Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Ermənistan-Azərbaycan müharibəsinə baxışı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Fərəc Quliyev > Fərəc Quliyevin Ermənistan-Azərbaycan müharibəsinə baxışı

Fərəc Quliyevin Ermənistan-Azərbaycan müharibəsinə baxışı


Ermənistan-Azərbaycan müharibəsi Yeni Dünya Düzənini ciddi təhdid edir


Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi dünya dövlətləri tərəfindən müxtəlif cür adlandırılır. Kimisi bunu Qarabağ problemi adlandıraraq, burada ermənilərin milli özünütəyinetmə mübarizəsi apardığını, kimisi etnik qarşıdurma olduğunu, kimisi ermənilərə qarşı etnik dözümsüzlük göstərildiyini, kimisi ermənilərin tarixi haqları uğrunda mübarizə apardıqlarını irəli sürür; həmçinin baş verənləri kimisi dini dözümsüzlüyə qarşı hərəkat, kimisi sosial-iqtisadi fərqlərdən doğan etiraz, kimisi Ermənistanın dəstəklədiyi lokal separatçılıq, kimisi “Böyük Ermənistan” proqramının tərkib hissəsi, kimisi Ermənistanın Azərbaycana ərazi iddialı müdaxiləsi, kimisi isə Rusiya siyasətinin tərkib hissəsi olan bir münaqişə kimi qiymətləndirir.
Birinci yanaşma Qarabağ münaqişəsinin ermənilərin öz milli müqəddəratını təyinetmə mübarizəsi kimi qiymətləndirilməsidir. Ermənilər özlərinin milli dövlətlərini Ermənistanda qurublar. Özü də bu milli müqəddəratı təyinetmə ermənilərin tarixi vətənlərində deyil, tarixi Azərbaycan torpaqlarında baş verib. Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən Şimali Azərbaycan ərazilərinə ermənilərin kütləvi şəkildə köçürülməsi Azərbaycanın qərb əraziləri hesabına Ermənistan dövlətinin qurulması ilə nəticələndi. Bu ərazilərdə ermənilərdən qat-qat çox olan yerli Azərbaycan türkləri isə zaman-zaman doğma torpaqlarından deportasiya olundu. Bolşevik Rusiyası 1920-ci ildə Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra yeni-yeni əraziləri, o cümlədən Zəngəzurun bir hissəsini Ermənistana verdi. Beləliklə, ermənilər qonaq kimi gəldikləri Azərbaycan ərazilərinin bir hissəsində öz “milli müqəddəratlarını təyin etdilər”. Qarabağda 1988-ci ildən gedən müharibə əgər ermənilərin öz milli müqəddəratını təyin etmədisə, onda Gürcüstanın Axalkalaki, Rusiyanın Stavropol vilayətlərində, ABŞ-ın bir çox ştatlarında, Fransada, Livanda və s. yerlərdə də bu cür milli dövlətlərin yaranmasını salamlamalı olacağıq. Əgər “harada erməni varsa, ora Ermənistandır” prinsipi qəbul olunursa, vəziyyət xeyli mürəkkəbləşir. Strabondan başlayaraq tarixçilər qeyd edir ki, ermənilər çox gəzəyən millətdir və bu hesabla hər yer Ermənistan sayıla bilər. Demək istəyirəm ki, həmin prinsip cəfəngiyyatdan başqa bir şey deyil.
İkinci yanaşma Qarabağ münaqişəsini etnik qarşıdurma kimi tanımaqdır. Bu iddiada olanlar bilməlidirlər ki, Azərbaycan Ermənistandan fərqli olaraq, monoetnik respublika deyil. Özəyində Azərbaycan türkləri duran Azərbaycan xalqı müxtəlif etnosların konsolidasiyasından formalaşıb və dünyada nümunə göstəriləcək səviyyədə etnik tolerantlığa malikdir. Hətta indinin özündə paytaxt Bakıda iyirmi mindən artıq erməni yaşayır və digər Azərbaycan vətəndaşları kimi, onlar da bütün hüquqlara malikdirlər. Amma Ermənistanda bir nəfər belə Azərbaycan türkü qalmamışdır. Halbuki XX əsrin əvvəlində həmin ərazilərdə əhalinin türk hissəsi böyük əksəriyyət təşkil edirdi. Beləliklə, bu yanaşmanın da qeyri-ciddiliyi göz önündədir.
Üçüncü yanaşma da yanlışdır. Belə ki, Qarabağda Azərbaycan türkü ermənilərə qarşı etnik dözümsüzlük göstərsəydi, buradan erməniləri sıxışdırıb çıxarardı. Qarabağda yaşayan ermənilər Qarabağda yaşayan Azərbaycan türklərindən qat-qat az olub. Onlar saylarını yerli əhalidən çox göstərmək üçün bütün mənbələrdə Qarabağın özünü belə Dağlıq və Aran Qarabağa bölürlər ki, belə inzibati ərazi bölgüsü heç yerdə rast gəlinmir. Bir sözlə, azlıqda olan erməniləri Qarabağdan qovmaq təkcə Qarabağdakı əhali üçün belə çətin məsələ deyildi. Amma fakt budur ki, buradan yerli türklər qovulub. Hələliksə, üçüncü yanaşmanın - Qarabağ məsələsinin bir etnik dözümsüzlük məsələsi sayılmasının yanlışlığını bildiririk.
Dördüncü yanaşma ermənilərin tarixi haqları uğrunda mübarizə aparması fikridir ki, bu məsələyə birinci yanaşmanı izah etdikdə də toxunmuşuq. Köçəri ermənilər əsasən Van gölü ətrafından və İrandan 1828-ci ildən sonra bir neçə mərhələdə Azərbaycanın müxtəlif yerlərinə, o cümlədən Qarabağ hissəsinə köçürülüblər. Tarixi haqq uğrunda mübarizə aparsalar, onda gərək ermənilər İran və Van ətrafına qayıdalar. Tarixin dərinliyinə baş vursalar, onda Qərbi Azərbaycandan (indiki Ermənistandan) və Qarabağ ərazilərindən yığışıb Orta Şərqə doğru köç edələr.
Beşinci yanaşma problemi dini dözümsüzlüklə bağlı yaranmış münaqişə kimi səciyyələndirmədir. Azərbaycan müsəlman dövləti olmasına baxmayaraq, burada bütün dinlərə qarşı hörmət bərqərardır. Dini tolerantlıq bəlkə də Azərbaycanda olduğu qədər heç yerdə yoxdur. Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sinaqoqlar, başqa dini mərasim yerləri fəaliyyət göstərir və dövlət səviyyəsində onlara köməklik edilir. Ermənistanda bütün məscidlər və müsəlman qəbiristanlıqları dağıdıldığı halda, Azərbaycanda erməni kilsəsi və qəbiristanlıqları toxunulmaz qalır.
Altıncı yanaşma sosial-iqtisadi fərqlərdən doğan etiraz hərəkatı fikridir. Ermənilər Azərbaycana köçürüldükdə ən yaxşı ərazilərdə məskunlaşdırılıb. Rusiya işğal etdiyi Azərbaycanda etibarlı dayaq yaratmaq üçün ermənilərə hər cür üstünlük və imtiyazlar verdi. İmperiya rəngini dəyişdikdən sonra da mahiyyətini, o cümlədən ermənilərə münasibətini dəyişmədi. SSRİ dövründə bölgənin ermənilər yaşayan ərazilərinin sosial-iqtisadi inkişafı həmişə prioritetdə saxlanıldı. Bir sözlə, burada yaşayış şəraiti digər Azərbaycan bölgələrindən qat-qat üstün oldu. Deməli, altıncı yanaşma da əsassızdır.
Yeddinci yanaşma problemi Ermənistanın dəstəklədiyi lokal separatçılıq kimi səciyyələndirir. Amma ermənilər Azərbaycandakı digər azlıqda qalan etnoslardan fərqli olaraq, yuxarıda da qeyd olunduğu kimi, müstəsna üstünlüklərə malik idilər. Sovetlər dövründə onlara verilən muxtariyyət hüququ sonradan vilayət statusu ilə daha da genişləndirildi. Muxtar vilayətin siyasi qurumları formalaşdı və faktiki olaraq bir erməni özünüidarəetmə sistemi yarandı. Ermənicə nəşrlər, məktəblər, televiziya və radio fəaliyyət göstərdi. Yəni lokal separatçılıq üçün əsas yox idi. Dünyanın heç bir yerində erməni icması bu qədər üstünlüklərə malik olmayıb. Deməli, bu yanaşma da obyektiv qiymətləndirməyə əsas verə bilməz.
Səkkizinci yanaşma məsələni “Böyük Ermənistan” proqramının tərkib hissəsi kimi qiymətləndirir. Doğrudur, Ermənistan həmişə strateji məqsəd kimi “Böyük Ermənistan”ı hədəf seçib. Amma Ermənistan bu hədəfə doğru həmişə “saman altdan su yeritmə” yolu ilə irəliləyib. Etiraf edək ki, çox ciddi nəticələr də əldə edib. Əvvəla, heç yerdən bir Ermənistan dövləti yaradıb. İkincisi, bu dövlətinin ərazilərini daima müxtəlif üsullarla genişləndirməyə nail olub. Həm də bu üsullarla Qarabağda daha ciddi nəticələr əldə edə bilərdi, nəinki hərbi yolla. Çünki Ermənistan çox yaxşı bilir ki, əldə etdiyi müvəqqəti hərbi qələbələri mütləq siyasi qələbəyə çevirə bilməyəcək. Bu, ondan irəli gəlir ki, həm Ermənistanın iqtisadiyyatı, əhali potensialı buna imkan vermir, həm də ədalətsiz bir işğal müharibəsi işğalçının zorla qurduğu status-kvo-nu dayanaqlı edə bilməz. Həm də bu qısa hərbi qələbənin arxasında Ermənistan gücü, silahlı qüvvəsi deyil, Rusiya gücü və silahlı qüvvəsi dayanırsa, deməli, Ermənistan belə kobud taktika ilə əslində on illərlə “Böyük Ermənistan” hədəfi yolunda qazandıqlarını itirə bilər. Başqa sözlə, səkkizinci yanaşma da sualın tam cavabı deyildir.
Doqquzuncu yanaşma Ermənistanın Azərbaycana açıq ərazi iddialı müdaxiləsi müddəasıdır. Mürəkkəb tarixi şəraitdə Ermənistanın “çətiri” olan Rusiyanın zəiflədiyi, qeyri-müəyyənlik keçirdiyi bir zamanda cırtdan Ermənistanın belə iddia ilə açıq müharibəyə girməsi özxoşuna ola bilməz. Qeyd etdiyim kimi, regionda, o cümlədən dünyada qüvvələr nisbəti ciddi dəyişikliyə uğradığından və yeni tarazlıq sisteminin Ermənistanın “çətiri”nin və özünün əleyhinə işlədiyi bir vaxtda Ermənistanın başını cəncələ salması nə qədər ağlabatandır? Qafqazlarda Azərbaycanın strateji müttəfiqi Türkiyənin təsir imkanlarının artması, Rusiyanın cənub bölgələrindəki münaqişələr nəticəsində təsir dairəsinin daraldığı, Gürcüstandan Rusiyanın tədricən getməsi və həm Gürcüstan, həm Azərbaycanın Qərb oriyentasiyasına rəğmən regional şəraitin heç də Ermənistanın xeyrinə olmadığı bir zamanda bu ölkənin Azərbaycana öz xoşu ilə ərazi iddialı hücumu nə qədər ağlabatandır?
Azərbaycan hər mənada Ermənistandan güclüdür. Həm ədalətli tərəfdir, həm də müttəfiqləri Yeni Dünya Düzəni (YDD) tərəfdarları və super dövlətlərdir. Azərbaycan təkbaşına öz potensialının bir hissəsini səfərbər etməklə vəziyyəti köklü şəkildə öz xeyrinə dəyişər. Ermənistan hətta XX əsrdə Azərbaycanın hesabına qazandıqlarını qısa müddətdə itirə bilər. Bu perspektivi təbii ki, Ermənistan da görür. Amma buna baxmayaraq, sülh danışıqlarında destruktiv mövqeyindən əl çəkmir. Niyə? Ümumi mənzərəyə baxıldıqda mövqeyi kifayət qədər kövrək olan Ermənistan danışıqlardan bir sıra dividentlər əldə edə biləcəyi halda öz mənafeyini qorumaqda belə aciz görünür, hətta gözlənilmədən imza atdığı razılaşmalardan da imtina edir. Niyə? Çünki Ermənistan Moskvanın əlində oyuncağa çevrilib, xarici və hətta daxili siyasətində konkret olaraq söz sahibi deyil.
Birinci, Rusiya hələlik regiondan və o cümlədən Azərbaycandan tamamilə çıxmamağın yollarını arayır, böyük dövlət kimi təsirini saxlamaq, artırmaq ümidindədir. Rusiyanı Qarabağda, dolayısı ilə regionda qalması onu Qarabağın kimdə qalmasından daha çox düşündürür. Qarabağda müharibənin ən qızğın çağlarında Rusiyanın davranışı da bunu sübut edirdi. Tərəflərdən gah birinə, gah da digərinə silah-sursat, hərbi texnika və s. ilə yardım göstərərək münaqişənin bitməsi üçün yox, saxlanması üçün çalışırdı. Münaqişə qaldıqca Rusiya da burada qalacaqdır. Hər hansı formada münaqişənin bitməsi Rusiyanın hər iki tərəfə təzyiq imkanlarını azaldır. Rusiyanın həm Azərbaycandan, həm də Ermənistandan mütəmadi olaraq qopardığı güzəştlər Qarabağ konfliktinə söykənir. Rusiya belə bir təzyiq vasitəsindən necə əl çəkər? Məsələ Ermənistanın xeyrinə bitdiyi variantda və hamı da bununla razılaşdıqda, Ermənistan siyasi oriyentasiyasını Qərbə çevirməzmi? Bu sual Rusiya üçün cavabsızdır. Ona görə də bölgədəki qeyri-müəyyən durum Rusiyanın hər kəsin sürpriz davranışından sığortalanmasını tələb edir. Rusiyanın barış şərtlərində ordusunun Qarabağda sülhpərvər qüvvə kimi qalmasını bir neçə dəfə Minsk qrupuna təklif etməsi də bu ehtiyatdan doğur. Çünki ordu regionda qalacaqsa, geosiyasi təsir imkanları da qalacaqdır. Ordunun qalması isə həm hər iki tərəfin onunla hesablaşmasına, həm Qarabağın formal olaraq kimə məxsusluğundan asılı olmayaraq, əslində Rusiyanın əlində qalmasına, həm də istənilən vaxt bu katalizatordan istifadə edib münaqişəni alovlandırmasına imkan verir.
Xatırladaq ki, keçid dövrünün şokundan sonra özünə gələn Rusiya Azərbaycanda hərbi mövcudluğunu bərpa etmək üçün çeşidli yollara əl atdı: İran-Azərbaycan sərhədlərinin birgə qorunması haqda təşəbbüslə çıxış etdi və s. Yəni Rusiya üçün Qarabağ hərbi platsdarm kimi çox qiymətlidir.
İkincisi, vəziyyət elədir ki, Rusiya ordusunun həm Qarabağda, həm də Ermənistanda qalmasında Ermənistanın özü məcburi maraqlıdır. Əvvəldə qeyd etdik ki, Ermənistan müharibəyə öz xoşu ilə girməyibdir. Amma müharibəyə girib, bu gün nəticələr var, gələcəkdə də hər müharibənin sonunda olduğu kimi nəticələr olacaqdır. Ermənistanın ən çox ehtiyat etdiyi məsələlərdən biri müharibənin genişlənməsi və bölgə dövlətlərinin məsələyə hərbi müdaxiləsidir. Əsasən Türkiyənin belə bir müdaxiləsindən ehtiyatlanan Ermənistan, necə deyərlər, Rusiyanın arzuladığını ondan özləri xahiş etmək məcburiyyətində qalıblar. Ermənistan beynəlxalq cinayət edib və cəzalanacağından qorxaraq ərazisində Rusiya hərbi bazalarının yerləşməsini, mövcud bazaların daha da artırılmasını istəyir. Heç bir dövlət ərazisinin hərbi poliqona çevrilməsini istəməz. Ermənistan da belə “fövqəladə vəziyyət rejimində” yaşamaq, özü də qeyri-müəyyən vəziyyətdə və qeyri-müəyyən dövrə qədər yaşamaq istəməzdi. İstəyərdi ki, qonşularla, əsasən zəngin təbii resursları, karbohidrogen ehtiyatları olan Azərbaycanla iqtisadi-ticarət əlaqələri olsun, Avropaya birbaşa quru sərhəddi olan Türkiyə ilə sərfəli əməkdaşlıq etsin və tədricən Avropaya inteqrasiya olunsun. Amma Rusiya ikiqat tələ qurub. Həm regionda, o cümlədən Türkiyə ilə sərhəddə hərbi bazalar yerləşdirib, həm də Ermənistanı hamı ilə düşmən edərək özündən asılı saxlayıb. Bununla da həm Ermənistanın hər ehtimala qarşı Qərbə üz tutmasını önləyib, həm də ermənilərin öz xahişləri ilə bölgədə hərbi mövcudluğunu təmin edib.
Üçüncüsü, tələ elə qurulub ki, Ermənistanın daim müharibəyə hazırlaşmaqdan başqa çarəsi qalmır. Beləliklə, Rusiya silah bazarı əldə edir. Həm də Ermənistanın silahlanmasından ehtiyat edən dövlətlərə silah satmaq şansı qazanır. Məsələn, ermənilər kompakt yaşadıqları Gürcüstanın Axalkalaki ərazisini də qədim Ermənistan torpağı adlandırıblar və “Cavex” təşkilatı yaradaraq bu ərazini Ermənistana birləşdirməyi hədəf seçiblər. Belə olan halda Ermənistanın ərazi iddiası və silahlanması Gürcüstanı da silahlanmaya sövq edəcəkdir. Eyni fikri Azərbaycana da aid etmək olar. Amma çox məqsədəuyğundur ki, həm Azərbaycan, həm Gürcüstan zəruri hərbi potensialını NATO silahları hesabına qursun və nəticədə hərbi potensialı Rusiyadan asılı durumda olmasın.
Dördüncüsü, silah bazarı əldə etmək məsələsində də, Qarabağ münaqişəsinin davam etməsi səbəbinə başqa faydalar götürməkdə də ən çox maraqlı olan qüvvələrdən biri Rusiya Hərbi Sənaye Kompleksi (HSK) nomenklaturasıdır. Rusiya HSK nomenklaturası hərbi münaqişələr, bu münaqişələrə təsir imkanları vasitəsilə önə çıxmaq və ya hakimiyyəti nəzarətdə saxlamaq istəyir. Deməli, bu nomenklatura bütün münaqişələr daxil olmaqla Qarabağ münaqişəsinin uzanmasında maraqlıdır.
Beşincisi, Hərbi Sənaye Kompleksi nomenklaturası da daxil olmaqla Rusiya siyasi elitasının əhəmiyyətli bir hissə həm Qarabağ, həm də digər məsələlərdən istifadə edərək Türkiyəni qarşıdurmaya çəkmək istəyir. Rusiyanın qarışıq vəziyyəti və qaranlıq gələcəyi rus millətçilərini axırıncı radikal addımlardan belə çəkindirmir. Qara dəniz bölgəsində Türkiyə-Ukrayna tandeminə uduzan, Türkiyənin tədricən Cənubi Qafqaz və Orta Asiyaya Azərbaycan vasitəsilə təsir imkanlarının artmasını görən Rusiya məhz Azərbaycanın Qarabağı vasitəsilə Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyir.
Altıncısı, bu cür davranışla guya ki, Rusiya xristian Ermənistanı müsəlman-türk Azərbaycandan qoruyur. Bununla bir xristian təəssübkeşliyi blefini həyata keçirmək, bəzi Qərb dövlətlərinin dəstəyini almaq, Avropada itirilmiş imic və mövqelərini bərpa etmək istəyir. Bu məsələdə erməni lobbisinin gücündən də istifadə etmək məncə, pis alınmır. Rusiyanın bu davranışı çox vacib olan dinlərarası dialoqa da zərbədir. Dindən mənfi təzahürlü qarşıdurmanı dərinləşdirən siyasət naminə istifadə etmək olmaz.
Yeddincisi, bu və oxşar gedişlərlə Rusiya məhz özünün yaratdığı münaqişədə həm də bir sülhpərvər imic qazanmaq istəyir. Rusiya siyasətinin mahiyyəti əslində hər kəsə aydındır. Belə bir aydınlığın olması da Rusiyanın özünə aydındır. Buna görə, Rusiya imicində dəyişiklik etmək üçün sülhyaradıcı qüvvələri Qarabağda yerləşdirmək, münaqişəyə son qoymaq təşəbbüsləri ilə çıxış edir, dünya ictimai rəyində dəyişikliyə nail olmaq istəyir.
Səkkizincisi, Qarabağ da daxil olmaqla Qafqazlarda yaratdığı münaqişələri Rusiya bir də ona görə davam etdirir ki, Qafqaz xalqları daima bir-biri ilə düşmən olsun, Qafqaz Evi kimi ideyalar baş tutmasın. Qafqaz xalqlarının konsolidasiyası, Qafqaz dövlətlərinin birliyi Rusiyanın regiondan birdəfəlik getməsi deməkdir. Bu klassik “parçala və hökm sür!” metodu Qafqaz birliyinin qarşısını uğurla almaqdadır.
Doqquzuncusu, münaqişəli dövlətlərin Avropa təsisatlarına qəbulunun problemli olduğunu bilən Rusiya bölgədə bu cür münaqişələri, o cümlədən Qarabağ münaqişəsini saxlamaqla regionun sabit olmadığını Avropanın nəzər-diqqətinə çatdırır. Bununla da Avropaya inteqrasiya etmək istəyən Cənubi Qafqaz ölkələrinin Avropa təsisatlarına qəbulunu çətinləşdirir.
Onuncusu, Rusiya həm də bu situasiyadan alver məqsədilə istifadə edir. Münaqişəni yaradıb açarı əlində saxlayan Rusiya bir neçə nailiyyət əldə edib. Avropa Rusiyanın ciddi sabitsizlik törətməməsi naminə regiondakı iri iqtisadi layihələrində bu ölkənin də iştirakına şərait yaradıb. Azərbaycan özü də yuxarıda qeyd etdiyimiz kimi, xeyli güzəştlərə gedibdir. Əsasən neft strategiyasına Rusiya müdaxiləsi Qarabağ münaqişəsi ilə sıx bağlıdır. Türkiyə çox nəhəng bir qaz idxalatını nəzərdə tutan müqaviləni bağlamaqla əslində Rusiyanı sakitləşdirməyi hədəf götürüb. Yoxsa qaz idxalçısı olan Türkiyənin Rusiyadan enerji asılılığı heç də məntiqə sığmır. Qarabağ və oxşar münaqişələrdə dünyanın sivil ölkələrini narahat etməyi bacaran Rusiya öz iştirakı ilə böyük yeddiliyi böyük səkkizliyə çevirdi. Çox misallar göstərmək olar ki, bunlar Rusiyanın Qarabağ kimi münaqişələrin bitməsində maraqlı olmadığını sübut edir.
On birincisi, təbii ki, Rusiya düşünür ki, münaqişə uzandıqca və Azərbaycan ərazisinin 20%-i işğal altında qaldıqca, 9 milyonluq əhalisinin 1 milyonu qaçqın həyatı yaşamağa məcbur olduqca, Azərbaycan zəifləməkdə davam edəcək və təzyiqlərə daha az davamlı olacaq. Həm də SSRİ dağıldıqdan sonra Azərbaycan siyasi oriyentasiyasını Qərbə doğru birmənalı şəkildə çevirdiyindən, əhali daha çox Qərbin və ABŞ-ın köməyini görməyincə, öz doğma torpaqlarına qayıtmayınca həm Qərbə, həm də Qərb dəyərlərinə daha çox şübhə ilə, inamsızlıqla yanaşmağa başlayacaq. Bu isə Rusiyanın Azərbaycandakı planlarının, o cümlədən daxili durumla bağlı planlarının həyata keçməsi üçün çox münbit şərait yaradır.
Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi süni bir münaqişədir və Yeni Dünya Düzənini ciddi təhdid edir. Nəticə etibarilə ilkin fikrimizə qayıdırıq ki, bu, təkcə Azərbaycanın problemi deyil. Dünya bu həqiqəti anlamalı və haqqın yanında olmalıdır ki, qlobal təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll edilsin.

Fərəc Quliyev
Milli Məclisin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri

Geri dön