Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Baş Prokurorluqdan Milli Şuraya mitinq xəbərdarlığı
Baş Prokurorluqdan Milli Şuraya mitinq xəbərdarlığı |
Oktyabrın 12-də Bakıda icazəli mitinq keçirəcək "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupu üzvlərinə Bakı şəhər prokurorluğu tərəfindən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupu üzvləri olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Rafiq Daşdəmirov, Müsavat Partiyasından Mustafa Hacılı Bakı şəhər prokurorluğuna çağırılıblar. Onlara bildirilib ki, təşkilatçılar kimi onlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 12 oktyabr 2013-cü il tarixdə, saat 16:00-dan 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küç., 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Kompleksinin stadionunda Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüş keçirməsi üçün icazə verilməsini xahiş ediblər. Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev onların diqqətinə çatdırıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, bu müraciətə müsbət cavab verilib və toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət olunması tövsiyə olunub. F.Həsənəliyev mitinq təşkilatçılarına izah edib ki, toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaq. O, mitinq təşkilatçılarının nəzərinə çatdırıb ki, belə hərəkətlər Azərbaycan Respublikası CM-nin 169 (toplantıları keçirmə qaydasını pozma), 220 (kütləvi iğtişaş) və 233-cü (ictimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaradır. Sonda mitinq təşkilatçılarına qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında yazılı xəbərdarlıq edilib. Xəbərdarlıqda deyilir: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcək". Geri dön |