Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağın erməni əsilli əhalisi Azərbaycan Respublikasının vətəndaşlarıdırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Dağlıq Qarabağın erməni əsilli əhalisi Azərbaycan Respublikasının vətəndaşlarıdırlar

Dağlıq Qarabağın erməni əsilli əhalisi Azərbaycan Respublikasının vətəndaşlarıdırlar


Dilbadi Qasımov: “Azərbaycan dövlətinin razılığı olmadan, ərazinin statusunu təyin edə bilməzlər”


Strasburq Universitetinin hüquq elmləri doktoru Dilbadi Qasımovla müsahibə


- Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə açıqlamasında separatçı “Dağlıq Qarabağ” rejiminin tanınmasının vacibliyini qeyd edib. Ümumiyyətlə, beynəlxalq hüquqda separatçı rejimlərin tanınması ilə bağlı hansısa müddəalara rast gəlinirmi?
- Ermənilər hər zaman bu cur iddialarla çıxış edirlər və adətən onları əsaslandırmaq üçün müəyyən və fərqli ağla batmayan arqumentlər göstərirlər. Sözsüz ki, onlar dediklərinə ən azından özləri inansaydılar bu istiqamətdə bütün hüquqi vasitələrdən istifadə edib Dağlıq Qarabağın müstəqil olmaq hüququnu dünya səviyyəsində sübüt etmiş olardılar.
Bunun üçün onların imkanları və bilikləri də kifayət qədərdir. İndiyə qədər bu istiqamətdə hüquqi addımların atılmamasının özü onu göstərir ki, Ermənistan prezidentinin verdiyi bu bəyanat da əsassızdır.
Məsələyə sırf hüquqi nöqteyi-nəzərdən baxdıqda isə, verdiyiniz suala cavab olaraq qeyd etmək lazımdır ki, nəinki beynəlxalq hüquq separatizmi rədd edir o, hətta separatizm nəticəsində yaranan rejimləri tanımır. Beynəlxalq hüququn əsas müddəalarından biri olan ərazi bütövlüyü prinsipinə əsasən dövlətlərin hamılıqla tanınmış əraziləri ayrılmazdır və bütün başqa dövlətlər bu ərazi bütövlüyünə hörmətlə yanaşmalı, silahlı mübahisəyə getməməli və mövcud fikir ayrılıqlarını beynəlxalq ədalət məhkəməsi vasitəsilə həll etməlidirlər.
Ərazi bütövlüyü prinsipinə əsasən dövlətin beynəlxalq ictimaiyyət tərəfindən tanınan torpaqları onun ərazisini təşkil edir və heç bir səbəb bu ərazi bütövlüyünü sual altına qoya bilməz. Beynəlxalq hüquq praktikasında separatçı rejimlərin tanınması sadəcə o halda baş verə bilər ki, bağlı olduğu dövlət həmin əraziyə qarşı haqsız olaraq aqressiv mövqe tutsun.
Yəni, bir dövlət müəyyən bir milli azlıqlara qarşı haqsız olaraq diskriminasiya siyasəti apararsa, həmin ərazinin əhalisinə qarşı kütləvi qırğınlar və ya soyqırım törədərsə o zaman həmin əhalini qorumaq və dövlətin aqressiv siyasətinə son qoymaq məqsədilə, bu kimi tanınmadan söz gedə bilər. Kosovanı buna misal kimi göstərmək olar.
Dağlıq Qarabağa gəldikdə isə bu amillərin heç biri müşayiət olunmur və həmin ərazinin erməni əsilli əhalisinin Azərbaycan dövləti ilə problemlərinin ortaya çıxmasında Azərbaycan dövləti tərəfindən yeridilən heç bir ayrı-seçkilik siyasətin rolu yoxdur.
Məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, faktiki olaraq münaqişə Daqlıq Qarabağın erməni icması ilə Azərbaycan dövləti yox Ermənistan və Azərbaycan arasındadır. Daha dəqiq desək, söhbət Azərbaycan Respublikasının torpaqlarının Ermənistan tərəfindən işğalından gedir. Dağlıq Qarabağ münaqişəsi iki müstəqil dövlətin arasında baş verdiyi üçün etnik münaqişə kimi nəzərə alınmamalı və beynəlxalq hüquqda separatçı rejimlərin tanınması amili ilə müqayisə edilməməlidir.

- Bu gün Cənubi Sudanın müstəqilliyi Dağlıq Qarabağ üçün presedent ola bilərmi? Çünki Sarkisyan bunu tez-tez təkrar edir...
- Əlbəttə, Sarkisyan bu amildən istifadə edir. Çünki ermənilər artıq başa düşüblər ki, məsələnin uzanması və Azərbaycan tərəfin fikrini yayındırmaq üçün ən sərfəli mövqe fərqli, əsaslı və ya əsassız, fikirləri ortaya ataraq yeni mübahisə predmetlərinin yaradılmasıdır. Bunun üçün biz ehtiyatlı olub, deyilən hər əsassız fikri doğru kimi qəbul edib, ona cavab vermək üçün enerjimizi sərf etməli deyilik.
Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ münaqişəsinin təbiəti aydındır və hər yeni ortaya çıxmış hallarla müqayisə edilməsi hökmən deyil. Cənubi Sudanda baş tutan referendum ölkənin cənub və şimal hissələri arasında razılıq hesabına, beynəlxalq ictimaiyyətin dəstəyi ilə baş tutub, əhalinin azad və demokratik şəkildə verdiyi qərara uyğun həyata keçirilib.
Halbuki Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub, Azərbaycan əsilli əhalisi məhv edilərək etnik təmizləməyə məruz qalıb və hazırda orada sadəcə erməni əsilli əhali mövcuddur. Bu halda xalqların öz müqəddəratını təyinetmə prinsipi qətiyyən əsas kimi gətirilə bilməz. Bir tərəfdən onun üçün ki, Dağlıq Qarabağın erməni əsilli əhalisi Azərbaycan Respublikasının vətəndaşlarıdırlar və təkbaşına, yəni Azərbaycan əsilli əhalinin iştirakı və Azərbaycan dövlətinin razılığı olmadan, ərazinin statusunu təyin edə bilməzlər.
Başqa bir tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən öncə silahlı təcavüz vasitəsilə qanunsuz torpaqlar əldə etməyin qadağan olunması prizmasından baxılmalıdır. Beynəlxalq hüququn tələblərinə əsasən ərazi əldə etmək və ya hər hansı başqa bir məqsədlə müstəqil bir dövlətə silahlı hücum etmək, onun ərazilərini işğal eləmək və s. təcavüz adlanır və hamılıqla qadağan olunur.
Nəticədə, Dağlıq Qarabağ əyaləti Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir və həmin ərazidə Cənubi Sudan örnəyini əsas götürərək referendum təşkil edilməsi mümkün deyildir. Dağlıq Qarabağ əyalətinin gələcək statusunu təyin etməzdən öncə həmin ərazi Azərbaycan Respublikasının nəzarətinə verilməli, erməni ordusu tərəfindən didərgin salınmış Azərbaycan əsilli əhalisi həmin əraziyə qayıtmalı və ərazinin gələcək statusu Azərbaycan Respublikasının rəsmilərinin razılığı ilə qəbul olunan plan əsasında həyata keçirilməlidir.

- Siz, Dağlıq Qarabağ münaqişəsinin həlli modelini necə görürsünüz? Sizcə, bu məsələnin həllində beynəlxalq hüquqün gücü yetərincədirmi?
- Münaqişənin həlli əlbəttə ki, beynəlxalq hüququn tələbləri əsasında həyata keçirilməlidir. Amma sözsüz ki, hər şey tərəflərin iradəsindən və istəyindən asılıdır. Burada hüquqi amillərdən əlavə siyasi və strateji amillər də vardır ki, məsələnin sadəcə hüquqi baxımdan həll olunmasına əngəllər törədir. Beynəlxalq hüququn gücündən yox əsasən beynəlxalq ictimaiyyətin iradəsindən söz etmək yerinə düşərdi.

- Bizim üçün maraqlı olan odur ki, Qarabağla bağlı qəbul olunan BMT-nin dörd qətnaməsi icrasız qalıb. Amma Liviyaya qarşı qəbul olunan sanksiya qısa zamanda icra olundu. Sizə elə gəlmir ki, böyük güclər beynəlxalq hüquq deyilən məhfumdan öz maraqları üçün istifadə edirlər?
- Burada bir şeyi dəqiqləşdirmək lazımdır ki, Dağlıq Qarabağa aid olan qətnamələrlə Liviyaya aid olan qətnamələr eyni prinsip əsasında qəbul olunmayıb. Liviyaya aid qətnamələr BMT-nin Xartiyasının yeddinci hissəsi əsasında qəbul edilmişdir ki, bu amil Dağlıq Qarabağa aid qətnamələrdə müşahidə olunmur. Burada fərq böyükdür.
Yəni, sadəcə yeddinci hissəyə əsasən qəbul olunan qətnamələrin icra olunmadığı halda beynəlxalq ictimaiyyət bütün vasitələrə əl ataraq dövləti həmin qətnaməni həyata keçirməyə məcbur edə bilər. Amma misal üçün altıncı hissə əsasında qəbul olunan qətnamələr tövsiyə xarakteri daşıyır və icra olunmadığı halda heç bir hərbi ölçünün götürülməsi nəzərdə tutulmur.

Elnur Eltürk


Geri dön