Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 ilini dəyərləndirib - HESABAT
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Almaniyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 ilini dəyərləndirib - HESABAT

Almaniyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 ilini dəyərləndirib - HESABAT


“Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətinə çevrilib”


Berlin Azad Universitetinin (BAU) Xəzər Regionu Araşdırmaları Mərkəzi Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən hesabat yayıb.



Oktyabrın 2-də Almaniyanın nüfuzlu “Qlobal Diplomatiya” analitik portalında dərc edilən hesabatın əsas hissəsi Azərbaycanın son 10 illik inkişafına həsr olunub.



Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi Almaniyada Xəzər regionu ölkələri barədə ən ətraflı tədqiqatlar aparan mərkəzlərdəndir. Mərkəz yalnız BAU-nun ekspertlərini deyil, Berlində fəaliyyət göstərən digər beyin mərkəzlərinin Xəzər regionu ilə bağlı tədqiqatlar aparan mütəxəssislərini də birləşdirir.



Sənədin müəllifi, Xəzər Regionu Araşdırmaları Mərkəzinin eksperti, tanınmış alman politoloq Mattias Dornfeldt qeyd edir ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal altında saxlama siyasətinə görə qonşuları Azərbaycan və Türkiyədən təcrid edilmiş vəziyyətə düşdüyü üçün regionun ən kasıb ölkəsinə çevrilib. Ermənistan və onun iqtisadiyyatının əsas sahələri Rusiya Federasiyasından və ona məxsus şirkətlərdən tam asılı vəziyyətdədir.



Son illər apardığı radikal özəlləşdirmə siyasəti ilə Azərbaycan və Qazaxıstandan külli miqdarda sərmayələr cəlb etməsinə baxmayaraq, Gürcüstan hələ də 2008-ci ildə Rusiya ilə etdiyi müharibənin fəsadlarını aradan qaldırmaq iqtidarında deyil. Müharibə nəticəsində Gürcüstanda infrastruktura böyük zərər dəyib və bu ölkə Rusiya bazarına girişdən məhrum olunub. Bu, xüsusilə Gürcüstanın aqrar sahəsinə daha çox təsir edib. Bundan əlavə, Baş nazir Bidzina İvanişvili ilə prezident Mixail Saakaşvili arasında gedən ölkədaxili çəkişmə Gürcüstanın iqtisadi inkişafına mənfi təsir göstərir.



Hesabatda deyilir ki, Azərbaycan özünün zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası, həmçinin hökumət tərəfindən planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionun ən güclü və inkişaf etmiş dövlətinə çevrilib. Müəllif xatırladır ki, SSRİ-nin süqutundan sonra ölkədaxili siyasi böhran və Dağlıq Qarabağ müharibəsinə görə Azərbaycan Cənubi Qafqazın ən geridə qalan ölkələri sırasında idi. Lakin qısa müddət ərzində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail olub. Prezident İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı bir-birinə zidd olan maraqlarından Azərbaycanın xeyrinə istifadə etməyi bacarıb, ölkənin beynəlxalq əlaqələrini, enerji ixrac və digər nəqliyyat marşrutlarını şaxələndirib.



Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə enerji xammalının postsovet ərazisindən dünya bazarlarına ixracındakı Rusiya monopoliyasına son qoyulub. Cənub enerji dəhlizinin isə geostrateji əhəmiyyəti yüksəlib. TAP və TANAP enerji bəndlərinin istifadəyə verilməsindən sonra ilk dəfə Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxacaq. Ölkənin güclü iqtisadi təməli siyasi stabilliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirir. Bütün bu nailiyyətlər son dövrlərdə Azərbaycan hökuməti tərəfindən əldə olunub.



Son 10 ildəki hadisələrin inkişafı göstərdi ki, regiondakı üç Qafqaz ölkəsi bir-birindən çox fərqlənir. Regional inteqrasiya prosesi müşahidə olunmur. Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə Azərbaycan regional iqtisadi mərkəz olmaqla Gürcüstana ən çox kredit verən və investisiya qoyan ölkədir. Belə ki, Azərbaycanın Gürcüstana qoyduğu yatırım artıq 3 milyard ABŞ dolları təşkil edir.



Təhlillər göstərir ki, Azərbaycan Qazaxıstan, Rusiya və Belarus arasında bağlanmış Gömrük İttifaqında və yaranmaqda olan Avrasiya İttifaqında öz gələcəyini görmür. Həmçinin bu Qafqaz respublikası üçün Avropa İttifaqı perspektivi də cəlbedici görünmür. Bu məsələdə Türkiyə ilə yaxından əməkdaşlıq edən ölkə kimi Azərbaycanı, Avropa İttifaqına tamhüququlu üzv qəbul olunması yolunda Ankaraya yaradılan maneələr ruhdan salır və Azərbaycan ictimaiyyətində Avropa İttifaqına qarşı inamsızlıq yaradır.



Hesabatda o da qeyd olunur ki, Ermənistan və Gürcüstandan fərqli olaraq öz təbii ehtiyatlarına güvənən Azərbaycan hökuməti Brüsseldən gələn maliyyə transferindən asılı deyil. Müəllif Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin son 10 ildə davamlı inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətini xüsusi vurğulayır.



On il əvvəl “qızılgül inqilabı” vaxtı və Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi dövrdə Gürcüstanda radikal özəlləşmə ilə iqtisadi yüksəliş, bazarın liberallaşdırılması və ölkəyə xarici kapitalın axını başladı. Bu gün dünya iqtisadi böhranının təsiri və Rusiya arasında baş vermiş avqust müharibəsi zamanı ərazilərinin itirilməsi nəticəsində Gürcüstan iqtisadi və siyasi təhlükəsizlik baxımından ağır vəziyyətə düşüb.



Azərbaycan torpaqlarının işğalı, Rusiya və İrandan olan iqtisadi asılılığı nəticəsində Ermənistan bütün iri regional layihələrdən kənarda qalıb. Bununla belə, Ermənistanın Azərbaycanda gedən iqtisadi yüksəlişdən pay almaq və regional iştirakçı olmaq şansı var. Bu məqsədə çatmaq üçün Ermənistan Dağlıq Qarabağ probleminin həllində sabiq prezident Levon Ter-Petrosyanın dövründə əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğunu göstərməlidir.



Hesabatın tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:



http://diplomatieglobal.de/

http://www.diplomatieglobal.de/archiv/2013/Politik_00028.html

Geri dön