Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya istiqaməti bizə yaxşı heç nə vəd etmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Siyasi partiyalar > Rusiya istiqaməti bizə yaxşı heç nə vəd etmir

Rusiya istiqaməti bizə yaxşı heç nə vəd etmir


Həbib Ələkbərsoy: “Hələ dəqiq deyil - amma məndə olan məlumata görə, Orxana Rusiya dövlətinin təyin etdiyi vəkil Viktor Anuşkin erməni əsillidir”


Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoydur. Həbib Ələkbərsoyla Rusiyadakı məlum miqrant məsələsini və Orxan Zeynalovun şübhəli bilindiyi məlum cinayət hadisəsi barədə söhbət etdik.
Ümumiyyətlə Rusiyada azərbaycanlı miqrantlara qarşı baş verən hadisələrlə bağlı siyasilərin münasibəti o qədər də gözə dəymir. Xüsusən millətçi mövqeyi ilə seçilən MDHP funksionerinin məsələyə münasibəti olduqca fərqli və maraqlı oldu:

-Həbib bəy, Orxan Zeynalov “cinayəti” və bununla da Rusiyada yaşayan azərbaycanlılara qarşı başlayan təzyiqlərlə bağlı hadisələri partiyalarımız elə bil susqunluqla qarşılayırlar.
-Birinci, bu hadisədə hələlik cinayətkar olan Orxan yox, Rusiya hökumətidir. Çünki, Orxanın cinayət törətməsi hələ sübut olunmayıb. Lakin Orxana qarşı Rusiyanın dövlət orqanları açıq cinayət törədiblər və bunu bəyan ediblər. Buna görə Rusiya qanunları ilə ona dövlət orqanları kompensasiya ödəməlidir. Amma, bir şeyi nəzərə alın ki, Orxana qarşı olan davranış çəkilib nümayiş olunduğu üçün müzakirə mövzusu oldu. Lakin, Rusiya hökumətinin miqrantlara qarşı bizim görmədiyimiz saysız-hesabsız, bundan daha pis davranışları var. Onlar dünyaya bəyan etdikləri görüntülərdə belə davranırlar, indi görün kameranın arxasında azərbaycanlılara qarşı bu dövlətin hansı münasibəti var. Əslində hansı münasibətin olduğu hər bir azərbaycanlıya bəllidir, bu barədə nəsə deməyə heç ehtiyac yoxdu...
Partiyaların mövqeyinə gəlincə isə, Milli Dirçəliş Hərəkatı Partiyasının azərbaycanlı miqrantlarla bağlı mövqeyi partiya yaranandan konseptual olaraq ortadadır. Bu gün hadisələr məcrasından çıxandan sonra MDHP-nin mövqeyində nə qədər haqlı olması təsdiq olunur. MDHP illərdir ki, Rusiyaya yalniz gündəlik çörək qazanmağa gedən soydaşlarımızın ölkəmizdə çalışma ,yaşama şəraitinin yaradılması vacibliyini bəyan edir. Bununla bağlı MDHP sədri Fərəc Quliyev millət vəkili kimi Milli Məclisdə də təklif irəli sürdü ki, Rusiyada yaşayan milyonlarla bu qəbildən olan miqrantımıza vətəndə şərait yaradılmalıdır. O, bunun konsepsiyasını da təqdim etdi ki, Avropada illik 3 faizlə idarə olunan Dövlət Neft Fondunun vəsaitləri ölkəyə gətirilsin və bölgələrdə gənclərə elə həmin faizlə istisnasız olaraq kreditlərin verilməsinə başlansın. Bu, həm regionların iqtisadi inkişafına təkan olar, həm demoqrafik prosesi tənzimləyər, həm də milyonlarla xaricə cüzi qazanc dalınca gedən gənclərin geri dönüşünə zəmin yaradar. Bunlardan əlavə, MDHP sədri çıxışlarında dəfələrlə bildirmişdi ki, gənclərimizin qazanc üçün Rusiyaya üz tutması nə qədər ailələrimizin dağılmasına, qızlarımızın ailə qura bilməməsinə səbəb olur. Lakin, onlar üçün burada fəaliyyət göstərmək və dolanmaq üçün minimum şərait yaradılsa, Rusiyada yaşayan həmin azərbaycanlı “ordusu” vətənə geri dönər və dövlətimiz onların əməyindən və bacarığından lazımınca yararlanar. Eyni zamanda sadaladığımız böhran da aradan qalxar. Fərəc Quliyev ötən prezident seçkilərində bunu seçki platformasına da daxil etmişdi. İndi isə onun təklifinin nə qədər vacibliyi və zamanında irəli sürülməsi öz təsdiqi tapmaqdadır.
Heç kimə sirr deyil ki, Orxana qarşı olan münasibət baş vermiş cinayətlə bağlı deyil. Birincisi, bayaq qeyd etdiyim kimi, Orxan hələ cinayətkar yox, şübhəli şəxsdir. İkincisi də ki, hətta onun şübhəli bilindiyi cinayəti törətməsi təsdiq olunsa belə bu, ona qarşı həmin davranışlara haqq vermir. Bizim gördüyümüz münasibət cinayətkara və ya şübhəli şəxsə olan münasibət deyil, bu, azərbaycanlıya olan münasibətin ifadəsidir.
Ona görə də, Azərbaycan dövləti ilə vətəndaşları arasında qarşılıqlı himayə mexanizmini prioritet sayırıq və MDHP olaraq biz bu gün hadisələr baş verəndən sonra yox, hələ neçə vaxtdır ki, problemin əvvəlcədən həll edilməsiylə bağlı müxtəlif səviyyələrdə təkliflərlə çıxış etmişik. Günlük reaksiyaya gəlincə isə Partiya sədri həm televiziya, həm mətbuatda msələyə dərhal münasibət bildirib.

-Siz ümumiyyətlə Rusiyadakı azərbaycanlıların geri qayıtmasını istəyirsiniz? Axı, hər il həmin miqrantlar sayəsində ölkəyə milyardlarla vəsait daxil olur. Bəlkə onların Rusiyada hüquqlarının qorunması, onlara Rusiyada dövlət münasibətinin dəyişməsinə nail olmaq daha effektli variantdır?
-Birincisi, sözügedən vəsait milyardlarla deyil, yarım milyardır. Bəli, əvvəllər bu məbləğ siz dediyiniz kimi çox idi. Lakin, ötən il üçün bu rəqəmin cəmi yarım milyard dollar olması rəsmən təsdiqlənib. Bu vəsaitə görə Azərbaycan kişisini “OMON”-un təpiyinin burnuna verməyə dəyərmi, iki gündən bir Rusiyadan cənazə qarşılamağa dəyərmi, illərlə övladların valideynlərinin-valideynlərin övladlarının üzünə həsrət qalmasına dəyərmi, ailələrin dağılmasına, insanımızın Vətənindən didərgin düşməsinə dəyərmi? Biz Rusiyada yaşayan bütün soydaşlarımızın deyil, yalniz günlük çörək qazanağa görə vətəndən didərgin düşənlərin təklif etdiyimiz formada oradan çıxmasının tərəfdarıyıq. Fərəc Quliyev də çıxışlarında bunu qeyd edib - Rusiyanın miqrantlara qarşı sərt mövqeyi azərbaycanlı gənclərin Rusiyada yaşamaq hüququ qazanmaq üçün bu ölkənin vətəndaşları ilə nigaha girməyə məcbur edir. Bu isə onun həmişəlik həmin ölkəyə bağlanmasına səbəb olur. Bunlar Rusiyanın bizə qarşı yürütdüyü siyasətin tərkib hissələridir. Bayaq qeyd etdiyim kimi, təmsil olunduğum partiyanın onların Azərbaycanda yerləşdirilməsiylə bağlı hazır konsepsiyası mövcuddur. Lakin, şəxsi mövqeyimi də bura əlavə edim ki, mən Rusiyanı Azərbaycan üçün heç bir sahədə istiqamət hesab etmirəm. Bilirsiz, Rusiya demokratik bir dövlət deyil. Bu dövlətin həm daxili idarəçilik problemi var, həm də bizə qarşı imperiyaçılıq siyasəti. Ona görə Rusiya istiqaməti bizə yaxşı heç nə vəd etmir. Əgər Azərbaycan inkişaf etməkdə olan ölkə kimi hər hansı miqrasiya siyasəti yürütməyə məcburdusa, bu istiqamət mütləq və mütləq inkişaf etmiş ölkələr olmalıdır. Nümunə olaraq qonşu Türkiyəni göstərmək istəyirəm. Bu ölkə inkişaf mərhələsində miqrasiya siyasətini başda Almaniyaya olmaqla, Qərbə yönəltdi. Sonradan həmin miqrantlar hesabına Türkiyə Avropa iqtisadiyyatında söz sahibinə çevrildi. Eyni zamanda ölkənin inkişafında da miqrantların xüsusi rolu oldu.

-Siz əgər geniş mənada nəzərdə tutursunuzsa Rusiyada böyük elm xadimlərimiz, iri sahibkarlarımız var...
-Nurlan bəy, özünüz məntiqlə yanaşın: bəyəm Rusiya elmə Qərbdən çoxmu dəyər verir? Sahibkarlığa gəlincə isə, hamıya məlumdur ki, Rusiyadakı azərbaycanlı iri sahibkarlara istənilən vaxt qeyri –qanuni problemlər yaradılır. Bir çoxları isə tam şəkildə dövlətdən asılı vəziyyətdədirlər və müxtəlif proyektlərlə o dövlətin girovuna çevriliblər. Məsələn “Milyarderlər klubu” layihəsini göz önünə gətirin. Kiçik sahibkarlar da kriminal qrupların oyunlarının ortasında girova çevriliblər. Heç birinin də təhlükəsizliyinə zərrə qədər təminat yoxdur. Bu qədər sahibkarımız öz vəsaitlərini Azərbaycan və burdan da Qərbə doğru investisiya kimi yatırsalar, yaxın gələcəkdə olduqca böyük nəticələr əldə olunar. Ümumiyyətlə, Rusiyada insan faktorunun dəyəri aşağıdır, üstəgəl də dövlətin şovinist siyasəti var. Bunların qarşılığında hansısa azərbaycanlıya hansısa dəyərin verilməsindən necə söhbət gedə bilər?! Ümumiyyətlə, mən düşünürəm ki, Qərbə yönəlik miqrasiya siyasəti bizim üçün perspektiv vəd edir.

-Yeri gəlmişkən sözügedən hadisələrin biznes maraqları üzərində əvvəlcədən qurulmasıyla bağlı da versiyalar səsləndirənlər var.
-Qurulma deyəndə ki, planlı olması danıla bilməz ki. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhv etmirəmsə, təxminən belə bir ifadə işlətdi ki, bəyəm Orxan Zeynalov hansısa kosmik tədqiqatlar institutunda işləsəydi, cinayətdə şübhəli bilindiyinə görə həmin institut bağlanmayacaqdı ki, bazarda işlədiyi üçün bazar niyə bağlanır bəs?! Ümumiyyətlə, hadisələrin qeyri-normal sürətli inkişafı, təqdim olunan dəlillər və göstərilən münasibət qurulmuş, həm də qeyri-peşəkar təşkil olunmuş bir plan olmasını deməyə əsas verir. Xüsusən qətldən sonra bazarda baş vermiş hadisələrdə ermənilərin xüsusi aktivlik etmələri barədə ortaya çıxan görüntülər də maraqlı məqamlardan xəbər verir. Hələ dəqiq deyil - amma məndə olan məlumata görə, Orxana Rusiya dövlətinin təyin etdiyi vəkil Viktor Anuşkin erməni əsillidir.
Biznes maraqlarına gəlincə isə, bu barədə gəlin sizə Fərəc Quliyevin bir neçə ay əvvəlki bir çıxışını xatırladım. Rusiyada azərbaycanlıların “milyarderlər ittifaqı” adlanan qeyri-müəyyən bir qurumu yarananda Fərəc Quliyev bəyan etdi ki, bu Rusiya hökumətinin ordakı azərbaycanlı iri sahibkarlarla Azərbaycan dövləti arasında olan bağlılığı pozma siyasətidi. Rusiyadan asılı olan sahibkarları təzyiq altında Azərbaycan hökumətinə qarşı bir cəbhədə birləşdirməklə münasibətlərin pozulmasına nail olacaqlar. Həmin iş adamları bir daha azərbaycana vəsaitlərini yatıra bilməyəcəklər. Bu vəsait həmişəlık Rusiyada qalacaq. Seçkilərdən sonra isə onlara qarşı istədikləri kimi davranacaqlar. Sizcə həmin hadisələr baş vermirmi, bu proqnoz özünü doğrultmadımı? Artıq, bildiyiniz kimi iki azərbaycanlı iri sahibkarın obyektləri qapadılıb və məlum məsələdir ki, onların geri qaytarılacağı inandırıcı deyil.
Baxın, indi görürsünüz biz nə barədə danışırıq? –Siz özünüz belə artıq mənim bayaqdan ifadə etdiyim, Rusiya haqqında ortaya qoyduğum portiretin içində suallar verirsiniz. Çünki, Rusiya bax, bu cür söhbətlərin ünvanıdı.

-Amma, bu hadisələrlə bağlı hökumət hərəkətə keçsə də siyasi partiyalardan və ictimai təşkilatlardan konkret mövqe nümayiş etdirən bəyənatlar səslənmədi.
-Hökumət yox, buna dövlətin mövqeyi deyək. O.Zeynalov Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan dövləti onun hüquqlarını qorumalıdır. Mən nəinki Rusiyada, ümumiyyətlə dünyada vətəndaşlarımızın hüquqlarının qorumasını qənaətbəxş hesab etmirəm. Partiya və təşkilatlara gəlincə isə, mən yalnız MDHP adından deyə bilərəm ki, biz bir neçə ay əvvəlcədən proseslərin xeyrimizə işləmədiyi barədə mövqeyimizi bəyan etmişik və hadisələri qabaqlamaq üçün Fərəc Quliyev şəxsən və partiya adından təkliflərini irəli sürüb. Sadəcə, bunlar bizim milli faciələrimizdi deyə, əvvəlcədən proqnozlaşdırdığımız hadisələrin gerçəkləşməsindən dolayı bəyanatlarla gündəmə çıxmaq istəmirik. Bu davranış, faciədən istifadə etmək kimi görünər. Fürsətçillikdən və papulyarlıqdan uzaq bir xəttimiz var bizim. Bız heç vaxt partiya maraqlarımızı milli maraqlar üzərində tutan neqativ siyasət yurutmərik, bizə görə özünü gündəmdə saxlamaq naminə fürsətçillik və papulyarlıq qəbul olunan deyil. Hadisələrlə bağlı partiya mütəmadi müzakirələr aparır, hökumət və Milli Məclis qarşısında təkliflərimizə baxılması barədə müraciətlər edir, institutlaşmış bir siyasət yürüdürük.

Müsahibəni götürdü:
Nurlan Məmmədli

Geri dön