Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türklərinin ilk millətçi təşkilatı– DİFAİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi, DAVAMın yazıları > Azərbaycan türklərinin ilk millətçi təşkilatı– DİFAİ

Azərbaycan türklərinin ilk millətçi təşkilatı– DİFAİ


Milli hərəkat tariximizdən söhbət düşəndə adətən ilk yada düşən siyasi təşkilat 1911-ci ildə yaranmış Müsavat partiysı olur. Halbuki, bundan beş il öncə meydana çıxmış, Azərbaycan türklərinin ilk millətçi siyasi təşkilatı olan “Difai” partiyası da kifayət qədər güclü bir təşkilat kimi milli hərəkatımızın və milli şüurumuzun yüksəlişində, hər cəhətdən güclü bir millət kimi ortaya çıxmağımızda çox böyük tarixi rol oynamışdır. “Difai” partiyasının fəaliyyəti haqqında xeyli dərəcədə arxiv materiallarının üzə çıxarılmasına və çox dəyərli tədqiqatların aparılmasına baxmayaraq, təəssüf ki, indiyə qədər tarix dərsliklərimizdə “Difai” partiyasının fəaliyyətinə yalnz ötəri toxunulur və bu təşkilatın mühüm tarixi əhəmiyyəti layiqincə qiymətləndirilmir.



“Difai” partiyası (“Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi –Difai) 1906-cı ilin payızında, adı xalqımızın qeyrət simvoluna çevrilmiş maarifçi, publisist, yazıçı, milli ideoloq, dövlət və ictimai-siyasi xadim, böyük ziyalı Əhməd bəy Ağaoğlunun (1869-1939) başçılığı ilə Bakıda yaradılmışdır. Təşkilatın ilkin və ən güclü özəkləri Qarabağda (“Qarabağ Birlik Məclisi”) və Gəncədə təşkil olunmuşdur. Partiya əsasən erməni terrorçularının rus imperiyasının dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarına, qırğınlar törətməsinə qarşı türk-müsəlman əhalisinin müqavimətini təşkil etmək zərurətindən yaradılmışdır. Hələ 1906-cı il, fevralın 20-dən martın 6-na qədər Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə Tiflisdə erməni-azərbaycanlı sülh danışıqları keçirilmişdi. Danışıqlarda Azərbaycan tərəfindən iştirak edən Ə.Ağaoğlu çıxışında demişdi: "Qafqazda məsul şəxslərin və rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik və açıq bəyan edirik ki, işlər bu yolla davam etsə, Qafqazda terrorçu qruplaşmalar ağalıq etdikcə burada nə sülh bərpa olunacaq, nə də rahatlıq. Biz deyirik, əgər siz həqiqətən sülh istəyirsinizsə, onda başqa tədbirlərlə yanaşı terrora son qoymaq lazımdır. Bizə cavab verirlər ki, biz "Daşnaksutyun"u nəzərdə tuturuq. Biz "Daşnaksutyun"dan danışmırıq. Biz terrora son qoyulmasını tələb edirik. Ermənilər isə nədənsə yalnız "Daşnaksutyun" haqqında düşünürlər. Aşkardır ki, "Daşnaksutyun" terrorla hansı şəkildəsə əlaqəlidir. İndi biz öz qeydimizə qalmalıyıq. Biz də möhkəm, silahlanmış partiya yaratmalıyıq. Bizim də öz "Daşnaksutyun"umuz olmalıdır. Əgər hökümət bir tərəfin bu cür aksiyalarına imkan verirsə, ikinci tərəf üçün də buna imkan verməlidir. Əks halda bu, aşkar riyakarlıqdır”(Eldar Əzizov, Difai. Bakı-2009. səh.-84). Bu danışıqların bir nəticə verməyəcəyi bəlli olduqdan sonra Qafqaz müsəlmanları tərəfindən erməni terrorçularının qarşısında davam gətirə biləcək döyüş qabiliyyətli müsəlman təşkilatının yaradılması haqqında qərar qəbul edilir.

"Difai" partiyasının yaradılması haqqında rus və türk dilində ilk çağırışlar 1906-cı il oktyabrın ortalarında Tiflisdə, Bakı və Yelizavetpol quberniyalarında ortaya çıxmışdır. Həmin çağırışlarda "Difai" partiyasının yaranması səbəbləri belə şərh edilir: "Qafqaz müsəlmanları ermənilərlə özlərinin qanlı münaqişələrində inqilabi əhval-ruhiyyəli erməni kütlələri ilə müqayisədə guya loyal elementlər olması barədə aldadıcı fikirlərlə sərməst olduqca, bu fikirlər Qafqaz administrasiyası tərəfindən dəstəkləndikcə, müsəlmanlar mahiyyət etibarilə həqiqətən loyal idi. Lakin hərəkatın rəhbərləri yəqin edəndə ki, istər mərkəzi hökümət, istərsə də onun Qafqazdakı nümayəndələri artıq bu cür yanılmaları dəstəkləmək niyyətində deyil, hər hansı zorakılığı diyarın ictimai təhlükəsizliyinin və asayişinin qorunması baxımından eyni dərəcədə cinayət hesab edəndə onlar dərhal cəbhəni dəyişdilər və yerli höküməti ermənipərəstlikdə təqsirləndirməyə başladılar. Təəssüf ki, bunu təsdiq edən məlumatlar vardır. Onlar öz loyallıqlarını unutdular və müsəlman əhalini hökümətə qarşı hətta terror yolu ilə fəaliyyətə dəvət etdilər" (yenə orada, səh-92).

Partiya qısa müddətdə müsəlman əhalisindən silahlı dəstələr təşkil etmiş və Cənubi Qafqazda böyük nüfuza sahib olmuşdur. Silahlı dəstələrin yaradılmasında məqsəd həm silahlı hücumlardan qorunmaq, həm də türk-müsəlman əhalisinin mənafeyini təmin etmək üçün hökümət orqanlarına güc yolu ilə təzyiq göstərmək olmuşdur. Partiya bu məqsədlə rus dövlət məmurlarına və ermənilərə satılmış şəxslərə qarşı fərdi terror aktları da həyata keçirmişdir. Lakin bu faktlar “Difaini”nin terrorçu trəşkilat olduğunu deməyə əsas vermir. Belə ki, bu təşkilat əsasən siyasi təşkilat olmuş və onun silahlı mübarizəsi və fərdi terrora əl atması məcburi, özünümüdafiə və terrora cavab xarakteri daşımışdır.

“Difai”nin “Qarabağ Birlik Məclisi”nin təşkilatçılığı ilə 1906-cı il noyabrın 8-də erməni-müsəlman münaqişəsində erməni tərəfinə dəstək verən general-qubernator V.N.Qoloşşapov Tiflisdə qətlə yetirilmişdir. Bundan az sonra "Difai" bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş (poroklamasiya yazılmış vərəqələr gizli şəkildə küçələrin divarlarına yapışdırılırdı) və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Qafqaz müsəlmanlarına ünvanlanmış proklamasiyada deyilirdi:"İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır. Qarabağda törətdiyi mənfur əməllərinə görə "Difai" partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda "Difai"nin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz-eşiksiz sərgərdan gəzib dolaşan minlərlə sakini az da olsa rahat nəfəs alacaqdır. Yaşasın Difai!" (yenə orada, səh.-131).1907-ci ilin aprelindəQoloşşapovun sabiq dəftərxana müdiri Kleşşinski də qətlə yetirilmişdir. “Difai” öz fəaliyyəti dövründə digər sui-qəsd aktları da həyata keçirmişdir.

“Difai”nin fəaliyyəti yalnız silahlı hücumlara və qırğınlara qarşı türk-müsəlman əhalisinin silahlı müqavimətini təşkil etməklə məhdudlaşmamışdır. Partiya maarifçilik və təhsilin inkişafı, xeyriyyəçilik, kəndlilərin torpaq məsələsində üzləşdikləri haqsızlıqların aradan qaldırılması, məhkəmə işlərinin ədalətli aparılması və b. məsələlərin həlli, həmçinin, milli birlik və milli azadlıq ideyalarının təbliği ilə məşğul olmuşdur.

Partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqrama görə hərbi işlərdən, xarici siyasət, ümumi qanunvericilik, dövlət vergiləri, yüksək vəzifəli dövlət məmurlarının təyini və bəzi ciddi cinayətlərə dair məhkəmə işlərindən başqa bütün ictimai-iqtisadi, mədəni-maarif və dini-əxlaqi işlər, həmçinin müsəlmanların mülki və şəriət məsələləri, yerli və ali orqanlara nümayəndələrin təyini, məktəb və mətbuat işləri və s. partiyanın və onun göstərişi ilə hərəkət edən idarələrin və məclislərin ixtiyarına verilirdi (Xəqani Məmmədov, Azərbaycan Milli Hərəkatı (1875-1918-ci illər). Bakı-1996. səh. 89-90). Partiyanın pul gəlirləri isə üzvlük haqlarından, əhalidən və imkanlı şəxslərdən xeyriyyəçilik məqsədi ilə toplanan puldan, həmçinin müəyyən olunmuş qaydaları pozanlara tətbiq edilən cərimələr nəticəsində yığılan vəsaitdən formalaşmışdır. Bir sözlə, “Difai” xalqımızın ən ağır günlərində sözün həqiqi mənasında ona sahib çıxmış, I rus inqilabı (1905-1907) zamanı kənd bölgələrində Çar Rusiyasının dövlət strukturlarının fəaliyyətinin zəiflədiyi bir dövrdə “yarımdövlət” funksiyasını yerinə yetirmişdir. Partiya qeyri-leqal, gizli fəaliyyət göstərmiş, partiya sıralarına qəbul edilən şəxslərlə xüsusi danışıqlar aparılmaqla onlara and da içdirilmişdir.

Partiyanın bəyannamələrində Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlığı ideyaları açıq təbliğ olunmuşdur. Belə ki, partiyanın yaydığı müraciətlərin birində deyilir: “Ey Qafqaz müsəlmanları, bizim xaricdəki qardaşlarımız olan Türkiyə əhalisi özləri üçün azadlıq və əmniyyət əldə etmişlər. Bəs biz nə üçün azadlıq əldə edərək bu tiranın pəncəsindən qurtulmayaq. Biz “Difai” partiyası malımızı və canımızı qurban verərək bu yolda çalışacağıq. Siz də bu ağır dəqiqələrdə maddi və fiziki köməklə bizə əl tutun”. (Yenə orada (Xəqani Məmmədov), səh.-90).

Partiya iqtisadi görüşlərdə (əsasən də aqrar məsələlərdə) sosial-demokrat təmayüllü olmuşdur. Onun üzvləri isə əsasən orta və aşağı təbəqənin (kəndlilər, tacirlər, tələbələr, vəkillər, həkimlər, bəzi liberal düşüncəli şəxslər və s.) nümayəndələri olmuşdur. Çünki, yuxarı təbəqə (müsəlman aristokratiyası) nümayəndələri əsasən rus hökuməti tərəfdarları olduğundan onlar partiyaya cəlb olunmamışdır.

Təxminən eyni dövrdə “Difai” ilə əlaqəli, eyni prinsiplərlə fəaliyyət göstərən nisbətən kiçik “Müdafiə”, “Qeyrət” və b. müsəlman-türk təşkilatları da mövcud olmuşdur.

1909-cu ildə çar hökumətinin təqib və təzyiqləri nəticəsində “Difai” partiyasının fəaliyyətinə son qoyulmuş, Ə.Ağaoğlu Türkiyəyə mühacirət etmiş, partiyanın fəal üzvləri (M.M.Axundov, A.Rəfibəyov, H.Usubbəyov, Ə.Xasməmmədov və b.) isə 5 il müddətinə Qafqazdan kənara sürgün edilmişdir. “Difai”nin gizli və passiv fəaliyyətinin 1917-ci ilə qədər davam etdiyi ehtimal edilir. Difaiçilərin əksəriyyəti öz fəaliyyətlərini Müsavat partiyasının sıralarında davam etdirmişlər. 1917-ci ildə Gəncədə yaradılmış və sonra Müsavat partiyası ilə birləşmiş “Türk Ədəmi-Mərkəziyyət partiyası” da məhz keçmiş Gəncə difaiçiləri (Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və b.) tərəfindən yaradılmışdır.

Azərbaycan türklərinin ilk millətçi təşkilatı– DİFAİ






Milli hərəkat tariximizdə çox mühüm yer tutan “Difai” partiyası Azərbaycan türklərinin sırf millətçi təmələ söykənən ilk siyasi təşkilatıdır. Bu təşkilat olmasaydı bəlkə də milli hərəkatımızın sonrakı inkişafı, cümhuriyyət quruculuğu lazımı səviyyədə baş tutmazdı. Təsadüfi deyil ki, Müsavat partiyasının güclü bir təşkilata çevrilməsində keçmiş difaiçilərin mühüm rolu olmuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılmasında əvvəllər məhz “Difai”nin silahlı dəstələrində olmuş şəxslər bir baza rolunu oynamışdır.

Şirvani Ədilli

Geri dön