Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhərrəm ayı başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Məhərrəm ayı başladı

Məhərrəm ayı başladı


Azərbaycanda Məhərrəm ayı başladı.
Yeni 1435-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə təsadüf edir. Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir.
Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayının başlanması ilə bağlı fitvasında deyilir: "Bu ayın, Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseynin (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir".
Aşura günü noyabrın 14-nə təsadüf edir. Fitvada vurğulanıb ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir:
"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır. Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş, xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcək".
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Aşura günü hər kəs qanun çərçivəsində hərəkət etməlidir: "Azərbaycanın da özünün qanunları var. Aşura günü küçələrdə qanunsuz olaraq hərəkət etmək, yürüşlər etmək olmaz. Bu kimi məsələlərdə ehtiyatlı olmalıyıq və biz şəhadəti məscidlərin daxilində, həyətində olan imkandan istifadə edərək keçirməliyik. Bizə küçə yürüşlərinə qəti icazə verilmir və biz də onu istəmirik. Bu gün bizim iki minə yaxın məscidimiz var və bu, yetərlidir. Hələ məscidlərin yarısını doldurmamış, bir də görürsən ki, bir dəstə yığışıb küçələrə çıxır. Bu, düzgün deyil".

Geri dön