Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçibəy Duası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Elçibəy Duası

Elçibəy Duası


“Ey Ulu Tanrı, düşüncənin və duyğunun anladığı və anlamadığı nə varsa Səndən başlar, Səndə qurtarar. Ulusan, Ucasan, Böyüksən, Sevənsən, Sevilənsən! Bizləri də Səni sevmək və qanmaq üçün yaratdın və dedin: “Mən səni Məni qanmaq üçün yaratdım”. Alqış Sənə də, bütün yaratdığına da, yaratdığın və sevdiyin Türklərinə də.”
Bu dua Elçibəyin dilindən səslənib. Və o qədər gözəl səslənib ki, bu duanı oxuyan kimi bunu deyən adamin hansı zirvədə olduğunu dərk eləməyə çalışırsan. Baş sındırırsan amma bir şeyə nail ola bilmirsən. Başa düşmək üçün yola çıxırsan. Bir az gedirsən və görürsən ki, bu yol sonu görünməyən uzun bir yoldur. Geri dönmək istəyirsən. Amma bacarmırsan. Cünki artıq xəstələnmisən. Düşürsən uzun və şərəfli bir yola. Sonuna varmaq ücün addımlayırsan. Çata bilsən nə xoş halına.
Hərdən bu yola düşdüyünə görə özünü qınadığın vaxtlar da olur. Fikirləşirsən ki niyə sən də başqaları kimi sakit həyat tərzi keçirə bilməyəsən. Deyib gülməyəsən. Lazımlı lazımsız bayramları qeyd etməyəsən. Niyə gözüyaşlı uşaq, dilənçi qoca, vətəndə vətənsiz köçkün görəndə ürəyin ağrısın? Qarabağ, Təbriz, Dərbənd deyəndə ruhuna üşütmə düşsün? Bunlardan uzaqlaşıb başqa bir həyata yaxınlaşmaq istəyirsən. Boş və mənasız həyatı yaşayanlardan da özündən də iyrənirsən. Yenidən bu yolu- Millət yolunu sənə göstərən Elçibəyə bir daha baş əyib təşəkkür edərək yola davam edirsən.
Mən Elçibəydən başqa yola and içən kimsəni görmədim. Insanlar adətən müqəddəs bildikləri varlıqlara and içərlər. Bu yol Bəy üçün o qədər müqəddəs idi ki getdiyi yola and içərdi. “Getdiyimiz yol haqqı”. Yolu müqəddəs bildiyi üçün yol da onun haqqını verdi.
Mən Elçibəy qədər tanrını sevə bilmərəm . Heç qana da bilmərəm. Heç vaxt O zirvəyə yaxınlaşa da bilməyəcəm. Amma özümü bu yolda olduğuma görə xoşbəxt sayıram. Elçibəy duasını oxuyandan sonra qeyri ixtiyari bu sözlər keçir ürəyimdən. Alqış Sənə də, sənin yolunla gedənlərə də. Bu yolda milyonuncu adam olmaq mənim üçün şərəfdir. Kaş ki ola bilsəm. Tanrıya dua edərkən ilk istəyim bu yolda sonadək olmaqdır. Sonuncu da olsam, bu uzun və şərəfli yolda olmaq istəyirəm. Bir gün Savalan dağında Bəyin hüzuruna çıxacağımı bilirəm. O görüşün arzusuyla yaşayır və döyüşürəm. Həmin gün Bəyin əlini öpəndə onun da alnımdan öpməsini istəyirəm. Ey ulu Tanrı. Bu müqəddəs yolda mənə əzm və iradə ver. Sevgini bu yolu gedənlərdən əsirgəmə. Son mənzilimiz olan Tanrı dağına alnıaçıq, üzüağ çıxmağıma yardımçı ol.
Savalanda görüşənədək Bəy.

Faiq Yusifoğlu.

Geri dön