Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev türk millətçilərinin namizədidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Fərəc Quliyev türk millətçilərinin namizədidir

Fərəc Quliyev türk millətçilərinin namizədidir


Həbib Ələkbərsoy: “Ölkədə hamıdan çox olan biz millətçilər millətçilik ideologiyasının qələbəsinə səs verəcəyik”


“Fərəc Quliyev dünya seçki tarixində bir ilkə imza ataraq, seçiciləri ona səs verməməyə çağırdı”


Ölkədə ən böyük kompaniya hesab olunan prezident seçkilərinə bir neçə gün qaldı. Artıq prezidentliyə namizədlərin təbliğat-təşviqatı yekunlaşmaq üzrədir. Bu kompaniyada ən geniş təbliğat-təşviqatı qurulan namizədlərdən biri, bəlkə də birincisi Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev oldu. O, fərqli bir üsul tətbiq edərək, bu günkü platformasının təbliği ilə bərabər həmin platformada göstərdiyi hər bir məsələ ilə bağlı bugünədək ortaya qoyduğu mövqe və apardığı mübarizəni təqdim edərək, hər bir verdiyi vədin həlli yollarını təqdim etdi. Bundan əlavə, şəhərlərdə onun seçki şüarlarını və plakatlarını təbliğ edən maşınlar dolaşır, tərəfdarları mənzil-mənzil seçki platformasını paylayır və daha çox bölgələrdə seçicilərlə bu və ya digər şəkildə görüşlər təşkil edirlər. Prezidentliyə namizəd Fərəc Quliyevin seçki kompaniyası və platforması ilə bağlı onun seçkilərdə səlahiyyətli nümayəndəsi, Dirçəliş Hərəkatı Partiyası sədrinin ideologiya və təbliğat məsələləri üzrə sədr müavini Həbib Ələkbərsoydan müsahibə götürdük. Səmimi münasibət yarandığından müsahibəm daha çox söhbətə bənzədi. Həmin müsahibəni sizə təqdim edirik:

Qeyd: Tanınmış yazar, ictimaiyyətçi, türkçülük ideologiyasını və Bütöv Azərbaycan məfkurəsinin aparıcı simalarından olan Həbib Ələkbərsoy dövlət orqanlarında yüksək vəzifələrdə çalışmış, bir neçə nüfuzlu qəzet və saytlara rəhbərlik etmiş və bir neçə telelayihənin layihə rəhbəri və məsləhətçisi olmuşdur. Türk millətçisi kimi tanınan H.Ələkbərsoy 1999-cu ildə yaranmış Gənc Türklər Hərəkatının, daha sonra isə həmin hərəkatın bazası əsasında yaranmış Türk Hərəkatı İctimai Birliyinin sədri olmuşdur. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideologiya və təbliğat məsələləri üzrə sədr müavinidir.

-Həbib bəy, prezidentliyə namizədlər arasında ən yaxşı təbliğat-təşviqatı qurulanlardan biri, bəlkə də birincisi Fərəc Quliyevdir...

-Hə, elə deyirlər.

-Partiyanızda təbliğatdan sorunlu sizsiniz deyəsən...

-Əgər seçkiylə bağlı nəzərdə tutursunuzsa, bu, bir peşəkar komanda işidi. Milli Dirçəliş Hərəkatı Partiyasında həm tanınmış siyasətçilər, işini bilən kadrlar cəmləşib, həm də partiya mənsublarının seçki təcrübəsi var. Ona görə də, bizim təbliğat-təşviqat kompaniyamız uğurlu alınır.

-Amma, jurnalistlər arasında sizin adınız çox hallanır...

-Yox bu, mətbuat nümayəndələrinin məni mətbuatdan daha çox tanıdıqları üçün əsasən mənə müraciət etmələrindəndir. Amma, partiyada mən ən az təcrübəsi olanam. MDHP mənim ilk siyasi mənsubiyyətimdir. Prezidentliyə namizəd Fərəc Quliyevin təbliğatı çoxşaxəli qurulub.

-Bəs, seçkilərdə namizədinizin şansını necə dəyərləndirirsiniz?

-Əvvəla onu qeyd edim ki, Fərəc Quliyev millətçi ideologiyanı hakimiyyətə daşımaq iddiasında olan bir namizəddir. Bu da öz növbəsində onun bir partiyanın deyil, bir düşərgənin namizədi olması anlamına gəlir. Namizədlər arasında sırf millətçilik mövqeyi ilə seçilən Fərəc Quliyev Azərbaycandakı bütün türkçü- millətçi düşüncə sahiblərinin bu seçkilərdəki namizədidir. Fərəc Quliyevin bu seçkiylə bağlı bir ifadəsini diqqətinizə çatdırmaq istəyirəm. O, deyir ki, “ətrafınıza baxsanız, görəcəksiniz ki, biz digərlərindən çoxuq!” “Biz” deyəndə o, millətçi ideologiyanın daşıyıcılarını, “digərləri” deyəndə isə, kosmopolitləri, imperiya qullarını, liberalları və digər ideoloji düşüncə sahiblərini nəzərdə tutur.
Mən inanıram ki, ölkədə hamıdan çox olan biz millətçilər hansı partiyada, hansı təşkilatda bu və ya digər şəkildə təmsil olunmağımızdan asılı olmayaraq, millətçilik ideologiyasının qələbəsinə səs verəcəyik.

-Fərəc Quliyev seçilərsə, millətçi iqtidar olaraq hansı islahatları nəzərdə tutursunuz?

-Dövlətin siması tamamən dəyişiləcək! İlk növbədə Azərbaycanın bayrağında ifadə olunan prinsiplərin tam aliliyi tətbiq olunacaq. İctimai Televiziyada prezidentliyə namizədlərin sonuncu debatında Fərəc Quliyev dünya seçki tarixində bir ilkə imza ataraq, seçiciləri ona səs verməməyə çağırdı. O, kimlərə ünvanladı həmin müraciəti diqqət etdinizmi?! “Azərbaycana dost olmayan ölkələrin baltasına sap olanlar”, “etnik, dini və s. bölüçülər”, “Bütöv Azərbaycançılıq ideyasına qarşı olanlar”, “büdcəni israfçılıqla dağıdanlar, karrupsionerlər, manopolistlər”, “əsgəri öz övladi kimi görməyən zabit və generallar”, “böyük və balaca oğrular”, “narkotika ticarətçiləri”, “ölkəyə keyfiyyətsiz ərzaq və dərmanları gətirənlər”, “ateistər”, “savaşdan qorxub, Qarabağdan imtina edənlər”. Fərəc Quliyev debatdakı sonuncu çıxışında bunları sadalayaraq bəyan etdi ki, bu yolları seçənlər mənə səs verməsin, çünki bizim hakimiyyət bu sadalananların hamısının kökünü kəsəcək! Baxın, bunlarsız Azərbaycanın simasını necə təsəvvür edirsinizsə, millətçilərin hakimiyyəti ölkəmizə onu verəcək. Fərəc bəyin son debatdakı çıxışı əslində elə bizim hakimiyyət konsepsiyamız idi. Soruşduğunuz islahatlar məhz onlardan ibarətdir.

-Fərəc Quliyev həm də döyüşçüdür. Ermənistan-Azərbaycan müharibəsi iştirakçısının prezident seçkilərinə qatılması ictimai diqqəti ən çox onun bu müharibə barədə olan planlarına yönəldir.

-Bütün istiqamətlərdə olduğu kimi, müharibə ilə bağlı da Fərəc Quliyev prezident seçkiləri üçün əvvəllər bəyan etdiyi prinsiplərdən fərqli bir proqram təqdim etməyib. Müharibə barədə Fərəc Quliyevin seçki platforması, onun bu günədək verdiyi bəyanatlar, Milli Məclisdə səsləndirdiyi təkliflər və beynəlxalq təşkilatlardakı tələblərindən ibarətdir. F.Quıliev müharibənin münaqişə kimi uzadılmasına qarşıdır və ən sərt formada münaqişənin qısa zamanda hər hansı bir yolla həll olunmasında maraqlıdır. Danışıqlarla bağlı ilk növbədə o, münaqişənin Qarabağ yox Ermənistan-Azərbaycan müharibəsi adlanmasını tələb edir. F.Quliyev münaqişənin həllində Avropa Birliyinin roluna üstünlük verilməsini daha əhəmiyyətli hesab edir. Bizim hakimiyyətdə ATƏT-in Minsk Qrupu informativ yardımçı rolda olması şərti ilə, AB-nin əsas rolda olması imkanları araşdırılacaq və münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinə cəlb olunacaq. Bundan əlavə, hökumət BMT-yə öz tərəfindən qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət edəcək və Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyünün səlahiyyətlərindən yetərincə yararlanacaq. Ən qısa zamanda sülhə nail olunmasa, biz torpaqlarımızın alınmasında ölkəni tam səfərbər edəcəyik. F.Quliyev axırıncı debatda bu barədə demək olar ki, son sözünü demiş oldu. O bildirdi ki, müharibədən qorxub, Qarabağdan vaz keçənləri bağışlamayacaq, əgər Azərbaycanın bütün imkanları tükənib partizan müharibəsinə çevrilsə belə, Ali baş komandan kimi partizanların yanında olacaq. Bu yolla da olsa Qarabağı alacaq. Təbii ki, bu plan yox, mövqeyin ifadəsidir. Fərəc Quliyev MM-in Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvüdür. O, Azərbaycanın hərbi qüdrətini yaxından müşahidə edən biridir və dəfələrlə bəyan etmişdir ki, biz ərazi bütövlüyümüzü, ordumuzun gücünə, çox qısa zamanda bərpa etmə gücündəyik.

-Xarici siyasətinizdə hansı priaritetlər nəzərdə tutulub?

- Xarici siyasətdə hazırkı müttəfiqlərimizlə münasibətləri olduğundan daha da qabağa aparmaqla bərabər, bloklaşma istiqamətində yönü Türk dünyasına yönəltmək əsas prinsipdir. Platformamızda Türk ölkələri arasında əsasən iqtisadi, siyasi və hərbi sahələri əhatə edən bir birliyin yaranması istiqamətində digər türk dövlətləri ilə çoxşaxəli danışıqlara başlamaq, həmin birlik çərçivəsində Türk dövlətləri arasında viza rejimini tamamən aradan qaldırmaq, vahid pul əskinasının yaranmasına, vahid ordu birləşməsinin qurulmasına nail olmaq, Türk Ölkələri Parlament Assamblyesanın məsləhətçi qurumdan, qərar qəbuledici quruma çevrilməsi və bütün türk dövlətlərinin bu Assambleyaya qatılması üçün layihələr hazırlamaq və s. kimi məsələlər var.
Bu istiqamətdə bizim patiyada Türk Dünyası Departamenti fəaliyyət göstərir. Biz hesab edirik ki, yaranması qaçılmaz olan Türk Birliyi dünyanın ən böyük güc mərkəzinə çevriləcək. Təsəvvür edin, əgər razılaşdırıldığı kimi 2,5 milyonluq türk ordusu yarandıqdan sonra, üstəgəl yeddi türk dövləti bütün hərbi baza və canlı qüvvəsilə ona dəstək verdikdən sonra bizim millətə Qarabağ kimi, yaxud PKK kimi problemləri kim yaratmağa cürət edər və bunların həlli bizim üçün nə qədər asan olar. Türk Birliyi həm də iqtisadi blok kimi güc mərkəzinə çevriləcək. Çünki, Türk ölkələrində olan potensial və enerji qaynaqları buna bəs edir.
Lakin, bir məqamı diqqətinizə çatdırım ki, Türk Birliyini yaratmaq istəməyimiz bizim hakimiyyətin qərbə dövlət münasibətimizin dəyişəcəyi anlamına gəlməməlidir. Məgər Avropa Birliyi yarananda ABŞ-ın Avropadakı müttəfiqləri bu dövlətlə münasibətləri azaltdılarmı?! Əlbətdə ki, yox. Əksinə, münasibətlər daha da möhkəmləndi. Lakin, bərabərhüquqlu olaraq. Bizim hakimiyyət də, eləcə. Biz Qərblə münasibətlərin daha da yaxşılaşması marağındayıq. Biz həm Avropa ölkələri, həm Amerika Birləşmiş Ştatları, həm də İsraillə münasibətlərin bu gün olduğundan daha da geniş miqyasda olmasında maraqlıyıq. Lakin, bərabərhüquqlu şəkildə.

Müsahibəni götürdü
Nurlan Məmmədli

Geri dön