Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizmi VII HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Fars şovinizmi VII HİSSƏ

Fars şovinizmi VII HİSSƏ


Fars şovinizmi həmişə Allahı və dinləri xalqla şahlar arasında bir alətə, vasitəyə çevirmişdir


Türklərin əli, pulu, qızılı, himayəsi sayəsində dirçəldilən bu fars şovinizmi əslində ərəblərdən daha çox türklərə qarşı idi

Gördüyümüz kimi, həmin dövrdə ərəb işğalı altına düşmüş farslar ərəb xilafətinin dağılıb tam parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə əl atmışdılar. Firdovsi davam edir:

Şəhərdə dost idi mənə bir nəfər,
Yanımda əzizdi o, canım qədər.
Mənə söylədi: -Fikrinə afərin,
Sənin tutduğun doğru yoldur, yəqin.
Tapıb pəhləvicə bu dastanı mən
Gətirrəm, yolundan geri dönmə sən!

Cəsarətlə çək nəzmə "Şahnamə"ni,
Böyüklər böyük işlə sevsin səni.
Yazıb mətni dostum gətirdi mənə,
Yeni canla ilham yetirdi mənə.


Firdovsinin bu dostu da çoxlu mətnlər toplamış, özü də bir çox mətni nəzmə çəkmişdir. O, bütün bunları Firdovsiyə verir və deyir:

Deyirdi: -Yazarsansa "Şahnamə"ni,
Çalış, şahlara çatdır o töhfəni.


Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, türk sultanı Mahmud Qəznəvini (969/70-1030) nəzərdə tuturdular. Firdovsi "Sultan Mahmudun vəsfi" adlı bölmədə yazır:

O gündən ki yoxdan var olmuş cahan,
Hələ gəlməmişdir belə hökmran.

Bəzək verdi dünyaya başdan-başa,
Dönər altuna, əl vurarsa daşa.
Oyandı mənim taleyim bir zaman,
Düşündüm: -Başımdan çəkilmiş duman.
Dedim: -İndi, artıq, olar söz demək,
Keçən əsrlər olsun aşkar gərək.


Bəli, göründüyü kimi, hər şey aydındır. Türk hökmdarları ərəb ağalığını yenmişdilər, əcəmi (qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar türk qılıncına sığınaraq, öz milli keçmişlərini yenidən tərənnüm edərək bütün ciddi-cəhdləri ilə fars milli ruhunu və fars şovinizmini dirçəltməyə çalışırdılar. Nə yazıq ki, türklərin əli, pulu, qızılı, himayəsi sayəsində dirçəldilən bu fars şovinizmi əslində ərəblərdən daha çox türklərə qarşı idi, açıq-aydın fars şovinizmi türk düşmənçiliyi demək idi. Bütün fars tarixi, fars əfsanələri, "keçən əsrləri aşkarlayan" farsdilli əsərlər türklərin təmsil etdiyi Turanla farsların təmsil etdiyi İran arasında gedən müharibələrə həsr edilmiş, həyatda tam tərsinə olduğu - yəni həmişə türklərin qələbəsi olduğu halda yazıda farsların qələbəsi tərənnüm edilmiş, dünyada yaxşı, bəşəri nə varsa farslar, fars hökmdarlarının ayağına yazılmışdır. Dünyada ilk dövləti farslar yaratmış, fars hökmdarları bütün dünyaya hakim olmuş, dünyada ən gözəl varlıqları fars şahları tapmış, yaratmış, bəşərin istifadəsinə vermiş, daha nələr, nələr. Bir-iki misal: Firdovsi "Kəyumərs" başlıqlı bölmədə yazır:

Ata söyləmiş oğluna bir xəbər,
Gəzər dilləri, keçsə də əsrlər.
Cahanda kim ilkin olub hökmdar,
Böyüklər ona göstərib etibar?
Qədim dövr tarixini izləyən,
Böyük şahlar haqqında dastan deyən
Demiş: -Şah birinci Kəyumərs idi,
Başa tac qoyub, "padişaham" dedi.


Bu beytlərdən aydın olur ki, Firdovsinin yaşadığı dövrdə bu yalan bir həqiqət kimi "dillərdə gəzirmiş". Burada ikinci bir mətləbə baxaq: Bunu kim demiş, kim yazmış? - "qədim dövr tarixini izləyən". Mifin necə tarixləşdirildiyini görürsünüz və Firdovsi qabaqcadan əsərinin başlarında yazırdı ki, "Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!", ancaq "Şahnamə" başdan ayağa əfsun, əfsanə və yalanlardan, saxtalıqlardan, boş tərif və yaltaqlıqdan ibarətdir. Sultan Mahmud Qəznəvi tarixdə məlum, görkəmli şəxsiyyət, istedadlı sərkərdə, özü bilikli olduğu kimi, elmə, biliyə, şerə, sənətə çox böyük qiymət vermiş, elm və mədəniyyət hamisi kimi tarixdə tanınmışdır. Ancaq tarixi şəxsiyyət olan Mahmud Qəznəvi Firdovsinin "vəsf" adı altında yaltaqlanıb, saxtalaşdırdığı Mahmuddan çox fərqlidir. Firdovsi yazır:

Bu, Hindistanın şanlı sultanıdır,
Bu, Rumun qızıl taclı xaqanıdır.
Ədalətlə vermiş cahana bəzək,
Günəşdir onun tacı, təxti fələk.


Bəlli olduğu kimi, Sultan Mahmud Hindistana 17 kərə hücum edib, oranı hakimiyyəti altına alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı bir şəkildə tabe olmayıb. Bizə elə gəlir ki, Firdovsi Rumun (Bizansın) harada yerləşdiyini də dəqiq bilmirmiş, çünki o, "Şahnamə"nin başqa bir yerində belə yazır:

Salınca nəzər şah, Səlm oğluna:
Halaldır, -dedi, -Rumu-Xavər ona,
Buyurdu: -Götürsün qoşun, durmadan
Şahənşah kimi Şərqə olsun rəvan.


Burada göstərildiyi kimi, Fəridun şah guya dünyanın şahənşahıdır. O, dünyanı üç oğlu arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, İranzəmində ortaya göndərir. Onda Səlm İrandan çıxanda Şərqə yox, Qərbə getməli idi.
Sultan Mahmudu "vəsf" edən şair yazır:

Çinə, Kəşmirə, Hində bir sal nəzər,
Bütün padişahlar ona baş əyər.


Firdovsi yalanın gözünə doğrunu qatıb zəhərli yalanı şəkər kimi savadsız və az savadlı oxucusuna yedizdirir. Bu, doğrudan-doğruya insanlıq qarşısında cinayətdən başqa bir şey deyildir. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baş əyməsi, Firdovsinin yalanından, gopundan və yaltaqlığından doğan fantaziyası, əfsanəsidir. Öz yaşadığı dövrün tarixini, şəxsiyyətlərini əfsanələşdirən bir şairin qədim qaranlıq tarixləri necə mifləşdirəcəyi apaydındır.
Fars şovinizmi həmişə Allahı və dinləri xalqla şahlar arasında bir alətə, vasitəyə çevirmişdir. Nə yazıq ki, bu, islam dininə münasibətdə də belə olmuşdur. Firdovsi bunu bir hikmət, bir fars atalar sözü kimi qələmə almışdır:

O istər görə xalqı allahpərəst,
Çünki allahpərəstlər olar şahpərəst.


Deməli xalqa dini, Allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda "şahpərəst" olsun. Dindən və Allahdan amac budur. Görəsən, Ulu Tanrı bu iyrənc məqsədləri bağışlayacaqmı? Axı belə olmaz! Şah dinə xidmət etməlidir, din şaha yox!

Bir daha yada salaq ki, fars şovinizmi öz varlığını yaşadıb, dirçəldib, hakim mövqe tutmaq üçün:

dinləri mifləşdirib;
mifləri tarixləşdirib;
tarixi mifləşdirib.


Bunların hər üçü bəşəriyyət üçün çox təhlükəlidir; mifləri tarixləşdirmək isə bəşər üçün əvəzedilməz önəmi olan tarix elminə alçaq bir qəsddir. Çağdaş tarixçilər buna qarşı amansız mübarizə aparmasalar tarix elmi məhv olar. Bir daha Qumilyovun sözünü təkrarlamağa məcburam: "Mif başlayan yerdə elm qurtarır".

Geri dön