Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Azərbaycan fəlsəfəsinin qədim dövrü
Azərbaycan fəlsəfəsinin qədim dövrü |
Fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsasları
"Azərbaycan fəlsəfəsi" anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoyub. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğalaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaradıb. Ölkənin fəlsəfi mədəniyyətinin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynayıb. Bunların sayəsində artıq e.ə. I minilliyin I yarısından ictimai şüurda varlığın başlanğıcı və sonu, təkamülü, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr, onları ehtiva və təmsil edən mifologiya və dinlə bağlı, kökləri keçmiş minilliklərə gedib çıxan müxtəlif ideoloji cərəyanlar olub. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri - "Avesta", qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olub. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və insanin mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da öz əksini tapıb. Müasir elm e.ə. I minilliyin I yarısında Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş yayıldığını göstərir. Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı, bütün mövcud şeylər sonsuz zamanın - Zarvana akarananın təzahürləri, mövcudatın fenomenləri isə od və suyun müxtəlif mütənasiblikdə birləşməsi kimi təqdim edilir. Həmin təlimə görə, keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil. Azərbaycan fəlsəfi fikrində digər mühüm cərəyan zərdüştilik idi. Zərdüştiliyin görkəmli abidəsi "Avesta" əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat toplanıb. Qədim və Orta əsr mənbələri, eləcə də bir çox sonrakı tədqiqatlar Zərdüştün tarixi Azərbaycan ərazisində yaşaması, "Avesta"nın bizə çatan mətninin əslinin isə Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya alınması barədə məlumat verir. Erkən zərdüştilik öz əksini Qatalarda tapıb. Bu dövrdə geniş yayılmış politeist təsəvvürlərdən fərqli olaraq, Zərdüşt mövcudatın ilk səbəbini monoteistcəsinə izah edərək Ahura Mazdada görürdü. Qatalarda Kainatın tərkibi - yer, göy, okean, işıq, dağ və dənizlərin zaman daxilində yaranmasına, cənnət, həqiqət, xeyir, sülh, əməksevərlik və s. fəlsəfi, sosial, etik və estetik məsələlərə toxunulur. "Avesta"ya görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan isə 6 ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə qavranılan, kamilliyi və Xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şərlə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaq. "Avesta"da Şər ruhuna qarşı Həqiqət, Ədalət və İşıq rəmzi olan Arta qoyulur. Ruhların mübarizəsində Kainatda konkret nəfslərin daşıyıcıları (insan, heyvan, bitki, mineral və s.) fəal iştirak edir. Kainatın daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə xasdır. İnsanın nəfsi - onun inamı, dünyagörüşü, mənəvi prinsipləri ilə yanaşı davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini təmsil edir və o, öz azad iradəsinə uyğun Xeyir və ya Şər yolunu seçir. Qatalarda mühüm yeri müharibəyə və hər növ zülmə qarşı etiraz, sosial problemlər, kəndlilərin və kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin - torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri tutur, bu işdə insanın rolu vurğulanır, Ahura Mazdanın keyfiyyətlərinə yiyələnmiş insanlar ailəni, məskunlaşdıqları yeri, ölkəni möhkəmləndirməyə sövq edilir. Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətcillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir. ... Zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklərin qarşıdurması və mübarizəsi üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, təbiətə və insana yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı, utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd məfhumlar - ilk başlanğıc, işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi mədəniyyətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə Azərbaycan və Orta əsrlər İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu. E.ə. I minilliyin I yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində "maqlar dini"ndən deyil, daha çox "maqlar təlimi" və "maqlar elmi"ndən bəhs edilib. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə - astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində "maq" anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə "pir-i muğan" anlamı alim, müəllim, müdrik mənasında işlənir. Zərdüştiliklə bərabər maqlarin təliminin qədim yunan mədəniyyəti və fəlsəfəsinə təsirini Demokrit, Pifaqor, Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem, Gekatey öz əsərlərində göstərirlər. Zərvanilik, zərdüştilik və maqlarin təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək inkişafına xeyli təsir göstərib. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cərəyanlara da rast gəlinir. Qədim dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik, astral dinlər, tanrıçılıq (Göy Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların içində manilik və məzdəkilik fəlsəfi görüşləri xüsusi yer tutur. E.ə.I minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə təmayülü - maqların yaydığı zərdüştilik təmayülü və politeizmə, sonra isə xristianlığa söykənən yunan-Roma və Bizans təmayülü mövcud idi. Azərbaycanda manilik b.e.nın III əsrinin sonundan yayılıb. Özünü Zərdüşt, Budda və İsanın davamçısı adlandıran, təlimini İran, Orta Asiya, Qərbi Çin və Hindistanın ənənələrinə uyğunlaşdıraraq yayan Mani (216-277) "Sirlər kitabı", "İki prinsip haqqında kitab", "Praqmataya" ("Nəsihətnamə"), "İncil" adlı əsərlərində özünün yeni təlimini şərh edib. Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir. Əzəmətin atası Sroşav (bəzən Mani onu Zərvan da adlandırır) işıq aləmində yerləşir ki, bu aləm "dahi ruhu" ehtiva edir və efirlə əhatə olunub. Sroşavın beş məkanı və eyni zamanda beş təzahürü var. Bunlar zəka, əql, təfəkkür, refleksiya və iradədir. Maniyə görə, dünya və insana Nur və Zülmətin, Xeyir və Şərin, Allah və Şeytanın mübarizəsi xasdır. Əsas məqsəd Nuru Zülmətdən azad etməkdir. Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda dünyəvi nemətlərdən imtina etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq həm Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların, katarların və başqalarının ideoloji təlimlərində geniş yer tapmışdı. Hər işdə mötədillik tələb edən məzdəkilik sosial ədalət uğrunda üsyana qalxmağı və qan tökülməsini mümkün hesab edirdi. Məzdəkin əsərləri yandırıldığından onun dünyagörüşü haqqında məlumatı orta əsr mənbələrindən (Əbu Reyhan Biruni, əş-Şəhristani və b.) almaq mümkündür. Qədim dövr və erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə gəlmək üçün əsas verir: qədim dövr və erkən orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan - mövcudat, başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi səciyyələndirir. Zümrüd Quluzadə, fəlsəfə üzrə elmlər doktoru Geri dön |