Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ekspert: Yaşayış minimumu göstəriciləri reallığı əks etdirmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ekspert: Yaşayış minimumu göstəriciləri reallığı əks etdirmir

Ekspert: Yaşayış minimumu göstəriciləri reallığı əks etdirmir


Milli Məclisdə 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri müzakirə olunub. Gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert Qalib Toğrul “Media forum” saytına deyib ki, 2014-cü il üçün yaşayış minimumunun ölkə və 3 sosial-demoqrafik qrup üzrə artırılması ümumilikdə müsbət haldır: “Çünki bu, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsini xarakterizə edən əsas göstəricidir. Ümumilikdə tendensiyanı müsbət qiymətləndirsəm də, yaşayış minimumunun məbləği ölkənin iqtisadi inkişafı, həyat səviyyəsinin yüksəlməsi barədə səsləndirilən rəsmi məlumatlarla uyğunsuzluq təşkil edir”.

Qalib Toğrul bildirib ki, yaşayış minimumu istehlak səbəti ilə birbaşa əlaqəli olmalı, səbətdə yer alan ərzaq, qeyri-ərzaq və xidmət normaları əsasında hesablanmalıdır: “Ancaq ölkəmizdə yaşayış minimumunun məbləğinin artırılması mexanizmi və bu ətrafda aparılan müzakirələr göstərir ki, bu göstəricinin heç bir iqtisadi əsaslandırması yoxdur. Sadəcə, rəsmilər bu artımla əhalinin rifahı və həyat səviyyəsi sahəsində də yerimizdə durmadığımızı, irəlilədiyimizi sübut etmək istəyirlər”.

Ekspertin fikrincə, Azərbaycanda yaşayış minimumu göstəriciləri reallığı əks etdirmir: “Bizim hesablamalara görə, bu rəqəm əməkqabiliyyətli əhali üçün 200 manat civarında, pensiyaçılar və uşaqlar üçün isə 150 manatdan yüksək olmalıdır. Beynəlxalq prinsiplərlə yanaşanda əməkqabiliyyətli əhali üçün yaşayış minimumu orta aylıq əməkhaqqı göstəricisinin təxminən yarısına bərabər olmalıdır. Nəzərə alsaq ki, rəsmi statistik məlumata görə, ölkəmizdə orta aylıq əməkhaqqı 414 manatdır, onda bu göstərici elə bizim hesablamalarımızı təsdiq edir.

Məncə, istehlak səbətinin tərkibində dəyişiklik olunmalı, səbət daim zənginləşdirilməlidir. Azərbaycanda istehlak səbətinə hər 3 kateqoriya üzrə cəmi 32 ərzaq, qeyri-ərzaq və xidmət növü daxildir. Müqayisə üçün deyim ki, Fransada bu səbət 500, Almaniyada 750 adlı ərzaq, qeyri-ərzaq və xidmət növünü əhatə edir. Avropa ölkələrində hər il istehlak səbətinin tərkibinə baxılır. Bizim qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə elmi idarə və QHT-lərin iştirakı ilə 3 ildən bir yenidən baxılması nəzərdə tutulsa da, çox təəssüf ki, son 5 ildə səbətin tərkibinə bir dəfə də baxılmayıb”.

Geri dön