Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Şirinxanım Kərimbəyli Şadiman:- AĞI-DASTAN
Şirinxanım Kərimbəyli Şadiman:- AĞI-DASTAN |
20 YANVAR 1990-ci il
şəhidlərinin müqəddəs ruhuna… Sinəsi yara, Bakı, Yaxdılar qara, Bakı, Yağının fitvasıyla Qarışdı ara, Bakı. Didilən canlarım oy! Tökülən qanlarım oy! Başım, qollarım hanı? Axır köksümün qanı, Qana susayan yağı, Sən verdin, aldın canı? Bağlanan yollarım oy! Zəncirli qollarım oy! İgidim ölmə dayan, Bağlı gözün aç, oyan, Çərxin tərsə çevrilsin, Bizi bu günə qoyan. Lay-divar nərlərim oy! Qeyrətli ərlərim oy! Yağı canın üzülsün, Bəxt ulduzun süzülsün, Bağrıma dəyən güllə Ürəyinə düzülsün. Sussuz dodaqlarım oy! Sinədə dağlarım oy! Lənkəranda ölən mərd, Üzdü bizi şivən, dərd, Qara geyib gələrdim… Kəsib yolları namərd. Dağılan sinələr oy! Uçulan binələr oy! Qalanın yolu bağlı, Qalmışam qolu bağlı, Gəlməyə yağı qoymur, Yol güllə dolu, bağlı. Binədə şəhidim oy! Əyilməz igidim oy! Dilimi bağladılar, Sinəmi dağladılar, Arxamca gülənlərim Üzümə ağladılar. Torpağa düşənim oy! Qanında bişənim oy! Haqqımı min yol dedim, Vətəndən hara gedim? Qanun-höküm yağıda, Kimə şikayət edim? Ay şəhid cavanım oy! Batırılan qanım oy! Məzarsız qalan, şəhid, Varlığı talan, şəhid, Torpağında doğulub Torpaqdan olan, şəhid. Bəxtsiz igidlərim oy! İtgin şəhidlərim oy! Maştağa qana batıb, Orda bir şəhid yatıb, Tanrı qanı görmədi, Dünyanın axrı çatıb. Yollarda ölənim oy! Yüzə bölünənim oy! İstəklim güllələndi, Köksü qana bələndi, Ahımdan fələyin də, Gözündən qan ələndi. Nakam solanlarım oy! Şəhid olanlarım oy! Yatağın buza döndü, Talesiz qıza döndü, Ömrün yağı əlində Sönən ulduza döndü. İgid, qorxmaz ərim oy! Didilən hünərim oy! Bu sinəmi qəm yarar, Gözlərimsə haqq arar, Şəhid atasın balam Ömrü boyu axtarar… Əsir qalalarım oy! Yetim balalarım oy! Torpağa düşən, bacım, Canla əlləşən, bacım, Şəhid sinən didilib Yuyulmur nə‘şin bacım. Qanlı köynəklərim oy! Ölən diləklərim oy! Nə’şimi tanklar üyüb, Can üstə min yol söyüb, Məhkumam döymə, yağı, Məni öz bəxtim döyüb. Tək ayaq məzarım oy! Bu qanlı gülzarım oy! Qara yanvar nə nəhsdi? Yağı yolları kəsdi… Əliyalın Bakımı Öldürməyə tələsdi. Sınan ayaqlarım oy! Qanlı bayraqlarım oy! Gecəmi gündüz etdim, Zülümlə mərd böyütdüm, Yağı tank altda əzdi, Əcəb kamıma yetdim. Şəhid ananlarım oy! Ərsiz sonalarım oy! Şəhid anam, bacım vay, Aşdı başdan acım vay, Kimə dil açım, Allah, Yoxmu bir əlacım vay? Batıbdı harayım oy! Uçubdu sarayım oy! Yağdı güllələr qəfil, Bu dərdi götürməz fil, Sən toyların qızıydın Yasa batdın qərənfil. Ah, qanlı güllərim oy! Dəhşətli illərim oy! Neftçalanı tutdular, Sinəsin qanatdılar, Tikəmiz boğazlarda Haqqı-say unutdular. Bəbəkdə sellərim oy! Köməksiz ellərim oy! Düşmən tələ qurubdu, Evdə üzə durubdu, Sinəmdən qorxan yağı Kürəyimdən vurubdu. Qanlı qucaqlarım oy! Sönən ocaqlarım oy! Ayaqlarım yox gələm, Sınmış qollarım qələm, Güllə başda, sinədə, Ürək can vermir öləm. Dayanan saatım oy! Pozulan həyatım oy! Yaram sürər ağlama, Uzun sürər ağlama, Örpəyi üzünə tut, Yağı görər ağlama. Ağrılı ürəyim oy! Puç olan diləyim oy! Anam, bacım qarada, Min güllə bir yarada, Yağı qaldı kənarda Biz qırıldıq arada. Dərdli dağım, daşım oy! Şəhid vətəndaşım oy! Yağı çırağın sönsün, Sinənə əcəl ensin, Nahaq qanlar tökənin Qanı çaylara dönsün. Haqqsız güllənənim oy! Əcəlsiz ölənim oy! Allah, bu necə işdi? Süngü sinəmi deşdi, Bağrımdan keçən güllə, Min yol yerin dəyişdi. Zəncirli Vətənim oy! Min ölüb-itənim oy! Yağını dərd əyəydi, Qapısın vay döyəydi, Sənə dikilən güllə Ürəyimə dəyəydi. Bəxti kəm sevgilim oy! Öz qismətim, gülüm oy! Qəddi əyilən canım, Bağrı üyülən canım, Əsirlik zindanında Haqsız döyülən canım. Zəncirli qollarım oy! Heysiyyatım, arım oy! O vay sözünə qurban, Çıxan gözünə qurban, Bircə oğul itirən, Özüm özünə qurban. Sinəsi dağlarım oy! Min yerdə ağlarım oy! Dağ-daş nalədən dindi, Yaralı qəlb döz indi, Ölüm əcəl işidi, Heyif, yağı sevindi. Yaralı gözlərim oy! Ağlar gündüzlərim oy! Nahaq qanlara uyan, Zülmün Tanrıya əyan, Balan atasız qalsın, Məni atasız qoyan. Qanlı dodaqlarım oy! Sınan budaqlarım oy! Suraxanı, yol qanlı, Həm sağ, həm də sol qanlı, Düşmən atan güllədən İgidim yarımcanlı. Çəkilməyən dərdim oy! Qalıb yerdə mərdim oy! Şəhid qollarım üstə, Ağı desin el pəstə, Səni bu hala salan- Ürəyimdən su istə. Soyuq otaqlarım oy! Qara yataqlarım oy! Min-min güllə çapardı, Başımı tank qopardı, Mən səni tək qoymazdım, Qəfil güllə apardı. Mənsiz qalan yarım oy! Əhdə vəfadarım oy! Yağı köksümü diddi, Öldürdü kama yetdi, Yarsa mənim üstümdə Özünü şəhid etdi. Dünyada ğərəyim oy! Sən mənim mələyim oy! Bu güllə hardan yağır? Tökülür ağır-ağır. Aç gözünü bax, fələk, Parça-parçadır bağır. Kimdən haqq diləyim oy? Dünyada gərəyim oy! Gəncənin yolu müşkül, Güllə açdı qəlbdə gül… Nahaqqı haqq eyləyən, Qanunun başına kül. Sönən sobalarım oy! Dərdli obalarım oy! Laçının yolu yağı, Güllədir solu-sağı, Məni Şuşamdan edən Balan görsün yurd dağı. Dərdli Qarabağım oy! Pozulan növrağım oy! Qubanın yolu bəlli, Tanklar gəlir yüz, əlli, Qalmısan qan içində Yox dada yetən, elli. Qəfil fəlakətim oy! Əsir məmləkətim oy! Belə əsmə qəm yeli, Tutub zülüm, qan eli, Gülləni yağdıranın Haqdan kəsilsin əli. Bağrımı paralar oy! Dərd məni qaralar oy! Xankəndinə tank çapar, İçimizə qəm yapar, Qanımızı tökəni Əzrayıl, özün apar. Qurda yem canlarım oy! Günahsız qanlarım oy! Dilim lal, ürəyim qor, Qanun, höküm əldə zor, Günümüzü tar edən Görən gözün olsun kor. Bükülən dizlərim oy! Boğulan sözlərim oy! Göyçənin bağrı qandı, İnsaf, mərifət yandı, İmperiya əliylə İrəvan Yeravandı. Hanı igid ordum oy? Əldən gedir yurdum oy! Ağdərəni tutdular, Spitak ucaltdılar, Bağrımdakı körpəyə Qəfil güllə atdılar. Evdə yananlarım oy! Çöldə donanlarım oy! Göyçə gölü qanlıdır, Göyləri dumanlıdır, Yağı əldə məzarlar, Necə ah-amanlıdır. Ağır müsibətim oy! Qanlı hekayətim oy! Ünüm haqqa ucalsın, Düşmən dərddən qocalsın, Məni yurdumdan edən- Yurdun yadlara qalsın. Qanlı ev-eşiyim oy! Gülləli beşiyim oy! Naxçıvanım dardadır, Haqq, ədalət hardadır? Harda ki, qan tökülür Allahsızlıq ordadır. Ağrılı günlərim oy! Bağlı düyünlərim oy! Yaman gün gedər, gəlməz, Mərd namərdə əyilməz, Zor ilə alınan yurd- Özününki deyilməz. Əldən gedən elim oy! Qıfıllanmış dilim oy! Güllə şimşək tək çaxır, Küçədən qanlar axır… Sən can üstə, şəhidim, Gözüm gözünə baxır! Gücüm çatmır sənə oy! Düşmən daşa dönə oy! Yağı quduzdu, yaddı, Köksə min güllə atdı, Əcəl olsa nə dərdim? Öldürənim cəlladdı. Yoxdu bir günahım oy! Hardadı Allahım oy?! Ağlasın kaman, neyim, Kəsilib daha heyim, Öz gülləmdi sinəmdə Bu dərdi kimə deyim? Tanklarla döyüldüm oy! Yetiş dada öldüm oy! Sumqayıt yolunda qan, Bədən öldü, uçdu can, Alimi tank altında Yox olsun belə dövran. Kağızım, qələmim oy! Qaralan aləmim oy! Sumqayıtı çaldılar, Qan töküb alçaldılar, Yurdun alimlərini Tank altına saldılar. Şəhid olan adım oy! Boğulan fəryadım oy! Hava şaxta, soyuqdu, Qəlb güllədən oyuqdu, Allahın günahı yox, Yuxarıdan buyruqdu. Qanla dolu küçəm oy! Ay imkansız gecəm oy! Qurda ümid əbəsdi, Haqsızlıq haqqı kəsdi! Şirinxanım bir bülbül… Çırpındığı qəfəsdi. Ölən həqiqətim oy! Didərgin millətim oy!!! 26.01.1991-27.10.1991 Şirinxanım Kərimbəyli Şadiman Geri dön |