Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SAFRUH Mütləqə İnam Ocağının Ruhani Başçısı: - Gələcək sevginindir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, DAVAMın yazıları > SAFRUH Mütləqə İnam Ocağının Ruhani Başçısı: - Gələcək sevginindir

SAFRUH Mütləqə İnam Ocağının Ruhani Başçısı: - Gələcək sevginindir


Ürəyinizdə Günəş olsun!
İnsan adətən əlindən çıxmış nemətlər haqqında çox danışmağa meyilli olur. Çağımızın «son dönəmi» deyilən illərdə (30-mu-50-mi) içərisində çox dartışılan, çeynənən mövzulardan biri sevgidir. «Sevgi» sözünün dünyada, bəşərdə hədsiz çox şeyləri – mətləbləri əhatə elədiyi aydındır. Lakin bütün bu məsələlərin canı-cövhəri gələnəksəl, öyrəşdiyimiz kişi-qadın sevgisidir.
Bu sevgi əslində həyatın bütün sahələrində uğurun, ləyaqətin özülü ola bilərdi, yaşadığı müddətdə olub da.
Keçmişlərdən bizə gələn çox yüksək dəyərlər – bəşəri, ulusal, dinsəl uğurlar hamısı həmin təməl üzərində olub. Çağımız «son dönəm» dediyimiz həmin təməli çökdürüb.
İndi sevgidən yalnız «keçmişin qalığı kimi» bəhs edən adama gerçəkçi demək olar. Beləsi təəssüf və yanğı içində sevgilərin ötüb keçdiyini, ölüb getdiyini müşahidə eləyir.
***
Sevgini diriltmək olarmı? Bəşəriyyət özünü aldatmamalıdır. Biz İnam Atanın Mütləqə İnam Ocağı olaraq sanki xəyali bir işlə məşğul olmağımıza baxmayaraq əsla uydurmaya, gerçək dışı «gerçəkliyə» uymuruq və inanmırırq.
Sevginin dirilməsi üçün dünyaya o dirilmiş sevgini yaşadası həyat tərzi gərəkdir. Biz buna «yavaş yaşam tərzi» deyirik. Əgər bu olarsa, bəlkə sevgi də dirildi. Sevgi diriləndə dünyada çirkin qız qalmır, çirkin oğlan olmur. Könüllər bir-birini sevməklə hər kəsi gözəlləşdirir.
Yavaş yaşam tərzi təcrid fəlsəfəsi istəyir. Yəni dünyanın qloballaşan, sərhədsizləşən millətsizləşən, ailəsizləşən, dövlətsizləşən, qadınsızlaşan, kişisizləşən axınından özünü qorumaq üçün insanların təcrid fəlsəfəsi olmalıdır.
Biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq sadaladığım həmin simasızlıq axınından özümüzü Mütləqə İnam Ocağı ilə ayırırıq. Burada əzəli, əbədi uca dəyərlərə əsasən yaşayırq. İnsanları da bu cür yaşamağa, inandırmağa çalışırıq – həm fərdi yaşamımızla, həm qarşılıqlı münasibətlərimizlə, həm də yazı və haraylarımızla. İnsanlar qrup, ailə, millət, dövlət halında həmin simasızlıq gedişlərinə qarşı təcrid həyatı yaşaya bilərlər. Onda onların sevgiləri də dirilər.
***
Leyli-Məcnun fəlsəfəsində ifadə olunan sevgi dirilməyəcəksə, Vətən sevgisi də olmayacaq, dövlət sevgisi də qalmayacaq, xalq sevgisi yaşamayacaq. Hətta bala sevgisi də tədriclə sönəcək. Çünki həyatın əzəli, əbədi özülü var. O, insanların şıltağından, fasonundan, istedadından qoçaqlığından, gözəlliyindən, əfəlliyindən asılı deyil. Biz onu anladığımız, öydüyümüz dərəcədə gözəl istedadlı, güclü, ad-sanlı oluruq. Kürəsəlliyin irəli atdığı cürbəcür sevgi günləri əslində xörəyin duzunu qaçırmaq üçündür. Həmin ali duyğunu adiləşdirmək, gözdən salmaq üçündür. Birdən-birə, haradansa «Valentin günü» icad olunur. Xalqın minillər boyu eşitmədiyi, yuxuda belə görmədiyi şəxslər və motivlər atılır ortaya. Onların əsasında onların adı ilə sevgi çərənçiliyi quraşdırılır. Bunlar sevgini də, sevənləri də, xalqı da ələ salmaq üsuludur.
Biz həmin ali dəyərin xiffətini çəkən insanlarıq. Və sevginin xəstəlik elan edilməsini yalnız xəstəlik kimi deyil, insan gözəlliyinə, insan tarixinə qəsd sayırıq. Burada mənim ağlımca, insanlığın zərərinə olaraq «təbiiliyə», başqa sözlə, sözün həqiqi anlamında heyvaniliyə bac vermə var. Biz buna qarşıyıq.
Biz sevgi həsrətliləriyik və carçılarıyıq. İnanmaq istərdik ki, gələcək sevginindir. Bir-birini ilahiləşdirən insanlarındır. Onda həyat da həyata oxşayar.
Atamız var olsun!

13 Köçəri ayı 35-ci il. (13.2.2014). Atakənd.

Geri dön