Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Fars rejiminin zülmündən qaçan güneyli qadının həyat hekayəsi
Fars rejiminin zülmündən qaçan güneyli qadının həyat hekayəsi |
“Bizim kökümüz başqa torpaqda tutmaz, tutsa da...”
Sizə Güney Azərbaycandan olan fəal bir xanımdan bəhs edəcəyik. Daha doğrusu, türklərin təhqir olunmasına etiraz olaraq baş verən 2006-cı ilin may hadisələri zamanı həbs edilən və Tehranda dəhşətli ünvan kimi tanınan Evin zindanında 18 gün cəza çəkən, sonrakı dönəmlərdə ağır mənəvi-psixoloji təhdidlər altında yaşayan Həcər Sultani başına gələnləri “Yeni Müsavat”a danışır. Həyat yoldaşına milli musiqidə ifa etmək, səhnədə yer almaq, övladına ana dilində təhsil almaq, özünə doğal haqqını bərpa etmək yasaq olunan ananın dediklərinə biganə qalmaq sadəcə mümkünsüz. Buna Güneyin ağrı-acısını köksündə daşıyan xanım fəalın yaşı içində söhbəti də demək olar. Bir müddət öncə ailəlikcə təhdid olunmasından bezikərək Bakıya mühacirət edən Həcər xanımın ağrılı həyat hekayəsini oxuyun və Güneydəki soydaşlarımızın başına nələr gətirildiyinin bir daha şahidi olun: - Mən Miyanada anadan olmuşam. Amma 1 yaşımdan ailəliklə Kərəcə köçüb yaşamışıq. Karikatura məsələsi ilə əlaqədar parlamentin qarşısına etiraz üçün yığışmışdıq. Orda bir çoxları ilə birgə biz də tutulduq. Məni Tehranda, Evin zindanında 18 gün saxladılar. Dəhşətli bir yer idi. - İşgəncələrlə üzləşdinizmi? - Tutulanda çox vurdular, çox... (gözləri dolur, fikri qırılır) Görənlərdən biri demişdi ki, yəqin o qızın qol-qabırğası sındı. Amma tutulandan sonra mən tək bir şapalaq “yedim”. Bir məmur məni təhqir etdi, mən də təhqirlə cavab verdim. O da xanım idi, bir şapalaq vurdu...İki gün ərzində nəzarətçilərim xanım oldu, sonrakı günlərdə dəyişdirdilər ağalar (kişilər) oldular. Durub desəm ki, işgəncə verirdilər, yox. Yemək-içməyimə belə diqqət yetirirdilər. Ancaq mənə olan diqqətin səbəbini də bilmirdim. Çox güman ki, təcrübə sahibləri olduqları üçün kimlə necə davranmalı olduqlarını müəyyən etmişdilər. - Bəs necə oldu həbsdən qurtuldunuz? - Zəmanətlə. Dəfələrlə ittihamlarla üzləşdim, hansı ki, bu ittihamlar bir xanıma uyğun deyildi. Asayişin pozulmasında ittiham edirdilər ki, bunun da heç bir əsası yox idi. Odur ki, zindandakı 18 günün 11-ini mən ölüm orucu saxladım. Məhkəmə mənimlə bağlı qərarda elan etmişdi ki, mən 95 mln. rial girov qarşılığında həbsdən çıxa bilərəm. Əvvəl 150 mln. idi, mən aclıq aksiyasını başlayandan sonra endirdilər. Növbəti etirazımdan sonra bu məbləği də azaldıb 60 mln-a endirdilər. Ailəm 60 mlnluq girov verdi, baxmayaraq ki, çox böyük pöul idi. Bizim mülkümüzün sənədini verdik, mən azad olundum. Biz gələndən sonra hökumət yəqin ki, həmin mülkümüzü müsadirə edəcək. - Necə oldu ki, bura gəlmək qərarı verdiniz? “Həcər Sultani: “Ortaq dərdimiz, Güney Azərbaycan qalıb bir qıraqda, insanlar post, məqam, olmayan bir şey üstə didişirlər” - Vallah, əslində bəzi dostlarımız kimi məsələni qabartmaq istəmirəm. Ancaq mənim həyat yoldaşım musiqiçidir, milli musiqi ilə məşğuldur - Yanar Sönməz. Qaşdan, gözdən, boy-buxundan oxumaz, oxuya da bilməz. Biz içəridə çox gözəl çalışırdı, kefimiz istəyən qədər. Müxtəlif universitetlərdə, yerlərdə səhnə alırdı. Ancaq 2 ildən artıqdır ki, Yanarı səhnəyə çıxmağa qoymurlar. O da istintaqa çağırılıb, amma həbs olunmayıb. Daha o tərəfdə qalmağımız mümkün olmadı. Çünki Yanar sözünü bağlama sazla, musiqi ilə deyə bilir, ona da imkan vermədilər. - Azərbaycanın quzeyində qalmaq istəyirsiniz, yoxsa buradan da harasa üz tutacaqsınız? - Çalışmamız bu olacaq ki, qalaq. Həyat yoldaşımın bir sözü var ki, bizim kökümüz başqa torpaqda tutmaz, tutsa da, istədiyimiz barı verməz. Buranın da hansı çətinliklərinin olduğunu özünüz də bilirsiniz. Bizlər vətən həsrəti deyirik. Amma Vətəndən Vətənə gəlmək, həsrətdən həsrətə qovuşmaq lap çətindir. İnşallah, çalışacağıq ki, ayrı yerə getməyək, elə burda qalaq. Ancaq istəyirəm hər kəs bilsin ki, biz heç zaman siyasətə qarışmadıq. Bizi sadəcə bir şey maraqlandırır: harda ki, Güneyin dərdi var, ora bizim hansısa görəv sahibi olmağımızı istəsələr, biz oranın ayaqqabılarını cütlərik. - Neçə övladınız var? - İki. Bir qız, bir oğlan. Qəzəm Asenanın yaş yarımı var, oğlum Anarın da 6 yaşı var. - Allah saxlasın. Güneydə, yaxud Kərəcdə doğmalardan kimlər qalıb? - Hər kəs qaldı...Ata, ana, qardaş, bacı. Onlarla yanaşı bütün dostlarımız qaldı. (Bunu deyəndə gözündən yaş sel kimi axır) Biz ailədə 10 nəfərik - 7 qardaş, 3 bacı. Mən bacıların böyüyü, uşaqların ikincisiyəm. - Siz gələndən sonra silə üzvlərindən kimlərisə incitməyiblər? - Həyat yoldaşımın ailəsinə daha çox basqı var. Çünki məndən sənədləri alıblar, edə bilərlər ki, mülkümüz müsadirə olunsun. Ancaq ilk gündən zəng etdiyimiz zaman ailə üzvlərimiz nömrəni tanımadıqları üçün cavab vermirdilər. Sonradan başa düşdük ki, telefonla təhdid ediblər. O kəs ki, mənə zamin olub, sənədini gətirib qoyub, həmin adam atamın əmisi oğlu və bacımın qaynıdır. Son bir il ərzində ona dörd dəfə zəng etmişdilər ki, müttəhimi gətir, təhvil ver. O da demişdi ki, rəsmi şəkildə özünə kağız göndərin, gəlsin. Atamın əmisi oğlu gəlib mənə dedi ki, qızım, mən razı deyiləm ki, sən körpə uşağını qoyub zindana gedəsən. Odur ki, o sənəd sənin saçının bir telinə qurbandır, sən çıx, get. - Siz Güneydə hansısa təşkilatın üzvü olmusunuzmu? - Yox, heç bir təşkilatın üzvü deyildik, deyilik və olmaq da istəmirik. Mən qabaqlar - uşaqlarım olmamışdan əvvəl sənədli filmlər çəkən şirkətdə çalışırdım. O da fars şirkəti idi. Uşaqlar dünyaya gələndən sonra isə maaşlı işə getməmişəm. - Güneydə həbs olunan milli fəallardan nə xəbər var? - Mən həbsdə olan 40-dan çox milli fəalı şəxsən tanıyıram. 7-8 nəfərlə isə çox yaxın ailəvi münasibətimiz var idi. İnanın. Hər yadıma düşəndə içim yanır... (Yenə pauza, yenə göz yaşları) Hər dəfə uşağıma baxanda onların uşaqlarını xatırlayıram. Mahmud Fəzlinin oğlu Atilla mənim oğlum Anarla yaşıddır. İndi Atilla mədrəsəyə gedir, bir ildir atasını görmür, zindanın nə olduğunu belə uşaq bilmir. Ancaq atası hələ bundan sonra 9 il də zindanda qalacaq...Biz bərabər həyat yoldaşlarımızla tanış olduq, dostluq etdik, bərabər evləndik, eyni vaxtda uşaqlarımız oldu. Ya Yürüş Mehrəlibəylinin oğlu Tatarın taleyi olsun... Bunları düşünmək belə çox çətindir. İllər boyu həm özü, həm həyat yoldaşı ilə dostluğum olub. İndi onların uşaqlarını yada salanda belə canım inciyir. Lakin heç nə əlimdən gəlmir, heç bir kömək edə bilmirəm. Nə maddi yardım edə bilmirsən, nə mənəvi. Nə içəridə bir xeyrimiz dəyirdi, nə də çıxandan sonra burdan bir dəstkə verə bilirik. Bizi narahat edən başqa məsələ də var. Güneydən çıxandan sonra bu tərəflərdə çox didişmələr gördük. Bizim ortaq dərdimiz, Güney Azərbaycan qalıb bir qıraqda, insanlar post üstə, məqam üstə, olmayan bir şey üstə didişirlər, heç heç kəsi qəbul etmək belə istəmir. Heç kəs heç kəsin qarşısında bir addım belə geri atmaq istəmir. Bu, ona bənzəyir ki, dörd yolayrıcıdır, hər kəs maşınla gəlir, ancaq heç kəs digərinə yol vermək istəmir, hər kəs özü birinci getmək istəyir. Biz bilmərik bu, GAMOH, Yeni GAMOH, İstiqlal, Federal partiyaları, ya DAK-dır. Məni və həyat yoldaşımı bir tək məsələ maraqlandırır: Güney dərdi. Biz orda da belə çalşıdıq. Ağaye-Rəşididən, Yürş Mehrəlibəylidən, Mahmud Fəzlisindən tutmuş, kommunistlərdən, Həsən Ərkdən, Həsən Azərbaycandan tutmuş hər kəsədək kim nə dedisə, biz o işi apardıq. - Azərbaycanlıların sayı ilə bağlı da müxtəlif rəqəmlər səslənir. Sizdəki məlumat nədir? - Qeyri-rəsmi məlumata görə, 35 milyondur. Yaşadığım Kərəcdə belə 1 mln. 700 min nəfər türk var. - Urmiyə gölünün quruması ilə bağlı nələr deyə bilərsiniz? - Biz Urmiyə gölü ilə bağlı aksiyalarda da iştirakçı olmuşuq. Demək olmaz ki, Urmiyə gölü quruyur. Məncə, Urmu gölü quruyub demək lazımdır. 30 faizi qalıb. 30 faiz nədir ki? Hansı güc gölü yenidən qaytara bilər? Bu, hakimiyyətin apardığı prosesdir. Təto, Cığatı, Baranduz, Nazlıçay kimi böyüklü-kiçikli 40-dan artıq çay gəlib Urmu gölünə tökülürdü. 70-dən artıq sədd vurublar, bir çay belə daha gəlib Urmuya tökülmür, göl nədən qurumasın? Qurulan sədlərə görə Azərbaycan İranda birinci yerdədir. Bütün bunlar sözdə əkinçiliyə xidmət edir. Halbuki əkinçilik də yoxdur. Əkinçilik var idisə, niyə bu qədər mühacirət var, niyə insanlar köçürlər, yoxsulluq hardan gəlir? - Azərbaycanlı milli fəalların müxtəlif ittihamlarla edam olunması halları necə, varmı? - Vallah mən eşitməmişəm və görməmişəm. Ancaq müəmmalı, biz şəkk elədiyimiz ölümlər olur. Son 4-5 ilin içində biz bir çox dəyərli dostlarımızı müəmmalı avtomobil qəzalarında itirmişik. Amma rəsmi halda deyək ki, bir fəalı gəlib tutdular, mühakimə edib asdılar, belə şey olmayıb. - Ruhanidən nə gözlənti var? - Şəxsən mən heç nə gözləmirəm. Bu hakimiyyətin verdiyi şey aldığından az olmaz. - Azərbaycanlı məmurlar bu vəziyyətdə necə davranır? - Onlar da rejimin çörəyini yeyir, onları da qınamaq olmaz. Bəzən aksiyalarda bizi döyürdülər, dostlardan biri deyirdi ki, filankəs azərbaycanlıdır, ETTELAAT-dadır, ancaq mən deyirdim işiniz olmasın, neyləsin, o da çıxıb getsin başqa ölkəyə? Bu gedəcək, ayrısını üstümüzə gətirəcəklər. - Ana dilində təhsillə bağlı hansı yeniliklər var? - Vəd veriblər. Amma hələ bir şey yoxdur. Mənim oğlum orda məktəbə getsəydi, fars dilində oxuyacaqdı. Oğlum fars dilini 80 faiz bilir, amma ana dilində, xüsusilə də Türkiyə türkcəsində yaxşı danışır. - Həcər xanım, sizcə, Güneyin taleyi necə olacaq, orda qoyub gəldiyiniz durum nə deyir sizə? - (Yenə kövrəlir, səsi boğulur, çətinliklə də olsa, gözlərindən yaş süzülə-süzülə danışır) Gəldiyimə çox peşmanam. Çünki içərinin dərdi çox ağırdır, çox. Çöldə bu dərdi çəkmək olmaz. Dərdi dərd olan yerdə çəkməlisən. Burda dərd yoxdur, qalmaqal var. - Azərbaycan dövlətindən, Quzeydən nə umursunuz? - Siyasətçi olmadığıma görə bilmirəm nə deyim. Bilirəm ki, Azərbaycan hakimiyyətinin də özünəxas problemləri var, yeni istiqlalını qazanmış bir dövlətdir. Amma kaş ki, o taydan gələn, sıxıntıda olan insanlara bir az artıq qanad verə bilə. Gedirsən viza üçün çox çətinliklərlə üzləşirsən. - İstərdinizmi Güney Azərbaycanlı xanım olaraq ordakı xanımların durumunu danışmaq, dəstək istəmək üçün əslən Ərdəbil kökənli olan Azərbaycanın birinci xanımı ilə görüşəsiniz? - Arzulardım ki, Azərbaycanın birinci ledisi o qədər ki, ölkənin qayğısına qalır, kaş özü bir şərait yaradaydı bizim kimi o taydan gələn xanımlar da onunla görüşə əli çataydı. Siz deyən məsələ mənim üçün bəlkə də əlçatmaz bir şeydir. Ancaq kaş ki, bu şərait yaradılaydı. Kaş bir mərkəz, bir ünvan olaydı, bir çox təşkilatlara başçılıq edən Mehriban xanım ora da başçılıq edəydi və güneyli xanımların sıxıntıları, çətinlikləri orda dinləniləydi. Mən istərdim bu görüşdə millətimin dərdini Mehriban xanıma çatdırım. Zəlzələ bölgəsi olan Vərziqan vilayətinə 1 metr qar yağıb, insanlarımızın bir çoxu çadırlarda yaşayır, bu, zarafat deyil, çox faciəvi vəziyyətdir. Zəlzələdən il yarım keçib, rejim vədinə əməl etməyib. Günü bu gün Güneyin yardıma ehtiyacı var... Elşad PAŞASOY Geri dön |