Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın ilk ordu marşı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb, Mədəniyyət > Azərbaycanın ilk ordu marşı

Azərbaycanın ilk ordu marşı


Bu marş 16 yaşlı bir yeniyetmənin Gəncəyə gəlmiş Nuru Paşaya həsr etdiyi şeirə bəstəkar-tarzən Məşədi Cəmil Əmirovun musiqi yazması ilə yarandı.


Məşədi Cəmil Əmirov

Azərbaycanın ilk ordu marşı


Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şəhərin mərkəzi hissəsində, Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüf deyildi. Bir qədər əvvəl Gəncə Milli Komitəsinin üzvləri Nağı Şeyxzamanlı və Sibir Hüsaməddin Tuğac (o, Sibir sürgünündən qaçaraq Milli Komitənin işində fəal iştirak edən bir türk zabiti idi) türk hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə Türkiyədə olarkən Ənvər paşa və Nuru paşa ilə Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər.

Üstəlik, İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin aparıcı simalarından olan paşalar hələ 1905-ci ildən bəri Gəncədəki həmfikirləri, sonralar Milli Komitə və “Ədəmi-mərkəziyyət firqəsi”ni formalaşdırmış “Difai” milli təşkilatının üzvləri haqda çox eşitmişdilər (Vaxtilə sultan rejiminin təqiblərindən qaçan “İttihad və Tərəqqi”nin, xüsusən də onun gənclər qanadı olan “Türk Ədəmi-mərkəziyyət Liqası”nın üzvləri Gəncədə, öz məsləkdaşlarının yanında sığınacaq tapmışdılar).

Yeniyetmə şair

Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər də yazan Səlman dayılarının evində, Nuru Paşanın qarşısında ona həsr etdiyi şeiri oxuyur. Qeyd edək ki, elə şeirdəki misralardan da gəncəlilərin türk ordusunun şanlı döyüş yolu və rəşadətindən halı olduğu sezilir:




Marşın notu

Azərbaycanın ilk ordu marşı




Gəncədə çalındı azadlıq suru,
Qovdu ürəklərdən zülməti, qoru.
Dağıt düşmən quran məkrli toru,
İrəli, irəli, ər Paşam Nuru!

Çanaqqala - nurlu şəhidlik yolu,
Türk aslanlarının bükülməz qolu.
Allahım, sən özün onları qoru,
İrəli, irəli, ər Paşam Nuru!

İstanbuldan gəldin Gəncəyə doğru,
Haydı, gavurlara anlat bu zoru.
Gəncədən Bakıya zəfərdir yolu,
İrəli, irəli, ər paşam Nuru!

Ər paşam Nuru, Ər paşam Nuru,
Turanın Aslanı, Nər Paşam Nuru!



Yeniyetmə ikən rəşadətli Nuru Paşanı görmüş Səlman Əhmədli 70 illik bir ömür yaşayacaqdı, ədəbiyyat aləmində az-çox tanınacaqdı, Əhməd Cavad, Hüseyn Cavid kimi şəxsiyyətlərlə dostluq edəcəkdi, Gəncə Pedaqoji Texnikumunda müəllim işləyəcəkdi. Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədr müavini Səlman Əhmədli güllələnmiş Mikayıl Müşfiqə şeir həsr etdiyi və onu “Ədəbiyyat qəzeti”nə göndərdiyi üçün repressiya olunaraq ailəsi ilə birgə sürgünə də göndəriləcək, oradan döndükdən sonra sovet yarımhəqiqət mühitinə ürək qızdırmadan sakitcə, cavanlıqda daddığı azadlığın xatirələri ilə yaşayacaq və iç dünyasının, özünün sufi, “məcnun” ömrünün mənasına çevrilən, fəlsəfi motivlərlə dolu “Leyli-Məcnun” mənzum romanını arxayın-arxayın düz 33 ilə yazaraq ömrünün sonlarında başa çatdıracaqdı.

Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu “Difai” milli təşkilatının üzvü idi və sonra, 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak oldu (Elə Səlman da o vaxt üsyançılara yemək aparanda düşmən mərmisinə tuş gələrək ağır yaralanmış və həmin mərminin bir neçə qəlpəsini ömrü boyu bədənində gəzdirmişdi). Anası Münəvvər Saleh bəy qızı Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, hələ 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların silahdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, həmin Hüsaməddin Tuğacın (Sibir sürgünündən qaçıb Gəncəyə gələn bu türk zabitinin yaralarını Səlman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyəti gənc Səlmanın formalaşmasına dərin təsir göstərmişdi.

Məşədi Cəmilin bəstəsi


1919-cu ildə təntənəli mərasimdə çəkilmiş foto. Əlində qaval yerdə oturan Bülbüldür; ondan hündürdə stulda oturan, saçı geri daranmış, qalstuklu gənc 17 yaşlı Səlman Əhmədlidir
--------------------------------------------------------------------------------


Tanınmış musiqiçi və tarzən, hətta “Seyfəlmülk” adlı opera belə yazmış, Türkiyədə təcrübə keçmiş və öz təcrübəsini öyrətmiş, oradan ud və kanonu Azərbaycana gətirmiş, Gəncədə ilk musiqi məktəbi açmış, sonralar dünya musiqisinə dahi bəstəkar Fikrət Əmirov kimi oğul bəxş edəcək Məşədi Cəmil Əmirov o vaxt şəhərdə bir uşaq xoru da yaratmışdı. Səlmanın şeiri Məşədi Cəmilin diqqətini çəkir və ətrafdakı qəhrəmanlıq ab-havası onu şeiri marş halına salmağa sövq edir. Məşədi Cəmil şeirə türk musiqisi motivində bir hava yazır və onu həmin uşaq xoru ilə təntənəli şəraitdə, Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-Türk əsgərləri qarşısında ifa edir. Bu marş 1919-cu il mayın 28-də Gəncədə cümhuriyyətin bir illiyi münasibətilə təşkil olunmuş şənliklərdə də səslənir.

Bəstəyə qulaq asarkən onun “Katibim” adlı türk xalq musiqisi ilə oxşar cəhətlərini duymaq olar. Bu, əlbəttə, Məşədi Cəmilin türk milli musiqisindən qaynaqlanmasının nəticəsidir. Buradaca qeyd edək ki, həmin motivin fraqmentlərini musiqi ladları cəhətdən olduqca zəngin əsər sayılan Azərbaycan Himnində də (“Səndən ötrü can verməyə cümlə hazırız…”), bir sıra bəstəkarlarımızın əsərlərində də sezmək mümkündür.

Bülbül və başqaları

Azərbaycanın birinci ordu marşı sayıla biləcək bu əsərin ilk ifaçıları arasında böyük müğənnimiz, o zaman Gəncədə yaşayan gənc Bülbülün də olduğu ehtimal edilir. Səlman Əhmədlinin oğlu Bəşir müəllimin xatirələrindən də bu qənaətə gəlmək olur:


Bəşir Əhmədli və Hüseyn Verdiyev marşı ifa edərkən (sənədli filmdən kadr)

Azərbaycanın ilk ordu marşı


“Mənim qardaşım, xalq artisti, mərhum Mobil Əhmədov 1950-ci illərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında milli vokal məktəbimizin banisi, böyük müğənni və pedaqoq, professor Bülbülün tələbəsi idi. Yay tətili zamanı Mobil həmişə olduğu kimi Gəncədə idi. Bir gün atam öz yazı dəftərindən əski əlifba ilə yazılmış bir şeiri asta səslə, avazla oxuyaraq Mobilə öyrətdi və ona dedi ki, bu nəğməni müəllimin Bülbülə oxuyarsan, ancaq elə edərsən ki, oxuyanda yanınızda heç kim olmasın.

Bakıya gedəndən sonra Mobil atamın dediyini eləyir. Bülbül nəğməni dinləyir, Mobildən təkrar oxumasını istəyir və gözlənmədən özü də onunla birlikdə oxuyur, sonra Mobilə deyir ki, sənin bu nəğmən məni 40 il əvvələ apardı, gəncliyimi xatırladım. Və öz təbirincə, “Mobil, mən onsuz da bilirdim ki, sən mənim gəncliyimlə, taleyimlə bağlı olan Gəncəmdənsən, kimin nəvəsi, kimin oğlu olduğunu da indi bildim. Bu, Azərbaycanın ilk təntənəli marş nəğmələrindəndir. Musiqisini nota köçürüb Fikrətə vermək lazımdır. Atasından yadigardır”, - deyib. Mobil tələbə dostu Firudin Mehdiyevlə birgə musiqini nota köçürüb və Bülbülün telefon zəngindən sonra onu aparıb Fikrət Əmirova veriblər. Bir qədər dəqiq fikir versək, Fikrət Əmirovun “Azərbaycan kapriçiosu”nda, eləcə də onun tərtibatı ilə Əhsən Dadaşovun ifa etdiyi “Bayatı-Şiraz” rəngində həmin nəğmənin intonasiyalarının yer aldığını görərik”.

On illərlə yalnız ürəklərdə gəzən bu marş, nəhayət, bir daha səsləndi. Əski əlifba ilə yazılı saralmış dəftərləri, eləcə də insan yaddaşını söz-söz incələyərək o şərəfli günlərdən yadigar qalmış bu marşı bərpa etmək mümkün oldu. İlk səsləndiyindən düz 90 il keçdikdən sonra, 2008-ci ildə bu təntənəli nəğməni elə həmin Səlman Əhmədlinin oğlu, bir neçə ay bundan əvvəl Allahın rəhmətinə qovuşmuş Bəşir Əhmədli ilə qocaman gəncəli tarzən Hüseyn Verdiyev birgə ifa etdilər. Həmin səhnəni bu sətirlərin müəllifi olan bəndəniz özünün “Space” TV-də çəkdiyi “Cümhuriyyətə doğru üç addım” adlı sənədli filminə daxil etdi və bu film həmin il mayın 28-də televiziya ilə nümayiş olundu. Amma təəssüf, nə həmin vaxt, nə bu marş haqda ayrıca teleoçerk hazırlayıb efirə verdikdən sonra, nə də aradan keçən bu dörd il ərzində tariximizlə bağlı bu əsərə onun layiq olduğu diqqəti görüb-eşitdik. Görünür, teleekranlarımızda hegemonluq edən, tamaşaçı beynini yalnız düşük və səthi anlayışlara kökləyən şou-əyləncə-hoqqa verilişləri də öz işini görüb.

Zakir Muradov,
Gəncə Media Mərkəzi

Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu - 95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Geri dön