Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakının mərkəzində sökülməsi gözlənilən ərazilərin adları açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakının mərkəzində sökülməsi gözlənilən ərazilərin adları açıqlandı

Bakının mərkəzində sökülməsi gözlənilən ərazilərin adları açıqlandı


Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililərin, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binaların sökülməsi nəzərdə tutulur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: "Bakıda "Sovetski" adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma "Sovetski" sökülüb qurtarmadı. Bir şey də deyim ki, "Sovestki"nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik".
Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də "Kubinka" adlanan ərazidir: "Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də "Kubinka" olacaq".
C.Hacıyev, həmçinin qeyd edib ki, "Papanin" adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir: "Papanin" Sovet dövründə insanlara ev tikməyə imkan verilmədiyi zamanlarda yaranıb. Orada əsasən bir gecəyə sıx yanaşı tikilmiş, heç bir sanitar şəraiti olmayan, günəş şüası düşməyən, havalanmayan evlər yerləşir. Bu ərazilərin sökülməsi doğru olardı. Qeyd edim ki, burada söküntünün dövlət hesabına aparılmasından söhbət getmir. Hansısa sərmayədar, sahibkar bu ərazidə biznes məqsədilə müəyyən ərazini alıb orada yeni obyektlər tikə bilər. Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan parametrləri pozmamaq şərtilə bu qayda "Sovetski"də də tətbiq oluna bilər. Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir".
Dövlət Komitəsi rəsmisi bildirib ki, bu işlərin bir qismi dövlət, digər qismi isə investorların hesabına aparıla bilər: "Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə yanaşma başqa cür olacaq. Yəni, əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq".

Geri dön