Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kiçik evciklər düzəldib, özü-özü ilə oynayan müxalifət
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Kiçik evciklər düzəldib, özü-özü ilə oynayan müxalifət

Kiçik evciklər düzəldib, özü-özü ilə oynayan müxalifət


Elçin Mehdiyev - Trend-in icmalçısı
Ötən bir ildə baş verən hadisələr göstərdi ki, son 20 ildə Azərbaycan müxalifəti qətiyyən dəyişməyib, necə vardısa, elə də qalıb. Adətləri üzrə hər seçkiöncəsi bir koalisiya ideyasını dığırladırlar ortaya, hamını dörd-beş ay məşğul edirlər.
Builki seçkilərdə də estafeti Milli Şura ideyası aldı. Əvvəlki koalisiyalarda olduğu kimi, burada da ilk gündən təmsil olunan qüvvələr, xüsusən də Milli Şuranın əsasını təşkil edən AXCP ilə Müsavat Partiyası arasında mövcud münasibətlər qarşıdurma müstəvisində cərəyan etməyə başladı.
Daim özlərini yaxın tərəfdaş kimi göstərməyə çalışan bu partiyaların bir-birilərinə qarşı apardıqları "siyasi mübarizə" onların bir çox məsələlərdə olduğu kimi, Milli Şurada əməkdaşlıqda da qeyri-səmimi olduqlarını bir daha göstərdi.
İndiyə qədər bir-birilərini həzm edə bilməyən və müxtəlif məsələlərlə ittiham edən bu partiyalar arasında növbəti qarşıdurmanın səbəbi də mahiyyətcə əvvəlkilərdən fərqlənmirdi. Yenə də bir-birilərini müxalifətin birliyinə zərbə vurmaqda, onu əsas hədəflərdən yayındırmaqda və tələsgənlikdə ittiham etməyə başladılar.
Beləliklə, əvvəlkilərdə olduğu kimi, bu koalisiya da vahid məqsəd üzərində fokuslana bilmədi, real seçki kampaniyası ilə məşğul olmaq lazım gəldiyi halda "vahid namizəd" savaşına çıxdılar. Ona görə savaşa çıxdılar ki, proseslər nə İsa Qəmbərin, nə də Əli Kərimlinin istədiyi kimi gedirdi. Guya, müxalifət birliyi, ümumilli maraqlar xatirinə kompromisə getdiklərini, öz iddialarından geri çəkildiklərini göstərməyə çalışalar da, əslində bununla hər ikisinin məqsədi öz iddialarına nail olmaq idi.
Beləliklə, seçkidə iştirak etmək üçün heç bir resursu və cəmiyyətdə dəstəyi olmayan İsa Qəmbər və Əli Kərimli bu dəfə "Milyarderlər ittifaqının" kölgəsini hiss edib ümid dolu xəyala daldılar. İsa Qəmbər düşündü ki, qoy Rüstəm İbrahimbəyov seçkiyə qədər "xilaskar" rolunu ifa etsin. Məqamı gələndə onu kənarlaşdırmağa nə var ki! Axı o heç Azərbaycan vətəndaşı da deyil. Amma bunu demədi və məqamı gözlədi. Gözlədi ki, məqamında o, nəinki vahid namizəd ola biləcək, hətta Milli Şuraya sədr də seçiləcək!
Bəs kim buna mane oldu? Əlbəttə, İsa Qəmbərdən az bilməyən Əli Kərimli buna yol verərdimi? Əlbəttə, yox! O bilirdi ki, bu ssenari AXCP-nin və onun sədrinin lider kimi "əriməsi" demək olardı. Əli Kərimlinin də öz istəyi var idi. Milli Şuranın sədri kim olursa olsun, təki İsa Qəmbər olmasın! Bu yolla o İsa Qəmbərlə öz bərabərliyini təmin etmək arzusunda idi.
Lakin sonda İsa Qəmbərin düşündüyü məqam yetişmədi və Milli Şuradan getdi! Getdi, çünki Əli Kərimli qoymadı onun məqamı yetişsin! Amma o, gedəndə Milli Şuranın olan-qalan gücünü də apardı və Milli Şura boşaldı! O qədər boşaldı ki, hətta bu ideyanın yaradıcısı Eldar Namazov da getdi! Milli Şuradan bu günümüzlə, gələcəyimizlə bağlı bir dənə də siyasi proqram qalmadı. Milli Şuradan qalan ancaq Müsavatla AXCP-nin bir-birinə yağdırdığı təhqirlər oldu.
Ümumi görünən mənzərə budur ki, müxalifətin işi xalqı, ümumilli maraqları düşünmək yox, hər seçkiöncəsi ortaya mahiyyətcə fərqlənməyən bir ideya atıb öz məqsədlərinə nail olmağa çalışmaqdır.
Təəssüf ki, belədir bizim "müxalifət"! Özünə kiçik-kiçik evciklər düzəldib, özü-özü ilə oynayan balaca və dəcəl müxalifət!

Geri dön