlərdən biri olaraq qalır. Xüsusilə ali məktəblərə qəbul olunanan tələbələrin yataqxanalarla təminatı məsələsi daha qabarıq şəkildə üzə çıxır. Bütün valideyinlərin övladlarını kirayə evlərdə yaşayışla təmin etməyə imkanı yoxdur. Ona görə də təklif edirəm ki, tələbə yataqlarxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi, həmin yataqxanaların təmir edilməsi və yenilərinin tikilməsinə əlavə vəsait ayrılsın.
Bələdiyyələrə büdcədən ayrılan vəsaitin çox az olmasını qeyd etmək istəyirəm. Əvvəlki illərdə olduğu kimi bu il də bələdiyyələrə 3,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin məbləği onu göstərir ki, sanki bələdiyyələr lazımsız qurumdur və heç kimə lazım deyil. Ancaq dövlət idarəetmə sistemində yerli özünü idarəetmə orqanları kimi bələdiyyələr çox mühüm yer tutur. 2012-ci ilin Büdcə layihəsindən görünür ki, ehtiyat fondlarına 800 milyan mant vəsait ayrılması nəzərdə tutlub. Həmin vəsaiti azaltmaqla bələdiyyələrin inkişafına və maddi-texniki bazasının artırılmaasısna ən azı 20-30 milyon mant vəsait ayrıla bilıər.
Gələn ilki büdcə layihəsində Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də həllini tapmalıdır. Neçə illərdir QHT-lərə, KİV-ə dövlət tərəfindən maliyyə yardımı ayrılır. Bu, vətəndaş cəmiyyətinin inkişafı üçün müsbət haldır. Yaxşı olardı ki, siyasi partiyaların maliyyələşməsi məsələsi 2012-ci il büdcəsində əksini tapsın.
Sovet dövründən əmanət banklarında qalmış əmanətlərin öz sahiblərinə qaytarılması ilə bağlı Prezidentin müvafiq sərəncamını hökumət bu il də nəzərə almayıb və bu məsələ 2012-ci ilin büdcəsində də əksini tapmayıb və bu, təəssüf doğurur. İnsanların uzun illərdən bəri gözləntisinə, nəhayət, müsbət cavab verilməlidir. Bu il büdcədə mütləq əmanət banklarında qalmış əmanətlərin heç olmasa bir qisminin qaytarılması üşün müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulmalıdır.
Diqqətiniz üçün təşəkkür edirəm.”

22.11.2011

Geri dön