Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları > İnamyurd ATALI: Ölkəli, dövlətli olmaq...
İnamyurd ATALI: Ölkəli, dövlətli olmaq... |
(Yanğı)
İstəsən sonevin tapdaq olmasın, Yaşa torpağında, ol torpağında. Hüseyn Arif Yadlıq Doğmalıqdan üstün?! Oralarda Orta Asiyalı soydaşlarımızdan gördüm – özbəklər adıyla. Allaha and içibsə, aldatmaz səni. Öz canına and içibsə – aldadar. Onu and içməyə məcbur et – andından dönməyəcək. Ən ağır işdə işləyəcək – ən aşağı ödənişlə – üsyan etməyəcək. Bir də, onlardan... dələ-xanımlar gördüm – çox ucuz. Haradansan Ölkəm, Ulusum, Dövlətim?! Mən oralarda türk adıyla gəzib dolaşırdım. Ona görə də nisbətən daha təhlükəsiz yaşaya bilirdim, çünki Türkiyə Dövləti hər yanda öz yurddaşlarının arxasında möhkəm dayanır. Ad qazanan. Gün boyunca 5000 rubl (bizim pulla man.) qazanan “çörəkpulçu” (“qasterbayter”?) oğlanı çayxanada içdiyi çayın pulunu (50 rubl) ödəməyib, sivişib aradan çıxan görəndə məni heyrət bürüdü. Düşündüm ki, pulu ödəmək yadından çıxıb. Ancaq çayxanada oturanlar dedilər ki, o, həmişə belə eləyir. Onlar onun bu “qoçaqlığını” rus dilində “kirisalıq” adlandırdılar. (“Krısa”-“siçovul” deməkdir” – red.) Mən də özümə dedim ki, sən ona bir də salam vermə, çünki hamı onu satqın kimi tanıyır. Bir də düşündüm ki, dolanışıq çətinliyi ləyaqətsizliyə haqq qazandırmır, bəlkə elə ondan yaranır: ləyaqətsiz gəzib-dolaşırsan, etibardan düşürsən, iş vermirlər, verilən işdə bir yaramaz ad qazanırsan – dolanışığın çətinləşir. Zibilə dönürsən. Bu avara köpək, insan üçün qoyulan qanunları tapdayır, hələ bir özünü ləyaqətli də göstərmək istəyir. Yaxşı ki, bu, zibilyığandır! Əgər əlində bir vəzifəsi olsaydı, yəqin, öz ailəsini də çöllərə atardı. Korun görməsi üçün. Stepan Razin – rusun sevdiyi insandır (tarixi şəxsiyyətdir, 1667-ildə Azərbaycana, Bakıya dağıdıcı basqınlar eləyib – red.), mənim nifrət etdiyim. Bügün Rusya onun adı ilə pivə istehsal eləyib, azərbaycanlılara satır. Doğma yadlar. Sankt-Peterburqda, metroda yakutlarla qarşılaşdım. Onlar elə bizim sözlərimizlə danışırdılar. Birin adı Yeqor idi. O birilər də rusadlıydılar. Düşündüm ki, bəs niyə onun adı, məsələn, “Düzgün” deyil, “İnamyurd” deyil – məhz “Yeqor”dur? İşıq ucu. Sankt-Peturburda, gürcü kilsəsinin yanında Viktor adlı bir rus fotoqraf vardı. Ona dedim mənim şəklimi çək – tezcə çəkdi. Təşəkkürümü rusca bildirdim: “Sposibo!” O mənə türkcə belə cavab verdi: Sağ ol və mərhaba!” Sevindim! Ürəyimdə: “Var ol, Viktor! Türkcəni daha çox bilməyini istərdim!” dedim ona. Toplum – buqələmun. İnsanlar fırıldağı və bicliyi, əyriliyi və gicliyi özləri tənqid edib, ondan sanki iyrənə-iyrənə danışırlar, həm də bunları çörəklərinə yavanlıq etməklə, bərk-bərk qoruyub yaşadırlar. ...Mən istəmirəm ki, cəmiyyət murdar olsun. Ancaq o – murdardır! Bunu özü istəyir. Mən bu cəmiyyətə dünya dağılsa da, bənzəməyəcəm. Övladı olduğum Ocaq kimi. Mən bu bənzərsizlikdə çox rahatam. Dünya özünün idiki durumundan bezib. O, mütləq dəyişilməlidir. Dinsiz və siyasətsiz xalqlar halına gəlməlidir bəşər. Bu dəyişilmə üçün ona yalnız Asif Atanın Təlimi – Mütləqə İnam yardımçı, yolgöstərən ola bilər. Hər yanda Safruhlaydım. Safruhun kitabları hər yanda yanımdaydı: “Haraylar”ı, “Səcdə”si. Safruhun Ata haqqında yazdığını oxuyanda adam özünü cənnətdə hiss edir. Safruh uca bir insandır. O istəyirdi ki, zəifləri ucaltsın. Onlarsa öz zəif içlərinə tapınıb, özlərini uca göstərmək istədilər. Ancaq bu, onların mənən ölümlərinə səbəb oldu. Buna görə də onlar ağa ləkə vurmaq istədilər. Onların ağızları, deyəsən, doğuluşdan əyriymiş. Kökünə yadırğamaq. Deyirlər “ot kökü üstə bitər”. Onda bəs bu kişi niyə türk olduğunu danır?! Ey mənim Mütləqim, kömək et mənə, bu yazığı, zəlili, qanmazı qandırım ki, beş günlük qürbətə görə adam öz əslini danmaz! Mən onu özünə tanıtmasam, buralarda hamımıza əskiklik gətirər. Yerli-yersiz söyüb aşağılayır öz soyunu, kökünü. Yan-yörəsi də özü kimilərlə doludur. “Düz deyirsən!” deyirlər ona... ...Mənsə onlara Atadan, türkün ruhaniyyatından, Ocağından danışıram. Mən Asif Atanın ruhani övladıyam, müridiyəm. Bundan şərəf duyuram. Ata varlığından güc alıram. Tək olanda, çətində O mənə kömək edir. Ancaq Onun mənə verdiyi bir kədər də var. O kədər həm də mənim sevincimdir. Kədərimdir ona görə ki, mən ona layiq Ocaq işi görə bilmirəm. Sevincimdir ona görə ki, mən onun güclü ilə özüm ola bilirəm: babama, xalqıma, elimə, torpağıma, kəndimə, Yurduma, gecəmə, gündüzümə, insanların bir-birini sevməsinə gücüm çatdığı dərəcədə kömək vermək istəyirəm. Atanın mənə verdiyi İnamyurd adının həmişə, hər yerdə qoruyuram, ona xələl gətirmirəm. Atanın “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı insanlaşmaqdadır!” deyə çəkdiyi carı həmişə, hər yerdə uca tuturam, ona əməl eləyirəm. Oralar. Oralar da özünə görə bir aləmdir. Öz yasaları, yasaqları, əxlaqı, sənəti, pisi, yaxşısı, keçmişi, indisi, bəlkə həm də gələcəyi ilə... Oralar nə Azərbaycandır, nə Özbəkistandır, nə Tacikistandır, nə Ermənistandır, nə Türkmənistandır... Oralar bu adları daşıyan cəmiyyətlərin tullantılarıdır. Oralar Rusiya da deyil – üzdə RF qanunları ilə yaşasalar da. Oralar İnamaqədərki sivilizasiyaların iç üzüdür – çılın-çılpaq – bir yandan Oğru Aləminin, o biri yandan Palma Cənnətinin bir addımlığında. Atamız var olsun! RF. Sankt – Peterburq. Geri dön |