Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Siyasi partiyalar > “Hamının səbri artıq tükənib”
“Hamının səbri artıq tükənib” |
Şakir Ağayev: “Qarabağ azad olunmalıdı. Ali Baş Komandanın əmr verəcəyi günü hamı səbirsizliklə gözləyir.”
“Ermənistan bir müstəmləkə dövlətdir və Rusiyanın icazəsi olmadan heç bir ciddi addım ata bilməz” “Yeni müdafiə nazirinin orduda döyüş hazırlığının artırılması ilə bağlı ciddi fəaliyyətə keçməsi və cəbhə bölgəsinə effektli səfəri düşmən tərəfdə ciddi təlaş yaradıb” Şakir Ağayev- bu ad hərəkatçılara və döyüşçülərə doğma olan bir addır. Şakir Ağayev deyəndə hərakatçıların yadına ilk düşən onun “20 yanvar” hadisələrindəki göz dolduran davranışı düşür. “20 yanvar” soyqırımından sonra komendant saatı olmasına baxmayaraq, Ş.Ağayev sahibi olduğu mebel müəssisəsində şəhidlər üçün tabutları hazırlatmağa başlayır, sexin rus əsgərləri tərəfindən dağıdılmağına baxmayaraq, zamanında tabutlar mərasimə çatdırılır. 1988-ci ildə xalq hərəkatına qoşulan bu adam sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, könüllü olaraq döyüşlərə qatılıb. İki Alayın yaranmağında və bütün sahələrdə təminatında müstəsna xidmətləri olub. Xocalı soyqırımından sonra Xocalıdan olan 20 girovu ermənilərdən azad etdirib. Təvözükarlığından gündəmdə olmasa da, o, bu istiqamətdəki fəaliyyətinə ara verməyib. 1995-ci ilə qədər orduda olan Ş.Ağayev hazırda ehtiyatda olan zabit və Milli Dirçəliş Hərəkatı Partiyasında Qarabağ Departamentinin sədri, partiya sədrinin müavinidir. Müdafiyə nazirinin dəyişməsi, Ermənistan parlamentində Qarabağın “müstəqilliyin” tanınmasının müzakirəsi və MDHP Qarabağ Departamentinin fəaliyyəti barədə Ş.Ağayevdən müsahibə götürdük. Həmin müsahibəni təqdim edirik. -Şakir bəy, əvvəlcə Ermənistan-Azərbaycan müharibəsinin döyüşçüsü və ehtiyatda olan zabit kimi Müdafiə Nazirliyindəki dəyişikliklər və kadr islahatlarına münasibətiniz necədi? -Mənim münasibətdə olduğum keçmiş Qarabağ döyüşçüləri, məcburi köçkünlər yeni müdafiə naziri general-palkovnik Zakir Həsənova həm dəyərli bir insan kimi, bacarıqlı hərbiçi kimi, həm də bir general kimi həmişə dəyər vermişik. Prezident, Ali Baş Komandanın onu müdafiə naziri təyin etməsi, bizdə əminlik yaradıb ki, cənab Zakir Həsənov hərb naziri olandan sonra həm orduda döyüş hazırlığı yüksəldiləcək, həm də Qarabağ veteranlarına münasibət dəyişəcək. Onun müdafiə naziri təyin olunması Qarabağ döyüşçülərinə ruh verib. Biz hər an döyüşdə olan cavan əsgərlərimizə, ordumuza kömək etməyə və döyüşə atılmağa hazırıq. -Bu arada Ermənistan parlamentində Qarabağın “müstəqilliyini” tanımaq məsələsi müzakirə olundu. Sizcə bu nəyə hesablanmış addımdır ki, müzakirə olundu, amma qəbul olunmadı? - Qarabağın Azərbaycanın əzəli torpağı olmasını ermənilər bilirlər və ortada işğal faktının olmasını gizlətməyin qeyri-mümkün olduğunu anlayırlar. Bilirlər ki, dünya bu “müstəqilliyi” qəbul etməyəcək. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün BMT-nin 4 qətnaməsi var. Sadəcə, bu təxribat xarakterli addımlar Azərbaycana təsir məqsədi güdür. Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bütün zirvə görüşləri ərəfəsində buna bənzər təxribatlar Ermənistan tərəfdən tətbiq olunur. Həm də yeni müdafiə nazirinin orduda döyüş hazırlığının artırılması ilə bağlı ciddi fəaliyyətə keçməsi və cəbhə bölgəsinə effektli səfəri düşmən tərəfdə ciddi təlaş yaradıb. Bu da səbəblərdən biridir. Lakin, Ermənistan bir müstəmləkə dövlətdir və Rusiyanın icazəsi olmadan heç bir ciddi addım ata bilməz. Ona görə bu məsələnin müzakirəyə çıxarılması da, nəticəsiz qalacağı da gözlənilən idi. -Bəs Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı ümumiyyətlə Milli Dirçəliş Hərəkatı Partiyasının platformasının əsas istiqamətləri necə qurulub? -MDHP-nin Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı mövqeyi partiya tərəfindən daim ictimaiyyətə çatdırılıb, partiyamızın sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisdə, Avropa ölkələri parlamentlərində keçirilən “Qarabağ dinləmələrində” ,”Avronest” iclaslarında da səsləndirib. Bundan əlavə, ötən prezident seçkilərində də biz seçkiyə qatılan bir partiya olaraq müharibə ilə bağlı platformamızı geniş ictimaiyyətə təqdim etdik. Biz təklif edirik ki, Azərbaycan BMT-yə öz tərəfindən bu müharibə ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə əlaqədar müraciət etməlidir. BMT isə öz növbəsində qətnamələrinin icrası ilə bağlı BMT nizamnaməsinin 7-ci bəndi, 41 və 42-ci paraqrafına uyğun ya qeyri-hərbi, ya da hərbi sanksiyalar tətbiq etməlidir. Limitli danışıqlar prosesində isə Avropa Birliyinin roluna üstünlük verilməsini daha əhəmiyyətli hesab edirik. ATƏT-in Minsk Qrupu informativ yardımçı rolda olması şərti ilə, AB-nin əsas rolda olması imkanlarının araşdırılmasını və münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinə cəlb olunmasını təklif edirik. Bu danışıqlar mərhələsindəki mövqeyimizdir. Lakin, biz danışıqların bu qədər uzanmasının tam əleyhinəyik. 20 ilə yaxındır ki, Azərbaycan xalqı dünyanıın hər yerində car çəkir ki, biz sülh tərəfdarıyıq. Ermənistan və onun havadarları sülhə imkan vermir. Ermənistanın danışıqlar prosesini uzatmaması üçün zaman limiti tətbiq etmək, bu limit dolduqdan sonra hərbi yolla işğal olunmuş torpaqlar azad olunmalıdır. Azərbaycan hökuməti və müxalifəti bir araya gəlməlidir və işğal olunmuş torpaqlar ancaq hərb yolu ilə azad olunmalıdır. Bizə görə bunun başqa yolu, alternativi yoxdur. Müharibə ilə bağlı MDHP sədri Prezident seçkilərindəki debatlardakı axırıncı çıxışında bir fikir də sələndirdi ki, partizan hərəkatı önəmsənilməlidir. Bu fikir partiyanın Qarabağ Departamenti tərəfindən rəğbətlə qarşılandı. Hər bir qarabağlı döyüşçü parizan hərəkatının bizim üçün nə qədər vacib və əhəmiyyətli nəticələr verə biləcəyinin fərqindədir. Yəqin ki, nə demək istədiyimi bütün qarabağlılar başa düşdü, daha geniş izaha gərək yoxdur. -Qarabağlılar demiş, partiyanızın Qarabağ departamenti qarabağlılarla əlaqələri necə qurub? Demək olar bütün ölkəyə səpələnib qarabağlılar. -Davamlı olaraq qaçqın rayonları ilə, bütün Qarabağın əksər rayonları ilə, insanlarla əlaqələrimiz var və onlarla müntəzəm olaraq əlaqə saxlayırıq. Bəli çətindir, amma biz daha çox əlaqəli olduğumuz üçün və partiyanın demək olar bütün rayonları əhatə etməsi, bu məslədə bizim işimizə kömək olur. Mütəmadi olaraq partiyanın Qarabağ Departamentinin tədbirlərini təşkil edirik ki, bu tədbirlər əlaqələrin qurulmasında müstəsna rol oynayır. -Nə kimi tədbirlər? -Qarabağ departamenti Qarabağ probleminin həlli yollarını daim axtarmaq, problemi gündəmdə saxlamağı vacib sayır. Həmişə Qarabağ döyüşçülərinə, şəhid ailələrinə mənəvi dəstək olmağa çalışır.Cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək olması üçün tədbirlər həyata keçirir. Bu yaxınlarda Qarabağ Departamenti “Sultan bəy” Tədbirini keçirdi. Siz bilirsiniz, Sultan bəy 20-ci əsrin əvvəllərində erməni ordusunu darmadağın etmişdir. Bu kimi tədbirlərimiz tez tez olur. Həm ümumi, həm də regionlar üzrə tədbirlər təşkil edirik. Biz Qarabağdan məcburi köçmüş insanların, Qarabağ veteranlarının partiya ətrafında birləşməsi, təkcə Qarabag məsələsi ilə bağlı deyil, bütün ümummilli məsələlərdə faydalı olmasına çalışırıq. Biz indiki dönəmdə bütün imkanlarımızı ortaya qoya bilmirik. Qarabağ Departamenti adından müraciət edirik bəzi yerlərə ki, heç olmasa bizə bir şərait yaratsınlar. Qarabağın erməni icması Ermənistan tərəfindən şişirdilib, amma Qarabağın gerçək sahibləri olan bizlər lazımi tribuna ilə təmin olunmamışıq. Heç kim bizə kömək etmir. Amma, Qarabağ Departamenti olaraq həmişə hər rayonda, hər bölgədə insanlarımızla əlaqə saxlayırıq. Birliyimizi həmişə çalışırıq ki, qoruyaq, saxlayaq. -Onların problemlərinin həlli istiqamətində nə kimi işlər görə bilirsiniz? - Ümumiyyətlə, Qarabağ veteranlarına qarşı biraz biganəlik var. Buna son qoymaq lazımdır. Ona görə ki, hər bir döyüşçü vətən uğrunda əlinə silah alıb könüllü olaraq döyüşə getmişdir. Ancaq, biz müstəqillik uğrunda mübarizə aparanda, ərazi bütövlümüz uğrunda döyüşəndə bayraqlarımızı ayaq altına atan insanların bəziləri indi yuxarı postlarda oturub və yeri gələndə Qarabağ döyüşçülərinə deyir ki, “mən göndərmişdim sizi döyüşməyə?!” Bunlara son qoyulmalıdı. Qarabağ döyüşçülərinə, şəhid ailələrinə diqqət artırılmalıdır. Döyüşçülərin çoxuna qarşı haqsızlıq var. Bir misal deyim: müharibədə hərbi hissələrdən birinin komandiri olmuş Şakir Sadıqov indiyə kimi Qarabağ veteranı vəsiqəsini ala bilməyib. Bu kimi problemlərlə tez-tez müraciətlər olur. Biz də partiyada onun hüquqi əsaslarını araşdırıb müvafiq orqanlara müraciət edirik. Bundan əlavə, bizim partiyanın sədri Fərəc Quliyev millət vəkilidir. Biz daha ciddi və ictimai problemləri ona çatdırırıq, o da bu məsələləri müntəzəm olaraq parlametdə qaldırır və dövlət səviyyəsində həllinə çalışır. Bilirsiz, hamının səbri artıq tükənib. Qarabağ azad olunmalıdı. Ali Baş Komandanın əmr verəcəyi günü hamı səbirsizliklə gözləyir. Müsahibəni götürdü: Leyla Cahangirova Geri dön |