Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “KÖÇƏRƏM DÜNYADAN, ÖLMƏRƏM YENƏ”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > “KÖÇƏRƏM DÜNYADAN, ÖLMƏRƏM YENƏ”

“KÖÇƏRƏM DÜNYADAN, ÖLMƏRƏM YENƏ”


Varlığına kədər və ümidsizlik hakim kəsilən ağır anların birində doğma bildiyi bir adama “sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi?!” – sualını verən, yaxşı-yaman ancaq 38 il yaşaya bilən, qəlbini qəmlər gəmirən Əli Kərimin vəfatından təxminən 22 il keçir. Şairin yerdə yerini dəyişdiyi tarix ürəyi böyük ümidlərlə, nurlu arzularla ləbələb dolu gəldiyi Bakıdan istəklərinin yüzdən birinə də çatmamış həmişəlik “mavi nəğmənin sahilinə” – Göyçaya getdiyi tarix uzaqlaşdıqca, o, bizə daha da yaxınlaşır, doğmalaşır, mehribanlaşır. Nədir bunun səbəbi? Nədir onu bizə sevdirən? Nədir ona ölməzlik vəsiqəsini bağışlayan? Hansı şəxsi, insani keyfiyyətlərinə görə, təbiətindəki hansı qeyri-adi cəhətlərinə görə biz onu qəlbimizdə yaşadırıq və bunu özümüzə borc bilirik.
Fikrimdə dolaşan bu suallarla, şairin yaxın dostlarından, qardaş dediyi adamlardan biri ilə - şair Kələntər Kələntərli ilə sorğu – söhbətə başladım:
- Kələntər müəllim! Sizin “İlham” qəzetində gözəl şairimiz Əli Kərimlə bağlı bəzi mülahizələriniz dərc olunmuşdu. Dediyiniz kimi, onlar nə vaxtsa yazdığınız bir radio verilişindən götürülmüşdü. İndi mənə də, yaşıdlarıma da belə gəlir ki, şair Əli Kərimə yaxın, doğma olan adamlardan biri də sizsiniz. İllər keçdikcə biz – indiki ədəbi gənclik mərhum şairin “qədrini bilməyə”, ondan öyrənməyə, onun həyatı ilə maraqlanmağa başlamışıq. Ona görə də xahiş edirəm, Əli Kərim barısindı verəcəyim suallara bir qədər geniş və ətraflı cavab verəsiniz.
- Surəti gözümün önündən zaman-zaman çəkilməyən, adı dilimdən bir kəlmə də düşməyən bir əzizimdən, doğmadan söhbət açmaq mənim üçün nə qədər ağır və əzablı olsa da, hər halda canımı dişimə tutub, ürəyim göynəyə-göynəyə də olsa, danışmalı, suallarına cavab verməliyəm. Mən istərdim ki, müharibə zamanı 17 yaşında itkin düşmüş nakam – qardaşım Şıxqayıba tən qardaş bildiyim Əli Kərim poeziyasını, məndən ötrü örnək olan bir şairi təkcə Azərbaycan elləri deyil, bütün dünya xalqları da tanısın. O həm bir insan, həm də bənzərsiz bir şair kimi buna layiqdir.
- Siz Əli Kərimlə nə vaxt, harada və necə tanış olmusunuz?

- Şəxsi tanışlıqdan əvvəl mən onu “Kür sənə bənzəyən nəğməm olaydı”, “Zoya kimi”, “”Stalin kəndimizdə, “Poçtalyon”. “İki sevgi” və başqa bir sıra şeirlərini oxumuşdum. Bunlar 60-cı illər üçün çox böyük poetik kəşflər idi. hər şair olmaq istəyən belə tam, sağlam insan bənizi kimi bütöv şeirlər yaza bilməzdi. Mən onlara vurulmuşdum. Buna deyirlər qiyabi tanışlıq. Səhv etmirəmsə, 1953-cü ilin noyabr ayında Bakıda gənc yazıçıların müşavirəsi keçirildi. Həmin müşavirəyə Qubadan dəvət olunmuşdum. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyan Əli Kərim isə Moskvadan gəlmişdi. Onda elə-belə bir ayaqüstü tanış olduq.
- Bəs sonra?
- Mən Quba pedaqoji texnikumunu bitirib Bakıda V.İ.Lenin adına APİ-də təhsilimi davam etdirirdim. O da Moskvada təhsilini başa vurub “Azərbaycan” jurnalında işə düzəlmişdi. Şeirə baxırdı. Bir şeir həvəskarı kimi hərdən bir yanına gedirdim. Onun ipək kimi təbiətindən, sadəliyindən, xoş rəftarından xoşum gəlirdi. Onun məndən nə üçün xoşu gəlirdi, bunu deyə bilmərəm. mən də yaxşı kitab həvəskarı idim, o da nadir kitabları oxuyandı. Sözümüz, söhbətimiz tuturdu. Əsassız danışan deyildi. Nədənsə, məni tez-tez görmək istəyirdi. Mən də onu görməyəndə darıxırdım. Hər dəfə görüşüb, ayrılanda: “Sabah mütləq gəl, bir oturub dərdləşək” – deyirdi. Heç özüm də hiss etmədən tanışlığımız dostluğa, dostluğumuz da qardaşlığa çevrildi. 1960-cı ildə “İki sevgi” adlı kitabı çapdan çıxmışdı. Onun bir nüsxəsini mənə bağışladı. Avtoqrafına baxdım: “Qardaşım Kələntərə” – yazmışdı. O kitab ən əziz bir yadigar kimi indi də məndədir, yazı masamın üstündə gözümün qabağındadır. Pmrümün son anına kimi də “İki sevgi”dən ayrıla bilmərəm.
- Mənə elə gəlir ki, vaxtsız dünyadan köçən yaxşı insanların, xüsusilə böyük sənətkarların ömrü xatirələrdə yeni ömür başlayır. Belə demək mümkünsə, şair Əli Kərim indi ürəklərin yaşıl küçəsində yaşayır. Bir dost kimi, ona doğma olan bir adam kimi necə xatırlayırsınız Əli Kərimi?
- Onun kimi bir insanın, bir şairin xatirələrdə təzə pmür başlaması çox təbiidir. Böyük alman dahisi Hötenin belə bir sözü olsun gərək: “Mən dünyada ikinci dəfə doğulmaq üçün yaşayıram, yaradıram”. Əli Kərim də bu qəbildən olan insanlardan biridir. Bu şairin əsərlərində həyat eleksirindən, poetiklikdən məhrum, əbədi yaşamaq hüququnu qazanmamış tək-tük misrasını tapmaq olar. Əli Kərimin yaradıcılığın bütövlükdə səs-səs, söz-söz, misra-misra, cümlə-cümlə tədqiq etmək, açmaq, aşkarlamaq vaxtı çoxdan çatmışdır. Onun əsərləri poetik örnəklərdir. Hisslərdir, duyğulardır, fikirlərdir, mənalardır, mətləblərdir. Əli Kərimin misraları da, cümlələri də. O, poeziya aləminə heç bir “hazırlıq kursu” keçməmiş, yetkin bir şair kimi gəlmişdi. Dahi tənqidçi Belinskinin dediyinə görə şair sözü yüksək və müqəddəs br sözdür. Bu sözlə ölməyən əbədi bir şöhrəti vardır. Lakin qabiliyyət dərəcələrinə gələndə şairlər müxtəlif olurlar. Buna görə də çağdaş tənqid öz sənət yoldaşları arasında tutduğu yeri, mövqeyi müəyyənləşdirmək üçün Əli Kərimin yaradıcılığı dərindən, çoxtərəfli tədqiq edilməlidir.
Əli kimi təmənnasız bir dostu, mənəvi bir qardaşı itirmək məndən ötrü canlı bir planeti itirməyə bərabərdir. O, bənzərsiz insan, bənzərsiz bir şair idi. İnsanın da, şairin də böyüklüyü hardasa, kiməsə bənzərsizlikdədir, kütlədən seçilməyindədir. Gündəliyimizdə nə vaxtsa, kiminsə kitabından köçürdüyüm bu sözlərə rast gəldim: “elə adamlar vardır ki, onlar başğalarından o qədər fərqlənirlər ki, onların ağıl və xasiyyətləri o qədər orijinal və lətif olur ki, belələri bəzən bu dünyada yad adamlara bənzəyir, buna görə də bu dünyanın özü də onlara yad görünür”. Əli Kərim müasiri olduğu insanların arasında yaşayan, intellektual səviyyəsi yüksək olduğuna görə onlarla daxili əlaqəsi olmayan, sözü-söhbəti alınmayan, tutmayan, ancaq zahirən əlaqədə olduğu kimi görünən, özünün qapalı dünyası, özünün özündə yarada bildiyi öz Əli Kərim dünyası olan bir insan, bir şairdi. Bu səbəbə görə də özünə lap yaxın, doğma bildiyi bir adamla da “hə”, “yox”la danışardı. Dodağından söz qopartmaq. Yeri gələndə ona iki misra şeir dedirtmək müşkül bir işdi. Doğma yurdunda, doğma insanların içində qərib kimi görünən çair qardaşıma bəzən üç-dörd nəfərlik içki məclisində oturanda, kefi kök olanda, papiros çəkirsənmi deyəndə, iki barmağının ucu ilə burnunun ucunu tutub zarafatla – mən papiros çəkmirəm, burnumu çəkirəm deyərdi. Özünəməxsus nurlu və kədərli bir təbəssümü vardı. Dilindən ünvanına köntöv bir söz eşidən heç kimin könlünə toxunmazdı. Çığır-bağırla, hay-küylə qətiyyən arası yoxdu. Çəkdiyini ancaq içəridə çəkirdi. Dərdini hələm-hələm açıb-ağartmazdı. Nə dərd üstünə dərd gətirən, nə də araya məşumluq salan hərcayi sözlər yoxdu onun söz lüğətində. İşlətdiyi hər kəlməsindən ürəyinin mədəniyyəti bilinərdi. Kirayənişin qaldığımız köhnə evdən təzə mənzilə köçəndə köhnə bir divanımız vardı. Əli bizə gələndə, qarşısına çay, çörək, xörək, içki gələnə kimi həmin divanda kirimişcə oturub, öz aləminə qapılardı. Sonralar təzə divan alıb, köhnəni atdıq. Həyat yoldaşım – rəhmətlik Sura xanım eşidəndə ki, Əli rəhmətə gedib: “bilsəydim, Əli qardaş belə tez rəhmətə gedəcək, bir də qapımızdan içəri girməyəcək, o divanı atmazdım” – dedi və hönkür-hönkür ağladı. Təmizlik, paklıq, bakirəlik mücəssəməsi idi Əli Kərim. O həm arlı, namuslu, şəxsiyyətli bir insan, həm də fitri istedada malik bir şair idi, nəinki yaşca özündən kiçiklərə, hətta böyüklərə də. yaşıdlarına da bir örnək, bir fenomen məktəb idi.
- Bəs nə üçün onun qədrini ədəbi aləmdə bilmədilər? Nə idi şair Əli Kərimin, günhasız Əli Kərimin günahı?
- Əvvəldən onu deyim ki, Əli Kərimin istedadına, şairliyinə pərəstiş edənlər, onu sevən, qədrini, qiymətini bilənlər vardı. Yazıçılardan Mehdi Hüseyn, Məmməd Əkbər, Əbülhəsən Ələkbərzadə, Qılman İlkin, İsmayıl Şıxlı, İsa Hüseynov, Altay Məmmədov, Sabir Əhmədov, Əli Səmədli, çair İslam Səfərli, tənqidçi İslam İbrahimov və başqaları ona böyük rəğbət bəsləyirdi, xətrini istəyirdi, tərəfini saxlayırdı, bəzi yersiz hücumlardan onu müdafiə edirdilər. Bununla yanaşı, xüsusilə şairlərin arasında Əli Kərimin şairliyinə paxıllıq edənlər, həsrət aparanlar da az deyildi. Müasir Salyerilər üzdə üzünə gülür, özlərini canıyanan kimi göstərir, arxada isə kölgəsini zəhərləyirdi. Heç kəslə işi olmayan, başını uca tutub, öz gündəlik işini görən, visdanlı, təmiz bir insanın işlərinə pəl vurmaqdan həzz alırdılar. Əli Kəriin ən böyük “günahı” nadir istedad olmağı idi. Böyük şairləri, nadir istedadları bütün zamanlarda onları əhatə edən dövrə, ictimai-siyasi mühit və o mühitdəki zəhərli hava tez sıradan çıxarır, bir sözlə, ərəz-mərəz edib, çərəldib öldürürlər. Əli Kərim deyərdi: “Səməd Vurğuna ölümündən sonra olsa ya xalq, ya da Sovet İttifaqı qəhrəmanı adını vermək lazımdır. Çünki o, satqınların, paxılların, xəbislərin, donosbazların arasında hər gün onlarla üz-üzə, göz-gözə gələ-gələ 50 il yaşaya bildi”. Cavan oğlan, yaralarımı qoparma, çoxdan qaysaq bağlamış köhnə ağrılarımı tərpətmə, açılıb təzədən qan verə bilər...
- Kələntər müəllim! İndiki cavanların çoxu bilməsə də, mən az-çox bələdəm, siz səbirli, dözümlü, ədalətli adamasınız. Boynuna düşmüş yükü axıra kimi daşımağa qadirsiniz. Eşitdiyimə görə Sumqayıtda Əli Kərimin xatirə gecəsi keçirilmiş. Gecənin başlanmasına bor neçə saat qalmış divarlara vurulmuş afişalar yoxa çıxıb. Bu işi görən şairin keçmiş tələbə yoldaşlarından biri imiş. Həmin adam sonralar da utanmadan Əli Kərimin yubiley gecəsində boğazdan yuxarı bir nitq söylədi. Bu hadisəni bütün təfərrüatı ilə danışmağınızı xahiş edirəm.
- Mən o tədbrdə iştirak etmişəm. Əli Kərimlə bağlı bütün tədbirləri məndən gizlətməyi lazım bilən bəzi adamlar var. özləri də vəzifə sahibləridir. Onlar mənim xaraktermə bələd olanlardır. Bilirlər ki, kürsüyə qalxsam, açaram sandığı, tökərəm pambığı. Dediyin hadisə Sumqayıtda jurnalist Əli Kərim poeziyasının böyük pərəstişkarı, ömrünün son iki ən ağır ilində şairlə dotluq etmiş Fiyruzun “Dinmə, ey kədər” kitabında təsvir olunub. Mən də oradan oxumuşam. Gümanım bir adama getsə, imanımı yandıra bilmərəm. Qoy onu Fiyruz bəy özü aşkarlasın, oxu atıb, yayı gizlətməsin, bizi şübhələrdən qurtarsın.
- Əli Kərimin ədəbi aləmdə heç kimə pisliyi keçməmişdi. O, çox həssas. Kövrək ürəkli bir insan olub. Bunu onun şeirlərindən də görürük, hiss edirik, duyuruq. Bəs ona nə üçün xəyanət, pislik ediblər?
- Mən bu sualın cavabını bu və ya başqa şəkildə yuxarıda vermişəm. Cavanoğlan, sənət adamları ancaq masa arxasında oturub yaratdığı dəqiqələrdə onların ətəyində namaz qılmaq olar. Qalan vaxtlarda onlar da insandır, çiy süd əməndir. İnsan adlı şüurlu, duyğulu canlıdan nə desən, nə istəsən, hansı pisliyi, hansı namərdliyi desən, gözləmək olar. Əlbəttə, bunun Əli Kərimə heç bir dəxli yoxdur. Yeri gəlmişdi dedim. Ürəyi ilan-çayan, qanqal-tikan, daş-kəsək, zir-zibil yuvası olan bir adam heç vaxt şair olub ürəkləri fəth edən şeir yarada bilməz. Poetik əsər büllur tərəfindən poeziya vergisi verilmişlərə pislik sözü yad olmalıdır. Onlar bacarsa, imkanları olsa, ən qəddar, amansız düşmənə də yaxşılıq edərlər. Şair hara, pislik hara? Ya Füzuli, ya Sabir, ya da Vurğun şüurlu surətdə, bilə-bilə, qana-qana, kiməsə pislik edə bilərdimi? Məncə, qətiyyən yox! Əli Kərim bir neçə il “Azərbaycan” jurnalında poeziya şöbəsinə başçılıq etdi. Şair olan da, yatıb yuxusunda şeir görən də onun yanına “şeirlə” gəlirdi. Onların arasında elələri var idi ki, Əli hələ orta məktəb şagirdi olanda onların poeziya ilə heç bir əlaqəsi olmayan onlarla “şeir” külliyyatını varaqlamışdı. Onlar Lenin partiyasının sadiq nökərləri, ordenli-medallı harınlardı. Şeir onlardan ötrü ali məqsədlərinə bəd niyyətlərinə çatmaqdan ötrü bir vasitə idi. Əli isə “Döydüm Füzulinin qapısını mən” – deyə şeiri çörək kimi müqəddəs bilən adamdı. Mənasız, mətləbsiz, söz yığınlarını şeir adı ilə oxuculara sırımaq ona ar gəlirdi. O, şeirdən təmənna güdənləri mədəni yolla başa salmaq istəyirdi: - gedin, özünüzə iş tapın, peşə tapın, boş yerə vaxtınızı itirməyin, poeziya sizin xörəyiniz deyil. Yaxşılıq etmək istəyəndə əksinə alınırdı. Həm çoxdan fəxri adlara layiq görülmüş, mükafatlar almış və almağa hazırlaşan işbazlara, həm də “mən də şair olacağam” – iddialı dələduzlarla onun arasında ziddiyyət yaranırdı. Şübhə yox ki, ziddiyyət olan yerdə pislik də, namərdlik də mütləq olmalıdır.
- Kələntər müəllim, Əli Kərim dostlarla, tanışlarla necə rəftar edirdi?
- Gözəl insan. gözəl şair Əli Kərim kimi. O həm klassik, həm də çağdaş sənətkarların seçmə əsərlərini oxumağı xoşlayırdı. Hər gözünə görünən, əlinə keçən kitabı oxuyan deyildi. Zövqünə söz ola bilməzdi. Zəngin də mənəvi aləmi vardı. Danışanda etikadan kəanra çıxmazdı. O zamanlar institutlarda nə estetika, nə də etika bir fənn kimi keçilmirdi. Əli Kərim isə estetik və etik qanunları bir para nəzəriyyəçilərdən yaxşı bilirdi. Bilərəkdən, başa düşərəkdən kiminsə xətrinə dəydiyi, kiminsə yanında kimisə pərt etdiyi yadıma düşmür. Həmyerlisi, dostu-sirdaşı, şair-dramaturq İsgəndər Coşğunla məzəli zarafatları vardı. S.Vurğunun “Komsomol poeması” zəminində mənzum pyes yazdığına görə onun adını “goreşən” qoymuşdu. Bəzən içib hallı olanda deyirdi: - Sərxoşları ayıldan məntəqədə İsgəndərin şəxsi çarpayısı var. Kefli olanda qorxudan evə getmir, orada yatır. Bu gecə məni ötürmə, gedib onun yanında yatacağam. İnanardım, özü isə qəh-qəh çəkir, gülərdi. İkimizin də yaxın dostumuz – mərhum alim, şair dostumuz Asif Zeynallı hərdən ona “balaca dahi, necəsən?” – deyə sataşardı. Əhəmiyyət verməzdi, dinmədən üzü təbəssümlənərdi. Bu yaxınlarda rəhmətə getmiş şair qardaşımız Tofiq Bayramın “Zaporojye” markalı bir maşını vardı. Əlinin dilində o maşın “səyyar tabut” idi. Tofiqin bu ifadədən o qədər xoşu gəlməsə də, inciməzdi. Ümumiyyətlə, Əlidən incimək mümkün olan iş deyildi, bəlkə də, günahdı. Özü incitməyəndən necə incimək olardı? Şəxsən mənə gələndə aramızdakı səmimiyyət pozulmasın deyə özü dönə-dönə tələb etsə də, hətta ona bir şeir də verməzdim. Qorxardım, birdən sözümdən keçməz, layiq olmayan şeiri aparıb redaktora təqdim edər, sonra o da bəyənməz, geri qaytarar, Əli də yanımda xəcalətli qalar, daxildə əzab çəkər. o vaxt “Dəniz və məhəbbət” adlı neçə min misralıq bir poema yazmışdım. Özünün təkidi ilə oxudum. Bəyəndi, - çap etdirmək olar – dedi. Bəzi ağzıgöyçəklərin sözünü kəsmək üçün məsləhət bildi ki, poemanı qoy Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı və ən ciddi, ədalətli adam olan Mehdi Hüseyn də oxusun. onlar da oxuyub qərara gəldilər ki, poema “Azərbaycan” jurnalında dərc olunsun. Nədənsə, o vaxt jurnalın redaktoru Əbülhəsən müəllim əsəri yaxın qoymadı. İş elə gətirdi ki, onun yerinə Qılman İlkin redaktor təyin olundu. O da redaksiyanın portfelində qalmış poemanı oxuyub, Əliyə deyib ki, bu Kələntərli kimdir, onu tap, gətir mənim yanıma. Onun “Dəniz və məhəbbət”i ilhamla yazılmış, çapa layiq bir əsərdir. Əli bu şad xəbəri həmin gün, üstündən yel belə əsməyə qoymadan böyük şadyanalıqla mənə çatdırdı. Ertəsi gün məni redaktorun yanına apardı. Qılman müəllimlə yaxından tanış elədi. O, mənə həm mətbəəyə getməmiş poemanın qonorarından qaytarmaq şərtilə 700 manat pul almaq üçün Ədəbiyyat fondunun direktorunun adına bir məktub da verdi. Əvvəl heç nə anlamadım, ancaq sevinirdim. Sonra pulu alanda bildim ki, Əli Kərim maddi vəziyyətimizin ağır olduğunu öz redaktoruna əməlli-başlı çatdırıbmış. “Dəniz və məhəbbət” 1964-cü ildə “Azərbaycan” jurnalının 4-cü nömrəsində çap olundu. Onda, bəlkə də, məndən çox Əli Kərim sevinirdi. O, belə insan idi.
- Əli Kərim bir şeirində yazır: “Köçərəm dünyadan, ölmərəm yenə”. Elə bil, ürəyinə damıbmış, dünyadan, həyatdan tezcə köç edəcək, ədəbiyyatda, sənətdə isə möhtəşəm qalalar kimi yaşayacaq.
- Bəli, dahilərin ürəyindən dahilik keçməsə də, onlar öz dahiliklərini, ölməzliklərini hiss edirlər. Amma “mən dahiyəm, mən ölməzəm!” deyib hay-haray salmırlar, səs-küy qaldırmırlar. Bəşəriyyət üçün işləməkdən ləzzət alırlar. Nə qədər dahiyanə əsərlər yaratsa da, özlərindən, yazdıqlarından razı qalmırlar dahi insanlar. Bu yerdə təkcə Səməd Vurğunun “Unudulmuş tək məzar” şeirini yada salmaq kifayətdir. Nəhəng səntəkarlar dahi və ölməz olduqlarını çox nadir hallarda dilinə gətirirlər. böyük Sabir demişkən: “Bənzəmərəm bir qocaman dağa ki, dəryada duran”. Əli Kərim yuxarıda misal gətirdiyim misranı yazandan artıq özünün kamilliyini duymuşdu. Axı o, “İki sevgi”, “Qaytı”, “Qaytar ana borcunu”, “Poçtalyon”, “Atamın xatirəsinə”, “Həmişə səfərdə”, “Şəhidliyin zirvəsi”, “Gözəl Azərim”, “Sənət eşqi”, “Fraqmentlər” və s. və i. a. Onlarla poetik incinin, “İlk simfoniya”, “Üçüncü atlı”, “Heykəl və heykəlin qardaşı”, “Bir santimetr haqqında ballada” kimi ölməz poemaların müəllifidir.
- Siz özünüzü hardasa, nədəsə Əli Kərimə borclu bilirsinizmi?
- Şübhəsiz. Birincisi, aramızdakı iki-üç il yaş fərqinə baxmayaraq, mən şeirin əlifbasını öyrənəndə o, şair kimi tanınmışdı, ondan çox şey öyrənmişəm. Onunla halal süfrə arxasında üzbəüz oturub adi şərab içməyin özü də böyük xoşbəxtlikdir. İkinci, 1969-cu ildə vəfatından bir neçə gün sonra xatirəsinə həsr etdiyim “Kövrək nəğmələr” silsiləsini bu günə kimi çap etdirə bilməmişəm. Onları, nəhayət, bu il “Yazıçı” nəşriyyatında çap ounacaq “Oxu, ürəyim, oxu” adlı kitabıma daxil etmişəm. Üçüncüsü, onun ancaq mənə məkum olan dərlərini, ağrılarını, ölümünü sürətləndirən bəzi səbəbləri olduğu kimi qələmə alıb oxuculara çatdırmaqda ləngimişəm. Dördüncüsü, mən Əli Kərimin ruhu qarşısında həm borclu, həm də xəcalətli adamam. Taleyim elə gətirdi ki, namərdlər başıma elə müsibətlər açdılar ki, mən onun indi ərsəyə çatmış balalarına vaxtında bir əl yetirə bilmədim.
- Əli Kərim bir müqəddəs yol başlamışdı. O yol ədəbiyyatın, sənətin məbədinə sarı gedirdi. Əgər tale belə sərt gətirməsəydi, indi, sizcə, o müqəddəs yolu, o pak təmiz yolu kimlər gedə bilər?
- Sənətdə hər bir böyük istedadın ancaq öz yolu var. Poeziyanı istedad və ilham yaradır, əmək isə onu yalnız təkmilləşdirir. Şeir daxilindən gələn vəhydir, qəlbin-ideyanın təcəssümü və təzahürüdür. Onu öyrənmək, təqlid etmək olmaz. Ona edilən bənzətmələr nə qədər bacarıqla məharətlə edilsə də, düzəldilsə də, yenə cansız, quru, ölü çıxacaqdır. Böyük istedad, böyük sənətkar həmişə təkrar olunmazdır.
Füzulini kim təkrar edə bilər? Kim yaza bilər Yunis Əmrənin, Mikayıl Müşfiqin, Sergey Yeseninin şeirlərini? Hər bir böyük şair böyük bir məktəbdir. Onlardan ancaq poeziya sənətinin, sənətkarlığın, ustalığın bəzi sirlərini öyrənmək oalr. Kim kimisə təkrarlamaq, yamsılamaq fikrinə düşürsə, bu həmin adamın heçliyi, acizliyi, əfəlliyi deməkdir. Poeziya sənətinə Əli Kərimin gözü ilə baxmağı bacaran, onu çörək ağacına çevriməyən, qulaqlı, gözlü, dilli, ürəyi olan, ötəri bir səsdən də sarsıla bilməyən, qabağına çıxan çətinlikləri dəf etməyə gücü iradəsi çatan, fil dözümlülər az-çox onun yolunu davam etdirə bilərlər. Biri var, şəxsən onu keçdiyi yolu təzədən getmək, biri də var onun yolunu bu və ya başqa şəkildə davam etdirmək. bunlar tam başqa-başqa məsələlərdir. Bunları bir-birindən ayırmağı bacaranlar, hər halda, uduzmazlar.
- Müsahibəyə görə çox sağ olun!
- Cavan oğlan, sən də sağ ol, sənin yaşıdların da sağ olsun. Siz ki, bu gözəl dünyada doyunca yaşaya bilməmiş, dünyadan, insanlardan, balalarından nigaran getmiş, ürəyində çoxlu-çoxlu kövrək nəğmələr aparmış şair qardaşım Əli Kərimi belə sevirsiniz, onu ürəklərinizdə yaşadırsınız. Allah sizə də ömür versin. Çörəyiniz bol olsun. Amin!!!

Müsahibəni apardı: Vəli Səmədli - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri dön