Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Borçalı > Aşıq Əşrəf Qəninin Buludlar ağlayır kitabı işıq üzü görüb
Aşıq Əşrəf Qəninin Buludlar ağlayır kitabı işıq üzü görüb |
Aşıq Əşrəf Qəninin «Buludlar ağlayır» (şeirlər və poemalar, Bakı, «Nurlan», 2013) kitabı işıq üzü görüb. Kitaba daxil olan şeirlər Aşıq Əşrəf Xındı Məmmədoğlunun yaradıcılığından seçilmiş nümunələrdir. Müəllifin sağlığında görə bilmədiyi ilk kitabına aşıq şeirinin əksər janrlarını əhatə edən şeirləri, müasir üslubda yaratdığı poeziya nümunələri və iki poeması daxil edilib.
Kitab AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Redaktoru şair-tədqiqatçı Ramiz Kərəm, tərtib edən və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir. Kitabın redaktoru R.Kərəm yazır: «Aşıq Əşrəf Qəninin şeirləri ilə məni folklorşünas alim Elxan Məmmədli tanış etdi. Bu poetik nümunələrlə tanışlığım «Ağlama Göyçəm, ağlama» şeiri ilə başladı. Elxan müəllim xeyirxahlıq, qədirşünaslıq əlaməti kimi nəşrə hazırladığı növbəti kitabın materiallarından elə ilk səhifədəki şeiri oxudu. Şeirdəki səmimiyyət, kövrəklik bizi duyğulandırdı. Daha bir neçə şeir oxundu. Həmin ovqat, həmin çalar digər nümunələrdə də hiss olunurdu. Axırda Elxan müəllim mənə müəllifin nəşr olunacaq kitabına redaktor olmağımı təklif etdi. Həvəslə razılaşdım. Və oxuduğum bu şeirlər haqqında bir neçə kəlmə söz deməyi də özümə mənəvi borc bildim. Aşıq Əşrəf Qəninin şeirləri insan dərdindən danışan şeirlərdir. Burda sevgi də var, həsrət də, ümid də var nisgil də, qürur da var, nifrət də. Bu şeirlər vətəndaşlıq hisslərinin, qürbət acılarının və haqsızlığa etirazın üzvi sintezindən ibarətdir. Əşrəf üçün Vətən bütövlükdə Vətəndir, parçalansa belə, bölünsə belə: Borçalımın qan qardaşı, Ağlama, Göyçəm, ağlama. Əşrəf üçün vətəndaşlıq anlayışı saxtalıqdan uzaq bir anlayışdır, əsil vətəndaşlıq vətən anlayışını dərk etməklə, əqidəylə, amalla bağlı olan bir şeydir: Axı nə umuruq öz-özümüzdən, Biri də düz gəlmir yüz sözümüzdən. Kədər, qəm ələnir üz-gözümüzdən, Bir dərdi dərd bilib ağlamaq olmur. İnsan haqsızlıqdan bezəndə, təntiyəndə, nəfəsi qaralanda az da olsa yüngülləşmək üçün dərdini deməyə obyekt axtarır. Bu obyekt dağ da ola bilər, daş da ola bilər, ağac da, su da və sair. Şairlər çox vaxt bir qədər geniş mənada belə bir obyekt kimi «dünya» anlayışını seçirlər. Əşrəfin şeirlərində də belədir: Qədrin bilməyirsən aqil insanın, Haqqı tapdayırsan, alırsan canın, Ünvanısan iftiranın, yalanın, Görürsən hər işi tərsinə, dünya. Aşıq Əşrəfin şeirlərində yazılı ədəbiyyatla şifahi ədəbiyyatın sərhəddini müəyyən etmək bir qədər çətindir. Kitabdakı ədəbi nümunələrdə yazılı ədəbiyyatla şifahi ədəbiyyatın qovuşduğu nöqtəni hiss etmək çətin deyil. Şeirlərin çoxu Rusiyanın Petrozavodsk və Sankt-Peterburq şəhərlərində yazılıb. Elə bu səbəbdən şeirləri oxuduqca qürbət havası vurur oxucunu. Qərib könlü çat vermiş şüşə kimidir, hər an çiliklənib tökülə bilər və bir də qəriblərin könlündə unudulmaq qorxusu olur həmişə, doğmalardan, yaxınlardan, el-obadan «unutmayın» umacağı ilə birgə: Görən eldə-obada, Düşürəmmi heç yada? Kimə qalıb dünyada Əşrəf haqda düşünə. Ədəbiyyatımızda qəriblik hissinin ifadəsi ilə bağlı bədii nümunələr çoxdur. Aşıq Əşrəfin bir şeirində bu hissin ifadəsi belədir: Allah haqqı, yaşamaqdan yoruldum, Qocalmazdım, məni qürbət qocaltdı. Qocalmaq təbii prosesdir, amma qocalmağı bu cür mənalandırmaq, bu çaları tapmaq şair işidir. Qəriblik də taledir, alın yazısıdır yəqin ki… Bir də şairlər anadan qərib doğulur deyəsən. Dünyanın harasında olsalar da qəriblik hissi onları tərk eləmir və gözlərini əbədi yumanda da qərib kimi yumurlar — Aşıq Əşrəf Qəni kimi». Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədli isə yazır: «Aşıq Əşrəf Qənini məşhur el sənətkarı «Borçalı bülbülü» təxəllüsü daşıyan mərhum Xındı Məmmədin sonbeşik oğlu kimi tanıyırdım. Bizi yaxından tanış edən mərhum qardaşı Gülabı olmuşdu. Yaxşı yadımdadır, 1997-ci ilin iyul ayı idi. Aşıq Gülabını o vaxtlar müəllifi olduğum » Sarıtel» verilişinə yazmaq niyyəti ilə Bakıdan onların kəndinə — Böyük Muğanlıya (bu kəndə Qaş Muğanlı da deyirlər — E.M.) gəlmişdim. Bir neçə gün kənddə qalası oldum. Gülabının qeyri-adi ifalarını lentə köçürür, aşıq sənəti haqqında, ustadlarımız haqqında söhbətlər edirdik. Gülabı mərhum atası Xındı Məmmədlə bağlı kövrək xatirələrini danışır, gördüyü və sevdiyi Borçalı aşıqlarından bəhs edirdi. Bu maraqlı söhbətlərimizdə kənd ziyalıları və o cümlədən mərhum qardaşları Hüseynlə Əşrəf də iştirak edərdilər. Gənc yaşlarından Böyük Muğanlı kəndinə köçüb burada məskunlaşıb ömür sürən el şairi Əli Faxralı da səhər-axşam bizə baş çəkərdi. Yaradıcılıq baxımından çox səmərəli keçdi günlərimiz. Günlərin bir günü Gülabı təklif etdi ki, «Elxan müəllim, gəlsənə qardaşım Əşrəfin ifasını da dinləyəsən. O da mənim üslubumda çalır. Sifətdən oxşadığı kimi, sənətdə də mənə bənzəyir». Aralarında 4 yaş fərq vardı. Elə bu az fərqə görə də Əşrəf özündən böyük qardaşı Gülabının yanında saz çalmaqdan imtina elədi. Söz verdi ki, Gülabı olmayan bir yerdə onu yaza bilərəm. Mən həmin gün el şairi Əli Faxralıdan da veriliş hazırlamalı idim. Fikirləşdim ki, nə yaxşı oldu, Əşrəfi də Əli əminin verilişində təqdim edərəm dinləyicilərə. Elə də etdik. Üz qoyduq Əli əmigilə. Həmin gün səmimi bir «Sarıtel»imiz alındı. Şairlə aşığın müştərək verilişi çox gözəl çıxmışdı. Az keçmədi həmin veriliş efirdə səsləndi. Verilişlə bağlı xeyli məktublar gəldi ünvanıma. Telefon zənglərində dinləyicilər verilişə görə minnətdarlıqlarını bildirirdilər. Yaxşı yadımdadır, o vaxtlar Əşrəf bir-birinin ardınca çox gözəl havalar ifa etdi. Nə yaxşı ki, həmin veriliş bu gün də Azərbaycan radiosunun fondunda qorunmaqdadır. Verilişin bir surəti də Dövlət Səslər Arxivində saxlanılır. Bəli, ilk dəfə o vaxt görüşdüm Əşrəflə. Səmərəli və yaddaqalan bir görüş oldu həmin görüşümüz. Əşrəflə sonralar bir neçə dəfə Bakıda Gülabının yanında yenidən görüşdük. Çörək yedik, çay içdik. Saz çaldı, oxudu… Aradan illər keçdi. Eşitdim ki, Aşıq Əşrəf qazanc üçün bir müddət Petrozavodsk və Sankt-Peterburq şəhərlərində fəaliyyət göstərir. Oradakı həmvətənlərimizin saz-söz ehtiyacını ödəyə-ödəyə özünün də güzəranını təmin etməyə çalışır. Sonuncu görüşümüz hamımızın əzizimiz, gözəl sənətkar Gülabının vəfatının 40-cı günü münasibəti ilə təşkil olunmuş mərasimdə baş tutdu. Qardaş itkisi ona çox ağır təsir göstərmişdi. Qardaşının ölüm xəbərini Petrozavodsk şəhərində eşidən Əşrəfin səhhətində ciddi problemlər yarandığından vaxtında dəfndə iştirak edə bilməmişdi. Həkimlərin ciddi qadağa və xəbərdarlıqlarına baxmayaraq, Əşrəf qardaşının 40 mərasiminə gəlib çata bilmişdi. Həmin gün Əşrəflə çox söhbət etdik. Əslində görüşümüz Gülabının 40 mərasimindən bir həftə qabaq, onun sonuncu cüməaxşamında baş tutmuşdu. Başına gələnləri, qürbət ellərdə çəkdiyi Vətən həsrətini, Gülabı kimi bir qardaş itkisinin onun üçün çox ağır olduğunu yana-yana danışdı. Və bir daha qürbətə üz tutmayacağını, dönüb öz kəndinə qayıdacağını, yeniyetmələrə saz öyrədəcəyini deyirdi. Sonra söhbət sənətdən, müasir ifaçılardan, bir qədər də saza biganəlikdən düşdü. Bir qədər də yanıqlı-yanıqlı sazı şou aləminə çıxardanları qınadı. Hətta onlara həsr etdiyi bir şeirini də söylədi. Şeir çox xoşuma gəldi. Həmişə üstümdə gəzdirdiyim səs yazan cihazı işə saldım, həmin şeiri öz səsi ilə lentə aldım: Sazı budamazlar, ay aşıq qardaş, Sənə o saz verib bu adı-sanı. Döymə o telləri, alışıb yanar, Alovu qərq edər küllü-cahanı. Gəl sazın sehrini barmaqla göstər, Bədəni oynatmaq deyildir hünər. Ustad ozanların xətrinə dəyər, Naşımı sanırsan eli-obanı?! Saz-sənət qədrini nadan nə bilər, Sənətə qiyməti aqillər verər. Elə çal ki, inciməsin pərdələr, Barmağınla lərzə gətir dünyanı. Qorquddan o yana gedir bu sənət, Tanrıdan pay gəlib bizə bu nemət. Sazı çal, necə ki çalır Ədalət, O hikmətlə coşdur bədəndə qanı. Xan Əmrahın yanğısını yada sal, Gülabının sehrinə var, sonra çal. Xanların sazından bal süzülür, bal, Yoxluğu yandırır Azərbaycanı. Sanma şair bu sənətdə naşıdı, Saz naləsi gözlərimin yaşıdı. Ömrü boyu qəlbində qəm daşıdı, Bir gün el deyəcək Əşrəfim hanı? Onun öz ifasında, öz səsilə tez-tez səsləndirirəm bu şeiri. Həm də son görüşümüzdən xatirə kimi. Düzü, onun dilindən eşitdiyim bu şeirə qədər Əşrəfin şeir yazdığını nə eşitmişdim, nə də bilirdim. Sonra məlum oldu ki, həqiqətən də Əşrəfin bundan başqa da çox gözəl şeirləri varmış. Söhbət əsnasında ona bildirdim ki, özünün də, Gülabının da şeirlərini toplayıb bir araya gətirsinlər, nəşr etdirməyi məndən. Belə də razılaşdıq. Bir neçə gündən sonra Əşrəf söz verdiyi kimi Borçalıya döndü. Sonralar eşitdim ki, öz arzuladığı kimi, yenə də yeniyetmələri bir araya gətirib onlara saz sənətini tədris etməklə məşğuldur. Sonralar hiss etdim ki, Əşrəf onunla son söhbətimizdən — Gülabının və özünün şeirlərini kitab şəklində nəşr etmək istədiyimdən çox ruhlanıb. Borçalıya gedən kimi şeirlərini qalın bir dəftərə köçürərək mənə göndərməsi və hökmən çap olunacağına inanması mənim bir cavabdeh kimi (sözümə cavabdeh kimi — E.M.) məsuliyyətimi artırdı. Əşrəfin mənə ünvanladığı bir şeirin son bəndində oxuduğum müəllif sevincini həyəcansız oxuya bilmədim: …Allah ömür verdi, ömrü borc aldım, Hər nə istədimsə tamarzı qaldım. Kitab dərdi çəkə-çəkə qocaldım, Tale qismət verdi, Elxanı gördüm. Nə yazıq ki, nə Gülabı, nə də Əşrəf öz kitablarını görə bilmədilər. Gülabının «Mən olmayanda» adlı kitabını söz verdiyimiz kimi ölümünün bir ili münasibətilə nəşr edə bildik. Əşrəfi də qürbət ellərin hicran yükü çox əymişdi, bir yandan da dünyalar qədər istədiyi qardaşının vaxtsız ölümü qoymadı yaşamağa. Gülabıdan beş ay sonra doğma obasında — canından çox sevdiyi Borçalısında dünyasını dəyişdi. Hər iki sənət fədaisinin, hər iki qardaşın, hər iki Xındı Məmməd yadigarının ruhları şad olsun. Əziz oxucu, bilirəm, sən də bu şeirləri oxuduqca mənim kimi kövrələcəksən, Aşıq Əşrəfin iç dünyasını, yaşantılarını, Vətən həsrətini, torpağa bağlılığını, ataya-anaya, qardaş-bacılarına olan isti münasibətlərini onun şeirlərindən oxuyub öyrənəcəksən. Belə bir sənət, saz-söz adamına, onun istəyinə-arzusuna, gətirməyən bəxtinə, tez çevrilən taxtına acıyacaqsan. Biz də, onun ailəsi, uşaqları da Əşrəfin bu kitabını araya-ərsəyə gətirdik. Qoy tanımayanlar da tanısın onu, qoy tanıyanlar da bilsin ki, biz kimləri vaxtsız itirmişik». Uğur Geri dön |