Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polad Bülbüloğlu hakimiyyətin siyasətinə qarşı çıxdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Polad Bülbüloğlu hakimiyyətin siyasətinə qarşı çıxdı

Polad Bülbüloğlu hakimiyyətin siyasətinə qarşı çıxdı


Rusiyadakı səfirimizdən qalmaqallı müsahibə; Erməni saytına müsahibə verən diplomat “Azərbaycanın da sülhdən başqa yolu yoxdur” deməklə təmsil olunduğu iqtidarın siyasi kursuna zidd açıqlamalar verdi; YAP-dan sərt reaksiya gəldi; Rusiyadakı səfiri seçkidən sonra kim əvəzləyəcək...


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ciddi qalmaqala səbəb olan müsahibəsi yayılıb. Səfir MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının Minskdə keçirilən 8-ci forumunda iştirak etmək üçün 13-16 sentyabrda Belarus paytaxtında olub. Bu səfər çərçivəsində o, Ermənistanın news.am saytına müsahibə verib. Səfir müsahibəsində Azərbaycan hakimiyyətinin illərdi apardığı təbliğata ciddi ziyan vuracaq ifadələr işlədib. Müsahibədən bəzi sitatlara diqqət yetirdikdə aydın görmək olur ki, səfir “sülh carçısı” kimi görünmək istəyib, amma bunun “dozasını” o qədər çox edib ki, Azərbaycanın haqq davası yada belə düşməyib. Bu isə Rusiya kimi strateji bir ölkədə Azərbaycanı təmsil edən diplomat üçün ciddi siyasi səhvdir, ölkəmiz adına isə böyük ayıbdır.


P.Bülbüloğlunun diplomatiyadan uzaq, incəsənət və kübar cəmiyyətə isə yaxın olduğu məlumdur. Amma P.Bülbüloğlu Azərbaycanı Rusiyada xalq artisti kimi deyil, səfir kimi təmsil etməyə görəvlidir...
P.Bülbüloğlunun müsahibəsindən bəzi məqamlara diqqət edək. “Hər iki tərəfdə düşmən obrazının yaradılması təhlükəli minadır. Onun partlaması gələcək nəsillərə də ziyan verəcək” deyən P.Bülbüloğlu təəssüflə bildirib ki, Azərbaycan və Ermənistan ziyalılarının tərəflər arasında etibarlılıq atmosferinin yaradılması üçün edilən təşəbbüsün davamı alınmır: “Amma biz bu təşəbbüsləri davam etdirməyə hazırıq və Azərbaycan tərəfi də bunda maraqlıdır. Biz dəfələrlə Rusiyanın bu sülh formatını və Minsk Qrupunun həmsədrlərini dəstəklədiyimizi də bəyan etmişik. Amma onlara sual vermək lazımdır ki, bu münaqişənin həllinə kim yardım edəcək? ”
Səfir bildirib ki, hər iki ölkələr və xalqlar arasında bir çox problemlər yığılıb qalıb. P.Bülbüloğlu: “Bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb. Bu gün dünyaya baxmaq lazımdır. Biz anlamalıyıq ki, bizdən başqa münaqişənin həllinə kömək edən tapılmayacaq. Buna görə yaşımızın bu çağında ağılla hərəkət etmək və danışıqlara başlamaq üçün təmas nöqtələrini axtarmaq lazımdır. Bir daha bildirirəm ki, bunun üçün lazım olan imkanlar hələ də bitməyib. Amma təəssüf ki, vaxt bizə qarşı işləyir”.
Səfir bildirib ki, dialoqu qaydaya salmaq üçün hər iki tərəfin ziyalılarının potensialından istifadə etmək lazımdır.
Səfirin müsahibəsinə dərhal YAP-dan reaksiya gəlib. Modern.az-ın məlumatına görə, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müsahibəni sərt tənqid edib: “Müsahibədəki müəyyən məsələlər sual doğurduğuna görə adıçəkilən Ermənistan saytına daxil oldum və müsahibənin orada dərc edilmiş variantı ilə tanış oldum. Cənab P.Bülbüloğlu erməni saytına müsahibəsində deyir: ”...Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq". O, səfirin müsahibəsindəki bu fikrindən çox narahat olduğunu dilə gətirib və məsələ ilə bağlı bir neçə sualı olduğunu bildirib: “Birinci, doğrudanmı, cənab səfirimiz belə müsahibə verib və Ermənistan saytında verilən fikirlər doğrudanmı ona məxsusdur və fikirləri təhrif edilməyib ki ? İkinci, nəyə görə Azərbaycan səfiri Ermənistan saytına müsahibəsində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini səsləndirməyib və qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımadığına etiraz etməyib?
Üçüncü və ən vacibi, niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır? Mətbuatımız torpaqlarımızı işğal edən qonşu dövlətə dostmu deməlidir, onun cəbhə xəttindəki provokasiyalarından susmalıdırmı, yoxsa Ermənistana dost və qardaş hisslərimi aşımalıdır? Niyə görə cənab səfir Azərbaycan gənclərinin torpaqlarımızı işğal edən Ermənistanın düşmən kimi tanımasını “partlayıcı mina” adlandırır və Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoyur ?" deyə, YAP-çı deputat qeyd edib.
Deputat deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana və ölkəmizə qarşı düşmən hərəkətlərini dayandırmayana qədər hər şey öz adı ilə adlandırılmalıdır və bu məsələdə Azərbaycan ziyalıları cəmiyyətə nümunə olmalıdır.
Qeyd edək ki, bu yaxınlarda görkəmli musiqiçi Fərhad Bədəlbəyli açıqlama verərək hər iki ölkə ziyalılarının qarşılıqlı səfərlərindən danışmış və “bir daha Şuşaya getməyəcəm” deyə, qəti mövqeyini bildirmişdi. P.Bülbüloğlunun bu müsahibəsində Azərbaycana ziyanlı məqamlardan ən əsası “Ermənistanın düşmən obrazının yaradılması” ilə bağlı söylədikləridir. Çünki Azərbaycan prezidenti də demək olar ki, hər çıxışında Ermənistanın işğalçı siyasətini ən sərt şəkildə tənqid edir. Prezident Azərbaycan mətbuatına da dəfələrlə çağırış edib ki, ölkəmizin haqq işində dəstək olsunlar. Məsələn, prezidentin bugünlərdə Ağdam qaçqınları ilə görüşdə dediklərini xatırlayaq: “Vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Şəhəri yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər - vəhşilər ediblər. Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
P.Bülbüloğlunun çarəsizcəsinə “bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb” deməsi də Azərbaycanın mənafelərinə və təmsil etdiyi hakimiyyətin apardığı siyasi kursa ziddir. Çünki illərdir ki, Azərbaycan hakimiyyəti işğalçı Ermənistanı müharibə ilə də hədələyir və ölkənin hərbi büdcəsi hər il müharibəyə hesablanaraq artırılır. Belə olan təqdirdə, Rusiyadakı səfirin ərazisi işğalda olan Azərbaycanın da “sülhdən başqa yolu olmadığını” deməklə ermənilərə ruh verib. Hər halda, bunu bir QHT nümayəndəsi deyil, səfir deyib...
Zaman-zaman ölkə mətbuatında P.Bülbüloğlunun geri çağırılacağı ilə bağlı informasiyalar yayılıb. Sankt-Peterburqdakı konsul Qüdsü Osmanov bir neçə ay əvvəl Azərbaycanın Rusiyadakı səfirliyində müavin təyin ediləndə də mətbuat yazmışdı ki, onu P.Bülbüloğlunun yerinə hazırlayırlar.
XİN-dəki bir mənbə isə bu mövzu ilə bağlı deyib ki,P.Bülbüloğlun seçkidən sonra mütləq əvəzlənəcək. Onun yerinə isə namizədlər çoxdur və onların sırasında seçkidən sonra formalaşacaq komandaya düşməyən nazirlər də ola bilər.

Geri dön