Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir.

Fərəc Quliyev: - Daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir.


Suriyada döyüşən azərbaycanlılar cəzalandırılsınmı?

Fevralın 3-də yaz sessiyasına start verən Milli Məclisdə müzakirə olunan məsələlərdən biri də azərbaycanlıların müxtəlif yollarla Suriyadakı münaqişəyə və hərbi əməliyyatlara cəlb edilməsi olub. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfədir ki, belə ciddi fakt qarşısında qaldığını deyən deputat Zahid Oruc bu cür halları təşkil edən qüvvələri, müxtəlif ölkələrdən özünə tərəfdar yığan şəxsləri qınayıb və döyüşlərdə Azərbaycan vətəndaşlarının iştirakı məsələsinin üzərindən sükutla keçməyin mümkün olmadığını deyib. Millət vəkili döyüşlərdə iştirak edən həmvətənlərimizin terrorçu qruplaşmalara üzv olduğunu əsas gətirərək onların ölkəmizə dönmələrini Azərbaycana üçün böyük təhlükə hesab edir: “Onlar artıq fərdi şəxslər deyillər. Bu şəbəkə sonrakı dövrdə də işləyəcək. Orada döyüşənlər təkcə öz ailələrinə zərbə vurmurlar. Adları terrorçu qruplarda var və bu Azərbaycanın ayağına yazılır. Burada dini qruplar, ayrı-ayrı radikal dini təriqətlərin məsuliyyəti var. Təklif edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Suriyada döyüşən Azərbaycan vətəndaşları haqqında mütləq şəkildə cinayət işi qaldırsın. Sağ qalan azərbaycanlı döyüşçülər bilməlidirlər ki, onlar bura qəhrəman kimi dönməyəcəklər. Düşünürəm ki, orada gördükləri dəhşətləri Azərbaycanda tətbiq etmək istəyəcəklər. Buna görə də belə insanlara din, humanizm, güzəşt mövqeyindən deyil, məhz qanun prinsipindən yanaşılmasını təklif edirəm. Məsələ ilə əlaqədar qanuna da mütləq dəyişiklik edilməlidir”.
Millət vəkilinin bu təklifinə fərqli münasibətlər var.

Fərəc Quliyev: «Daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir»

Millət vəkili Fərəc Quliyev təklifin vətəndaşlarımıza qarşı sərt mövqe sərgiləməyimizə səbəb olacağını qeyd etdi: “Mən parlamentdə olarkən də bu məsələyə münasibət bildirdim. Təklif etdim ki, bu cür hadisələrin baş verməməsi üçün daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir. Azərbaycandan Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm. Onlar sadəcə, muzdlu əsgərdirlər. Vətəndaşlarımız aldadılırlar. Bu cür mənfi halların qarşısını almaq çox çətin olsa da, bunu etməliyik”.

F.Quliyev təbliğata bayağı verilişlərin yerinə əsl islam dini haqqında verilişlər verməklə başlamağın labüdlüyünü vurğuladı: “İnsanlara dini başqa cür başa salırlar. Əsl islamın nə olduğunu hər kəsin diqqətinə çatdırmaq lazımdır. Orta və ali məktəblərdə islam dini ilə yanaşı digər dinlər haqqında da məlumatlar verilməsini arzulayardım. Bəlkə, bundan sonra insanlar din haqqında yanlış fikirləşməz, səhv yolla getməzlər”.

Millət vəkilinin fikrincə, hazırda xaricdə olan vətəndaşlarımız bizim “kisə”mizdən gediblər: “O şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər. Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır. Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır”.


Çingiz Qənizadə: «Onlara qarşı cinayət işinin açılması bir az mürəkkəb məsələdir»

Təkliflə bağlı fikirlərini qəzetimizə açıqlayan millət vəkili Çingiz Qənizadə ilk olaraq başqa ölkə üçün vuruşan, hər hansı silahlı birləşmələrdə iştirak edən şəxsləri pislədiyini dedi: “Belə hallar yolverilməz olsa da çox təəssüf ki, ölkəmizdə də baş verdi və bunun qarşısını almağa müvəffəq olmadıq. Azərbaycan vətəndaşları olan şəxslər bu cür faktların olmasını gerçəkləşdirdilər. Amma onlara qarşı cinayət işinin açılması bir az mürəkkəb məsələdir. Həmkarlarımdan bəziləri onların cəzalandırılması təklifini səsləndirsələr də, mən bunun tərəfdarı deyiləm. Bu cür həssas məsələyə hüquqşünas kimi daha professional şəkildə yanaşmaq lazımdır. Yəni, fakt hərtərəfli araşdırılmalı, nə üçün baş verdiyi dəqiqləşdirilməlidir”.

Ç.Qənizadə üçün ən vacib məqam cinayətkar hesab olunan şəxslərin həqiqətən də Azərbaycan qanunları ilə qadağan olunan addım atmasının sübuta yetirilməsidir: “Düzdür, bizim Cinayət Məcəlləmizdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı maddə var və təklifi bu yöndən tətbiq etmək olar. Amma hər halda, ilk olaraq faktı sübuta yetirmək lazımdır. Əvvəlcə onları xarici ölkələrə, xüsusən də Suriyaya göndərən qüvvələrin kim olduğunu aşkarlamaq, sonra isə o qruplaşmanı zərərsizləşdirmək lazımdır”.

Millət vəkili xaricdə döyüşən azərbaycanlıların ölkəyə qayıdıb-qayıtmaması məsələsində sərt deyil, daha humanist davranmağın təqdirəlayiq olduğunu bildirdi: “İlk növbədə onlar azərbaycanlıdırlar və onların da ailələri var. Həmin vətəndaşlarımızın nə səbəbdən Suriyaya yollandıqlarını heç kim dəqiq bilmir. Bəlkə də, bəziləri məcburiyyət altında oraya göndəriliblər. Ola bilsin, bir qisim vətəndaşımız da aldadılaraq oraya aparılıb. Yəni, hesab edirəm ki, vətəndaşlarımız aldadılma və ya digər təzyiqlər altında Suriyaya götürülürlərsə, biz onlara qarşı sərt mövqe tutmamalıyıq. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Belə hallarda onların yanaşması xüsusi önəm kəsb edir. Məsələni qanuna söykənən formada aydınlaşdıra bilsələr, əsl həqiqətin nədən ibarət olduğunu hamımız bilərik. Bu gün azərbaycanlıların öhdəsinə düşən bir vəzifə var. Hər kəs etiraz səsini qaldırmalı, gücü çatdığı qədər Azərbaycan gənclərinin Suriya və digər münaqişə bölgələrinə göndərilməsinin qarşısını almalıdır. Həmvətənlərimizin döyüşlərdə iştirak etməsinə şərait yaradan qüvvələr, şəxslər və maliyyə mənbələrinin kəsilməsi və zərərsizləşdirilməsi üçün əlimizdən gələni etməliyik”.

Şəfa Tapdıq "Kaspi" qəzeti.

Geri dön