Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > İlahi yol
İlahi yol |
Yazan nə yazmışdı, yozan nə yoza? Yaxud; Yazıya pozu yoxdu! Allahım, sənin adınla başlayıram! İlkindi vaxtı, istidə narahat, bir az da ütələk yerişlərlə, yovşanlığın içiylə əsasını yerə dayaya-dayaya gedirdi. Və aradabir kiminləsə danışırcasına səsi də gəlirdi: “Tanrım, bu dəvə haraya getdi görəsən...” deyib də, ilğımlı düzənlikdən əlini üzüb üzü dağlara yol aldı... Sanki dağlardan da bir səs gəlirdi: Yerdə qumlar oynayır, göydən od-atəş yağır, Dəvələr ilğımlardan təşnə-təşnə su içir. Günün ilkindi çağı uzaqdan ağır-ağır, Ayağı pöşülənən qoca bir dərviş keçir... Onun şerlərini oxumaqla, ya dinləməklə başa düşmək mümkün deyil. Vallah, billah səmimi deyirəm, mümkün deyil. Ona görə ki, ən azından yazılanları qismən də olsa yaşamalısan, ruhunu tutub, öz ruhunla qovuşdurub yaşamalısan. Ruhunda ucalıq amanatı olan şerləri, ancaq o ucalıqara vara biləcək kimsələrə qismət olar dərk etmək. Başqa cür bir fayda hasil olası deyil. Mövlanənin deyimi ilə ifadə etsəm, fikrimi daha dəqiq çatdırmış olaram; Bu hikmətləri, bu həqiqətləri eşitsən belə, bunlar sənə bir nağıl, bir qabıq təsiri bağışlayar və sən ayrı-ayrı dənələrin içindəki ləzzətdən xəbərsiz qalarsan. Bax, sözümün canı budur... Onun əlimizdə olan şerlərini oxuduqca doymursan, özündən asılı olmayaraq dönüb yenidən təkrar-təkrar oxuyursan. Burada qəribə mənzərələr var, ilahi. Əksər şerlərində şam işığından, ay işığından yazır. Qəribədir, yəqin hər dəfə əlinə qələm alanda şam işığından Ay işığına - ucalara yüksəlir ruhu. Bax, bundadır onun şerlərinin sirri, ona görə oxuyanı özündən alıb, ruhunu düz uzaq ayadək yüksəldir. Bu şerlər ancaq və ancaq 40-cı otaqda yazıla bilər, oralara isə yol olmur, əfəndim. Onun da bir sahibi var; MƏN, şairin daxili MƏNi. Şairlər şerlərində Tanrıya müraciət edir. Onun da demək olar ki, bir çox şerlərində Yaradana üz tutumasına rast gəlirik və ONA xitabən yazır: Allah, bir səndən başqa bir kimsəm yox dünyada, Sənin tənhalığına səndən çox öyrənmişəm... Yaxud da; Təkcə sənin yanında sevib də suçlu qaldım, Yaratdığın bəndəni sənin qədər sevmədim. Oğul istəyirəm, bütün şeri demirəm, bu misraları cürət edib aça, mümkün deyil. Açılar kimi görünər, fikrini deyib sona vara bilməzsən. Çünki bunlar özlüyündə bir sirrdir, sirrlər isə heç zaman tam olaraq aşikar olmur. Sufilər SİRRdə dörd nəfr vardır deyirlər. Bunlar, ƏLA NƏHRİ, NƏMA NƏHRİ, MUHEYMİNƏT NƏHRİ və İLLİYYUN NƏHRİdir. Şairin şerlərini qavramaq üçün gərəkdir ki, ən azı bu dörd nəhrdən hali olasan. Seyid Yəhya Şirvani buyurur: “Bu nəhrlərin hər birinin başında bir ağac vardır. Hər bir ağacın yeddi budağı vardır ki, yeddi məqamdır. Hər məqamda bir ilham quşu oturur və müxtəlif səslərlə Haqq Təalanı zikr edirlər.” Deyirlər, şairlərə bu sirri açılmaz şerləri İLHAM QUŞLARI gətirir. ...Yaxından tanıyırıq. O, ömrünü halal, təmənnasız yaşayır, sufi xarakterli, dərviş təbiətli ömür sürür. Dünya malında qətiyyən gözü olmaz, hətta o qədər ki, özünə gərək olmasa da şamı yandırır ki, pərvanələr şamsız qalıb bu zəmanədən perikməsin. Ruhu göylərdə dolaşar, o ucalıqdan bizləri seyr edər. Hərdən onu görmək üçün görüşünə getdiyimiz zaman halını sorduqda, ustad Nəsiminin şerindən bir bəndlə cavab verir: “Gah çıxaram göy üzünə, Seyr edərəm aləmi, Gah enərəm yer üzünə, Seyr edər aləm məni.” deyir. Bəli, onunla görüşmək bizə nəsib olursa, deməli göylərdən yeni enib yerə. Ki, onu seyr edək. Axşamlar isə Ay İşığında şamı yandırıb pərvanələrin əhatəsində göy üzünə qalxır və oradan Ay İşığında aləmi seyr edir. Və, üzünü Aya tutub pıçıldayır: “Səni and verirəm, Yandırdığın şama, Qərib olduğumu Heç kimə demə... gecələr şam işığında mənim üzümə salavat düşür...” Son cümlələr diqətimi çox çəkdi. Təkrar oxuyuram; “...gecələr şam işığında mənim üzümə salavat düşür”. Bu nədir İlahi, burada nə demək istəyir, hansı mətləbə ehyam vurur bu sufi şair? Yuxarıda dediyim kimi, şairin şerlərindəki məqamlar SİİRlərdən ibarətdir. Hər kəs öz qafasına görə bir açlım verər. Amma doğrusunu Tanrı bilər. Son cümlələr məni heyrətdə qoyduğundan yanlış-doğru fikir bildirmədən keçə bilmirəm. Bəlkə şair demək istəyir ki, ruhum Ay işığında aləmi övliyalarla, müqəddəslərlə birgə seyr edir, onlarla qovuşur. Ola bilsin bu səbəbdən, “Ruhum göy üzündə köynəkdən keçib” deyən şairin şam işığında üzünə salavat düşür. Yox qardaş, bundan o yana cürət edə bilmərəm. İlahi sirlər açılmaz... ...Ağır-ağır addımlarla yovşanlıqdan ötüb təpəliyə qalxır ki, görsün dəvəsi görünürmü... Görünmür, ümid-pənahı qarşıdakı qağlara qalır, heybəsini çiyininə atıb asta addımlarla dağa doğru yol alır... Səs gəlməkdə davam edirdi: Dayan, a dərviş baba, yenə nə köçhaköçdü? Gördüyün karvan ötdü, sürdüyün dövran keçdi... Dünya yaranışından fələk bizlərlə öcdü, Bilmirdinmi arğacın üstdən əriş keçir... ...Hər kəsin içində bir MƏNi var deyirlər. O MƏN insanı hər zaman doğru yola çəkər, İNSANı İNSANa layiq addımlar atmağa sövq edər. Bizim bu dostumuz da hər zaman öz MƏNi ilə sirdaş-yoldaş olub. Şerlərinin əksəriyyətini MƏNi ilə dərdləşirmiş kimi yazıb. Haqq Aşiqi Yunis İmrə demişkən; “məndə bir mən vardır məndən içəri”. Şairin, şeirlərindən də görünür ki, öz MƏNi ilə dərdləşir, üzünü ona tutub astadan pıçıldayır: Mənim gəlhagəlim getdi, Sənin gedənlərin gəlsin. Gözlə, bir hövsələn olsun, Gözlə bir səbrin gəlsin. Bu söz-söhbət hələ qalsın, Saxlayaq səhərə qalsın. Sənin gecən xeyrə qalsın, Mənim də səhərim gəlsin. Bu kimi misalları çox çəkmək olar. ...Bir də görürsən günlərlə axtarsaq da tapa bilmirik. Belə olanda bəllidir ki, yenə tənhalığa çəkilib. Tənhalıq da hərdən onun üz tutduğu ünvanlardan biridir. Tənhalığa çəkilən zaman Yaradana duasını şerlə dilə gətirir: Mən bir tənha yolçuyam, mən bir qoca dərvişəm, Gözüm-könlüm həmişə olubdu tox dünyada. Allah, bir səndən başqa bir kimsəm yox dünyada, Sənin tənhalığına səndən çox öyrənmişəm. Məni ki, yaratmışdın barı cüt yaradaydın, Güzgüdə də özümün oxşarımı görmədim. Təkcə sənin yanında sevib də suçlu qaldım, Yaratdığın bəndəni sənin qədər sevmədim. Sevmədim, tənha qaldım... dönüb Şah Abbas oldum, Mənə xeyir-dua ver, tövbə evimi tikim... Kərəm eylə quluna, təğyiri-libas olum, Səndən gələn bəlanı boynumda kəfən çəkim. Ha istədim ki, bu bəndləri bir az açım. Yox qardaş, bu şer deyil, yaradılanla Yaradan arasında bir ünsiyyətdir, bir pıçıltıdır, bir ündür. Buna fikir bildirmək sıradan bəndələrin işi deyil. Əlimi hansı şerə atıram, bir sirr görürəm. İlahi sirlər açılmaz... ...Üz tutduğu dağa yaxınlaşdıqca, sanki dağ ondan bir az da uzaqlaşırdı. Nə qədər yol getsə də ünvana vara bilməmişdi. Dəvədən də bir soraq yox idi... Öz-özüylə - MƏNi ilə pıçıldaşır: ümidim var ki, dəvəm dağın arxasında olar. Birdən olmadı... Yox, ümidi kəsmirəm, bu yaşıma kimi ümidlə gəlmişəm... Yaxınlıqda gözü tutduğu ağaca sarı yollandı ki, bir horu otursun, sızlayan ayaqlarının dincini alsın. Bu dəmdə dağdan yenə səs gəlir: Köhnə yaram qövr edir, bağrım olur qan gedir... Neçə təxtü-Süleyman əlində fərman gedir... Saxlayın bu karvanı... məndə olan can gedir, Çərxi dönsün fələyin bu nə gərdişdi keçir... Səsə boylanan zaman ağac kölgəsində oturub əbasına yamaq salan qoca dərvişi görmür. Bu an dərviş: məni diqqətlə dinlə. Gördüyün kimi öz əbama təzə yamaq saldım, yamağa isə sənin kölgən düşmüşdü. Yamaqla birlikdə sənin kölgəni də tikmişəm. İndi sən mənə möhkəm bağlısan, bundan sonra kölgə kimi ardımca gələcəksən. Bayaqdan sənin də eşitdiyin bu şeri pərvanələrdir söyləyən, şam işığında əzbərləyiblər. Dərviş Cavanşir, səndən pərvanələrlə bağlı birini də mən deyim: Pərvanələrin dilini Anası da bilmir, Şam işığı Bilən qədər. Odlu-odlu danışmağı Pərvanələrdən öyrənmişəm Sevməyi də eləcə... Günlərdir səni gözləyirdim, gedək, yolumuz müqəddəslərədir. Elmimiz batindir... Dərviş Cavanşir: Gedək. Onsuz da: Alnımda taleyin imzası solğun, Məni qınayırlar, a yazı yazan. Bu bəxt yiyəsinə Allahdan oğrun, Yazan nə yazmışdı, yozan nə yoza. Rəşad Sahil Geri dön |