Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzərin İran boyda problemi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, DAVAMın yazıları > Xəzərin İran boyda problemi

Xəzərin İran boyda problemi


Dənizlə bağlı Həsən Ruhanidən növbəti açıqlama

Cavid

İrandan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı növbəti ümidverici fikir səslənib. Özü də İran prezidenti Həsən Ruhani tərəfindən. Prezident bildirib ki, Xəzər bölgə üçün əməkdaşlıq, sülh və təhlükəsizlik dənizidir. O, bunu Tehranda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edərkən bildirib.
Onun sözlərinə görə, sahilyanı ölkələr Xəzər dənizinin hüquq statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığı artırmalıdır: "Dənizin ətraf mühitinin mühafizəsi, ekosisteminin qorunması, təhlükəsizliyinin təmin edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi üçün sahilyanı ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir".
Əslində rəsmi Tehran bu məsələdə daim belə zahiri mövqe nümayiş etdirir. Amma əslində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi probleminə ciddi əngəl yaradır. Məkrli siyasətilə bu məsələnin həllini uzadır.
Bir çoxlarının beynəlxalq sərhəd gölü, əksəriyyətin isə unikal qapalı su hövzəsi adlandırdığı Xəzər dənizinin statusunun müəyyənləşməsi istiqamətində 1992-ci ildən başlayan danışıqlar davam etdirilsə də, hələ ki, məsələnin konkret həllinə varmaq mümkün olmayıb. Ətrafında yerləşən bəzi ölkələrin dənizə məxsus təbii sərvətlərin daha çox hissəsinə nail olmaq cəhdləri, onların müttəfiq olduqları dövlətlərin mövqeyinə önəm verməsi və s. Xəzərin statusunu az qala, həllolunmaz məsələyə çevirib. Ələlxüsus, Türkmənistan və İranın qeyri-konstruktiv mövqe göstərməsi danışıqların nəticəsiz qalmasına, yalnız cüzi razılaşmalar əldə olunmasına səbəb olur. İran hər zaman Azərbaycanın Qərb dövlətlərilə anlaşaraq Xəzərdə müəyyən layihələr həyata keçirməsinin əleyhinə olub. Bu məsələdə Rusiya heç də İrandan geri qalmır. Lakin son prezident seçkisindən sonra İranda Həsən Ruhaninin hakimiyyət başına gələrək mülayim siyasət yürütməsi, Qərb dövlətləri ilə kompromis əldə etməsi və s. məqamlar onun Xəzərin statusunun müəyyənləşməsində də müsbət tendensiyalara yol açacağına inananların sayını artırıb. Xarici ekspertlər də İranın mühafizəkarlığını zəiflədəcəyi təqdirdə bunun Xəzəryanı ölkələr arasında iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə impuls verəcəyini düşünürlər. Yerli politoloqlar isə xəyallara qapılmamağı, İrandan hər hansı müsbət addım gözləməyin yersiz olduğunu düşünürlər.
Politoloq Elxan Şahinoğlu Həsən Ruhaninin beynəlxalq müstəvidə müəyyən addımlar atdığını, lakin bunun bizim ölkə üçün də nə isə verəcəyini düşünmədiyini dedi: "Həsən Ruhaninin Qərblə yaxınlaşmasını, nüvə məsələsində müəyyən qədər geri çəkilməsini Xəzərin statusunda da geri addım və ya yumşalma addımı atacaq kimi başa düşmək olmaz. Çox təəssüf ki, biz hələ də Ruhaninin Azərbaycanla bağlı siyasətinin nə olduğunu bilmirik. Hətta deyərdim ki, neqativ hallar müşahidə edirik. Son zamanlar İran və Ermənistan rəsmiləri arasında təmasların artdığı görünür. Biz istərdik ki, İranın Azərbaycana baxışı dəyişsin. Onlar Qarabağ münaqişəsinin həllinə daha ədalətlə yanaşmalıdırlar. Nə yazıq ki, bunu hələ müşahidə etmirik. O cümlədən, İranın yaxın müddətdə Xəzərin statusu ilə bağlı mövqeyində dəyişiklik edəcəyini ehtimal etmirəm. Bildiyiniz kimi, İran əvvəlki kimi Xəzər dənizindən özünə böyük pay götürmək istəyir. Onların Xəzər dənizinin 20 faizini istəməsi beynəlxalq hüquqa ziddir. Hesab edirəm ki, məsələnin həllini tapması üçün dövlətlər ortaq fikrə gəlməlidir. Azərbaycanın Xəzərdə demək olar, Rusiya və Qazaxıstanla sərhədləri müəyyənləşib. Lakin İranın mövqeyində hələ ciddi bir dəyişiklik yoxdur. Ona görə də Xəzərin statusu ilə bağlı xüsusi irəliləyişin əldə olunacağını düşünmürəm".
Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov da Xəzərin statusunun müəyyənləşməsində İranın müsbət tendensiyalara yol açacağını göstərən hər hansı bir simptom müşahidə etmədiyini bildirdi: "İranın Xəzərlə bağlı mövqeyinin 180 dərəcə dəyişildiyini demək mümkün deyil. Bunun yaxın vaxtlarda baş verəcəyinə səbəb olan hansısa hal da müşahidə olunmur. Bu məsələdə İranın mövqeyi Rusiyanınkı ilə müəyyən mənada üst-üstə düşür. Rusiyanın Xəzər dənizi hövzəsində gedən proseslər xoşuna gəlmir. Çünki Xəzəryanı dövlətlər müstəqil enerji siyasəti həyata keçirirlər və neft-qaz ehtiyatlarını Avropaya, Çinə transfer etməklə özlərinin müstəqilliyini və ya iqtisadi təhlükəsizliklərini təmin etməyə çalışırlar".
R.Məmmədov bu cür halların Rusiyanın siyasətinə uyğun gəlmədiyini, ona görə də şimal qonşularımızın Xəzərin statusunun formalaşmasında o qədər də maraqlı olmadıqlarını qeyd etdi: "Belə hallar İranın da xoşuna gəlmir. Çünki nəticə etibarı ilə Qərb dövlətləri İranın sərhədinə daha da yaxınlaşmış olur. Onu da deyim ki, Həsən Ruhani ilə Qərb arasında başlanan dialoqu birmənalı qarşılamıram. Düşünürəm ki, danışıqlar real dialoqdan xeyli uzaqdır. Bu və digər səbəblərdən Xəzər dənizinin statusunun müəyyənləşməsi prosesində yenilik gözləməyə dəyməz".
Bundan bir müddət öncə isə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Xəzər dənizin mühüm geostrateji mövqeyi, nəhəng neft və qaz ehtiyatları heç kimə sirr deyil. O iddia edib ki, İran Xəzər dənizində bərabər hüquqlar əsasında 20 faiz paya sahibdir və Xəzər dənizi İranın Hərbi Dəniz Qüvvələrin ciddi nəzarətindədir.
O həmçinin bildirib ki, İran Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə həmişə dəstək verib: "Regiondan kənar dövlətlərin hərbi qüvvələrin iştirakı bu strateji bölgədəki təhlükəsizliyinə zərbə vura bilər. Regional ölkələrin sıx əməkdaşlığı Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində vacibdir".
Sirr deyil ki, cənub qonşumuz son dövrlərdə Xəzər dənizində yenidən daha çox güc üzərində qurulan siyasət yürütməkdədir. Söhbət İranın dənizə daha intensiv şəkildə hərbi qüvvələr yeritməsindən gedir. Son məlumata görə, İran Xəzər dənizindəki hərbi donanmasının döyüş sıralarına yeni gəmi daxil etməyi planlaşdırır. Bunu Ənzəlidəki hərbi birləşmənin komandiri Xordad Hakimi də təsdiq edib. Onun sözlərinə görə, İranda hazırda inşası davam etdirilən "Dəmavənd" adlı gəmisi Hərbi Dəniz Qüvvələrinin sıralarına qatılacaq. Ordu komandiri gəminin taktiki-texniki göstəriciləri barədə əlavə məlumat verməyib. Qeyd edək ki, bundan əvvəl İran Xəzərdə İnqilab Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı bazasını açıb. Həmçinin İran Xəzərə özünün ən yeni raket gəmilərindən birini yerləşdirib. Bundan əvvəl bilindiyi kimi İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina-tral gəmisi isə iki həftə əvvəl Xəzər dənizində HDQ-nin istifadəsinə verilib. "Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər. İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina-tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. İranın Xəzər donanması isə Nouşəhr və Bəndər Ənzəli limanlarındakı bazalarda yerləşir. İranın Xəzər hərbi donanmasının arsenalına 100-ə qədər gəmi daxildir.
Çox maraqlıdır ki, son illərdə Xəzər dənizində davamlı silahlanma həyata keçirən İran Azərbaycanın öz dəniz donanmasını gücləndirməsindən narahatdır.
Xatırladaq ki, İran Xəzərin bölgüsündə digər dörd sahilyanı ölkələrin maraqlarına zidd olaraq özünə məxsus təkliflə - dənizin dibinin sahilyanı dövlətlər arasında bərabər, yəni hər ölkəyə 20% olmaqla bölünməsi bəyanatı ilə çıxış edir. Tehran bu bəyanatından hələ də əl çəkmir və bu da Xəzərin statusunun təsdiq olunmasını qeyri-müəyyən vaxta kimi təxirə salır. Xatırladaq ki, 2001-ci ilin 23 iyulunda Xəzərin dərin hissəsində yerləşən "Araz-Alov-Şərq" strukturlarında bp şirkəti geofiziki kəşfiyyat işlərini dayandırmağa da İranın mövqeyi səbəb olub. Düzdür, o zaman Azərbaycan tərəfi məsələni daha da mürəkkəbləşdirməmək üçün həmin strukturlarda işləri bu günədək bərpa etməyib və məsələni Xəzərin hüquqi statusu həllini tapanacan təxirə salıb. Ekspertlərin fikrincə, istənilən halda Tehran bu mövqeyindən əl çəkməyincə Xəzərin statusu da daxil olmaqla bu kimi problemlər heç növbəti illərdə də həll olunmayacaq. İran həmçinin, dənizə əlavə hərbi qüvvələr gətirməklə vəziyyəti daha da çətinləşdirir. Lakin İran Xəzərdə hərbi iştirakını durmadan genişləndirən yeganə sahilyanı ölkə deyil. Rusiya da Xəzər donanmasını ən yeni hərbi gəmilərlə gücləndirir.
Ekspert Elçin Hatəminin fikrincə, "islam" dövləti olduğunu iddia edən İranın başqa bir əhalinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycana qarşı düşmənçilik mövqeyi aydın şəkildə görünür. Fələstin üçün sözdə canfəşanlıq edən rəsmi Tehranın başqa bir islam torpağını zəbt edən Ermənistana qucaq açması, ona hər cür dəstək olması İranın gerçək üzü və siyasətindən xəbərsiz olanlarda təəccüb və sual yaradır: "İran rejimi müxtəlif vasitələrə əl ataraq Azərbaycanı öz təsiri altına salmaq istəyir və bu səbəbdən də indiyə kimi İran dövləti Azərbaycanın daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Bu siyasətində heç bir nəticə əldə edə bilməyən İran indiyə kimi Azərbaycanın torpaqlarını işğal edən Ermənistan dövlətinə hərtərəfli dəstək olmuş və yardım etmişdir. İran 1992-ci ildə törədilən Xocalı soyqırımında, Şuşanın və Laçının işğal edilməsində Ermənistana yardım göstərməklə Azərbaycana dəfələrlə xəyanət edib. Demək olar ki, tarix boyu İranla Ermənistanın əlaqələri "düşmənimin düşməni mənim dostumdur" prinsipi əsasında qurub. Bu yöndə İran hər zaman türklərə qarşı Ermənistanı bir vəsilə kimi istifadə edib. Sirr deyil ki, Ermənistanın dünyaya açılan tək qapısı İrandır. Xəzər dənizinin statusu məsələsində də İranın Azərbaycana qarşı siyasətinin təməlində təbii sərvətlərə yiyələnmək dayanır. Tehran Azərbaycanın enerji sektorunda Qərb sərmayələrini azaltmaq, neft və qaz kəmərlərinin İran ərazisindən çəkilməsinə nail olmaq istəyirdi. Lakin rəsmi Tehran bu niyyətinə də nail ola bilmədi. İran tək xarici siyasətdə deyil, ölkə daxilində də bu məsələyə diqqət ayırır. Məsələn, dərsliklərdə Xəzər deyil, Mazandaran dənizi olaraq yazılır".

Geri dön