Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan azərbaycanlıları kimə səs verəcək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstan azərbaycanlıları kimə səs verəcək?

Gürcüstan azərbaycanlıları kimə səs verəcək?


Gürcüstan oktyabrın 27-də prezident seçir. Mübarizənin baş nazir Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” hərəkatından Georgi Margvelaşvili ilə prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkatından David Bakradze arasında gedəcəyi proqnozlaşdırılır.

Gürcüstanda yaşayan azərbaycanlılar bu seçkidə səslərini kimə verəcəklər?

Bu sual Gürcüstandakı siyasi dairələri ciddi düşündürür. Çünki Gürcüstanda, müxtəlif mənbələrə görə, 300-350 min arasında azərbaycanlı yaşayır. Gürcüstanın əhalisi təxminən 4 milyon 500 min nəfərə yaxındır. Odur ki, hər seçkidə azərbaycanlıların səsi böyük əhəmiyyət kəsb edir. Bu səslər qalibi müəyyənləşdirmək gücündədir. Buna görə də Bakradze ilə Margvelaşvili arasında azərbaycanlıların səsi uğrunda əsl mübarizə gedir. Hər ikisi azərbaycanlıların kompakt yaşadıqları bölgələrə səfərlər edərək yerli əhalinin həyat səviyyəsini yaxşılaşdıracaq vədlər verirlər.

Böyük ehtimalla azərbaycanlıların əksər hissəsi Margvelaşvilini dəstəkləyəcək. Son rəy sorğuları da göstərir ki, onun qələbə çalmaq şansı daha yüksəkdir. Azərbaycanlılar isə həmişəki kimi qalibin yanında olmaq istəyirlər. Əlbəttə, Saakaşvili azərbaycanlılara isti münasibətini gizlətmirdi və bəzi problemlərin həllinə təkan verdi. Ancaq Gürcüstan azərbaycanlılarının ən vacib problemi – torpaq mülkiyyəti məsələsi Saakaşvilinin prezidentliyi dövründə də həll olunmadı.

Azərbaycanlılar keçmiş illərdə də əsasən hakimiyyətdə olan qüvvələrə səs verirdilər. Bu seçimdə rəsmi Bakı da onları dəstəkləyirdi. Məsələn, Eduard Şevardnadze hakimiyyətdə olduğu illərdə rəsmi Bakı Gürcüstanda yaşayan azərbaycanlıları məhz ona səs verməyə çağırırdı. Ona görə də Saakaşvili Şevardnadzeyi istefaya məcbur etdikdə Azərbaycan hakimiyyəti bir anlığa özünü itirdi, qonşu ölkədə kimə dəstək verilməsi məsələsində tərəddüd keçirdi. Ancaq bir müddət sonra Saakaşvili ilə isti münasibətlər qurularaq ona hərtərəfli dəstək verilməyə başlanıldı, ortaq layihələr və Azərbaycanın Gürcüstana maliyyə yatırması artdı.

Bunun müqabilində Saakaşvili də Azərbaycan hakimiyyətinə minnətdar olaraq bu ilin iyulun 30-da Tiflisdə toplanan Azərbaycan müxalifətini kəskin tənqid etdi. Gürcüstan prezidenti “Rusiyaya bağlı Azərbaycan müxalifətinə” Tiflisdə tədbir keçirməsinə şərait yaratdığına görə hökuməti qınadı. Halbuki bu məsələdə Gürcüstan hökumətinin heç bir rolu olmamışdı. Bununla Saakaşvili iki məqsədinə çatmağı düşünürdü. Birinci məqsəd Azərbaycan hakimiyyətinin gözünə xoş görünmək idi. Saakaşvilinin ikinci məqsədi isə rəqabətdə olduğu baş nazir İvanişvilini Azərbaycan hakimiyyəti ilə münasibətlərə diqqət yetirmədiyi görüntüsü yaratmaq idi.

Saakaşvilinin azərbaycanlı həmkarı İlham Əliyevin ünvanına xoş jestlər etməsinə baxmayaraq Azərbaycan hakimiyyəti Gürcüstandakı seçki prosesinə qarışmaq istəmir, bu ölkədə yaşayan azərbaycanlıları Saakaşvilinin namizədi Bakradzyeə səs verməyə çağırmağı düşünmür. Margvelaşvilinin seçilmək şansı yüksəkdirsə, Bakı niyə onunla indidən münasibətləri neqativ əsasda qursun ki? Əlbəttə, İvanişvili Saakaşvili qədər Bakıya simpatik deyil, baş nazirin Rusiya və Ermənistanla yaxınlaşmaq istəyi, prezident Əliyevin önəm verdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə lazımi diqqət göstərməməsi, əksinə, Rusiya-Gürcüstan-Ermənistan dəmir yolunu açılmasına meyllənməsi Azərbaycan hakimiyyəti və cəmiyyətində birmənalı qarşılanmır. Ancaq Bakı İvanişvili və onun tərəfdarlarının reytinqinin yüksək olması amili ilə də hesablaşır.

Bu o demək deyil ki, Bakı Saakaşvili ilə yolları ayıracaq. Saakaşvili partiyasının rəhbərliyinə gələrək növbəti parlament seçkisinə hazırlaşır. Gürcüstan Konstitusiyasına edilən dəyişikliklərə görə isə parlamentin və baş nazirin funksiyaları artıb. Odur ki, qeyri-müəyyən gələcəkdə Saakaşvilinin baş nazir olmaq ehtimalı yüksəkdir. Deməli, Bakı Saakaşvili ilə bütün hallarda təmas kanallarını açıq saxlayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Geri dön