Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Türk dünyası-Turan > Krım Ukraynadan qoparılsa...– TƏHLIL
Krım Ukraynadan qoparılsa...– TƏHLIL |
Ukraynada Yanukoviçin devrilməsi ilə nəticələnən meydan hərəkatı, Rusiya-Qərb qarşıdurmasının kulminasiya nöqtəsinə çatdı. Bu nöqtə - Krımdır. Rusiya Ukraynanı güzəştə getməklə Qərbə məğlub olmaq niyyətində deyil. Moskva bunu əməli addımlarla ortaya qoymaqdadır.
Rusiya tərəfi Federasiya Şurasının qəbul etdiyi qərarla Krım yarımadasına hərbi müdaxiləyə hüquqi zəmin yaratdı. Əslində rus ordusu faktik olaraq yarımadaya daxil olub. Xarkov və Donetsk şəhərlərində vilayət rəhbərliklərinin binasında Ukraynanın bayrağı endirilərək, Rusiya bayrağı ilə əvəz edilib. Qərb isə hələ ki, siyasi bəyənatlar verməkdədir. 2008-ci ilin avqustunda rəsmi Tbilisini Moskvanın pəncəsi altında yalnız qoyan Qərb, bu dəfə də Kiyevin eyni taleyi yaşamasına göz yumacaqmı? Ümumiyyətlə Ukrayna və əsasən də Krım niyə bu qədər əhəmiyyətlidir? Hər şeyin bir səbəbi var... 2004-cü ildə baş verən `narıncı inqilab`ın ardınca etnik və dini nöqteyi-nəzərdən kosmopolit bir tərkibə malik olan Ukrayna, ölkənin bu xüsusiyyətinə uyğun şəkildə hazırlanan konstitusiya ilə birlikdə rahat nəfəs ala bildi. Lakin Qərb tərəfdarı olan yeni iqtidar, onların xeyrinə əsmiş siyasi rüzgardan kifayət qədər faydalana bilmədilər və nəticədə Yanukoviç Avropa Birliyi kartını da dövriyyəyə salaraq iqtidara gəldi. Artıq Rusiya tərəfdarı kimi qəbul olunan yeni hökumət sərgilədiyi siyasi kurs ilə AB-dən getdikcə uzaqlaşdı, 2004-cü il konstitusiyasının qazanclarını geri götürən Yanukoviç isə, özünə qarşı güclü siyasi müxalifətin formalaşmasına səbəb oldu. Yanukoviçi üç il əvvəl dövlət rəhbərliyinə layiq bilən ukraynalıların səbri 2013-cü ilin noyabr ayında onun Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamamasının ardından daşdı. Və bu da öz növbəsində bir neçə ay fasiləsiz olaraq davam edən siyasi etirazlara və nəticə etibarı ilə hakimiyyət dəyişikliyinə səbəb oldu. Əslində Kiyevin mərkəzi meydanında Ukraynada iqtidar – müxalifət qarşıdurmasının fonunda Qərb-Rusiya çəkişməsi gedirdi. Bu gün bu çəkişmə Kiyevdə Qərbin qələbəsi ilə sona çatsa da, son günlər Ukraynanın şərqində, ələlxüs xüsusi strateji əhəmiyyətə malik olan Krımda baş verən son hadisələr Rusiyanın məğlubiyyətlə belə asan razılaşmayacağını ortaya qoydu. Belə ki, Ukraynanı istər strateji və iqtisadi mövqeyinə görə, istərsə də daxilindəki rus əhalisi səbəbi ilə nəzarət altında tutmağa çalışan rəsmi Moskva üçün mövcud siyasi tablo olduqca qara bir gələcək vəd edirdi. Belə bir vəziyyətdə, Rusiyada marijinal milliyətçi siyasilər və düşüncə sahibləri ilə kəskin rus milliyətçiliyi anlayışına sahib olan Ukraynadakı aktiv rus diasporası araya girərək, ölkənin şərqində yeni bir mənzərə yaratmağa nail oldular. Krımın Rusiya üçün əhəmiyyəti nədir? Krımda hazırda Ukraynanın gələcəyi həll olunur desək, yanılmarıq. Əslində Yanukoviçin devrilməsi, nə Qərbin, nə müxalifətin mütləq qələbəsi deyil, əsl qalib tərəf məhz Krım yaramadasında baş verən proseslərdən sonra müəyyənləşəcək. Krım Sovet İmperiyasının dağılması ilə, Ukrayna və Rusiya arasında ən ağrılı nöqtə olaraq qalmaqda idi. Və bu gün, ağrılı nöqtə, nəinki ukraynalılara, hətta bütün Qərbə bir sancı ağrısı yaşatmaqdadır. Krım, etnik nöqteyi nəzərdən ukraynalılar, bu torpaqların əsas sahibləri olan tatarlar və Moskvanın “5-ci kolon”u olan yerli ruslardan ibarətdir. Lakin əs yerli əhali olan tatarların mövqeyi, indi həm Qərbin, həm Kiyevin yeni hökumətinin, həm də Moskvanın diqqətlə müşahidə etdikləri əsas məqamdır. Krım Ukrayna sərhədləri içində olmasına rəğmən, yarımadanın Sevastopol bölgəsi Rusiyanın əhəmiyyətli hərbi dəniz gücünə ev sahibliyi etməkdədir. Sovet İmperiyasının çökməsindən sonra, Sovet Qara Dəniz Donanmasını, Rusiya və Ukrayna, Rusiyanın mövcud filoteliyanı 20 illiyə kirayələməsi şərti ilə paylaşmışdılar. 2010-cu ildə əldə edilən yeni razılaşmaya görə isə, kirə müddəti 2042-ci ilə qədər uzadıldı. Bölgənin, Rus donanmasının varlığı məsələsinə görə vacib olması ilə yanaşı, təbii qaz paylaşma xəttinin bir parçası olması baxımından da əhəmiyyəti böyükdür. Kremlin birbaşa nəzarəti ilə idarə edilən “Qazprom” şirkətinin Avropaya ixrac etdiyi təbii qazın yüzdə otuz faizi Krımdan keçən boru xəttləri vasitəsi ilə nəql edilir. Moskva isə hər zaman təbii qaz faktorundan ustalıqla yararlanaraq, Qərbə təzyiq göstərə bilib. Məsələn, 2006 və 2008-ci illərdə Putin Ukrayna ilə olan ixtilaflarında bu faktordan Rusiyanın lehinə istifadə edə bilmişdi. Moskva, Kiyevin qiymət və daşınacaq qazın həcmi məsələlərində güzəştə getməyəcəyi təqdirdə, Avropaya gedən qazı kəsə biləcəyi ilə hədələmişdi. Məhz bu səbəbdən boru xəttinin güvənliyi və bu xəttə nəzarət Rusiya üçün həyati əhəmiyyət daşıyır. Bu gün Krımda və eləcə də Ukraynanın şərqindəki etnik rusların aktivliyinin əsas səbəbi də məhz Moskvanın, bu avantajları nəyin bahasına olursa-olsun? əldə saxlamaq istəyindən qaynaqlanır. Muxtar Respublikanın Nazirlər Sovetinin martın 30-na təyin etdikləri Krım muxtariyyətinin statusu haqqında referendum da əslində say çoxluğu ilə Krımın yenidən Rusiyaya ilhaqını nəzərdə tutmaqdadır. Qərbin isə, 6 il bundan əvvəl Tbilisidə olduğu kimi baş verənlərə göz yumacağı inandırıcı görünmür. Rusiya hazırda qeyri-rəsmi hərbi birləşmələr vasitəsi və yerli rusların dəstəyi ilə Krımdakı vəziyyəti öz nəzarəti altına alaraq, müddəti martın 30-na kimi uzatmaq niyyətindədir. 30-da isə referendum baş tutarsa, Moskvanın öz istəyinə nail olacağı və Krımı təkrar özanə birləşdirəcəyi gün kimi aydırdır. Bu səbəbdən zaman Qərbin əleyhinə işləyir. Qərb isə hələ ki, siyasi bəyənatlar və hədələrlə kifayətlənərək əməli addımlar atmağa tələsmir. NATO, Avropa Birliyi, ABŞ və ya Avropa ölkələri rəhbər və ya rəsmiləri bir ağızdan Rusiyanı hədələməkdədirlər. Ruslar isə, faktiki olaraq Krımı artıq tam olaraq nəzarətə götürüblər. Hazırda Qərbin martın ilk günlərində baş verənlərə hansı addımlarla cavab verəcəyi maraq doğurur. ABŞ və Avropa Krımda sözün həqiqi mənasında bütün dünya qarşısında imtahan verməkdədir. Və bu imtahandan kəsilmək, Qərbə nəinki keçmiş postsovet məkanında, hətta Balkanlarda və Yaxın Şərqdə də ciddi şəkildə nüfuzunun itirilməsinə səbəb ola bilər. Bu isə avtomatik olaraq Yaxın Şərqdə İranın, Balkanlarda, postsovet məkanında və Qara dəniz bölgəsində isə Rusiyanın avtoritetinin möhkəmlənməsi deməkdir. Bunun belə olmaması Qərb və ilk növbədə ABŞ hansı addımlar atmalıdır? Fikrimizcə bu sualın aydın cavabları var. İlk növbədə Qərb- Avropa Birliyi və ABŞ Rusiyanın siyasi, iqtisadi və diplomatik izolyasiyasına start vermi.dirlər. G-8-dən Rusiyanın xaric edilməsi məsələsi sadəcə hədə yox, reallaşdırılan addım olmalıdır ki, Rusiya Qərbin nə qədər ciddi olduğunun fərqinə varsın. Eyni zamanda? Rusiya dövlətinə və rəsmilərinə məxsus Qərbdə açılan maliyyə hesablarının dondurulması təzyiq vasitəsi kimi effekt verə bilər. Eyni zamanda paralel olaraq Gürcüstan və Ukraynanın NATO çərçivəsində təhlükəsizlik məsələlərinin fündəmə gəlməsi və təşkilata üzvlük məsələsinə baxılması da rəsmi Moskvaya ciddi xəbərdarlıq ola bilər. Bununla da eyni zamanda, hazırda Ukraynanın belə bir siyasi cəhətdən xaos və parçalanma, iqtisadi cəhətdən isə faktiki olaraq defolt vəziyyətinə gəlib çatmasında faktik olaraq müəyyən qədər günahkar olan Qərb də, dəstəklədiyi qüvvələri yarıyolda buraxmayacağı barədə dünya ictimaiyyətinə bir mesaj vermiş olar. Yaranan status-kvo Qərbin xeyrinə dəyişməsə, Avropa mühüm strateji əhəmiyyətə malik olan Krımsız və şərq torpaqlarını itirmiş Ukrayna qazanacaq. Qərbə Krımı, Ukraynanın şərqini güzəştə getməklə, Ukraynanın qərbini qazanmaq sərf edəcəkmi? Tərəflər indi məhz bu sualın cavabı üzərində baş sındırmaqdadır... Vüqar ZİFƏROĞLU Geri dön |