Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səlahəddin Əyyubi kimliyinin axtarışında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Səlahəddin Əyyubi kimliyinin axtarışında

Səlahəddin Əyyubi kimliyinin axtarışında


Vüqar Zifəroğlu: “O, Yaxın Şərqə yeni sima bəxş etmiş nadir türk şəxsiyyətlərindəndir”

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr.Vüqar Zifəroğlu ilə müsahibə

- Vüqar bəy, XII əsrdə yaşamış Səlahəddin Əyyubi şəxsiyyəti türk dünyası üçün kimdir və onun fəaliyyəti nədən ibarət olub?
- Səlahəddin Əyyubi təkcə türk-islam aləmi üçün deyil, bütünlükdə dünya tarixində özünəməxsus yeri olmuş tarixi şəxsiyyətdir. O, Yaxın Şərqə yeni sima bəxş etmiş nadir insandır. Səlahəddin Əyyubi haqqında çox yazılıb, bir çox elmi araşdırmalar aparılıb. Lakin hələ də bu böyük şəxsiyyətin kimliyi, onun fikir və ideya qayəsinin tam olaraq nədən ibarət olması ilə bağlı yekun fikir söylənilməyib. Mənbələri, qaynaqları o qədər qarışdırıblar ki, nəyin düz, nəyin yanlış olduğunu ayırd etmək çox çətinləşib. Bu səbəbdən ixtisasca tarixçi olmasam da, bu böyük şəxsiyyətə vurğunluğumdan onun həyat fəlsəfəsi və gerçək kimliyi ilə bağlı araşdırma aparmaq qərarına gəldim. Səlahəddin Əyyubi dünya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarmış o şəxsiyyətlərdəndir ki, istər etnik, istər dini kimliyindən asılı olmayaraq onun etdikləri qarşısında valeh olmaya bilmirsən. Səlahəddinə son dərəcə böyük hörmət və pərəstiş duyan Riçardın "İnsanlığı Səlahəddindən öyrəndim" məşhür kəlamı orta əsr Avropa tarixi mənbələrində dəfələrlə təkrarlanır. Ümumiyyətlə, Avropanın adı əfsanələşmiş bu qorxmaz və cəsur hökmdarı ilə Səlahəddin arasında qarşılıqlı hörmət üzərində köklənmiş münasibətlər olub. Məsələn, İngiltərə kralı döyüşlərin birində yaralandıqda Səlahəddin ona özünün şəxsi təbibinin qulluqlarını təklif etmişdi. Daha sonra Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların mərd sultanı öz rəqibinə iki at yolladı. Frankların düşərgəsində su çatışmazlığı haqqında eşitdikdə isə, Səlahəddin onlara dağlardan yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard öz bacısını Səlahəddinin qardaşına verməyi və Qüdsü onların toy hədiyyəsi etməyi təklif etdi.
Səlahəddin Yaxın Şərqə min ildən bəri ehtiyac duyduğu barışı və nizamı gətirdi. Dini ayrı-seçkilik olmadan Yaxın Şərqdə hamının rahat şəkildə yaşaya biləcəyini və ədalətli idarəçiliyin modelini ortaya qoymuş oldu. Onun vəfatı ilə isə Yaxın Şərqə hətta az müddətə olsa belə gəlmiş barış və hüzn də sona çatdı. Qohumları imperatorluğu aralarında bölüşdürməyə girişərkən, dostları İslam dünyasının ən cəsur və əliaçıq hökmdarının məzarını belə düzəltdirməyə yetəcəq qədər pul ayırmadığını gördülər. Və tarixin acı istehzası o idi ki, 1917-ci il dekabr ayının 11-də Qüdsə daxil olan ingilis ordularının komandanı general Edmund Hinman Allenbi Səlahəddin Əyyubinin məzarına təpiklə vuraraq, "Qalx, Səlahəddin, biz yenə gəldik" deyirdi.

- Bu gün Səlahəddin Əyyubinin milli mənşəyi haqqında ziddiyyətli fikirlər bildirirlir. Sizcə, bu fikirlər haradan qaynaqlanır və əsl həqiqət nə deyir?
- Böyük tarixi şəxsiyyətlər barədə həmişə mübahisələr gedir, onların ideya və fikirlərindən tutmuş, milli mənsubiyyətləri və soy-kökləri ilə bağlı həmişə mübahisələr dolaşır. Bir daha təkrarlamağı özümə borc bilirəm ki, Səlahəddin Əyyubi etnik kimliyinin nə olduğundan asılı olmayaraq həm türk, həm İslam dünyası üçün dünya öz varlığını sürdürdükcə adının unudulması mümkün olmayacaq bir şəxsiyyətdir. Onu türkün sevdiyi qədər ərəb də, fars da, kürd də, bəluc da, əfqan da sevir. Sevir və ona olan bu sevgisini sahiblənmək arzu və istəyini o qədər böyüdür ki, onunla öz arasında bir bağ axtarır. Bu böyük tarixi şəxsiyyətin soy-kökü ilə bağlı ziddiyyətli fikirlərin qaynaqlanmasının ilk səbəbi də məhz bu sevgidi. Təbii ki, başqa bir səbəb də həqiqətlərin aşkarlanmasında maraqlı olmayan yad qüvvələrin tarixi mənbələri qarışdırmasının nəticəsidir. Mənbələri, qaynaqları o qədər qarışdırılıb. Lakin son araşdırmalar Səlahəddin Əyyubinin atasının Şadılı türk tayfasına mənsub oldğunu ortaya qoyur. Səlahəddinin anası türk hökmdarı sülaləsindəndir və Şəhabəddin Tokuşun bacısıdır. Səlahəddinin həyat yoldaşı da köklü bir türk xatunudur - İsmət Aminə bin Muin al-Din Unur. Bacısı da İsmət xatunun qardaşı Sadəddin Məsud ilə ailə qurub. Məsudun vəfatından sonra isə başqa bir türk bəyi - Harran hökmdarı Gökbörü ilə nikahlanıb. Səlahəddin Əyyubinin digər bacısı Zümrüd Xatunun da əri türk bəyi olub. Əyyubilərin dövlət nişanı səlcuqilərdə olduğu kimi qartal olub. Dövlət idarəçilik sistemi də eynən türk dövlətlərində olduğu kimi, Divan və məşvərət qrupu sisteminə əsaslanırdı. Səlahəddinin qardaşlarının adları da maraq doğurmaya bilmir: Turanşah, Tuğtəkin və Börü. Bunlar hamısı bilinən həqiqətlərdir. Sadəcə, bunlardan nəticə çıxarmaq lazımdır.

- Əlimizdə qaynaqlar varmı ki, bu gün Səlahəddin Əyyubinin türk olmasını sübut etsin?
- Təbii ki var. Sadəcə, daha çox axtarmaq və tapmaq lazımdır. Məsələn, dövrün şairlərindən Sənaülmülk Hələbin alınmasından sonra yazdığı mədhiyyəsinin bir beytində qeyd edir ki, "ərəb xalqı türklərin dövləti ilə ucaldı. Əhli-səlib Əyyubun oğlu tərəfindən pərişan edildi".
İbn Xəlliqan "Vəfayat əl-ayan" ("Görkəmli adamların ölüm tarixi") adlı əsərində yazır ki, "Şirkuh demişdir ki, bizim nəsibimiz Gök Böridir". Məşhur tarixçi ibn Xaldun müqəddiməsində Məmlüklərin və Əyyubilərin tək bir türk dövləti olduğunu yazır. Səlahəddinin özbəöz türk oyunu olan çövqan oyununun mahir ustası olduğu tarixi mənbələrdə qeyd edilir. Mənbələrin sayını artırmaq olar. Həm də bura Şadılı tayfasının da etnik kimliyi ilə bağlı araşdırmaları əlavə etsək (hörmətli alimimiz Firudin Ağasıoğlunun bu tayfa ilə bağlı son dərəcə qiymətli araşdırmaları var), islam tarixinə "VƏLİULLA" ləqəbi ilə adı keçmiş bu böyük şəxsiyyətin türk olduğunu ortaya qoymuş oluruq.

- Orta əsrdə avropalıların Yaxın və Orta Şərqə təşkil etdikləri xaç yürüşlərinin məğlubiyyət səbəbini nə ilə bağlayırsınız? Onlar müsəlmanlardan silah, mənəvi-psixoloji cəhətdən yaxşı təchiz olunsalar da məğlub oldular. Səlahəddin Əyyubinin xaçlılar üzərində parlaq qələbə qazanmasının səbəbi nədə idi?
- Səlahəddinin mahir dövlət xadimi və sərkərdəlik qabiliyyəti. Və ən əsası da ona olan aşırı sevgi və bağlılıq. Bu sualınıza ən gözəl cavabı böyük mütəfəkkir Əbdüllətif əl-Bağdadinin fikri ilə vermək olar: "Səlahəddin Əyyubini heybətli insan olaraq gördüm. Sözləri qəlblərə təsiredici idi. Yanına ilk gəldiyim gün məclisinin alimlərlə dolu olduğunu gördüm. Hərəsi müxtəlif elmlərdən danışırdı. Sultanın yaxınları onu özlərinə örnək götürür, yaxşılıqda yarışırdılar. Müsəlman da, kafir də sultanı çox sevirdi. Onun ölümüylə insanlar həqiqi bir atanı itirdilər. Ölümünə kədərlənməyən bir insan olmadı".

Elnur Eltürk

Geri dön